Bu günün gənc tamaşaçısını səhnədə aldatmaq olmur

 

Anar Heybətov: “Aktyorun inkişafında ilk növbədə yaxşı pyes və bacarıqlı rejissorun olması vacibdir

Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətovdur:

- Bu gün teatrda aparıcı aktyorlardan birisiniz. Sizin bugünkü gənc nəsil aktyorların teatrda inkişafına münasibətiniz necədir?

- Ümumiyyətlə, bu sənətə həvəs göstərən istedadlı gənclərin bir-iki il ərzində teatrda fəaliyyətə başlayaraq inkişaf etmələri qeyri- mümkündür. Çünki öncə ali təhsil alırsan. Daha sonra sənət barədə müəyyən dərəcədə bilik bazan mövcud olur. Amma sənət təcrübəsi, böyük səhnələrə çıxmaq, inkişaf etmək- bunların hamısı uzun zaman tələb edir. Şübhəsiz ki, səni izləyən tamaşaçı da bütün bunları hiss edir.

Bu günləri teatrımızda çox istedadlı gənclər fəaliyyət göstərir. Onların arasında bir neçəsi inkişafa doğra gedir. Mən inanıram ki, istedadlı gənc aktyorlar bu sənətdə öz sözlərini deyəcəklər.

Bir aktyorun peşəkar kimi inkişafında təbii ki, yaxşı pyeslər, güclü rejissor heyətinin olması vacibdir. Məsələn, aktyor illərdir müxtəlif tamaşalarda rol alıb, amma bu günə qədər heç bir rolundan söz açmır. Çünki heç bir rolunda özünü göstərə bilməyib. Lakin bir rejissor yaxud mükəmməl bir pyes ola bilər ki, aktyor uzun illər boyu göstərə bilmədiyi imkanlarını o tamaşada büruzə verə bilər. Təbii ki, aktyorun inkişafında ilk növbədə yaxşı pyes bacarıqlı rejissorun olması vacibdir.

- Səhnələşdirilən tamaşaların əsas məğzi ola bilər ki, bugünkü cəmiyyət üçün daha keyfiyyətli olar?

- Tamaşaların mövzuları müxtəlif olur. Ailə, məişət tarixi mövzuda olan əsərlər səhnələşdirilir. Məsələn teatrda tarixi mövzuda əsərlərin səhnələşdirilməsini müsbət sayıram. Bizim zamanda da belə idi, elə indi belədir, hər gənc tarixlə yaxından maraqlanmır. Kimdənsə eşidib, yaxud ekrandan məlumat alırıq. Amma teatra gəlib bir-iki saat ərzində tarixi tamaşaya baxan gəncin müəyyən qədər Azərbaycan tarixindən məlumatı olur. Bir çox gənc var ki, müxtəlif sahələrdə çalışır, lakin tarixi kitab oxumağa vaxtı olmur. Belə tamaşalar cəmiyyətdə gənclərin inkişafına dünya görüşlərinin artmasına səbəb yaradır.

Yaxud tərbiyəvi əhəmiyyət daşıyan tamaşalarımızdan Əli ƏmirlininVarlı qadıntamaşası. Bu tamaşa komediya mövzusu olsa da, bir ailənin faciəsi idi. Tamaşada bir ailənin başına gələn hadisə real həyatda mövcud bir hadisədən bəhs edir. Lakin biz bu tamaşanı komedik janrda oynayırdıq. Bu tamaşada da tərbiyəvi əhəmiyyət daşıyan səhnələr var idi. Tamaşada ata rolunu mərhum sənətkarımız, Şəyavuş Aslan, ana rolunu Firəngiz Mütəllimova oğulu mən ifa edirdim. Burada ataya qarşı böyük haqsızlıqların olunduğu görünsə tamaşaçılar bunu yaxşı tərəfdən izləyib ibrət götürürdülər. Mən bu haqda tamaşaçılardan eşidirdim.

-Cəmiyyətdə gəncləri teatr mədəniyyətinə yönəltmək üçün hansı mövzulu əsərlər daha çox cəlbedici olur? Klassik, yaxud müasir əsərlərlə?

- Təbii ki, klassikanı bilmək lazımdır. Həm oxumaq, həm klassik əsərlərin tamaşaya qoyulması vacibdir. Lakin müasirliyə diqqət vermək lazımdır. İndi elə zəmanədə yaşayırıq ki, tamaşaçılarımız da o dövrün tamaşaçısı deyil. Zaman keşdikcə zövqlər, düşüncələr dəyişir. Məcazi mənada desək, bu günün gənc tamaşaçısını səhnədə aldatmaq olmur. Üstəlik texnologiyanın inkişaf etdiyi dövrdə. Hər kəsin evində azı 50-60 tv kanal var hər kəs gün ərzində bir çox dünya kanallarına baxırlar. teatr haqqında da məlumatları mütləq şəkildə olur. Zəif tamaşanı tamaşaçı dərhal görürnöqsan tutur. Bunun üçünbiz çalışırıq ki, hansı mövzuda olur olsun tamaşaçının səhnə qarşısında zövqünü oxşayaq. Çünki bu gün tamaşaçı zövqü çox dəyişib.

Bu ayın 21-i Əli Əmirlinin əsərinin Azər Paşa Neymətovun quruluşundaŞah Qacar” tamaşasının premyerası olacaq. Düşünürəm ki, bu tamaşa da çox böyük marağ və rəğbətlə qazanacaq.

