Azərbaycan əmanətçilərə ən yüksək ödənişlə bütün MDB məkanında öncül oldu

 

Elmar Məmmədov: «Əmanət Bankında 1 yanvar 1992-ci il tarixindən sonra açılmış hesablardakı qalıqlara fərdi birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu deyil»

 

Fərdi birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank olan “Kapital Bank” ASC-nin idarə heyətinin sədri Elmar Məmmədov prosesin yekunları ilə əlaqədar AzərTAc-ın suallarını cavablandırıb. Həmin müsahibəni ixtisarla təqdim edirik:

 - 2012-ci il iyunun 1-dən dekabrın 31-dək nə qədər əmanətçi fərdi birdəfəlik ödəmə ala bilib?

- 1 iyun 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinə qədər «Kapital Bank» tərəfindən 1 milyon 448 min 941 əmanət hesabı üzrə ümumilikdə 554 milyon 711 min 653 manatlıq ödəniş aparılıb. Eyni zamanda, 30 min 537 əmanət hesabı üzrə də ödənişlərin aparılmasına icazə verilib, həmin əmanət hesablarının aid olduğu vətəndaşlar “Kapital Bank”ın müvafiq filiallarına müraciət edərək vəsaitlərini götürə bilərlər.

- Bəzi vətəndaşlar banka müraciət etsələr də, hələ fərdi birdəfəlik ödəməni ala bilməmələrindən narahatdırlar. Sənəd qəbulunun başa çatması onlara müəyyən problemlər yaratmayacaq ki?

- Qətiyyən. Belə bir narahatlıq üçün heç bir əsas yoxdur. Müəyyən edilmiş müddət ərzində banka müraciət edərək 1 yanvar 1992-ci il tarixinə Əmanət Bankında əmanət qalığının olduğunu müvafiq kitabça ilə təsdiq edən vətəndaşların fərdi birdəfəlik ödəmə almasında heç bir problem olmayıb və olmayacaq da. Kütləvi informasiya vasitələrində bu barədə yetərincə izahat işləri aparılıb. Sənəd qəbulu prosesinin başa çatması, fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin də yekunlaşması demək deyil. Müvafiq fərmana uyğun olaraq, fərdi birdəfəlik ödəmələrin verilməsi 31 dekabr 2013-cü il tarixinə qədər davam etdiriləcək. O müddətə qədər bütün məsələlər aydınlaşdırılacaq və qanunla buna hüququ çatan hər bir vətəndaşa fərdi birdəfəlik ödəmə veriləcək. Sənəd qəbulu prosesinin başa çatması, araşdırma prosesinin daha da sürətlənməsinə, mübahisəli məqamların tez bir zamanda aydınlaşdırılmasına və ödənişlərin qalan müddət ərzində həyata keçirilməsinə kömək göstərəcək. Çünki əsas potensial artıq bu məsələlərə yönələcək.

- Xidmət məntəqələri bundan sonra da fəaliyyət göstərəcəkmi?

- Bildiyiniz kimi, əmanətçilərdən sənədlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında olmaqla «Kapital Bank» tərəfindən ölkə üzrə yaradılmış 143 xidmət məntəqəsində həyata keçirilirdi. Vaxtilə öz əmanətlərini Naxçıvan Muxtar Respublikasındakı əmanət kassalarında yerləşdirmiş əmanətçilərin, eyni zamanda, Bakı şəhərində məskunlaşmış məcburi köçkün əmanətçilərin gediş-gəliş problemini nəzərə alaraq sonradan Bakı şəhərində 144 saylı daha bir məntəqə də təşkil edildi. Bundan başqa, itmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərin qəbulu məqsədilə Bakıda 3, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin isə hər birində 1 əlavə məntəqə təşkil edilmişdi. Məntəqələr, əsasən, əmanətçilərdən sənədlərin qəbulu işini həyata keçirmək üçün təşkil edildiyindən sənəd qəbulu başa çatdıqdan sonra onların fəaliyyətinə ehtiyac qalmır. Ona görə də «Kapital Bank»ın filiallarının nəzdindəki 144 məntəqənin hamısı ləğv ediləcək. Məntəqələrin ləğvindən sonra əmanətçilər fərdi birdəfəlik ödəmələrlə bağlı onları maraqlandıran istənilən məsələ ilə əlaqədar əraziyə uyğun olaraq aidiyyəti filiala müraciət edə bilərlər.

- İyunun 1-dən keçən müddət ərzində əmanətçilərin böyük hissəsi sənədlərini “Kapital Bank”a təqdim etsələr də, yəqin ki, müraciət etməyənlər də var. Onlar sənədlərini 31 dekabrdan sonrakı müddətdə təqdim etdikdə, bu müraciətlər qəbul olunacaqmı?

