Mediaya dövlət dəstəyi:
alternativsizlikdən tam müstəqilliyə
aparan yolu
Son
zamanlar Azərbaycanda mediaya dövlət dəstəyi müstəvisində
meydana çıxmış və ayrı-ayrı qəzetlərə
ünvanlanmış əks mülahizələrlə
bağlı düşüncələrimi bölüşməzdən
öncə Remarkın bir fikrini xatırlatmaq istərdim.
Görkəmli mütəfəkkir deyirdi ki, pul insan xarakterini
korlayır. Stivenson bir qədər də sərt formada
adamların pul üçün azadlıqlarını xərclədiklərini
vurğulamışdı. Əslində pulla bağlı
deyimləri sadalamaqla bitməz və müxtəlif
ictimai-siyasi formasiyaların məhsulu kimi meydana çıxan
kəlamlar pulun mahiyyətinə dəyər baxımından
nə qədər tutarlı sayılsalar da, mütləq
deyillər. O anlamda ki,
pul çox şeydir, hər şey deyil.
Elə
anlaşılmasın ki, ölkəmizdə mediaya dövlət
dəstəyi ilə bağlı başlanılmış
prosesi müdafiə etmək niyyətindəyəm. Nə
müdafiəyə ehtiyac görürəm, nə də kiminsə
baxışının qeyri-məqbulluğundan söz
açacam. Sadəcə mediamızın ağır durumuna bu
və ya digər dərəcədə təsir göstərmək
üçün dövlət dəstəyinin alternativsizliyini
düşünən və mövcud istiqamətdə təşəbbüslər
irəli sürən biri kimi bəzi mətləblərə
aydınlıq gətirəcəm.
Azərbaycanda
kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin
göstərilməsi ənənəyə çevrilib. «Azərbaycan
Respublikasında Kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası» və
sənədə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradılıb. Kəsəsi, tutalım,
söhbət pul verilməsindən gedir. …ki, KİV-lərimiz
ictimaiyyətin maraqlarını, daha doğrusu dövlətin
ictimaiyyətə xidmət baxımından seçdiyi
prioritetləri qarşılamaq üçün ayaqda qala
bilsinlər. Elə buradanca dövlət-media oxunun bir növ,
hədəfi müəyyənləşir. İstərdim ki,
məsələ ilə bağlı fikir bildirənlər obyektivlik
üçün öncə bu məqama diqqət yetirsinlər
- Konsepsiya ilə KİV-ə dəstək göstərmək
marağı ətraflı, konkret və detallı şəkildə
ortaya qoyulur. Sənəddə bildirilir ki, dövlətin
informasiya siyasəti Azərbaycan
Respublikasının Konstitusiyasında əks olunmuş
fikir, söz və məlumat
azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun
ardıcıl və tam təmin edilməsinə
yönəlib. Müasir informasiya və telekommunikasiya
texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında
kütləvi informasiya vasitələrinin
təsirinin güclənməsi həm bu
sahənin infrastrukturunun yeniləşməsini,
həm də jurnalistlərin peşəkarlığının
artırılmasını zəruriləşdirir. Ölkəmizin
dünya informasiya məkanına
daxil olması və informasiya
cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin,
cəmiyyətin və dövlətin informasiya
təhlükəsizliyinin təminatı xüsusi
əhəmiyyət kəsb edir. Buna görə də KİV-lərin
inkişafına və fəaliyyətinin təkmilləşməsinə
dövlət dəstəyinin göstərilməsi müasir dövrümüzün
tələbinə çevrilib.
Göründüyü
kimi, məsələyə kompleks baxış mövcuddur. Yəni, pul xidmət üçün verilir. Xidmət isə
ictimai əhəmiyyət
daşımaqla həm
dövlətə, həm
də mediaya eyni dərəcədə
lazımdır. Söhbət
təkcə pul verilməsindən getsəydi,
Konsepsiya qəbul olunmazdan və KİVDF yaradılmazdan öncə
də bu iş həyata keçirilirdi. Deməli, ayrıca sənədin
ortaya çıxması
və qurumun formalaşması əlahiddə
mərama hesablanmış
strategiyadır. Prinsipial baxımdan
qeyd edilməli məqam həmin strategiyanın hansı metodlarla həyata keçirilməsidir. Mövcud xüsusda
kimsə iradını,
narazılığını bildirsə, təklifini səsləndirsə, zənnimcə,
ümumi işə, alternativsizliyi dəfələrlə
isbatlanmış prosesə
fayda vermiş olar.
