“Muğama çəkdiyim
əziyyəti yerə vurmaq istəmərəm”
Günay İmamverdiyeva:
“Gənclərin muğam sənətinə
axını məni çox sevindirir, amma elə içi mən qarışıq yeni nəslin hamısı
ələkdən
keçəcək”
Layihə çərçivəsində
müsahibimiz Azərbaycan Milli Konservatoriyasında magistr təhsili
alan, Azərbaycan Televiziyasının solisti kimi fəaliyyət
göstərən, gənc muğam ifaçısı
Günay İmamverdiyevadır:
-Mən 1993-cü ildə Şuşa şəhərində anadan olmuşam, məlum səbəblərdən, ailəmlə birlikdə Bakıda məskunlaşmışam. Musiqidə ilk addımlarımı Aybəniz Haşımovanın “Bülbüllər” ansamblında atmışam. 2005-ci ildə Bakı Mədəni Maarif Texnikumunun muğam şöbəsinə, 2009-cu ildə isə Azərbaycan Milli Konservatoriyasına daxil oldum. “Xalq ulduzu” yarışmasında 3-cü olduqdan sonra “Muğam müsabiqəsi”ndə də uğurla çıxış etdim. Hazırda Konservatoriyada magistr təhsili alıram və Azərbaycan Televiziyasının solisti kimi fəaliyyət göstərirəm. Niyə estrada yox, məhz muğamı seçməyimə gəldikdə isə Mənsum İbrahimovun çox gözəl bir sözü var: “Muğamla məşğul olan insan heç vaxt pis hərəkət edə bilməz”. Mən muğamı çox sevirəm, dinləyirəm, ifa edirəm və rahatlıq tapıram. Bilmirəm, qarabağlı olmağımmı, evdəkilərin muğama böyük həvəsimi, atamın səsimi məni muğama bu qədər bağlayıb. Onu deyim ki, atamın səsi çox gözəldir. Sadəcə, onun dövründə indiki kimi şərait yaradılmamışdı. Həm də, bilirsiniz, düşünürəm ki, mənim səsim ən çox elə muğama uyğundur. Mən Aybəniz xanımın “Bülbüllər” ansamblında olanda başa düşdüm ki, mahnı janrı mənlik deyil. Aybəniz xanıma çox təşəkkür edirəm, bəstəkar, retro mahnılarını mənimsəməkdə mənə çox kömək etdi. Amma ürəyim həmişə muğam ifa etmək istəyib. Həmişə arzulamışam ki, əlimdə qaval, yerdə oturub muğam oxuyum. Düz deyirsiniz, əvvəllər muğama indiki qədər qayğı olmayıb. Mənsum müəllim deyir ki, “bizə sizin kimi şərait yaradılmayıb”. Şükürlər olsun, bu gün Heydər Əliyev Fondu, Azərbaycan Televiziyası bizə, Azərbaycan muğamına çox böyük dəstək göstərir. Bu gün televiziya təmənnasız olaraq ifalarımızı lentə alır.
-Necə oldu ki, “Xalq
ulduzu”na gəlməyə
qərar verdiniz?
- “Xalq ulduzu”nda iştirakım mənim yeniyetmə vaxtlarıma təsadüf edirdi. Çoxları yarışmaya qatılacağımı bilmirdi. Ancaq 16-lığa düşəndən sonra hamının xəbəri oldu. Böyük səhnəyə ilk addımım “Xalq ulduzu”ndan başladı, deyə bilərəm.
