Kitabxanalarımız- milli-mənəvi dəyərlərimizin qoruyucusu

 

Kitabxanada maarifləndirici tədbirlərin keçirilməsi mənəvi dəyərlərin əsas meyarlarının ortaya qoyulmasında həlledici rola malikdir

 

Artıq bir neçə gündür ki, ölkəmizdə III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası keçirilir. Məhz elə bu günlərdə Bakıda Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclasının keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, Azərbaycan xalqı öz kitabxanaları ilə dünya elmi və incəsənətinə töhfəsini verir. Lakin ən əsası kitabxanalarımızın bizim milli-mənəvi dəyərlərimizin qoruyucusu olmasıdır.

Çünki Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib və zəngin kitabxanaları ilə tanınıb.

Xatırladaq ki, bu gün Azərbaycanda geniş kitabxana-informasiya şəbəkəsinə malik 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur. 1996-cı ildə Azərbaycan hökuməti “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edib. 1999-cu ildə “Kitabxana işi haqqında”Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Azərbaycan Respublikası Prezidentinin “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamına əsasən, doqquz milyondan çox ədəbiyyat nəşr olunub və ölkə kitabxanalarına hədiyyə edilib. Hazırda ölkədə kitabxanalara dövlət qayğısı göstərilir. Əksər kitabxanalarda multi-media sisetmi tətbiq olunur. Bu informasiya müəssisələri əhalinin bütün təbəqələrinə informasiya xidmətləri göstərərək onları maarifləndirir, fasiləsiz informasiya ilə təmin edir. Onu da deyək ki, Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxanaların inkişafına güclü təkan verib. Bu gün respublikada ilk Kitabxana-İnformasiya Mərkəzi, kitabxanaların nəzdində İctimai - hüquqi informasiya, ekologiya, mütaliə mərkəzləri, turizm-informasiya mərkəzləri uğurla fəaliyyət göstərir.

Milli-mənəvi dəyərlərin

kitabxanalarda təbliği

Bütün bunlarla yanaşı kitabxanalarımız milli -mənəvi dəyərlərimizin təbliği ilə də məşğuldur. Ümumiyyətlə, kitabxanalarda Azərbaycan tarixinin şanlı səhifələrini yad etmək, tariximizi bugünkü və gələcək nəsillərə geniş şəkildə anlatmaq, xalqımızın, millətimizin tarixini, milli-mənəvi dəyərlərini nümayiş etdirmək məqsədilə bir sıra söhbətlər, sərgilər, dəyirmi masalar keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan “Milli-mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu” kitabında bu baxımdan əhəmiyyətli təkliflər irəli sürülür. Kitabda milli-mənəvi dəyərlərin qorunmasında ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolundan, milli-mənəvi dəyərlərin təbliği məqsədilə kitabxanalarda həyata keçirilən kütləvi tədbir formalarından, milli-mənəvi dəyərlərin mühafizəsi və gələcək nəsillərə ötürülməsində əhəmiyyət kəsb edən beynəlxalq hüquqi sənədlərdən bəhs olunur: “Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatıb. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri, İslam dininin təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bu ənənələrə bizi bağlayıb, dövrümüzə körpü salıb. Müasir insanın formalaşması və özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır”. Bildirilir ki, dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur: “Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşıb və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişib. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşıb”.

Kitabxana saytlarında “Milli-mənəvi dəyərlər” adlı elektron bazanın yaradılması təklif olunur

Kitabda milli-mənəvi dəyərlərin kitabxanalarda təbliğindən danışılır və qeyd olunur ki, milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir: “Zamanın müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərib. Bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü, azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirməlidir. Sözsüz ki, mənəvi dəyərlərin inkişafı ziyalılar nəslinin cəmiyyətə təsir gücündən, eləcə də, mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Bütün bunlar - ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması düşünülmüş, məqsədyönlü olmalıdır. Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Müasir dünyadakı qlobal inteqrasiya prosesində qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanınmalı, onları yüksək səviyyədə təbliğ etməyi bacarmalıdır”.

Nəşrə görə, kitabxanalarda keçirilən hər bir kütləvi tədbir vasitəsilə mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirilməlidir: “ Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən adət-ənənələrimiz, musiqimiz, maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdən biridir. Kitabxanada maarifləndirici tədbirlərin keçirilməsi, elm və sənət adamlarının mülahizə və düşüncələrinin geniş ictimaiyyətə təqdimatı və digər amilləri özündə əks etdirən tədbirlərin yer alması mənəvi dəyərlərin əsas meyarlarının ortaya qoyulmasında həlledici rola malikdir. Müasir dövrün tələblərinə uyğun olaraq kitabxana saytlarında “Milli-mənəvi dəyərlər” adlı elektron məlumat bazasının yaradılması məqsədə uyğun olardı”.

Kitabda Azərbaycanın dünyaya inteqrasiyasında milli dəyərlərimizi, tarix və mədəniyyətimizin dünyaya təbliğ olunması məsələsi də xüsusi vurğulanır: “Qloballaşma dövründə bu təkcə indinin deyil, həm də sabahın tələbidir. Azərbaycan tarixinin şanlı səhifələrini yad etmək, tariximizi bugünkü və gələcək nəsillərə geniş şəkildə anlatmaq, xalqımızın, millətimizin tarixini, milli-mənəvi dəyərlərini dünyaya nümayiş etdirmək məqsədilə bir sıra tədbirlər, mərasimlər həyata keçirilə bilər. Milli-mənəvi dəyərlərin qorunmasına, azərbaycançılıq məfkurəsinin geniş təbliğ olunmasına kömək etmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə kömək etmək məqsədilə “Milli-mənəvi dəyərlərimiz mədəniyyət incisi kimi” adlı sosioloji sorğu keçirmək olar. Sorğunun məktəblilər arasında keçirilməsi daha məqsədəuyğun olar. Sorğu keçirilərkən uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Sorğunu keçirməzdən əvvəl anket sorğunun məqsədi, mövzusu barəsində qısa arayış, açıqlama verilməlidir”.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-27 sentyabr.-S.11.