«Güclü media, güclü
dövlət deməkdir»
formulunu «media IV hakimiyyətdir»
formulu ilə qarşılaşdıraq. Totalitar Sovetlər
Birliyi dönəmində
mətbuata, onun fəaliyyət dairəsinə
münasibətdə formalaşan
ənənəni, habelə
güclü dövlət
hakimiyyətinin mətbu
prinsipləri arxa plana atmasını yada salaraq bəlkə
bir çoxlarımız
düşünürük ki, dövlət medianı klassik hakimiyyət formaları sırasında möhkəmlənəcək
qədər gücləndirərmi?
Mülahizələr də səslənir
ki, güclü medianın mövcudluğu
dövlətə alət
kimi sərfəlidir.
Axı, medianın ictimai rəyi yönləndirmək,
onu müxtəlif şəklə salmaq imkanları var və dövlət bundan yararlanmaqla istək və məramını həyata
keçirə bilər.
Əlbəttə, bu baxışların
əksəriyyəti dövlətin
politoloji ədəbiyyatlarda
qeyd edilən funksiyalarına bəzən
zidd olaraq da meydana çıxır
və onların qayəsində bir çox ölkələrin
idarəçilik sistemindəki
arzuolunmaz praktikaya əsaslanma dayanır.
Hər halda tarix göstərir ki, belə nəzəriyyələr
də həmin sistemlərin təkmilləşməsində,
həmçinin vətəndaş
cəmiyyəti quruculuğunun
dərinləşməsində az rol oynamayıb, nəticə etibarilə inkişafa gətirib.
Zaman keçdikcə
bu inkişaf xüsusiyyətlərini dəyişib. Mətbuatın da istər fəaliyyətində,
istərsə də strukturunda buna uyğun fərqliliklər
yaranıb. Hazırkı
məqamda elektron media
ilə rəqabət və jurnalistikanın daha çox kommersiya sahəsinə çevrilməsi mərhələsi
start götürüb. Azərbaycandan
fərqli olaraq bu proses və
onunla əlaqədar digər məziyyətlər
ABŞ-da, eləcə
də Qərb ölkələrində olduqca
tez başlanıb və artıq yekunlaşıb. KİV-lərə dövlət dəstəyinin göstərilməsi
də həmçinin.
Qərbdə dövlətin mətbuata
dəstək göstərməsinin
hansı səbəbdən
zəruriliyini dərk
edir və düzgün qiymətləndirirlər.
Məsələyə aydınlıq gətirmək
üçün bir neçə məqama diqqət yetirmək vacibdir.
Əvvəla, dünya miqyasında ötən əsrin
60-cı illərindən başlayaraq
gündəlik qəzetlərin
tirajları düşməyə
başlayıb. Ümumiyyətlə, gündəlik nəşrlərin
sayları da azalmağa doğru gedib. Hətta Avropanın oxucularının
çoxunun gündəlik
qəzetlərə meyl
göstərdiyi ənənəvi
qəzet ölkələrində
abunəçilərin sayı
məhdudlaşıb və
ya tam durğun vəziyyətə düşüb.
Qəzet
oxumağın orta davamlılığında da
geriləmələr var. Təkcə
Böyük Britaniyada
qəzetlərin tirajlarında
düşmələr artıq
neçə onillikdir
ki, müşahidə
olunmaqdadır. Ölkə gənclərinin
böyük qismi qəzet oxumağa ehtiyac duymur, orta məktəbi bitirən dörd məzundan biri isə qəzet oxumaqda çətinlik çəkir.
Əlbəttə, mövcud vəziyyətin yaranmasında rəqabət
amilinin böyük rolu var. Məsələ burasındadır ki, dərin rəqabət müstəvisində müəyyən
qəzetlərin bazarda
dominant mövqeyə yiyələnməsi
digərlərinin onlarla
hər hansı mübarizə aparmasını
mümkünsüzləşdirir və tədricən ikincilər sıradan çıxır. Təbii, həmin nəşrlərlə
birgə auditoriyalarında
seyrəlmələr yaranır
ki, nəticə etibarilə sevimli qəzetini itirmiş oxucu başqasına meyl göstərmir. Təsəvvür edin ki, vaxtilə oxucu tapmaqda problem yaşamayan, reklamın böyük bazara malik olduğu
Nyu-York kimi şəhərdə 1990-cı ildən başlayaraq özünü doğruldan
qəzetlərin sayı
cəmi dörd olub. Hazırkı dövrdə Nyu-York
bazarında yalnız bir gündəlik qəzetin - «Nyu-York tayms»ın hegemonluğundan
söhbət gedir.
