“Elmdə iqtisadiyyat, hüquq, tarix üzrə ixtisaslara daha çox axın var”
AMEA-nın birinci vitse-prezidenti,
akademik Arif Həşimov: “Gənclərin elmi fəaliyyətinin
stimullaşdırılması üçün onlara müəyyən
qədər güzəştlər lazımdır”
Məlum
olduğu kimi, 2012-ci ildə doktoranturaya qəbul imtahanları
artıq başa çatıb. Doktoranturaya qəbul olunanlar
artıq təsdiq olunub. Bu il qəbul olunmuş gənc
doktorantlar artıq doktorantura təhsili almaq və elmi fəaliyyətlə
məşğul olmağa start veriblər. Bəs gənc tədqiqatçıların
elmlə bağlı motivasiyasını necə dəyərləndirmək
olar? Onların fəaliyyətini stimullaşdırmaq
üçün nələr nəzərdə tutulub?
Bu barədə “Palitra”ya fikirlərini
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov
bildirdi: “AMEA Rəyasət Heyəti tərəfindən ötən
ilin sonuna qədər yeni qəbul olunmuş doktorantların təsdiq
olunması prosesi başa çatıb. Demək olar kİ, nəzərdə
tutulmuş plan yerləri tam şəkildə doldu. Bəzi
boş yerlər qaldı, bunun da səbəbi odur ki, bir
çox ixtisaslarda rəqabət
güclü idi, bəzi yerlərdə isə konkurs zəif
olduğu üçün az sayda boş yerlər qaldı. Bu
boş yerlər çox cüzi saydadır. Demək olar ki,
plan üzrə ayrılmış yerlər əsasən doldu.
Yekun olaraq onu demək olar ki, bu il üçün doktoranturaya
qəbul imtahanları məqbul şəkildə həyata
keçirildi”.
Gənclərin
hansı ixtisas və sahələrə daha çox meyil
göstərdikləri və elmi baxımdan yetişmək istədikləri
ilə bağlı fikirlərini bildirən akademik qeyd etdi:
“Keçən ilin və bu ilin dinamikası göstərir ki,
iqtisadiyyat, hüquq, tarix elmləri üzrə ixtisaslara daha
çox axın var. Buna
baxmayaraq başqa ixtisaslar üzrə sənəd verənlərin
sayı da az deyildi. Ümumilikdə götürsək, gənclərin
elmə gəlmək istəklərini və
motivasiyalarını qənaətbəxş saymaq
lazımdır. Həmçinin dəqiq elmlər, təbiət
elmləri sahəsində də gənclər ixtisaslaşmağa
həvəs göstərirlər ”.
Məlum
olduğu kimi, gənc tədqiqatçıların elmi fəaliyyətinin
stimullaşdırılması üçün bir sıra tədbirlər
həyata keçirilir. Məsələn, az öncə
Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən
elmi dərəcə məhdudiyyəti qoyulmadan gənc tədqiqatçıların
xarici ölkələrdə beynəlxalq konfranslarda
iştirakı, elmi təcrübələr keçmələri
üçün müsabiqə elan edilib. Bu və digər
stimullaşdırıcı tədbirlər gənclərin elmə
həvəsini artırır. Bu barədə fikirlərini
bildirən akademik A.Həşimov qeyd etdi: “Bütün bu tədbirləri
birmənalı şəkildə müsbət qiymətləndirirəm.
Nə qədər çox bu qəbildən
stimullaşdırıcı tədbirlər həyata
keçirilsə, gənclərin həvəsi daha da artacaq və
onlar daha intensiv elmi fəaliyyətlə məşğul
olacaqlar. Gənclərin elmi fəaliyyətinin maliyyələşdirilməsi
onların həm elmi-tədqiqatlarının keyfiyyətini, həm
də məsuliyyətini artıracaq.
Bütün bu cür tədbirlər dövlət tərəfindən
ona görə həyata keçirilir ki, həm gənclər
təminatlı bir şəkildə elmlə məşğul
olsunlar, həm də onların tədqiqatları müasir tələblərə
cavab versin. Bu, o demək deyil ki, əvvəlki tədqiqatlar
keyfiyyət baxımından geridə olub. Xeyr. Əvvəlki tədqiqatlar
da keyfiyyət baxımından çox yüksək olub. Amma
hazırda baş verən elmi dinamizm, yeni elm sahələrinin
yaranması gənclərimizin müasir tələblərlə
ayaqlaşmasını diktə edir. Həmçinin cəmiyyətin
inkişaf dinamizmi əvvəlki tədqiqatların bir sıra
məqamlarda aktuallığını azaltmasına gətirib
çıxarır. Buna görə də gənc tədqiqatçıların
elmi işləri, tədqiqatları müasir tələblərə
cavab verməlidir. Burada elmi tədqiqatlara yanaşmada
innovativlik və çeviklik özünü göstərməlidir.
Hazırda elektron elm anlayışı ortaya
çıxıb. Müasir elmi avadanlıqların və vasitələrin
tədqiqatçıya verdiyi imkanları, araşdırma
şəraitini lazımınca qiymətləndirmək
lazımdır. Bütün bu yeni vasitələrdən
lazımınca istifadə edilməlidir”.
Elmi
dərəcə almaq üçün uzun müddət
növbə gözləmək məsələləri ilə
bağlı fikirlərini bildirən akademik qeyd etdi ki, bu məsələdə
müəyyən qədər problem var: “Müdafiə məsələləri
ilə Ali Attestasya Komissiyası və bu təşkilatın
yaratdığı dissertasiya şuraları məşğul
olur. Hər bir elmi və təhsil müəssisələrində
dissertasiya şuraları yaradılır. Bu dissertasiya
şuralarında müəyyən tələblər qoyulur.
Burada ixtisaslarla bağlı növbələrin yaranmasına
da toxunmaq lazımdır. Elə ixtisaslar var ki, onlarla
bağlı növbələr çox olur. Amma növbələrin
yaranması heç də o demək deyil ki, tədqiqatçılar
müdafiə edə bilmirlər. Onlar müəyyən
prosedur qaydalarına uyğun olaraq elmi işlərini təqdim
edirlər və vaxtları çatanda müdafiə edirlər.
Amma hər halda gənclərin elmi fəaliyyətinin
stimullaşdırılması üçün onlara müəyyən
qədər güzəştlər lazımdır. Bu
baxımdan burada qaydalara müəyyən qədər dəyişiklik
etmək lazımdır ki, gənclər yetkinlik dövründə
dissertasiyalarından aldıqları nəticələrin bəhrəsini
görmək üçün müəyyən qədər
vaxt itirməsinlər. Burada “Təhsil
haqqında” qanundan irəli gələn bəzi məsələlər
var. Həm doktoranturaya aid təhsillə
bağlı, həm də müdafiə qaydalarında müəyyən
dəyişikliklərə ehtiyac var”.
İlkin AĞAYEV
Palitra.-2013.-10 yanvar.-S.5.