“Həyatım başqa cür ola bilərdi”

 

Günel Məmmədova: “Mən o səhnələrdə çəkilmərəm”

 

Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası, son zamanlar həm də “Sirr” serialındakı rolu ilə daha da məşhurlaşan  Günel Məmmədovadır. O, müsahibəyə serialda rolu haqqında məlumat verməklə başladı: 

- Mən bu serialda varlı adamın, mafiya başçısının qızı rolundayam. Həyatda sərbəstəm, nə istəyirəm, onu edirəm. Həyatıma birdən Rövşən adlı oğlan gəlir, mənim qarşıma məqsəd qoyur ki, onu sevim, həyat yoldaşı olum. Mən isə həmin vaxt Rövşənin qardaşı Samiri sevirəm. Samir Moskvaya gedəndən sonra mən Rövşənlə ailə həyatı qururam. Rövşən mənim xoşbəxt olmağım üçün bütün şəraiti yaradır. Amma bütün bu bər-bəzəklər içində mən tənhayam, sıxılıram, çünki uşağımız yoxdur. Bütün bu hadisələr səbəbindən münasibətimiz soyuyur, Rövşən evə gəlmir, münaqişələr başlayır. Samir Moskvadan qayıdır, bütün bu illər ərzində o, sevgisinə xəyanət etmir, yalnız Məryəmi sevir. Bəlkə də Məryəm Samirə ərə getsəydi, kim bilir, həyatım başqa cür ola bilərdi.

- Sizi bir başqa serialda da görəcəyik?

- Onu daha çox çoxseriyalı bədii film adlandırardım.  Ağarmayan saçlaradlanır.  Serial kriminal janrda,  real hadisələr üzərində qurulub. Serialın rejissoru Adil Azaydır. Burada bir qadının taleyindən  bəhs edilir.  Cəmiyyətin   hazırkı durumun  insana necə təsir etməsindən,  onu necə vəhşi  heyvana döndərməsindən danışılır. Mənim  obrazımın adı Sevdadır. Bu insanın başına çoxlu pis hadisələr  gəlir. İlk növbədə, hamilə olduğu  zaman sevdiyi insana qoşulub qaçır. Sevdanın ailəsi çox  hörmətli ailə olur. Sonradan  ərinin onu atıb getməsi ilə o, tək uşağı ilə qalır. İş qurmaq üstündə  faizə düşür.  Faizi   verən insan  onu   uşağının  ölümü ilə hədələyir. Həyat ona qarşı çox qəddar olur.  Ata  evinə  qayıdan  zaman  isə atası  rəhmətə gedir. İmkanlı qohumları olsa da, Sevdaya  borcu, faizi qaytarmağa  köməklik göstərmirlər. Bu qadın o qədər qəddarlaşır ki, qərara alır ki, həmin imkanlı  qohumunun uşağını oğurlasın. Rəfiqəsinin köməyi ilə o, bunu edir. Amma qorxuyla,  xaosla o, ağlını itirir, oğurladığı  uşağı  boğub öldürür.

- Belə rollar  ifa etmək sizin üçün  maraqlıdırmı?

- Bir aktrisa kimi bəli,  çox maraqlıdır. Çünki istər kinoda, istərsə teatrda mən belə mənfi  rol oynamamışam. Bu rolun qədər alınıb-alınmayacağını deyə bilmərəm, bircə onu deyə  bilərəm ki, Adil Azay, Kamran Yunis ümümiyyətlə, bütün kollektiv ilə işləmək mənə böyük zövq verir. Ümumiyyətlə, məncə, mənfi obraz yoxdur. Pis insan heç vaxt deməz ki, pisəm , çünki onun da özünə görə  həqiqətləri var. Sadəcə  müxtəlif xarakterli insanlar, talelər var.  Biz aktrisalarsa onları canlandırırıq.

- Elə aktrisalar var, ancaq kinoda, elə aktrisalar var ancaq teatrda , elə aktrisalar da var ki, hər iki sənətdə müxtəlif səpkili rollar ifa edirlər. Sizin üçün kino teatr nədir?

- Əvvəllər teatrı heç sevmirdim.  Teatr mənə özünü əldə etdiyim uğurlarla sevdirdi. Məni sevən tamaşaçılarla, balaca uşaqlarla sevdirdi. Bilirsiniz, məni uşaqlar  lap çox sevir, elə onların baxışı nəyə desəniz dəyər. Bu hissləri sizə necə çatdırım bilmirəm. Elə balaca şirinlər var ki, mənim hər tamaşama gəlir , öz düzəltdiklərini mənə  hədiyyə verirlər. Mən bunu heç nəyə dəyişmərəm. Allah onları saxlasın. Amma bu danılmaz faktdır ki, teatr mənim həyatımda böyük rol oynayıb. İlk debütüm mənim ustadımın qoyduğuÇimnaz xanım yuxudadırtamaşasında Nabat olub, daha sonra Viktoriya, Nensi rolları gəldi. Kinoya teatrdan daha tez başlasam da təəssüf ki, bu sahədə həyatımda dönüş edə biləcək rol yaratmamışam.

- İkisi arasında seçim etsəydiniz, hansını seçərdiniz?

- Hazırda hər ikisini çox sevirəm. Onların arasında seçim etmək çətin olar. Ümid edirəm ki, əgər belə bir şey olsa, yəqin hər ikisini əldə saxlayaram.

