“Məni
Möhlət edən
tar oldu”
Xalq artisti Möhlət
Müslümov:
“Gecə-gündüz
Allaha dua edirəm ki, işğal altında olan torpaqlarımız azad olsun, mən
və tarım o torpaqlarda mənəvi borcumuzu bütövlükdə
ödəyək”
Müsahibimiz Prezidenti təqaüdçüsü,
Azərbaycan Dövlət
Televiziyasının Ə.Bakıxanov
adına Xalq Çalğı Alətləri ansamblınn
bədii rəhbəri,
Azərbaycan Milli Konservatoriyasının professoru,
Xalq artisti Möhlət Müslümovdur:
- Möhlət müəllim, bu yaxınlarda ömrün
60-cı ilinə qədəm
qoydunuz. Bu ömür
yolunda atdığınız
addımlar sizə nəyi qazandırdı?
- Bu kəşməkəşli və
çətin yolu keçmək mənim üçün çox asan olmadı. Bu yolda həm
acı, həm də şirin xatirələrim var. Təbii
ki, bu yol
çox şərəfli
yoldur. Keçdiyim
yolu düşünəndə
bir az
qorxuram. Amma şərəf də
duyuram ki, xalqımızın mədəniyyət
dünyasının kimliyi
olan tar alətinə mən də sahib olmuşam. Bu gün fərəh hissi ilə deyirik ki, “dünyanın
şah aləti” adlandırılan “tar” bizim
Azərbaycana məxsusdur.
Mən bunu dəfələrlə
vurğulamışam. Hər gün də deyirəm: bunun üçün mən dövlətimizə
və Mehriban xanıma minnətdaram. Çünki, onun təşəbbüsü
nəticəsində tar dünya
alətləri səviyyəsinə
çatdı və
UNESCO tarı “Şah alət” elan etdi. Bu hadisə
bir tarzən kimi məni çox sevindirdi və ruhlandırdı.
Mənim
həyatımda tarın
əvəzsiz rolu var.
Çünki, məni
Möhlət edən də tar oldu. Mən tarı həmişə uca tutmağa çalışmışam. Əgər mən tarı uca tutmağı bacarmışamsa, deməli,
mən öz şəcərəmi, öz
xalqımı uca tutmağı bacarmışam.
Tarımla 40-dan çox ölkəni
gəzmişəm. Dünyanın bir çox radiolarında, televiziyalarında
müxtəlif ifalarım
səslənir. Düşünürəm ki, tar mənə bu şöhrəti gətirdi, xalqıma da sevdirdi. Dövlətim isə mənə qiymət verdi.
-Bu gün sənətinizdə gördüyünüz
işlər, Azərbaycan
incəsənətində qoyduğunuz
miraslar ürəyinizcədirmi?
- Təbii ki, ürəyimcədir. İndi mən
əvvəlkindən də
çox işləyirəm.
İnanmazdım ki, mənim
bu yaşda bu qədər işim olar. Amma hələ də özümü borclu sayıram. Çünki, həm mənim,
həm də tarımın hələ də borcu qalıb.
Bunun üçün gecə-gündüz
Allaha dua edirəm ki, işğal altında olan torpaqlarımız azad olsun, mən
və tarım o torpaqlarda mənəvi borcumuzu bütövlükdə
ödəyək. Daha sonra
Allahın yazdığı
ömrü yaşayarıq.
Onu da qeyd etmək istərdim ki, tar aləti sirli bir aləmdir. Onun sehrinə hər kəs bələd ola bilməz.
Bu yaxınlarda Qurban Pirimov haqqında müsahibə verəndə bildirdim ki, şəkillərinə
diqqət yetirəndə
belə, Qurban Pirimova ahıl yaşında da tar gözəl yaraşırdı.
Əlbəttə, tar bizə
məxsusdur-xalqımıza, millətimizə! Tar 5-10 yaşında
da insana yaraşır, gəncliyində
də, ortayaşlı
olanda da. Gərək tarı sevməyi bacarasan. Tar özü
sənə doğmalığı
hiss etdirəcək. Tarın ululuğu
bundadır.
-Gənc tarzənlər ustad tarzənlərin yolu ilə gedirlərmi?
- Əlbəttə, bu
gün gənc tarzənlər tar sənətinə
çox böyük qiymət verirlər. Onların fəaliyyətləri
təqdirə layiqdir.
Düşünürəm ki, bu günkü tarzənlər
və gələcək
tarzənlər milli sənətimizi dünyada
layiqincə təmsil etməyə qadir sənətkar olacaqlar.
Çünki, əsas səbəb
təbliğat və dəyərləndirməkdir. Bu gün bizim
xalq musiqisinə, muğama, milli musiqi alətlərinə verilən qiymət bu günkü nəslin gələcək
həyatında mühim
rol oynayır. Gənclərin milli dəyərlərə
üstünlük vermələri
həm kimliyimizi unutdurmayacaq, həm də gələcəkdə
xalqımızın dünyada
təbliğində müstəsna
rol olacaq. Artıq tarı sevənlər daha da çoxalıb
və gözəl tarzənlər ordusu yetişdirilir. Mənim oğlum
Rüstəm Müslümov
da tarzəndir. Belə düşünürəm ki,
bizə ərmağan
olunan ulu tarı, biz də könül rahatlığı
ilə gələcək
nəsillərə ötürə
biləcəyik. Tar ehtibarlı
əllərdədir.
