Turizm obyektlərinə
lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq
Azərbaycan Turizm İnstitutunda (ATİ) yeni
tədris ilinin başlanması münasibətilə
tədbir keçirildi. Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev, institutun
müəllim və tələbə heyətinin də iştirak etdiyi tədbirdə
çıxış edən ATİ-nin rektoru, professor Cəfər
Cəfərov bildirdi ki,
artıq turizm sənayesində ATİ-nin 725 məzunu
çalışmaqdadır.
ATİ-yə
600-dən artıq bal toplayan tələbələrin daxil
olması turizm sənayesini dəyərləndirməyə əsas
verir
Rektorun sözlərinə görə, 80-ə yaxın ATİ və Avstriyanın Tətbiqi-Elmlər Universitetinin diplomunu almış məzunlar bu sənayedə önəmli yer tutmaqdadırlar: “Tələbələr burada oxuduğu müddətdə həm keyfiyyətli bilik alacaqlar, həm də zəruri peşə vərdişlərinə yiyələnəcəklər. ATİ 7 illik fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları sırasında bir sıra yeniliklərə ilk imza atanlardan sayılır. İnstitutumuzun məzunları ilk dəfə olaraq bakalavr pilləsində ikili diplom, həm ATİ, həm də IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını alıblar. 2013/2014 tədris ilində ikili diplom alanlar arasında magistr pilləsini bitirən məzunlarımız da olacaq. Bu tədris ilində ATİ-yə 11 ixtisas üzrə 375 tələbə qəbul olunub. Onlardan 369 nəfər qeydiyyatdan keçib. ATİ-yə qəbul olan tələbələrdən 218-i dövlət sifarişi əsasında, 151 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Bu ildən turizm və otelçilik ixtisası üzrə ingilis dilində təhsil alacaq xüsusi qrup təşkil olunub ki, onların sayı 20 nəfərdir. ATİ-nin tələbəsi adını qazananlardan 4 nəfər 600-dən artıq bal toplayıb”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkədə bütün sahələrin inkişaf etdiyini, ölkəmizin beynəlxalq səviyyədə öz nüfuzunu təsdiq etdiyini bildirdi: “Azərbaycan regionun lider ölkəsinə çevrilib. Bu güclənmə prosesində həm mədəniyyətimizin, həm də turizmin xüsusi bir çəkisi və rolu var. Azərbaycan turizm sənayesi bu gün dünyada öz nüfuzunu sübut edir. Azərbaycan ÜTT-nin İcraiyyə Komitəsinin üzvüdür, maraqlı məqam odur ki, ölkəmiz cəmi 12 il bundan öncə ÜTT-yə daxil olub. Bu isə son illər ölkəmizin turizmdə əldə etdiyi nailiyyətlərdir. Prezident İlham Əliyev regionlara səfəri zamanı dəfələrlə qeyd edib ki, Azərbaycanda turizm sənayesi inkişafı prioritet və həlledici itiqamətlərdən biridir”. Hər il ölkədə onlarla yeni otel tikildiyini deyən nazirin sözlərinə görə, yalnız bu ilin yarım ilinin nəticələri onu göstərir ki, Azərbaycana gələn əcnəbilərin sayı 10 faizdən çox artıb: “Dünyada isə bu rəqəm cəmi 4 fazdir. Bu gün turizm dünyanın ən böyük sənayesidir. Milyonlarla insanlar çalışır və insanlar bir yerdən başqa yerə gedirlər. Sözsüz ki, hər ölkənin tarixi, mədəniyyəti, qonaqpərvərliyi təqdim edilməlidir. Məhz bu baxımdan da ölkəmizdə fəaliyyət göstərən ATİ mühüm rol oynayır. Bu gün ATİ təhsil sistemində qabaqcıl ali təhsil ocaqlarından biridir. Yeganə ali təhsil məktəbidir ki, ən yaxşı tələbələrə hətta iki diplom təqdim edir ki, bu diplomların ikisi də dünyanın nüfuzlu şirkətlərində çalışmağa imkan verəcək. Azərbaycan turizm sənayesində böyük bir ordu çalışır. Biz ümid edirik ki, bu ordunun qabaqcıl qüvvəsini ATİ-nin məzunları təşkil edirlər”.
Bundan sonra da ölkəmizdə təşkil olunacaq beynəlxalq tədbirlər zamanı ATİ-nin ən yaxşı tələbələri bu tədbirlərin uğurla keçirilməsinə öz dəyərli töhfələrini verəcəyini deyən nazir qeyd etdi ki, bundan sonra da ölkəmizi beynəlxalq tədbirlər gözləyir: “Ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarının hazırlığına başlamışıq. Orada da ATİ tələbələri çox fəal iştirak etməlidir, qonaqları ölkəmizlə tanış etməlidirlər. Biz fəxr edirik ki, ATİ-nin qəbul planı tam dolur və nəinki dolur, hətta 500-600-dən artıq bal toplayan tələbələr var. Bu, turizm sənayesini, real olaraq turizmin rolunu dəyərləndirməyə əsas verir. Odur ki, bu biliyin genişləndirilməsi, öz Vətəni üçün böyük töhfələr verə biləcək qabiliyyətdə olan mütəxəssislərin hazırlanması prosesi gedəcək”.
