Milli dəyər və adətlərimiz
kimliyimiz üçün
əsasdır
Qloballaşmanın süni və zərərli
məqamlarından qorunmaq zərurətə çevrilib
Xəbər
verildiyi kimi, qəzetimiz Azərbaycan Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun(KİVDF)
dəstəyi ilə “Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin
təbliği” istiqaməti üzrə yanvar ayından
başlayaraq layihə həyata keçirəcək. Layihə
çərçivəsində hər sayımızda
dövlətçilik tariximiz, adət-ənənələrimiz,
mədəniyyətimiz, dəyərlərimizlə
bağlı maarifləndirici və məlumatlandırıcı
məqalələr çap olunacaq. Bu layihənin mövzusu
hazırkı zamanda daha çox aktual olduğu
üçün bir daha bu istiqamətdə ekspertlərdən,
ziyalılardan müsahibələr, həmçinin
araşdırma yazılar çap etməyi qərara aldıq.
Beləliklə, nədən
dövlətçilik tarixinin, milli adət-ənənələrin,
mədəniyyətin təbliği məsələləri bu
qədər aktuallıq kəsb edir?
Məlumdur
ki, hazırda qloballaşma prosesi bütün dünyanı
ağuşuna alıb. Bu prosesin müsbət və mənfi tərəfləri
barəsində çox deyilib, çox yazılıb. Eyni
zamanda qloballaşmanın yeni bir hadisə
olmadığını, bu prosesin hələ lap qədimlərdən
başladığını, millətlərin, dövlətlərin
və ölkələrin inkişaf prosesinə bu və ya digər
dərəcədə təsir göstərdiyini bildirən
alim və ekspertlər də var. Bir nüans aksiom kimi qəbul
edilə bilər ki, hazırkı dönəmdə
qloballaşma prosesi daha sürətlə və əhatəli
bir şəkildə öz təsirini göstərməkdədir.
Yəni bu prosesin ciddi təsirini bu gün hər bir ölkə,
xüsusən də milli kimliyini, özünəməxsusluğunu
və milli inkişaf yolunu saxlamağa çalışan
ölkələr, gənc dövlətlər daha çox
duymağa məruz qalır.
Görünən odur ki, qloballaşma prosesi istər-istəməz
bu cür ölkələr üçün gözlənilməz
təhlükələr, pusqular, qəsdlərlə doludur.
Qloballaşmanın əsasən iqtisadi bazada baş verdiyi və
nəticədə transmilli korporasiyalar, nəhəng şirkətlər
vasitəsilə ölkələrin iqtisadiyyatını öz
təsiri altına aldığı bildirilir. Amma bu proses təkcə
iqtisadi sfera ilə məhdudlaşmır. Belə ki,
qloballaşma eyni dərəcədə üstqurum sahələrinə də ciddi müdaxilə etmiş
olur. Bu zaman isə milli dəyərlər, adət-ənənələr,
milli dövlətçilik və sair milli kimlik göstəriciləri
ciddi təhlükə altında qalmış olur. Bunun isə
öz növbəsində başqa səbəbi var. Belə
ki, qloballaşma əslində iki formada baş vermiş olur: təbii,
öz axarı ilə əsrlərdən bəri baş verən
xalqların, millətlərin yaxınlaşması,
qarşılıqlı mədəni-texnoloji əxzetmə
prosesi kimi, bir də ayrı-ayrı supergüclərin millətlərin,
bəşəriyyətin təbii inkişaf prosesinə
süni müdaxilə cəhdləri formasında. İkinci
forma daha çox süni qloballaşma kimi də xarakterizə
edilə bilər. Süni qloballaşma prosesində həmin
supergüclər dünyaya özlərinə sərf edən
yeni “dəyər”lər, vərdişlər, standartlar ixrac
edir və yayırlar. Bu zaman isə onların məqsədi
xalqları, millətləri öz təbii inkişaf yolundan,
xüsusilə də milli inkişafdan sapındırmaqdır.
Bu isə eyni zamanda mədəni, milli, etnik assimilyasiyanı,
formasızlaşmanı nəzərdə tutur. İndiki zamanda, xüsusilə
də Şərq cəmiyyətləri, müsəlman ölkələri
süni qloballaşmanın daimi hədəfləri kimi
xarakterizə edilə bilər. Süni qloballaşma prosesində
ayrı-ayrı sahələr üzrə bu cəmiyyət və
ölkələrin inkişafını, hər baxımdan
artımını ləngidən, dayandıran və
deqradasiyaya çevirən müxtəlif proqramlar və
formulalar həyata keçirilir. Belə bir şəraitdə
hər bir ölkə və dövlət qloballaşmanın zərərli
təsirlərindən qurtulmaq üçün çox
çevik olmalı və bu cür zərərli təsirləri
önləmək, minimuma endirmək üçün ciddi nəzarət
həyata keçirilməlidir. Çünki qloballaşma belə
hallarda milli adət-ənənələri, dəyərləri
ciddi təhdid edir.
Bu
baxımdan qeyd edilənlər Azərbaycan cəmiyyəti
üçün də olduqca böyük önəm kəsb
edir. Yəni bu gün Azərbaycan bir dövlət və cəmiyyət
olaraq dünya birliyinə sağlam təməl və prinsiplərlə
inteqrasiya olunmaqdadır. Bu inteqrasiya qloballaşma şəraitində
həyata keçirilir və qloballaşmada zərərli təsirlərdən
sivişmək üçün bütün səviyyələrdə
diqqətli olmaq çox vacibdir. Cəmiyyət bütün səviyyələrdə
bu prosesə hazırlıq səviyyəsini daha da gücləndirməlidir.
