“Müasir dövrdə
nədənsə uşaqlar estrada janrını daha çox sevirlər”
Layihə çərçivəsində
müsahibimiz Azərbaycan Milli Konservatoriyasının dosenti Məryəm
Babayevadır:
- Mən
1988-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi
Akademiyası) bitirdikdən sonra Sankt-Peterburq
Konservatoriyasının professoru Viktor Yemelyanovun sinfində təhsilimi
davam etdirmişəm. 2002-2008-ci illərdə Bakı Musiqi
Akademiyasının nəzdində yerləşən
Bülbül adına orta ixtisas musiqi məktəbinin vokal
sinfində müəllim işləmişəm. Müəllim
olaraq məhz bu məktəbdə
çalışmağımda Bakı Musiqi
Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
və vokal kafedrasının müdiri, Xalq artisti Xuraman
Qasımova mənə dəstək olublar. Hazırda Azərbaycan
Milli Konservatoriyasının dosentiyəm və xanəndəliyin
sirlərini öyrənən tələbələrə
ikinci ixtisas kimi kamera konsert oxunması fənnini tədris edirəm.
Bununla yanaşı, Azərbaycan Dövlət Uşaq
Filarmoniyasında və Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət
Mərkəzinin nəzdindəki musiqi məktəbində gənc
vokalçılar yetişdirirəm.
-
Ötən dövrlə müqayisədə Azərbaycanda
uşaqlar və gənclər arasında vokal sahəsinə
maraq necədir?
- Əgər
ötən əsrin 70-80-ci illəri ilə müqayisə etsək,
hazırda uşaq və gənclərimiz arasında bu sahəyə
maraq böyükdür. Vokal ifaçılığına gələnlərin
sayı ildən-ilə artır. Sadəcə olaraq bu sahədə
peşəkar ifaçı kimi yetişmək istəyən
yeniyetmələrə müəllimlərimiz çox həssas
və peşəkar yanaşmalıdır. Bilirsiniz, digər
musiqi müəllimləri ilə müqayisədə vokal
müəlliminin işi daha çətindir. Məsələn,
piano ixtisasına gələn uşağın
qarşısına hazır alət-piano qoyurlar və ona bu alətdə
ifa etməyi öyrədirlər. Vokal müəllimi isə
uşağın səs ifaçılığını (səs
alətini) nizama salmalı və sonra ondan istifadə etməyi
öyrətməlidir. Bunun özü çətin bir
prosesdir. Çünki uşaqlarda nitq
danışığı sinə səsi olur. Müəllim səsin
təşkili mexanizmini nəzərə almayanda
uşağı elə malik olduğu səslə öyrətməyə,
oxutmağa başlayır. Lakin əvvəlcə səs qaydaya
salınmalıdır. Çünki sinə səsi sinir və
endokrin sisteminə sıx bağlıdır. Bu baxımdan səslə,
sinə registri ilə çox ehtiyatla davranmaq lazımdır.
Elə öyrətmək lazımdır ki, gələcəkdə
uşağın sağlamlığında müəyyən
fəsadlar yaranmasın. Sizə bəzi misallar göstərim.
Məsələn, yaxşı səs imkanları olan bir
qız gözəl soprano ifaçı kimi yetişə bilərdi,
amma orta registrdə sinə səsindən istifadə etməsi
onu çərçivəyə salaraq səsinin
inkişafına mane olub. Gələcəkdə bu qız
soprano deyil, metso-soprano ola bilər. Amma oğlan
uşaqlarında səs dəyişən dövr, yəni
mutasiya dövrü var və bu, çox ağır keçə
bilər. Ola bilsin ki, mutasiyadan sonra, ümumiyyətlə, o
heç oxuya bilməsin. Müasir dövrdə nədənsə
uşaqlar estrada janrını daha çox sevirlər. Mən
bir peşəkar vokal müəllimi kimi qızların 15
yaşa qədər estrada janrında oxumalarının əleyhinəyəm.
Bəzən belə bir fikirlər də səslənir ki,
mutasiya dövründə oğlan uşaqları qətiyyən
oxumamalıdırlar. Mən bu fikirlə də razı deyiləm.
Əgər belədirsə, onda gərək oğlan
uşaqları danışmasın, səslərini
çıxarmasınlar. Təbii ki, bu da mümkün deyil. Əvvəla
bu uşaq solfecio dərslərini davam etdirməlidir.
Çünki solfecio dərslərində uşaqlar oxuyurlar. Bəzən
bunları xor müsabiqələrinə dəvət edirlər.
Həmin müsabiqələrdə bu uşaq oxuyur. Amma
olmazmı ki, həmin dövrdə bu uşaq müəllim nəzarəti
altında oxusun...
Vokal
müəllimi müəyyən tibbi biliklərə malik
olmalıdır ki, uşağı da düzgün yönəldə
bilsin. Axı səs insan orqanizminin bir hissəsidir. Səs zədələnərsə,
insan öz danışıq qabiliyyətini itirərsə,
fikirlərini ifadə edə bilməzsə, artıq fiziki
qüsur yaranır və onu heç işə də
götürməzlər. Vokal müəllimi məhz bu məsuliyyəti
daşımalıdır. Məsələn, mən
uşağın gələcək müğənnilik fəaliyyətini
hələ bir kənara qoyuram. Gələcəkdə bu
uşağın səhnə mədəniyyəti, əcnəbi
dil biliyi də olmalıdır ki, bütün bunları da
vokal müəllimi istiqamətləndirməlidir. Bir sözlə,
o, uşağa düzgün yol göstərməli və məsuliyyət
daşımalıdır.