- Viktoriya, Nensi obrazlarının adını çəkdiniz. Həqiqətən həmin rollar  sizin ifanızda çox sevildi. Hətta Viktoriya obrazına görə mükafat da qazandınız. Canlandırdığınız  rollardan təsirlənirsinizmi?

- Bütün oynadığım rollardan təsirlənirəm, çünki hər biri həyatdan götürülmə insan həyatıdır. Bizlərin içində Viktoriyalar, Nensilər var. Hər iki tamaşa  həyatımda çox böyük rol oynayıb. Viktoriyanı obraz kimi götürsək, çox mürəkkəb roldu. Onun içində sevdiyi insana qarşı böyük məhəbbəti olmasına baxmayaraq  sevgisini Yuhannese bildirə bilmir, ən əsası buna qüruru yol vermir. Onların qarşısına böyük maneələr çıxır. Atasının müflis olması məcburən sevmədiyi insana nişanlanması sonra nişanlısının ölməsi, ardınca atasının özünü asması. Bütün maneələr aradan qalxanda Viktoriya  Yuhannesə hər şeyi etiraf etmək istəsə artıq çox gec olur. Bu da onun üçün növbəti zərbə olur. Viktoriya yeniyetmə yaşlarından bəri onu əhatə edən adamlar üçün daim oynayır, yalnız bir dəfə səmimi etirafda bulunur. O da  ölümqabağı məktubunda...Sevgi qürur. Qürura görə sevgini itirmək həqiqətən dəhşətli bir şeydir. Bəhram  Osmanova öz təşəkkürümü bildirirəm ki, bu rolu mənə həvalə edib, amma bilmirəm qədər uğurla bu hissləri tamaşaçılara çatdıra bilmişəm. Əgər bir damla da tamaşaçını özümlə apara bilmişəmsə bu, Bəhram müəllimin əməyidir. Çox sevinirəm ki, məhz bu rola görə mənə mükafat təltif olunub, çünki bu rolu çox sevirəm.  Nensi isə küçədə böyüyən, uşaqlıqdan oğurluq edən  fahişədir. Sayks adlı birini sevir.  Onların arasında dəlicəsinə məncə, vəhşicəsinə sevgi var. Oliver peyda olana qədər hər şey öz axarıyla gedir. Nensi Oliverdə həm öz uşaqlığını görür, həm analıq hissini yaşayır. Nəticədə o, bütün bandaya qarşı çıxır, axırda da şərlənir. Məhz sevdiyi adam onu öldürür. Nensi çətin obrazdı, çünki o fahişə oğru olmağına baxmayaraq daxilən çox təmiz bir insandır. Heç nəyə baxmayaraq onun içində çox parlaq bir işıq var.  Vaqif müəllim mən çalışmışıq tamaşaçıya əsas bunu göstərək.  Əlbəttə, Nensi bütün insanlar kimi yaxşı yaşamaq, yaxşı geyinmək istəyir, amma taleyi belə gətirir. Bilirsiniz,  Viktoriyada məni həyəcanlandıran eyni zamanda da  çox hirsləndirən bir məqam vardı. O,   qüruruna görə həyatında çox sevdiyi insana belə əzablar verməyə   özü əzablar içində yaşamağa razıdır. Axı Viktoriya istəsəydi hər şeyi dəyişə bilərdi. Nensi isə küçələrdə yaşamasına baxmayaraq  daxili təmizliyini qoruyub saxlaya bilib. onun bir qadın kimi mərdliyi , sadiqliyi doğrudan da adamı  heyrətə gətirəcək haldır.   

- Günel xanım, sizə həvalə olunan rola necə hazırlaşırsınız?

- Baxır rola. Düzdür, axır vaxtlar fabrika kimi tamaşalar tamaşaların ardınca verilir. Belə olan halda təbii ki, yalnız tamaşanın da, obrazın da skeletini görə bilirsən, içi isə tamaşalarda bişir.Mən  heç vaxt deyə bilmərəm ki, hansısa rol hazırdır. Fikirləşirəm ki, min dəfə oynadığım rol belə olsa, səhnəyə çıxanda obrazla bağlı yeni nələrsə tapmalıyan.  Çünki təbiətcə elə insanam ki, heç vaxt əldə etdiyimlə kifayətlənmirəm. Amma harada ki, Vaqif,  Rafiq, Bəhmən müəllim var, o tamaşalarda mən nəinki canla -başla çalışmışam nəsə yaradım, üstəlik bu mənə böyük zövq verib. Ümumiyyətlə, asan heç başa gəlmir. Çalışmaq, çalışmaq yenə çalışmaq lazımdır.

-  Bir aktrisa kimi açıq-saçıq səhnələrdə oynayarsınızmı?

- Mən o səhnələrin əleyhinə deyiləm. Demirəm bu pisdir bizim kinoya gəlməli deyil. Əgər bu dünya praktikasında varsa, bizim filmlərə gələcək. Sadəcə mən o səhnələrdə çəkilmərəm.  Hər bir rejissordan bir söz eşidirəm- sən axı aktrisasan , etməlisən, oynamalısan. Mən cavab verirəm ki, razıyam, amma Azərbaycanda yox.

 

 

Nərmin MURADOVA

 

Palitra.-2013.-8 yanvar.-S.13.