“Zaqatalanın folkloru,
mətbəxi sərgilərdə geniş
təbliğ olunur”
Zümrüd Ağakişiyeva:
“Xalq Yaradıcılıq Paytaxtları” proqramı bölgələrdə
xalq yaradıcılığına yeni münasibət
formalaşdırıb, turizmin inkişafına təkan verib”
Layihə çərçivəsində
müsahibimiz Zaqatala Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Zümrüd
Ağakişiyevadır:
-Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin bütün sahələrinin möhkəmlənməsi və inkişafı siyasəti bu gün uğurla davam etdirilir. “Mədəniyyət haqqında” imzalanan sənədlər bu sahənin inkişafına göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Azərbaycan mədəniyyəti sərhədləri aşaraq bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan xalqının qədim tarixi irsi, zəngin adət-ənənələri, mənsub olduğu dəyərlərin qorunub saxlanması, onun gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Ölkə başçısının, Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı, muğam, Azərbaycan xalq yaradıcılığının mühüm qollarını təşkil edən aşıq sənəti, milli xalçaçılıq sənəti, tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olub və bu nümunələr bəşəriyyətin xəzinəsində özünə yer tapıb. Ölkənin iqtisadi gücü, qüdrəti artdıqca yeni mədəniyyət müəssisələri tikilir, əsaslı təmir edilir, maddi-texniki bazası gücləndirilir. Bu inkişaf bizim rayonumuzda da aşkar hiss olunur. 2013-cü ilin birinci yarım ilində Zaqatala Tarix Mədəniyyət Qoruğunun inzibati binası əsaslı təmir olunaraq istifadəyə verilib, Mədəniyyət və Turizm Şöbəsi həmin binaya köçürülüb, Əliabad qəsəbə Mədəniyyət evində isə əsaslı təmir işləri aparılıb. Dədə Qorqud meydanında aparılan yenidənqurma və bərpa işləri davam etdirilir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Qala düzü pilləkənləri, Tarix-Diyarşünaslıq Muzeyi, Əliabad kənd kitabxanasında və s. müəssisələrdə əsaslı və cari təmir işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş, “2010-2014-cü illər üçün “Xalq Yaradıcılıq Paytaxtları” proqramı bölgələrdə xalq yaradıcılığına yeni münasibət formalaşdırıb, turizmin inkişafına təkan verib. 2013-cü ildə Azərbaycanın “folklor paytaxtı” elan olunan Zaqatalada xüsusi tədbirlər planına əsasən təntənəli mərasimlərin, respublika səviyyəli konfransların, dəyirmi masaların, konsertlərin, festivalların, sərgilərin və s. tədbirlərin keçirilməsi davam etdirilir. Bayram günləri, tarixi əlamətdar günlər münasibətilə müxtəlif tədbirlər keçirilir. Zaqatalanın “folklor paytaxtı” elan edilməsi rayonun milli mənəvi dəyərlərinə, folkloruna verilən yüksək qiymət və etimaddır. Rayonumuzun “folklor paytaxtı” elan olunması Zaqatalada folklor nümunələrinin üzə çıxarılmasında, qorunmasında, gələcək nəsillərə ötürülməsində, geniş miqyasda təbliğ olunmasında mühüm rol oynayacaq.
- Gənclərlə
bağlı tədbirlər keçirirsinizmi?
- Rayonumuzda “Müasir gəncliyimizin mədəni siması” adlı kompozisiya hazırlanıb. Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Yaradıcı gənclərlə görüş keçirilib, daha sonra isə “Ulduz” şadlıq sarayında rayon Mədəniyyət Evinin “Zaqatala” ansamblı konsert proqramı ilə çıxış edib. May ayı tədbirlərimizlə zəngin olub. Heydər Əliyev adına parkda “Kitab bayramı” keçirilib və tədbirin sonunda rayonumuzun incəsənət ustalarının iştirakı ilə konsert verilib. May ayının 16-da Muzeylər Günü ilə əlaqədar muzey işçilərinin Şəki şəhərinə səyahəti təşkil olunub və 18 mayda rayon Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı” günü keçirilib. 28 May Respublika Günü ilə əlaqədar bayram konserti, 1 iyun Uşaqların Hüquqlarını Müdafiə Günü ilə əlaqədar İncəsənət məktəbinin uşaq ansamblının çıxışı olub. Hər həftənin beşinci günü mədəniyyət evləri və klublarda qrafik əsasında tədbirlər keçirilir. Bu tədbirlərdə yaxın kəndlərin mədəniyyət işçiləri də iştirak edir, keçirilən seminarlarda tədbirlərdən görüntülər göstərilir, müzakirələr aparılır. Bu da rayonun mədəniyyət müəssisələrinin fəaliyyətinin artırılmasına, xalq yaradıcılıq nümunələrinin aşkar olunmasına imkan verir, müəssisələrin təcrübəsi təbliğ olunur, daha səmərəli fəaliyyətə ruhlandırılır. Rayonumuzun Xalq teatrının üzvləri tamaşalarla yanaşı, film çəkilişlərində də özlərini sınamağa çalışırlar. 26 fevral Xocalı faciəsi ilə bağlı “Haqsızlığın qurbanları” adlı 33 dəqiqəlik film çəkilib, təqdimatı təşkil olunub.
