Səksən beşi aşırdın, yüzə nə qaldı…

 

Hər kəs özünün ibtidai məktəbdə, daha sonra ali məktəbdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yer, əlbəttə ki, ona sevgi və qayğı ilə ibtidai məktəbdə qələm tutmağı, yazı yazmağı öyrədən, ali məktəbdə isə auditoriyada tələbələrinə dərin və hərtərəfli bilik almaları üçün əlindən gələni edən müəllimlərimizindir! Müəllimlik dünyada ən çətin, eyni zamanda şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

 Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrədib və öyrədir". Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən dahi müəllim saydığımız, haqqında söhbət açacağım insan Məmməd Heydər oğlu Bektaşidir. O, Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının  müdiri işləyib, hazırda isə bu kafedranın müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Məmməd müəllim sözün həqiqi mənasında müəllimlik peşəsinin ən yüksək zirvəsində duran ziyalıdır!

 Məmməd Bektaşi 1927-ci ildə Naxçıvan şəhərində anadan olub, 1946-cı ildə Naxçıvan Dövlət ikiillik Müəllimlər İnstitutunu, 1955-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirib. 1970-ci ilədək Naxçıvan şəhərində bir sıra orta məktəblərdə müəllim kimi fəaliyyət göstərib. Məmməd Bektaşinin elmi fəaliyyəti çoxcəhətlidir. 1970-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunda fizika fənninin tədrisi üzrə baş müəllim işləyib, həmin ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun dissertantı olub, 1977-ci ildə elmlər namizədi, 1989-cu ildə isə dosent adını qazanıb. Onun çap olunmuş bir sıra elmi məqalələri fizika elmində yenilik kimi qiymətləndirilib, “Aşkarlanmış kükürdlü qurğuşunun termoelektrik xassəsi” mövzusunda yazdığı elmi işi isə dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanımızda fizika elminin inkişafı üçün böyük bir töhfədir. Məmməd Bektaşi işlədiyi dövrlərdə bir sıra medallara, eyni zamanda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

    Hamının xeyrinə, şərinə yarayan, el-oba içində yeri görünən olub Məmməd Bektaşi. Hər şeydən əvvəl fikirləşmək, düşünmək, özünü dərk edə bilmək, həyat təcrübəsi toplaya bilmək və bunlara istinad edərək öz həyatını nizamlaya bilmək, özü üçün mənəvi sərvətlər sistemi yarada bilmək qabiliyyəti onu yetkinlik yaşında kamilləşdirib. Naxçıvan Dövlət Universitetində onunla hər bir tələbə və müəllim arasında yaranmış mehriban səmimiyyət bunu deməyə əsas verir ki, Məmməd müəllim xalqının kamil, bəxtiyar bir övladıdır. Çünki onun sahibi olduğu ən yüksək varlıq-insaniyyətlik, elm yolunda çalışmaq, gənc nəslin tərbiyəsi ilə məşğul olmaqdır.

       Məmməd müəllim öz nitqi, danışıq mədəniyyəti ilə seçilib, hər bir zaman da seçilməkdədir. Onun xoş əməlləri həmişə xeyir əməllərə, xeyirxahlığa çağırışdır. Məhz kiçik yaşlarından fizika fənnini sevib, bu fənnin dərinliklərinə yiyələnmək istəyib və buna da nail olub. Naxçıvan Dövlət Universitetində fizika elminin tədrisində böyük rolu olan Məmməd müəllim yaxşı dost, yaxşı insan, eyni zamanda fikirlərini aydın və elmi bir dillə izah etmək qabiliyyətinə malik şəxsiyyətdir. Şəxsiyyətinə, elmi səviyyəsinə, mənəvi dəyərlərinə, yüksək əxlaqi keyfiyyətlərinə hamının böyük hörmət bəslədiyi Məmməd Bektaşinin çap etdirdiyi kitablar, yazdığı elmi məqalələr, apardığı tədqiqatlar nüfuzlu alimlər tərəfindən yüksək qiymətləndirilir və onun nə qədər işgüzar, torpağa, vətənə, dərin tellərlə bağlı bir adam olduğunu göstərir.

 Onun bu keçən müddət ərzində qazandığı uğurlarının böyük mükafatı isə dövlətimiz tərəfindən verilib. 2008-ci il 28 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təhsil və mədəniyyət sahəsindəki xidmətlərinə görə Məmməd Heydər oğlu Bektaşi "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

  Məmməd Bektaşi idmanın populyar növlərindən biri olan gimnastika ilə məşğul olub, Azərbaycan Respublikası Ali məktəbləri arasında keçirilən gimnastika yarışınlarda iştirak edərək, dəfələrlə Azərbaycan çempionu olub, hətta azərbaycanlı tələbələri Moskva şəhərində gimnast kimi də təmsil edib.

   Bu günlərdə 85 illik yubileyini böyük təntənə ilə qeyd edən Məmməd müəllim, hər zaman olduğu kimi, bu gün də Naxçıvan Dövlət Universitetində dərs dediyi tələbələrinin fizika elminə dərindən yiyələnməsi üçün əlindən gələni əsirgəmir. Ağsaqqal müəllimimizə bundan sonrakı fəaliyyətində də uğurlar və hər bir insan üçün gərəkli olan can sağlığı arzulayırıq.

 

 

Palitra.-2013.-9 yanvar.-S.13.