“Kino sahəsinə aid ixtisaslarda qısa
kursların keçirilməsi effektiv nəticə
verir”
Fehruz Şamıyev: “Gənc kinematoqraf” layihəsi çərçivəsində
televiziya və kinoprodüser
ixtisasları üzrə 3 aylıq kursların keçirilməsi
nəzərdə tutulur”
Layihə çərçivəsində
növbəti müsahibimiz “Cinema” Gənc
Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz
Şamıyevdir:
- Mən 1978-ci ildə Cəbrayılda doğulmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisası üzrə ali təhsil, həmçinin televiziya üzrə magistr dərəcəsi almışam. 2004-cü ildə Tbilisidə “İncəsənətin marketinqi və prodüserlik” kurslarında iştirak etdim. 2004-2008- ci illərdə “Kino+” qəzetinin baş redaktor müavini kimi çalışmışam. 2006-cı ildə bir qrup kinematoqrafçılarla birgə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzini təsis etdim və hazırda mərkəzin direktoru kimi çalışıram. 2004-cü ildən Bakıda keçirilən “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalına rəhbərlik edirəm. Hər il keçirilən bu festivalda dünyanın 27 ölkəsindən - Almaniya, Polşa, Fransa, Portuqaliya, Rusiya, İran, Misir və digər ölkələrin tələbə və gənc rejissorları iştirak edir. 2007-ci ildə “ÖZ” prodüser mərkəzini təsis etdim. Azərbaycan, İran, Türkiyə və İordaniya arasında həyata keçirilən “Yaxın Şərq ölkələri və kinobazar axtarışı” beynəlxalq layihəsini həyata keçirməklə yanaşı, kino və onun problemləri ilə bağlı məqalələrim dərc olunub. 2008-ci ildə İranda keçirilən “100 saniyə” Beynəlxalq Film Festivalının iştirakçısı, “Rahmat” Beynəlxalq Qısametrajlı Film Festivalının münsifi oldum. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan-bu ekran” müsabiqəsində qalib gələrək “Yol” bədii filminə quruluş vermişəm.
-Bildiyimizə
görə, “Gənc kinematoqraf” layihəsinə
start verirsiniz. Layihə
barədə ətraflı məlumat verərdiniz...
-Bilirsiniz ki, dövlət tərəfindən kinematoqrafiyaya ayrılan maliyyə vəsaiti artırılıb. Demək olar ki, ildə iki dəfə televiziya filmləri və serialların istehsalına 5 milyon manat, kinofilmlərin istehsalına isə hər il 7 milyon manat vəsait ayrılır. Amma təəssüf ki, bu sahədə yetərincə kadrların olmaması işin həm keyfiyyətinə, həm də sürətli inkişafına mane olur. Bu problem regionlarda xüsusi ilə gözə çarpır. Dünya təcrübəsi isə göstərir ki, kino sahəsinə aid ixtisaslarda qısa kursların keçirilməsi daha effektiv nəticə verir. Bu problemi qismən də olsa aradan qaldırmaq üçün “Gənc kinematoqraf” layihəsini hazırlayıb Gənclər Fondunun müsabiqəsinə göndərdik. Müsabiqədən uğurlu keçdi və artıq layihənin gerçəkləşməsi yönümündə işlərə başlamışıq.
-Layihə çərçivəsində
hansı işlər görüləcək?
-Layihədə televiziya və
kino sahəsində ən acınacaqlı
istiqamət sayılan - ssenarist, televiziya və kinoprodüser
ixtisasları üzrə 3 aylıq kursların keçirilməsi
nəzərdə tutulur. Son illər bu
sahədəki işlərdən, mütəxəssislərin
müsahibələrindən və kino
ictimaiyyəti arasında apardığımız kiçik sorğulardan belə
nəticəyə gəlmək olar ki, audiovizual sahədə ssenarist və prodüser
üzrə kadrlar demək olar
ki, yox dərəcəsindədir.
Nəzərə alaq ki, bu problem regionlarda, regional TV kanallarda
ən başlıca problemdir. Audiovizual sahə daha
çox Bakı şəhərində yaşayan
gənclərin marağındadır.
Bu da ondan
irəli gəlir ki, bu sahədəki
böyük şirkətlər
Bakı şəhərində
fəaliyyət göstərir.
Amma nəzərə almaq lazımdır ki, regionlarda da ssenari, kinoprodüserlik
və başqa bu kimi ixtisaslar
üzrə istedadlı
gənclər var. Amma
onların bu sahədə məlumatlarının
az olması
istedadlarının aşkar
olunmasına mane olur. Gözəl hadisələr uydurmaq, maraqlı hekayələr yazmağı hətta ucqar dağ kəndində də yaşayan hansısa gənc bacara bilər. Amma o məhz bu
sahədə savadsız
və məlumatsız
olduğu üçün
öz istedadını
lazımı yerlərə
təqdim edə bilmir. Bu baxımdan da “Gənc kinematoqraf”
layihəsi bu tip gənclərə öz istedadlarını təqdim
etməyə imkan verəcək. Layihəyə görə yaxın
günlərdə elan
ediləcək kurslara
sənəd qəbulu
aparılacaq. Təqdim olunacaq
məlumatlara əsasən
seçim mərhələsi
keçiriləcək. Seçimlərdən keçən gənclər
arasından hər
region üzrə 20 nəfər
ssenarist, televiziya və kinoprodüser kurslarına qəbul olunacaq.
-Səhv etmirəmsə, Bakı
Film İnstitutunda siz kinoprodüserlər yetişdirirsiniz.