O yarışmaya qatılanda da, elə yarışma müddətində də hələ çox şeyləri dərk etmirdim. Həyəcan keçirmirdim, çünki məsuliyyətimi başa düşməmişdim. Həm də muğam ifa etməklə, mahnı ifa etmək bir ola bilməz. “Xalq ulduzu” Muğam müsabiqəsi qədər çətin deyildi. “Xalq ulduzun”da üçüncü oldum. Bəlkə də birinci ola bilərdim. Bilirsiniz, səsvermə ilə olan bir yarışma idi, ona görə hər şey gözləmək olardı. İçimdə hər zaman bir qorxu var idi ki, birdən mənə səs verməzlər və yarışmanı çox tez tərk edərəm. Belə hissləri keçirmişəm. Amma mənə dəstək olanlara çox təşəkkür edirəm. Bəziləri səsimə görə, bəziləri yaşımın az olduğuna görə mənə səs verirdilər. Əlbəttə, o müsabiqələrin hamısında dost-tanış dəstəyi də var. İlk həftələrdə lap çox olur. Çünki onda səni heç kim tanımır. Təcrübəm olmadığına görə çox səhvlər edirdim. Bəzən hətta musiqinin səsini də eşidə bilmirdim. O müsabiqə mənə həyəcanı özümdən uzaqlaşdırmağı öyrətdi. Aybəniz xanımın mənə dəstəyi yox idi orada. Digər iştirakçılara necə, mənə də eyni cür münasibət göstərirdi. Münsiflər heyətinin hər birinin xüsusi qayğısını hiss edirdim. Çünki digər iştirakçılara görə yaşım daha az idi. Düzünü deyim ki, o müsabiqənin qaliblərinin heç biri indi üzdə deyil. Çox insan fikirləşir ki, bu gün toyum olsun, bəsimdir. Ancaq bunu fikirləşdiklərinə görə də, çoxları olduğu yerdə batıb qalırlar. Mən də toya gedirəm. Amma orada da efirdə ifa etdiyim musiqiləri, muğamları ifa edirəm. Toylarda digər ifaçılara nisbətdə muğam ifaçılarına xüsusi hörmət var. Muğam oxunanda çəngəl-bıçaq dayanır, ancaq muğama qulaq asılır.
- Adətən gənclərin
bir çoxu estrada janrına üstünlük
verirlər. Sən heç estrada oxumaq istəmisən?
- Muğam ifaçısı
hər şeyi bacarar, amma oxumaram.
Muğama çəkdiyim əziyyəti
yerə vurmaq istəmərəm. Çünki xasiyyətimə uyğun deyil. Biz onsuz
da muğamla yanaşı klassik bəstəkar mahnıları
ifa edirik. Bilirsiniz, çətinlik hesabına
muğamda ən yüksək zirvələrə
yüksəlmək mənim
üçün hər
şeyə dəyər.
Bu sənətdə özümə hansısa
yeri arzulamıram.
Çünki xüsusi yer
yoxdur. Qismətimdə nə varsa,
onu da yaşayacam.
Əziyyət çəkirik, Allah da bu əziyyətimizi
qiymətləndirər.
- Muğam müsabiqəsinin həyatında
rolu danılmaz olduğunu bildirdiniz. O müsabiqədən sonra nə dəyişdi həyatında?
- Bu müsabiqə məni əvvəldən dərk
etmədiyim çətinliklərlə
üzbəüz qoydu.
2011-ci ilin fevral
ayında müsabiqəyə
qoşuldum, efir həyəcanı burda daha çox idi, deyə bilərəm ki, ən çox stressi məhz bu müsabiqədə keçirdim. Hər kəs
muğam ifa etməyi bacarırdı, hər həftə də ifa etdiyimiz
muğama uyğun qəzəllər seçməliydik.
Yəni,
xalq mahnıları, təsniflər, muğamlar
olmalı idi. Bunun da öz çətinliyi
olurdu. Həm də xalq artistlərinin qarşısında
çıxış etmək
elə də asan deyildi. Bu müsabiqə mənim
kimi çoxlarının
həyatında keçid
rolu oynadı. Bir az çətin olsa da, çox yadda qalan, əvəzedilməz
günlər yaşadıq.
Repertuarıma gəldikdə isə
Mənsum müəllimin
və tələbəsi
Təyyar Bayramovun bu mənada mənə çox böyük köməkliyi
oldu. Düzünü deyim ki, səsimi qorumaq cəhətdən tənbələm.
Demək
olar ki, qorumuram. Əslində, muğam ifaçısı
qazlı su içməməli, duzlu-istiotlu
yeməməlidir. Amma bu qaydalara riayət etmirəm. Bir də ki, səsi öyrəşdirməkdən
çox şey asılıdır. Fikirləşirəm ki, səsimi qorumağın üzərində
nə qədər çox düşünsəm,
narahat olsam onda tez xəstələnəcəm,
səsim korlanacaq.