- Xeyr. Müvafiq fərmanla təsdiqlənmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”nda sənəd qəbulu üçün müəyyən edilmiş müddətin 31 dekabr 2012-ci il tarixində başa çatdırılması konkret göstərilib. Həm Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, həm də «Kapital Bank» əmanətçiləri bununla bağlı dəfələrlə məlumatlandırıb. Hesab edirik ki, sənəd qəbulu üçün müəyyən edilmiş 7 ay kifayət qədər böyük müddət idi və fərdi birdəfəlik ödəmə almaq istəyən hər bir əmanətçi bu 7 ay müddətində öz sənədlərini banka təqdim edə bildi.

- Amma sənədlərində müəyyən çatışmazlıqlar olan, məsələn, əmanət hesabı üzərində vərəsəlik hüququnun təsdiqi üçün 6 aya qədər gözləmək məcburiyyətində qalan və bu səbəbdən sənədlərini banka təqdim edə bilməyən, eyni zamanda əmanət kitabçası olmayan vətəndaşlar da var...

- Əgər həmin vətəndaşlar dekabrın 31-dək əmanət hesabı üzərində vərəsəlik hüququnun təsdiqlənməsi üçün dövlət notariat kontorlarına, yaxud məhkəmələrə müraciət ediblərsə və banka bu barədə sorğu daxil olubsa, bu, həmin vətəndaşların müraciətlərinin 2013-cü il ərzində də qəbul olunması üçün hüquqi əsas yaradır. Ona görə də bu kimi halların vətəndaşlar üçün hər hansı problem yaradacağını düşünmürük. Üzrlü hüquqi səbəblərdən bu müddətdə öz sənədlərini banka təqdim edə bilməmiş hər bir vətəndaşın müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaq. Eyni zamanda vətəndaşların nəzərinə çatdırırıq ki, birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiya ödəmə prosesi başa çatana qədər fəaliyyətdə olacaq. Vətəndaşlar fərdi birdəfəlik ödəmələrlə bağlı onları narahat edən istənilən mübahisəli məsələyə baxılması üçün Xüsusi Komissiyaya müraciət edə bilərlər.

- Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati rayonlarından olan və hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərimizin əmanət hesabları ilə bağlı ciddi problem vardı. Onlara da fərdi birdəfəlik ödəmə verildimi?

- Bəli, həqiqətən bu, prosesin ilk mərhələsində narahatlıq doğuran məsələlərdən idi. Çünki «Kapital Bank» bu rayonlar üzrə əmanətçilərə aid arxiv sənədlərinə malik deyildi. 1988-ci ildə məlum hadisələr başlayan zaman SSRİ Əmanət Bankının vilayət üzrə yerli idarəsi əmanət hesabları üzrə arxiv sənədlərini mərkəzə - Moskvaya təhvil verirdi. Sonrakı mərhələdə isə sənədlər, bildiyimiz qədər, Ermənistana təhvil verilib. Bu rayonlardan yalnız Şuşa rayon şöbəsinin arxivini Bakıya gətirmək mümkün olmuşdu. Lakin bu kateqoriyadan olan əmanətçilər də dövlətin qayğısından kənarda qalmadılar. Azərbaycan dövlətinin öz vətəndaşlarına olan həssas münasibətindən irəli gələrək, bu məsələ öz müsbət həllini tapdı. Vaxtilə keçmiş DQMV-dəki əmanət kassalarında vəsait yerləşdirmiş hər bir məcburi köçkün öz əmanət kitabçasını təqdim etməklə fərdi birdəfəlik ödəmə ala bildi.

- Müraciət üçün müəyyən edilmiş müddətin son günlərində əmanətçilər arasında belə bir məlumat dolaşdı ki, guya onlara əmanət qalığının 40 faizi həcmində əlavə vəsait də verilir. Bu, nə dərəcədə doğru idi?

- Heç bir əlavə vəsaitin verilməsindən söhbət gedə bilməz. Əgər xüsusi kompensasiya hesablarını nəzərdə tutursunuzsa, bu məsələyə bir daha aydınlıq gətirərək bildiririk ki, fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində əmanət hesabları arasında heç bir fərq qoyulmamışdı. Yəni, xüsusi kompensasiya hesabına malik olan və əmanət kitabçasını 31 dekabr 2012-ci il tarixinə qədər «Kapital Banka» təqdim edən hər bir əmanətçinin də müraciətinə adi qaydada baxılıb və bankdaxili sənədlər aşkarlandığı halda ödəniş aparılıb.

Eyni zamanda, xüsusi kompensasiya hesabını təsdiqləyici sənədi olan əmanətçilərdən də ərizələr qəbul edilib və bu müraciətlər də araşdırılmaqdadır. Araşdırma prosesində bu vətəndaşların müraciətləri ilə bağlı bankdaxili sənədlər müəyyən edildiyi halda ödəniş aparılacaq.