Mədəniyyət evləri və klubların fəaliyyətini daha da canlandırmaq, əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yaz-yay mövsümündə qrafik əsasında Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında hər həftənin 6-cı günləri kənd özfəaliyyət kollektivlərinin konsert proqramları təşkil olunur. Hərbi vətənpərvərlik tərbiyəsinə daim diqqət göstərilir, hərbi hissələrdə gənclər qarşısında tez-tez kollektivlərimiz çıxış edir, Yeni il, Novruz bayramı , 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar rayonda yerləşən sərhəd və daxili qoşunların “N” saylı hissələrində, bütün sərhəd zastavalarında şəhər və kənd bədii özfəaliyyət kollektivləri və ansamblların iştirakı ilə konsertlər verilir. Gənclərimiz müxtəlif layihələrdə uğurla iştirak edirlər. Müxtəlif televiziyalarımızda rayonun milli-mənəvi dəyərləri, folkloru və mədəniyyəti ilə bağlı verilişlər yayımlanıb, televiziya müsabiqələrində gənc istedadlarımız uğurla çıxış ediblər. Zaqatala Mədəniyyət və Turizm Şöbəsi qeyri-hökümət təşkilatları fəal əməkdaşlıq edir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə turizm xidmətinin yaxşılaşdırılmasına aid treninqlər, turizmin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqə və festivallarda kollektivlərimiz və yaradıcı gənclərimiz rayonu layiqincə təmsil edirlər. XII Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Zaqatala rayonunun turizm obyektləri, folkloru, mətbəxi geniş təbliğ olunub. Çexiyada keçirilən “Lidse” 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinə əl işləri göndərilib, xor kollektivlərinin baxış müsabiqəsinin zona turunda İncəsənət məktəbinin kollektivi uğurla iştirak edib. Rayonda müxtəlif tədbirlərinin keçirilməsi daimi diqqətdə saxlanılır, mədəniyyət işçiləri yaradıcı insanların tədbirlərdə iştirakını təmin edir, informasiya texnologiya vasitələrindən xalq kollektivlərinin fəaliyyətində geniş istifadə olunur, keçirilən tədbirlərə, rayonun təbliğinə aid müxtəlif video-roliklər hazırlanır. Yeni il, 2 Fevral Gənclər Günü, Beynəlxalq Ana dili Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı tədbirləri bütün müəssisələrdə geniş qeyd edilib, 20 Yanvar, 26 fevral Xocalı faciəsi, 31 Mart soyqırımı müxtəlif tədbirlərlə anılıb, Yuxarı Tala, Mamrux, Aşağı Tala, Yengiyan, Muxax kitabxanalarında Azərbaycan tarixinə həsr olunmuş kitabların təqdimatı və s. tədbirlər keçirilib.
- Rayon
kollektivləri müsabiqələrə qatılırmı?
- Respublika
miqyaslı tədbirlərdə kollektiv və
nümayəndələrimiz mütəmadi iştirak
edirlər. Ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş Azərbaycan mədəniyyəti
mövzusunda keçirilən baxış
müsabiqəsinin yekun turunda
iştirak etmiş
İncəsənət məktəbinin şagirdi
Musayeva Pirdas
Əsəbömər qızı mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev tərəfindən diploma
layiq görülüb.
Səfiyyə Yaqubova isə xanəndə
kimi Gənc ifaçıların II Respublika müsabiqəsinin laureatı olub və III dərəcəli diploma layiq görülüb.
Görkəmli bəstəkar Qara Qarayevin 95 illik yubileyinə
həsr olunmuş “Təhlil və ifa edir gənc
musiqiçilər” II respublika
elmi-ifaçılıq müsabiqəsində Nərmin Mahmudova, Aytac Hüseyinli uğurlu
ifalarına görə sertifikat
alıblar. May ayının 15-də Şəki
şəhərində keçirilən Ailə bayramında rayonu Yuxarı Tala kənd
Mədəniyyət evinin müdiri
Xacay İbrahimovanın ailəsi təmsil
edib. Qax şəhərində keçirilən “Xalı və
xalçaçılıq” sənəti üzrə sərgidə
Suvagil ,Əlibayramlı kənd mədəniyyət
evləri iştirak edib
və onların nümayiş etdirdikləri
xalçalardan 3-ü diploma
layiq görülüb
və nümayiş üçün
Bakı turuna daxil edilib.
Anar Miriyev
Palitra.-2013.-14 sentyabr.-S.11.