- Bəli, Azərbaycanda ilk dəfə olaraq ödənişli əsaslarla
“Bakı Film İnstitutu”
layihəsi çərçivəsində
kino prodüser kursları yaratdıq. Bu kurslara bir
çox yerli və xarici müəllimləri dəvət
etdik. Bundan əlavə, 2011-ci ildə
Avropa Kino Akademiyasının
ən yaxşı prodüser mükafatı almış Zeynəb Özbatur Atakan kurslarımızda dərs
dedi və 3 gün ərzində onun ustad dərsləri
keçirildi. Azərbaycana belə bir tanınmış
prodüserin gəlməsi
kino sahəsində böyük hadisədir.
Bizim bu prodüser kursları prodüserliyə
gedən bir addım idi. Amma bizim kurslar Bakıda
yaşayan gənclər
üçündür.
-Yetişdirdiyiniz
kinoprodüserlərin uğurları
olubmu?
- Kursu bitirən ilk müdavimlərimiz artıq
bir neçə qısametrajlı film çəkiblər.
Kursumuzun
məzunu Həmid Nəcəfli Hollivudda təhsil almağa gedib. Rauf Abbaslı Türkiyədə
kino təhsilinə başlayıb. Pərviz Məmmədov
Mədəniyyət və
Turizm Nazirliyinin animasiya ssenariləri müsabiqəsində qalib
olub. Cavid Zahidov London Film Məktəbinə
daxil olub. Natiq Rəsul, Ramiz Fətəliyev, Yavər Rzayev və digər peşəkarların münsif
olduğu ssenari müsabiqəsinin qalibi olub. Möhsün Quliyevin çəkdiyi
film “İlin gənc kinematoqrafı” Milli Mükafatının nominasiyalarının
birində qalib olub.
-“İlin
gənc kinematoqrafı”
Milli Mükafatını
da sizin mərkəz təsis edib. Mükafat
hər il
təqdim olunacaq?
-Düşünürəm ki,
belə bir mükafatın təqdim olunması vacib məsələdir. Bu gənclərdə gördükləri
işə ruh yüksəkliyini artırmaq,
özünəinam, güvən
hissini artırıb, gələcək işlərə
həvəsləndirmək, eyni zamanda özlərini
kino cameəsində təsdiqləməkdir. Qalibləri peşəkarlardan
ibarət münsiflər
heyəti təyin edib. O baxımdan biz mükafatı hər il təqdim
etməyi düşünürük.
Onu da qeyd edim
ki, Milli Mükafatın qalibləri
2012-2013-cü illərdə istehsal olunmuş qısametrajlı bədii,
sənədli və animasiya filmlərinin müsabiqəsinin nəticəsinə
əsasən müəyyən
olunub. İlk ilimiz olduğuna görə 9 nominasiya üzrə (“Ən yaxşı bədii film”,
“Ən yaxşı sənədli film”, “Ən
yaxşı animasiya filmi”, “Ən yaxşı gənc rejissor”, “Ən yaxşı gənc prodüser”, “Ən yaxşı gənc ssenarist”, “Ən yaxşı gənc operator”,
“Ən yaxşı gənc səs rejissoru”, “Ən yaxşı film musiqi müəllifi”) təqdim etdik. Gələcəkdə nominasiyaların sayı
arta bilər.
-Rəhbəri olduğunuz “Öz” prodüser mərkəzinin
işləri ilə bağlı nə deyərdiniz?
Ümumiyyətlə, Azərbaycanda prodüser mərkəzlərinin fəaliyyətini
necə qiymətləndirirsiniz? Onların
işlərində canlanma
hiss olunurmu?
-“Öz”ün məqsədi
Azərbaycanda daha çox distribusiya, film yayımı, film reklamı
və PR məsələlərini
həll etməkdir. Demək olar
ki, indi belə bir ixtisaslaşmış
şirkət yoxdur.
İstəyirik ki, Azərbaycanda
dövlət, ya özəl, ya sifarişlə hazırlanan
istehsal olunmuş filmin reklam kampaniyasını
biz aparaq. Prodüser mərkəzlərinin
fəaliyyətinə gəlincə,
son illər bu sahədə canlanma baş verir. Misal üçün, “Nərimanfilm”
kino şirkəti Gürcüstanın bir şirkəti ilə “Sahə” adlı filmi çəkdi. Film çox böyük
uğur qazandı.
Azərbaycanda prodüser mərkəzlərinin
fəaliyyəti hələ
indi başlayır.
Tammetrajlı film sahəsində çalışan prodakşnlar
öz güclərinə
film çəkmək üçün
çox əziyyət
çəkirlər. Son
1 ildə özəl şirkətləri müəyyən
qədər kinoya cəlb etmək üçün bir neçə layihə həyata keçirilməyə
başlayıb.
-Niyə biz hələ də çəkilən yeni filmlərimizə baxa bilmirik? Ən azından bu
filmləri televiziyada nümayiş etdirmək mümkündür.
-Axı niyə yeni çəkilən filmlər birbaşa televiziyada yayımlanmalıdır?
Tamaşaçı filmi nə üçün pulsuz izləməlidir? Prodakşn bir
filmi ərsəyə
gətirmək üçün
xərclədiyi maliyyəni
bəs necə geri qaytarsın? Əslində yeni filmlərimiz
kinoteatrlarda göstərilməlidir
və tamaşaçılar
bu filmləri izləmək üçün
bilet almalıdırlar.
Bunun üçün bizə
ilk növbədə kifayət
qədər kinoteatr lazımdır, ikinci növbədə isə
film yetərincə reklam
olunmalıdır.
Nigar Abdullayeva
Palitra.-2013.-28 sentyabr.-S.11.