Bir də insanın olduğu ərazilərdən
də çox şey asılıdır.
Elə yerlərdə olmuşam ki, səsimi idarə etməkdə çətinlik çəkmişəm.
Hətta
bəzi zonalarda səsim batıb. Təbiətin də səsə
çox təsiri var imiş. Əksər ifaçılar səhər
səslərindən çox
narazılıqla danışırlar.
Amma məndə əksinədir.
Səhərlər mənim səsim
daha yaxşı olur.
-Digər həmkarların geyim sarıdan efirdə çox sərbəstdir. Sən bunu necə tənzimləyirsən?
- Muğam ifaçısı
olmasam belə, ailədən aldığım
tərbiyəyə görə
çox qısa geyinmərəm. Amma muğam ifa
etdiyimiz an hər məsələdə, eləcə
də geyim sahəsində məsuliyyətimiz
birə-beş artır.
Yəni,
ifa etdiyimiz musiqinin ağırlığını
dərk etməliyik.
Muğam
ifaçıları qapalı
geyinməlidir. Məncə, gözəllik də bundadır. Milli musiqi ifa edənlər milli paltarda daha gözəl
görünür. Ümumiyyətlə, gənclərin muğam sənətinə olan axını məni çox sevindirir, amma elə içi
mən qarışıq
yeni nəslin hamısı ələkdən
keçəcək. Nə
qədər müraciət
edən olsa da, sonda bu
sənətin əziyyətinə
dözən çox az adam qalır. Həqiqətən, bu yolun ağırlığına dözmək
çox çətindir.
Bu aləmdə dostlarım muğam müsabiqəsinin iştirakçılarıdır.
Çünki ən həyacanlı,
təlaşlı, çətin
və eyni zamanda da xoşbəxt
anlarımız birgə
keçib. İnsan da
məhz belə günlərdə dostlarını
tanıyır. Zabitə
Alıyevanın, Səbinə
Ərəblinin, Kamilə
Nəbiyevanın adlarını
çəkə bilərəm.
Ancaq “Xalq ulduzu”nda əksəriyyətinin yaşı
məndən qat-qat çox idi. Mən onları dayım, əmim yaşda görürdüm. Muğam müsabiqəsində
isə demək olar ki, hamımız
yaşıd idik.Müsabiqələrdə
hamı bir-birinə rəqibdir. Birində səsvermə, digərində
isə münsiflərin
rəyi əsas götürülür. Münsiflər necə məsləhət
gördülər, elə
də oldu.
- Muğam müsabiqəsində iştirakçılar
müxtəlıf, fərqli
muğamlar ifa edirlər. Hansı muğamı ifa
etmək sənin üçün xüsusilə
çətindir?
- Ümumiyyətlə, muğam
ifa etməyin özünün xüsusi
çətinliyi var, amma mənim daha çox sevdiyim “Segah” və “Bayatı -Şiraz”dır. Şuşanı, doğma torpağı
mənim yadıma isə “Segah” muğamı salır.
Deyirlər ki, Qarabağda
analar laylanı segah üstündə ifa edir. Bilirsiniz, ən böyük arzum doğulduğum torpağı görməkdir.
Əminəm ki, o torpağa
getsəm, səsim daha da gözəl
olacaq.
- Bu sənətdə
idealınız kimdir?
- İdealım Mənsum
müəllim olub. Qadın ifaçılarından
Aygün Bayramovaya, Nəzakət Teymurovaya çox qulaq asmışam. Yeni başlayanda
onları təqlid etmişəm. Amma indi
yox.
- Hazırda
Azərbaycan Televiziyasının
solisti kimi fəaliyyət göstərirsən,
bu işindən razısanmı?
- Azərbaycan Televiziyasının
solisti kimi çalışıram və
burada aylıq maaş alıram.
Şükür Allaha, özümüzü
idarə edə bilirik. Mən və mənim
kimi yeni başlayan gənclər çox şey gözləməməlidir. Biz sabaha ümidlə
baxmalıyıq.
Nigar Abdullayeva
Palitra.-2013.-18 sentyabr.-S.11.