Professor Zemfira Qafarova:

Musiqişünaslar həm tədqiqatçı, həm də təbliğatçı missiyasını yerinə yetirirlər”

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova

-Zemfira xanım, gənclər arasında musiqişünasların inkişafını necə qiymətləndirirsiniz?

- Bəstəkarlar İttifaqının üzvləri sırasına nəzər salsaq görərik ki, musiqişünaslar bəstəkarlardan sayca üstünlük təşkil edir. Çünki musiqişünaslar son zamanlar daha da çox inkişaf edirlər. Ümumiyyətlə, burada hər zaman çalışırlar ki, aktiv prosesi olan, bütün müasir problemləri bilən musiqişünasları üzvlüyə qəbul etsinlər. Vaxtilə mən Bəstəkarlar İttifaqına üzv olmaq üçün 5 il burada çalışdım. Müxtəlif əsərlər dinləyib, rəy yazırdıq. Müəssisələrdə keçirilən tədbirlərdə çıxış edirdim. İndi biz də çalışırıq ki, gənclər ilk növbədə özlərini, bilik və bacarıqlarını isbat etsinlər. Bəzən belə hallara da rast gəlirik ki, bura üzv olurlar amma sonradan heç bir fəaliyyət göstərmirlər.

Biz bu illər ərzində bir neçə tədbirlər keçirdik. Məsələn, dünyadan köçən musiqişünaslar heç yada salınmırdı. Bu il kimlərin ki, yubiley ərəfəsidir, onların siyahısını tutub konfrans keçirdik. Əsasən bəstəkarlar, musiqiçilər haqqında söz deyilir, lakin musiqişünaslar unudulur. Diqqət yetirsək, musiqişünaslıq sənəti də çox mürəkkəb və məsuliyyətli bir sənətdir. Burada musiqişünas həm tədqiqatçı həm də təbliğatçı missiyasını yerinə yetirirlər. Bu nöqteyi nəzərdən konfransın da böyük əhəmiyyəti var idi. Bu müddət ərzində yubileyi olan bəstəkarların yaradıcılıq gecəsi keçirildi. İstər elmi konfrans, istərsə də yubiley və digər tədbirlərə gənc musiqişünasların qatılması olduqca vacibdir. Fikir mübadiləsi, məqalələrlə çıxışlar hər bir təbirimizi daha da yaddaqalan edir.

Hazırda gördüyümüz işlər sırasında bir neçə bəstəkarlar, musiqişünaslar haqqında kiçik broşuralar hazırlayırıq ki, onlar haqqında məlumat olsun. Düzdür məlumat kitabçası var, lakin bu kifayət etmir. Çünki təhsil alan tələbələrimiz bununla çox maraqlanırlar. Bəzən olur ki, xalq artistidir, əməkdar incəsənət xadimidir amma onlar haqqında heç bir məlumat yoxdur. O nöqteyi nəzərlə biz bu işlə məşğuluq.

Qocaman bəstəkarlarımızın yubiley mərasimlərinin qeyd olunması da nəzərdə tutulur. Məsələn ilk qadın bəstəkarımız olan Ağabacı Rzayeva haqqında musiqişünas Həcər Babayevanın kitabı dərc olunur. Ötən il Mədəniyyət Nazirliyi ilə birgə layihəmiz olan Ağabacı Rzayevanın 100 illik yubiley mərasimini qeyd etdik.

Son illərdə Musiqi Günü ilə əlaqədar Ü. Hacıbəyli adına musiqi festivalı qeyd olunur. Bu festival çərçivəsində həm Azərbaycan bəstəkarlarının əsərləri ifa edilir, həm də xarici əsərlər. Bu çox gözəl addımdır. Yeni mövsümdə bir çox bəstəkarların yaradıcılıq tədbirləri və yubiley mərasimləri qeyd olunacaq.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-13 sentyabr.-S.13.