-Teatrın repertuarındaŞah Şairtamaşası da var. Bu tamaşa tarixi mövzuda olsa da ssenari tam fərqli səpkidədir. Tamaşaçının bu tamaşaya münasibəti necə oldu?

- Mən bu tamaşa haqqında müxtəlif fikirlər eşitmişəm. Bu tamaşa bizim teatrın məhsuludur deyə, mən bu barədə heç bir rəy bildirmək istəməzdim. Əlbəttə siz bildirdiniz ki, burada rejissor bir fərqli yanaşıb. Bu tamaşada həm müasirlik, həm rejissorun öz yanaşması fikri var. Mən bu tamaşaya pis deyə bilmərəm. Çünki tamaşanın rejissoru Mikayıl xırda detala qədər həssaslıqla yanaşıb. Onun tamaşada zəhməti çox böyükdür.

- Aktyorluq sənəti Türkiyədə tam başqa səpkidədir. Orada aktyorlar teleserialların böyük həcmdə ekranlaşdırılmasına baxmayaraq, teatr həyatına üstünlük verirlər. Baxmayaraq Türkiyədə serial tələbatı marağı daha böyükdür. Bəs sizin üçün necə, teatr yoxsa teleserial önəm daşıyır?

- Mən düşünürəm ki, bütün aktyorlar üçün fikir eynidir. İlk növbədə teatr. Aktyor teatrda yaradıcılığını hər zaman genişləndirməlidir. Serial bu gün baxılır, sabah unudulur. Ancaq teatra sevgimaraq hər zaman yaddaşlarda həkk olunur. O heç zaman unudulmur. Misal üçün, mən bir mövsüm seriala çəkilim, beş mövsüm çəkilməyim. Ancaq teatr sənəti hər zaman var.

Birmənalı şəkildə deyə bilərəm ki, teatr filmdən çətindir. Səbəb... pərdə açıldı və biz səhnəyə çıxdıq. Burada tamaşaçı bizi görür və rollarımızı izləməyə hazırdır. Eyni zamanda biztam şəkildə hazır olmalıyıq. Çünki biz səhnədəyiksə, canlı şəkildə obrazı yaradırıq. Ekran deyil ki, səhv etdiyimiz anı bir daha təkrar edib lentə yazdıraq. Teatr canlı sənətdir. Səhnəyə çıxdın, sən obrazın sahibisən. Yaxud obraz sənə sahib olur.

-Dünya teatr səhnələrilə bizim teatr səhnəsi arasında müqayisələr olunur?

- Biz o qədər dünya teatr tamaşalarını mütamadi olaraq izləyə bilmirik. Lakin beynəlxalq festival zamanı möhtəşəm tamaşalara baxa bilirik. Bizteatr ocağı olaraq ən yaxşı tamaşalarımızla dünya festivallarında iştirak edirik. Gördüyüm və müşahidə etdiyim qədər elə də böyük fərq görülmür. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bir çox festivallarda çıxış edib. 2001-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilən festivalda, “Hamlet” tamaşası ilə iştirak etdik. Həmin festivalda bizim oynadığımız tamaşa ən yaxşı tamaşa seçildi. Festivalda təxminən 10-15 ölkədən nümayəndə iştirak edirdi. Bu tamaşa da Azər Paşa müəllimin quruluşunda idi.

Sadəcə onu vurğulaya bilərəm ki, dünya ölkələrində tamaşaçının teatra diqqəti tamam başqadır. Tamaşaçının teatra qarşı mədəniyyəti tamam başqadır. Məsələn, MoskvadaBolşoy teatr”da bir tamaşanın bileti 2-3 ay əvvəlcədən satılır. Ancaq mən teatrda fəaliyyət göstərdiyim gündən Azərbaycanda belə işlə qarşılaşmamışam. Bəlkə bizdən qabaq olub. Ancaq çox arzu edirəm ki, elə tamaşalarımız olsun ki, ən azı tamaşaya 4-5 gün qalmış biletlər alınıb qutarsın.

Belə düşünürəm ki, yaxşı tamaşalarımız da olsa, onların reklam olunması ən vacib şərtlərdən biridir.

- Bundan sonrakı həyatınızda teatrın dəyərini necə ifadə edə bilərsiz?

- Düzü bilmirəm necə ifadə edim. Mən bir kəlmə də deyə bilərəm. Ancaq düşünürəm, o zaman da deyə bilmədiyim sözlərdə çox olar. Çünki bu gün sahibi olduğum bu sənətin böyük aşiqiyəm. Ali təhsilimi bitirdiyim ildən-1999-cı ildən burada çalışıram. Teatrın ay yarımlıq məzuniyyət vaxtında mənim üçün çox darıxdırıcı günlər olur. Çünki səhnə, tamaşa salonuobrazlar mənim üçün həyatın özüdür. Ayrı qaldığım dövrdə sanki sıxıntılı günlər keçirirəm. Düşünürdüm ki, bəlkə də bu, yalnızca məndə mövcud olan bir hissdir. Lakin sənət dostlarımdan da bu cür sözlər eşidəndə bir qənaətə gəldim ki, əsl sənətə qiymət verən şəxs sənətdən ayrı qala bilmir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-14 sentyabr.-S.10.