Çünki burada söhbət məhz cəmiyyətin gələcəyinin
necə olmasından gedir. Gələcəyimizi
başqalarının yox, özümüzün təyin etməyimiz
üçün də qloballaşmada ağı qaradan, pisi
yaxşıdan, mənfini müsbətdən seçməyi
bacarmalı, bütün bu məqamlarda milli mənafeyə əsaslanmalıyıq.
Təsadüfi deyil ki, dövlət bununla bağlı ciddi tədbirlər
həyata keçirir, dilimizin, mədəniyyətimizin, dəyərlərimizin
qorunması, təbliği və inkişafı ilə
bağlı məqsədyönlü və intensiv işlər
aparılır. Bu barədə ötən saylarımızda
da dəfələrlə yazıldığına görə
təfərrüatı ilə təkrarlamağa ehtiyac
görmürük. Amma eyni zamanda diqqətə
çatdırılmalı olan bir məqam da var.
Belə
ki, qloballaşma prosesində ən vacib məsələlərdən
biri milli dövlətçilik tariximizin düzgün
araşdırılması, öyrənilməsi və cəmiyyətin
bununla bağlı dolğun, hərtərəfli məlumatlandırılmasıdır.
Yəni tariximiz bizim bütün milli kimliyimizin
formalaşması prosesini tam dolğunluğu ilə əks
etdirir. Sadəcə olaraq ona düzgün və hərtərəfli
yanaşma və tədqiq etmə lazımdır ki, yeni nəsillər
tarixi keçmişimiz, dövlətçiliyimizlə bağlı
ətraflı bilgilənsinlər. Bu isə son dərəcə
vacib amildir. Çünki hazırda dövlətimiz müstəqil
milli siyasət aparır, dünya
birliyində öz layiqli yerini tutub və beynəlxalq
imicini, mövqeyini gündən-günə daha da gücləndirir.
Bu isə bir sıra qısqanc xarici qüvvələrə
xoş gəlmir. Onlar Azərbaycanı müstəqil dövlət
kimi görmək istəmirlər. Belə halda, bu cür
qüvvələr ölkəmizdəki söz və ifadə
azadlığından istifadə edib hər cür
saxtalaşdırmalara gedirlər və ideoloji baxımdan
tariximizi zəhərləməyə
çalışırlar. Onların burada əsas hədəfi
Azərbaycanın dövlətçilik
tarixinin və bu tarixin qədimliyinin guya
olmadığını aşılamaqdır. Onlar bu cür
tarixi saxtalaşdırmalarla Azərbaycan cəmiyyətini
çaşdırmaq, ictimai rəydə “Azərbaycanın həmişə
hara isə bağlı olduğu”, yaxud “Azərbaycandakı qədim
dövlət başçılarının İslam, dünya
tarixində mənfi rol oynadığı” barədə fikirlər
formalaşdırmağa cəhd edirlər. Məsələn,
bu yaxınlarda Babəklə, Şah İsmayılla
bağlı mediada bir sıra qərəzli və məhz
dediyimiz cəhdlərə xidmət edən yazılar getmişdi. Bu cür yazılar bir daha göstərir
ki, bəziləri Azərbaycan tarixini saxtalaşdırmağa
həddindən çox maraq göstərirlər. Çox təəssüflər
olsun ki, belə hallarda bəzi “sapı özümüzdən
olan baltalar” da onların işinə yarınmağa
çalışırlar. Belə hallarda həmin bizimkilər
ya işin mahiyyətini bilmədən, ya da tarixi baxımdan
bilikləri məhdud olduqda da bu yola gedirlər. Doğrudur,
onların bu yöndə olan məhdud və qərəzli
araşdırmalarına tutarlı cavablar verilir və cəmiyyət
də tariximizin saxtalaşdırılması cəhdlərinin
qarşısının alındığını
görür. Məsələn, bu yaxınlarda Səfəvilər
dövlətinin qurucusu Şah İsmayılla bağlı gedən
qərəzli yazılara Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
tutarlı faktlarla dolu bir məqalə ilə kəskin reaksiya
verdi. Bununla da tariximizlə bağlı qərəzli
araşdırmaların layiqli qiyməti bir daha verildi. Bununla
belə, kütləvi informasiya vasitələri də bu məsələdə
çox diqqətli və həssas olmalı, qloballaşma
şəraitində tariximizə, dəyərlərimizə, mədəniyyətimizə
qarşı uzanan əllərin geri çəkilməsinə
cidd-cəhdlə səy göstərməlidir. Burada eyni
zamanda cəmiyyətin, xüsusilə də ziyalıların,
ali təhsilli insanların, müvafiq sahə mütəxəssislərinin
kəskin mövqeyi, reaksiyası operativ olmalıdır. Unutmaq
lazım deyil ki, indiki şəraitdə hər bir sahədə
çalışan vətəndaş birinci növbədə
milli və ictimai mənafedən çıxış etməlidir
və vətənpərvər olmalıdır. Məhz bu
halda, qloballaşmanın süni təsirlərini və mənfi
nüanslarını rədd etmək mümkün olacaq...
İlkin AĞAYEV
Palitra.-2013.-8 yanvar.-S.11.