“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu artırılır”

 

Asif Səfərli: “Elm və təhsilin inkişafının ölkənin ümumi inkişafının əsas predmeti kimi götürülməsi məqsədəuyğundur”

"Gələcəyə Doğru" Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi 2008-ci ildə gənc tələbələrin biliklərinin artırılmasına kömək istiqamətində yaradılıb. Birlik məqsədlərə çatmaq üçün gənc tələbələrin elmi biliklərinin inkişafına kömək edir, onların dünya görüşlərinin artırılması sahəsində tədbirlər həyata keçirir. Eyni zamanda gənc tələbələr arasında sağlam həyat tərzi, narkomaniyaya və AİDS-ə qarşı mübarizə mövzularında geniş maarifləndirmə işi aparılır. Bundan başqa təşkilat tərəfindən tələbələrin sosial problemlərinin həllində köməklik göstərilir, gənc tələbələr arasında vətənpərvərliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində təbliğat aparılır. Qeyd edək ki, “Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin sədri Asif Səfərlidir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində marketinq ixtisası üzrə təhsil alır. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatına rəhbərlik edir.

-Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Ümummilli liderimiz Heydər Əliyev söyləyib ki, bir ölkənin gələcəyi onun gəncləridir. Ona görə də gənclərimiz daim nəzarətdə qalmalı və düzgün yönləndirilməlidir. Bu istiqamətdə hazırda çox böyük işlər görülür. Elə buna görə də elm və təhsilin inkişafının ölkənin ümumi inkişafının əsas predmeti kimi götürülməsi məqsədəuyğundur. Dövlət siyasətinin əsas istiqamətlərindən birielm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi olub.

-Gənclərin Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?

-Bu gün cəmiyyətdə artıq bir fikir formalaşıb ki, yaxşı oxuyan, böyük biliklərə malik olan insanlar həyatda özləri üçün yaxşı şərait də yarada biləcəklər. Çünki Azərbaycan cəmiyyəti açıq cəmiyyətdir. Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur. Ona görə gözəl mütəxəssislər, peşə sahibləri cəmiyyətdə öz yerlərini mütləq tapacaqlar və xoşbəxt gələcəklərini təmin edəcəklər

-Elm və təhsilin inkişafı istiqamətində hansı layihələr keçirmisiniz?

-Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi (GDTTGİB) Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə müxtəlif ali təhsil müəssisələrinin birinciikinci kurs tələbələri üçün 5-9 iyul 2013-cü il tarixlərində Göyçay şəhərində "İnformasiya Beyinləri" düşərgəsi keçirib. Layihənin hazırlıq mərhələsində 22-27 iyul 2013-cü il tarixlərində düşərgədə iştirak etmək istəyən gənclər “online” ərizə formasını dolduraraq müraciət edirdilər. Daha sonrakı mərhələdə uğurlu olan gənclər müsahibə mərhələsinə dəvət alıblar. Müsahibə mərhələsindən uğurla keçən gənclər isə düşərgədə iştirak hüququ qazanıblar. Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin birinciikinci kurs tələbələri düşərgədə iştirak hüququ qazanıblar. Düşərgədə iştirak hüququ qazanan şəxslər 5 iyul 2013-cü il tarixində Bakı şəhərindən Göyçaya doğru sərnişin avtobusu ilə yola düşüb. Göyçay şəhərinə çatan iştirakçılar ərazi ilə tanış olubotaqlara yerləşiblər. İştirakçılara “İnformasiya Beyinləri Düşərgəsi” ümumi qaydaları izah olunduqdan sonra hər bir iştirakçıya müvafiq olaraq üzərində adları qeyd olunan köynək, qələm, qeyd dəftərçələri və “İnformasiya Beyinləri Düşərgəsi”nin proqramı təqdim olunub. Layihənin ilk günü komandalar düşərgənin açılışı zamanı 3 komandaya bölünüblər və komandalar Azərbaycan Respublikası Bayrağının rənglərinə uyğun olaraq "Göy", "Qırmızı" və "Yaşıl" adlandırılıblar. Komandalara qiymətləndirilmə meyarları izah edilibkomandalar 4 gün ərzində mübarizə aparacaqları bildirilib. İlk günün sonunda İT sahəsi üzrə "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. İkinci gün “İKT sahəsində problemlər və onların həlli” mövzusunda təlim keçirilib.Təlimçi Cahid İsmayıloğlu İKT sahəsində biliklərini gənclərlə bölüşüb. Daha sonra iştirakçılara layihələrin yazılması və idarə olunması mövzusunda təlim keçirilib. Gün ərzində aktivliklər davam edib. Günün sonunda sosial gecə keçirilib və gənclər xüsusi istedadlarını, hazırladıqları səhnələri təqdim ediblər.