- Bütün bu işlərin
kompleks şəkildə idarə olunması ilə
bağlı, ümumiyyətlə, dünyada belə bir təcrübə
varmı?
- Əslində,
bir sıra ölkələrdə
ixtisaslaşdırılmış uşaq vokal məktəbləri,
xüsusi tədris mərkəzləri fəaliyyət göstərir.
Bizdə sadəcə məktəblərdə vokal şöbələri
var. İstərdim ki, Azərbaycanda da belə məktəblər
qurulsun və ora da təkcə vokal müəllimi deyil, digər
peşəkarlar, məsələn, həkimlər, italyan dili
müəllimləri cəlb edilsin. Belə bir mərkəzə
başqa ölkələrdən də tələbələr
oxumağa gələ bilər. Bütün musiqi
janrlarının əsasını akademik klassik vokal təşkil
edir. Bu baxımdan həmin məktəblərdə təkcə
klassik janrda oxuyan uşaqlar deyil, xanəndələr, estrada
janrında oxuyan uşaqlar gəlib səslərini sağlam
formada işlətməyi öyrənə bilərlər. Məsələn,
muğam müsabiqəsində iştirak edib laureat adı alan
elə gənclər var ki, hazırda onları tanımaq olmur.
16-17 yaşlı bu gənclərin səsindən heç bir əsər-əlamət
qalmayıb. Estrada və xalq ifaçılığı
janrında sinə səsindən istifadə olunur ki, buna
ehtiyatla yanaşmaq lazımdır. Əgər istifadə edirsə,
bu zaman hansısa profilaktik iş görməlidir. Yalnız o
halda həmin uşaq gələcəkdə də bu səsdən
istifadə edə bilər. Azərbaycan xalqı çox
istedadlıdır. Bizim istedadlı uşaqlarımız
çoxdur. Amma onların ifaçılığını
peşəkar istiqamətdə inkişaf etdirmək
lazımdır. İndidən onların
sağlamlığını qorumaq lazımdır.
- Vokal ifaçının mükəmməl
yetişməsində əsas amil kimi müəllimi, yoxsa
şagirdi hesab edirsiniz?
-Əlbəttə
ki, müəllimi. Əvvəla, səs hamıda var. Amma
müğənni səsi artıq Allah vergisidir və hər kəsdə
olmur. Yəni müəyyən meyarlar olmalıdır və
ona əsaslanıb demək olsun ki, bunun səsi müğənni
səsidir. Mən vokal müəlliminin əməyini zərgər
işinə bənzədirəm. Təbiətdə çoxlu
qiymətli daşlar var. Bu daşlar bir naşının əlinə
düşər və onu qırıq-qırıq edər.
Amma əsl sənətkar o daşdan elə bir sənət əsəri
düzəldər ki, hər kəs heyran qalar. Mənim Lətifə
Orucova, Aytən Məhərrəmova kimi xanəndə tələbələrim
var. Bir maraqlı faktı deyim ki, mən Bülbül adına
orta ixtisas musiqi məktəbində dərs deyəndə bu təhsil
ocağına “master klass” aparmaq üçün bir italyan
mütəxəssis gəlmişdi. Mənə dedi ki,
şagirdimi ona göstərim. O zaman şagirdim 12
yaşında qız idi. Onun ifasına heyran oldu və dedi ki,
bizdə bu yaşda uşaqlar belə ifa edə bilmirlər. Məndən
olsa, hər bir vokal müəlliminin sinfində belə bir
şüar yazardım: «Ziyan gətirmə». Demək istəyirəm
ki, auditoriya qarşısında çıxış edən
insan da, müəllim də səsdən düzgün istifadə
etməlidir. Axı səs sinir sistemi ilə əlaqədardır.
Müğənninin sinir sistemi, psixologiyası qaydasında
olmalıdır. İnsanın həyat problemləri də var.
Səs sağlam olmalıdır ki, müğənni normal ifa
edə bilsin. Tələbə adətən vokal müəllimini
təkrarlayır. Ona görə də vokal müəllimi
öz üzərində işləməli, səsi hər
zaman formada olmalıdır. Axı o yaşlanır və bu da
səsə təsir edir. Hər bir vokal müəlliminin əlində
ilk növbədə silahı olmalıdır ki, bu,
metodikadır. Hərdən bir ifaçını dinləyirsən,
üzünü görmürsən. Bəlkə də onun 18
yaşı var. Amma elə bil ki, yaşlı insanın səsidir.
Deməli, müəllimi yaşlıdır və uşaq da
onun səs xüsusiyyətlərini götürüb. Bir
sözlə, səsi qaydada saxlamaq üçün hər
zaman öz üzərində işləmək
lazımdır. Eyni zamanda, bu sahədə maarifləndirmə
işləri də aparılmalıdır.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-9 yanvar.-S.11.