Başqa millətlər də deyə bilməz ki, tar mənimdir. Ona asanlıqla
sahib çıxa bilməzlər.
Bunu bizim tar ifaçılarımız dünya
səhnələrində çıxışları
ilə sübut ediblər. Tar dünyanın
ən böyük səhnələrində öz
sözünü deyib.
-Tarın simlərində klassik və dünya musiqisinin səslənməsinə
necə qiymət verirsiniz?
- Mən də muğamdan əvvəl xarici əsərlər ifa edirdim. İlk əvvəllər Qərb bəstəkarlarını, Şərq bəstəkarlarını, klassik milli əsərlərimizi ifa edirdim. Daha sonra sırf muğam ifa etdim. Bir neçə dəfə də Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin iki il bundan öncə yazdığı əsərləri Hyustonda Amerikanın ən böyük səhnəsi olan Qrand-operada Amerika musiqiçilərilə bir yerdə ifa etmişəm. Bu, tarın qələbəsidir! Məsələn, Amerikada konsertlərin birində cürbəcür alətlər ilə birgə biz də tarda, kamançada ifa edirdik. Konsert proqramında həm əsərlər, həm də muğam ifa olunurdu. Burada çox gözəl orkestrovka yarandı. Yəni ki, yüksək professional şəkildə. Mən bu cür işin tərəfdarıyam. Nə qədər çətin olsa da bu işin öhtəsindən gələ bilirik.
-Tarı sinənizə
alanda könlünüzdən ilk hansı muğamı ifa
etmək keçir?
- 7 əsas muğamımız var. Muğamlarımızın hamısı bizə əzizdir. Mən muğamları bir-birindən heç zaman ayırmıram. Təvazökarlıqdan uzaq olsa da, demək istərdim ki, mənim üçün qəliz,çətin ifa olunan muğam yoxdur. Çünki, mən artıq professoram, neçə illərdir ki, muğamı tədris edirəm. Mənə hər zaman deyirlər ki, sənin ürəyinə yaxın hansı muğamdır? Cavabımda “Segah” muğamıdır- deyirəm. Çünki, muğamlar Şərq dünyasında var. Amma ən güclü muğam Azərbaycana məxsusdur. “Segah”a olan sevgim isə, Şərq xalqlarının muğamında olmayan xüsusiyyətinin olmasıdır. Bizim xalq çox böyük xalqdır, başı zülmlər çəkmiş xalqdır. Amma nə qədər bəlalar çəksə də, hər zaman ayaqüstə dik durmağı bacaran xalq olub. Ona görə “Segah” muğamı bizim ifamızda çox gözəl alınır. Mən də bu muğam dəryasının kiçik bir liman sakiniyəm. Deyə bilmərəm ki, mən bu dəryanı üzüb keçmişəm. Çünki, buna insan ömrü çatmaz. Əgər bu dəryaya mən də düşmüşəmsə, özümü bu dəryada “Segah”la tapıram.
-Bu
gün keçirilən “Muğam
müsabiqəsi” festivalında iştirak
edən gənclərin gələcəkdə ustad
sənətkar olmaqlarına güman
varmı?
- Bu müsabiqənin dünyanın heç bir yerində analoqu yoxdur. Çünki, bu səviyyədə belə müsabiqə görünməyib. İstedadlı və bacarıqlı gənclərimizi 3-4 ayın içində dünyaya tanıdırlar. I Muğam müsabiqəsində mən də münsiflər heyətində idim. O gündən bu günə qədər çox güclü ifaçılar yetişdi. Bugünkü müsabiqənin iştirakçılarına nəzər salsaq görərik ki, hələ çox gəncdirlər. Onlar da sənətdə öz sözlərini zamanla deyəcəklər. Bunun üçün yenə də öz dövlətimizə və Mehriban xanıma minnətdarıq. Əvvəllər Səmərqənd şəhərinə muğam simpozumları keçiriləndə, sözün yaxşı mənasında həsət aparardıq ki, nəyə görə orada beynəlxalq müsabiqələr, simpoziumlar keçirilir, amma muğamın beşiyi Azərbaycanda keçirilmir. Bir sənətkar kimi, ifaçı kimi dövlət səviyyəli tədbirlər hər zaman ürəyimizdə idi. Şükürlər olsun Allaha, bu istəyimizə də çatdıq. Artıq hər iki ildən bir Muğam müsabiqəsi keçirilir. Bütün dünyanın diqqət mərkəzi bura yönəlib.
- Pedaqoq kimi bu gün gənclərin dərs prosesləri, musiqini qavramaqları haqqında nə deyə bilərsiniz? Məsələn, tələbələr muğama, milli musiqiyə qulaq asdığı zaman diqqətini mobil telefona yönəldib.
- Bəli, belə hallar olur. Bəzən musiqiyə qulaq asdığın zaman kənardan bir çox səslər gələ bilər. Amma muğam çox müqəddəsdir. Muğam pirdi, ocaqdı. Muğamı dinləyəndə gərək sənin ruhun, fikrin, düşüncən yalnız ona bağlansın. Bunun üçün muğama hörmət olunmalıdır. Qeyd edə bilərəm ki, muğama yüksək səviyyədə dəyər verən gənclərimiz də var.
-Möhlət müəllim, sənət həyatınızda arzu etdikləriniz...
- Bir neçə il bundan öncə düşünürdüm ki,
arzu etdiklərimə nail
olmuşam, amma
görürəm ki, görəcəyim
işlər hələ qabaqdadır.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-10 sentyabr.-S.11.