- Fərdi birdəfəlik ödəmələrin verilməsi üzrə müraciətlərin qəbulu başa çatdırıldıqdan sonra indi bəzi vətəndaşları düşündürən bir sual da var: bəs 1 yanvar 1992-ci il tarixindən sonra keçmiş Əmanət Bankına qoyulmuş vəsaitlərin taleyi necə olacaq?

- Bildiyiniz kimi, müvafiq fərmana əsasən, fərdi birdəfəlik ödəmələr keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanət hesabı üzrə 1 yanvar 1992-ci il tarixə qalığı olan, Fərman qüvvəyə mindiyi tarixə açıq olan və Azərbaycan Respublikasının vətəndaşına aid olan əmanət hesablarına verilirdi. Bu da digər postsovet ölkələrində tətbiq edilən təcrübəyə uyğundur. Tarixdən məlum olduğu kimi, SSRİ-nin mövcudluğuna rəsmən 26 dekabr 1991-ci il tarixində son qoyuldu. Ona görə də Rusiya istisna olmaqla keçmiş SSRİ-yə daxil olan ölkələrin hər birində əmanətçilərə ödənişlərin verilməsi üçün son müddət olaraq 1 yanvar 1992-ci il tarixinin müəyyənləşdirilməsi tarixi baxımdan tam məntiqidir. Yalnız Rusiyada bu müddət kimi 20 iyun 1991-ci il tarixi müəyyənləşdirilib. Postsovet ölkələrindən heç birində 1 yanvar 1992-ci il tarixindən sonrakı dövrə aid əmanət qalıqlarına görə hər hansı indeksləşdirmənin aparılması təcrübəsi mövcud deyil. Ümumiyyətlə, Azərbaycan Respublikası vətəndaşlarının keçmiş Əmanət Bankında açılmış hesablara qoyduqları əmanətlərlə bağlı qeyd etmək istərdik ki, o dövrdə baş verən güclü inflyasiya səbəbindən 1 yanvar 1992-ci il tarixindən sonra, həmin pullar qısa müddət ərzində dəyərdən düşdüyündən bu əmanətlər bankda qalmışdı. Lakin nə Əmanət Bankının, nə də hazırda həmin bankın hüquqi varisi sayılan «Kapital Bank»ın fəaliyyəti dövründə bu əmanət qalıqlarının götürülməsində heç bir məhdudiyyət yox idi. Vətəndaşlar istənilən vaxt «Kapital Bank»ın müvafiq filialına müraciət etməklə öz əmanət qalıqlarını ala bilərdilər. 1 yanvar 1992-ci il tarixindən 2012-ci ilin martına qədər olan dövr ərzində əmanətçilərin müraciətləri əsasında minlərlə hesabın bağlanması da elə buna nümunədir. Bir daha qeyd edirik ki, keçmiş Əmanət Bankında 1 yanvar 1992-ci il tarixindən sonra açılmış hesablardakı qalıqlara fərdi birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu deyil.

- Tarixi təcrübədən söhbət düşmüşkən, Azərbaycanda fərdi birdəfəlik ödəmələrin verilməsi prosesini digər MDB ölkələrindən fərqləndirən əsas cəhətlər nədən ibarətdir?

- Azərbaycanı bu sahədə digər MDB ölkələrindən yalnız üstün cəhətlər fərqləndirir. Ölkəmizdə bu prosesin sosial coğrafiyası daha geniş oldu. Yəni, əksər Azərbaycan ailələri dövlətin bu dəstəyindən faydalana bildilər. Digər tərəfdən, Azərbaycan bütün MDB məkanında yeganə ölkə oldu ki, vətəndaşlara fərdi birdəfəlik ödəmələrin verilməsinə, həm də bunun digər ölkələrdəki kimi müxtəlif əmanətçi kateqoriyaları üzrə bəzən on illərlə davam edən uzun müddət ərzində deyil, qısa bir zamanda həyata keçirilməsinə qərar verərək qısa müddətdə bu qərarın icrasını yerinə yetirdi. Bu da Azərbaycan vətəndaşları olan bütün əmanətçilərə münasibətdə sosial ədalət prinsipinin yüksək səviyyədə təmin olunması demək idi. Ən əsası isə, Azərbaycan bütün MDB məkanında ən yüksək indeksasiya əmsalını tətbiq etdi. Nəzərinizə çatdıraq ki, indiyə qədər hər 1000 rubl əmanətə görə Rusiyada 30, Belarusda 33, Moldovada 71, Qırğızıstanda 21, Qazaxıstanda 7, Özbəkistanda 109, Ermənistanda 34 ABŞ dolları məbləğində pul verilmişdi. Ukraynada bu prosesi, ümumiyyətlə, başa çatdırmaq mümkün olmamışdı. Azərbaycan isə, 1000 rubl əmanət qalığına görə vətəndaşlara 190 ABŞ dolları ödəməklə bütün MDB məkanında öncül oldu.

 

 

Palitra.-2013.-8 yanvar.-S.4.