Düşərgənin üçüncü günü əsasən araşdırmalara və sosial şəbəkələrə həsr olunub. Komandalara səhər təlimində C.İsmayıloğlu tərəfindən sosial şəbəkələrlə mövzusunda təlim keçirilib və təşkilatçılar tərəfindən günün sonuna "Göyçay şəhəri və biz", "İKT sahəsində problemlər və onların həlli" və "Komanda işinin təşkili" mövzularında 3 müxtəlif video-rolik hazırlamaq tapşırılıb. Komandalar günün sonunda bu vəzifəni uğurla icra ediblər. Günün qalibi təyin edilib.

Düşərgənin son günü İKT sahəsində layihələrin təqdim olunması başa çatıb. Hər komanda layihə ərzində öyrəndiyi və araşdırdığı məsələlər barədə layihələr hazırlayıb, çıxış ediblər. Digər komandalar onları maraqlandıran suallara cavab almaq üçün çıxışçılara suallar ünvanlayıb. Düşərgə ərzində komandalar "Redstagram" , "Twitter lövhəsi" , "Facebook Mesaj Qutuları", "Kanape şou" və digər fəaliyyətləri təmin edərək həm əla bal qazanıb, həm də düşərgəni daha da canlı etməyi bacarıblar. Düşərgənin qalibi 4 gün ərzində qazanılan balların cəminə görə "Yaşıl" komandası olub.

-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

-Gəncləri düşünən bir ictimai birlik olaraq biz yaxın günlərdə region gəncləri üçün informasiya texnologiyaları mövzusunda turnirlər təşkil edəcəyik. Məktəb təhsili hər bir gəncin həyatında böyük rol oynayır. Məhz buna görə də biz bu yarışmanı məktəblilər üçün nəzərdə tutmuşuq.Yarışma ilkin olaraq bir regionu əhatə edəcək və Lerik, Lənkəran, Masallı, Şirvan, Astara rayonlarında keçirilməsi nəzərdə tutulub. Həmin rayonların təhsil idarələri ilə danışıqlar aparılacaq və rayon məktəblərinin iştirakı təmin olunacaq.

-Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

-Əlbəttə, gənclər siyasəti dövlətin əsas prioritet məsələlərindən biridir. Məhz buna görə də dövlət bu sahəyə kifayət qədər dəstək ayırır. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bizə kifayət qədər kömək edir və dəstəkləyirlər. Qeyri-hökumət təşkilatı olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bizə işlərimizdə dəstək olur.

-Gənc nəslin elm və təhsilini artırması üçün marağı necədir?

-Mən elm və təhsilə marağı olan istedadlı gənclərə həmişə rəğbət bəsləmişəm. Bu cür gənclərin ölkə hüdudlarından kənarda dünyanın nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil almaları bir gənc kimi məni də qürurlandırır. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək hər zaman dövlətimizin diqqət etdiyi öndə gedən məsələlərdən biridir.

-Tələbələr və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?

-Tələbənin uğur qazanması üçün önəmli olan motivasiyadır, yəni həvəs, istəkdir. Paul J. Meyerin gözəl bir fikri var: “Uğura nail olmayanların yüzdə doxsanı yenilməyənlərdir. Sadəcə vaz keçənlərdir”. Motivasiya olan yerdə bütün baryerləri aşmaq mümkündür. Dil, informasiya qıtlığı və digər problemlər ola bilər, amma motivasiya olan yerdə, hədəf və məqsədlərin olduğu yerdə hər şeyə nail olmaq olar. Sadəcə, özünə inam lazımdır. Yeri gəlmişkən, bizim bu istiqamətdə də layihəmiz olub. Layihənin məqsədi təcrübəli gənclərimizin öz təcrübələrini mübadilə etməsinə imkan yaratmaq, aktivliyə doğru yeni addım atan tələbələrə isə motivasiya vermək idi.

-Növbəti hansı layihələr həyata keçirməyi planlaşdırırsınız?

-Hal-hazırda təşkilatımız bir neçə layihə üzərində işləyir. Bunlardan biri Xəzər TV ilə birgə “Sosial çarxın hazırlanması” layihəsidir. Layihənin məqsədi əsasən rifah halının yüksəldilməsi və maarifləndirilmədir.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-21  sentyabr.-S.11.