ATİ-də yeni
fəaliyyətə başlayan, alman dili müəllimi kimi çalışacaq Anna
Bauman isə Bakıda belə bir imkan
qazandığına görə çox şad olduğunu bildirdi: “Əsas məqsədlərdən biri alman dilini
inkişaf etdirmək və tələbələrin
bunu mənimsəməsidir. Bununla yanaşı, məqsədimiz Almaniya ilə Azərbaycan arasında sosial-iqtisadi inkişafa
yardım etməkdən ibarətdir”.
Turizm
obyektlərində qiymətlər aşağı
salınacaq, bəzi hotellərin lisenziyası ləğv ediləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirdi. Bu il turizmlə bağlı ölkəmiz üçün uğurlu il olduğunu deyən nazir bildirdi ki, həm nailiyyətlərimiz, həm apardığımız işlər onu sübut edir ki, Azərbaycan turizm sənayesi geniş inkişaf yolundadır: “Prezidentin apardığı beynəlxalq siyasətin nəticəsində, Azərbaycan beynəlxalq, nüfuzlu təşkilatlarda öz mövqeyini möhkəmləndirməkdədir. Avropa ölkələri arasında ən yüksək səslə ölkəmiz ÜTT İcraiyyə Komitəsinə seçilib. Həmçinin Azərbaycan Turizm Assosiasiyasının ÜTT-yə qoşulmuş üzvləri arasında Avropa üzrə sədrin müavini seçildi. Bu da onu göstərir ki, beynəlxalq qurumlarda Azərbaycanın mövqeyi olduqca güclənib. Eyni zamanda ölkə daxilində turizm infrastrukturu genişlənib və ölkə başçısı regionlara səfəri zamanı bir neçə otelin açılışında iştirak etdi. Bildirdi ki, regional inkişaf vacib məsələdir. Xüsusilə də bir neçə regionu, Qəbələ, Şahdağ, Naftalan, Lənkəran, Şəmkiri qeyd etdi. Biz çalışacağıq ki, inkişaf tempini azaltmayaq.
Eyni zamanda bizim keçirdiyimiz monitorinq onu göstərdi ki, yay mövsümündə bir neçə hoteldə istədiyimiz səviyyədə xidmətlər təqdim olunmayıb, bəzi narazılıqlar, hadisələr olub. Odur ki, Mədəniyyət və Turizm Nazirliyinin işçı qrupu müvafiq dövlət qurumları ilə işləyir. Yəqin ki, bu ay müddətində bir neçə hotelin lisenziyasının ləğv olunması barədə qərar qəbul olunacaq. Onlara vaxt veriləcək və lisenziyanın alınması üçün müvafiq sənədləri hələ hazırlamayan hotellərin fəaliyyəti məhdudlaşdırılacaq. Artıq biz imkan verməməliyik ki, lisenziya üzərində çalışan təşkilatlar, qurumlar səviyyəsiz xidmətlər təqdim etsinlər. Ona görə də məhz ATİ-nin fəaliyyəti ilə olduqca vacib və bilikli, savadlı, peşəkar mütəxəssislər buraxmalıyıq ki, onlar sənayeyə daxil olaraq daha mükəmməl şəkildə turizm sənayesinin qurulmasına köməklik etsinlər. İnanıram ki, ölkə başçısının bu cür dəstəyi nəticəsində, onun turizm sənayesinin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində bu sahə dərin şəkildə öz köklərini yerlərdə də inkişaf etdirəcək”. Nazirin sözlərinə görə, ötən il turizm obyektlərində qiymətlərin təxminən 20 faizə qədər aşağı salınmasına nail olunub, qiymətlər hələ ki müəyyən yerlərdə daha yüksəkdir: “Amma nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda hazırda tikilib istifadəyə verilmiş hotellərin böyük əksəriyyəti lüks hotellərdir və onlar istər-istəməz öz qiymətlərini yüksək tutmalıdırlar. Hazırda Prezidentin göstərdiyi istiqamət Azərbaycanda üçulduzlu hotellərin tikilməsi, orta təbəqənin imkanlarına uyğun olaraq qiymət siyasətinin tətbiq olunmasıdır və son nəticədə hotellərin sayı və onlar arasında rəqabət sözsüz ki, bu qiymətlərin aşağı düşməsinə şərait yaradacaq”.
Nazir bildirdi
ki, Azərbaycanda yeni turizm qanunu qəbul olunduqdan sonra
lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq. Onun sözlərinə görə, turizm haqqında qanunun
hazırlanması artıq tamamlanmaq
üzrədir, beynəlxalq təşkilatlar da
ona rəy bildiriblər: “Biz
onun üzərində artıq geniş layihə proqramı
formalaşdırmışıq. Yəni, qanunvericilik
çərçivəsində normativ-hüquqi
bazanı təkmilləşdirmişik, artıq beynəlxalq təcrübəyə
əsaslanan bir sənəd qəbul olunacaq. Düşünürəm
ki, bunun nəticəsində
lisenziyanın verilmə qaydalarına, orada
olan şərtlərə dəyişiklik
ediləcək, o cümlədən turizm müəssisələrində, hotellərdə
çalışan mütəxəssislərin daha çox olmasına xüsusi önəm veriləcək”.
Nigar Abdullayeva
Palitra.-2013.-17 sentyabr.-S.10.