Kommersiya
reklamlarının və
reklam gəlirlərinin
əsas hissəsi məhz bu nəşrdə
cəmləşir.
Başqa
bir fakta diqqət yetirək: 1930-cu
ildə İngiltərədə
500-dən artıq irili-xırdalı
şəhərdə bir-biri
ilə rəqabət apara bilən qəzetlər çıxırdı.
İndi belə şəhərlərin
sayı 30-a çatmır.
Ölkənin digər yerlərində
isə yerli qəzet bazarını yalnız biri təmsil edir. Onu da demək lazımdır
ki, Avropada regional bölmələri olan qəzetlərin sayında
da azalmalar var. Bahalı komputerlərin və çap texnologiyasının geniş
yayılması yerli qəzetlərin böhranını
gücləndirib.
Növbəti cəhət kimi siyasi partiya böhranlarının təsirini
qeyd etməliyik. Çünki ancaq siyasi rəqabət
müstəvisində özünü
doğruldan və siyasi prosesləri işıqlandırmaqla ömür
sürən nəşrlər
maddi cəhətdən
daha üstünlərinə
uduzublar. Bu isə partiya mətbuatının tənəzzülünə
gətirib. Ümumiyyətlə İkinci Dünya Müharibəsindən sonrakı
dövrdə televiziyanın
və digər kommersiyalaşmış KİV-lərin təsiri Avropada nüfuzlu partiya mətbuatının
sıradan çıxmasında
müstəsna rol oynayıb.
Ötən əsrin 90-cı illərində
daha çox yüksəktirajlı partiya
qəzetlərinin çıxdığı
Qərbi Almaniyada öz gündəlik mətbu orqanını yalnız Demokratik Sosializm Partiyası saxlaya bildi. Digər partiyalar
isə bundan məhrum oldular. Onlar ya nəşrlərini bağladılar, ya da satdılar. Onu da deyək ki,
illər ərzində
hegemon rol oynamış demokratik sosilistlər belə digər nüfuzlu mətbu orqanlarının
varlığını qorumaqda
çətinliklər yaşadı.
Nəticədə XX əsrin sonundan başlayaraq gündəlik
mətbuatın plüralist
xarakterinin qorunması
problemi kəskin qoyulmağa başlayır. Əvvəl televiziya,
indi isə internetlə rəqabət
fonunda mövcud cəhət onun reklam bazası əldə etməsi və yaşaması baxımından mühüm
amil kimi dəyərləndirilir. Qeyri-kommersiya xarakterli və gəlirsiz KİV-lərin
sıradan çıxması
vətəndaşları ölkənin
daxili və xarici ilə bağlı xəbərlərdən,
ictimai əhəmiyyətli
informasiyalardan məhrum
edir. Bu isə
cəmiyyətdə və
informasiya mühitində
plüralizmin azalmasına,
insanların müxtəlif
yönlü, alternativ
informasiya mənbələri
əldə etmək hüququna zərbə kimi qiymətləndirilir.
Siyasi və gəlirsiz media orqanlarının
«ölümü» cəmiyyətdə
medianın «dördüncü
hakimiyyət» rolunu şübhə altına alır, belə demək mümkünsə,
ideyalar bazarında cəmiyyətin demokratik tələbatları, özünü
ifadə vasitələri
ödənilməmiş qalır.
Nəhayət, qəzetlərin iflası məsələsi
demokratik dəyərlərin
sıradan çıxması
kimi assosiasiya olunaraq qlobal səciyyə daşımağa
başlayır.
Əslində bütün bunlar dünya ictimaiyyətini ötən əsrin
60-70-ci illərindən düşündürməyə
başlayıb. Hələ 1978-ci ildə Avropa
Şurası Parlament Assambleyasında qəzetlərə
subsidiya verilməsinin
təminatına kömək
göstərilməsinin vacibliyi
vurğulanıb. Avropa Birliyi
ölkələrində problemi
aradan qaldırmaq və mətbuatın dözümlülüyünü təmin etmək məqsədilə proteksionist
siyasətin yürüdülməsi
nəzərdə tutulub
ki, burada da mətbuat orqanlarına və mətbəələrə maddi
dotasiyaların verilməsi,
poçt, teleqraf, vergi, kömrük və digər imtiyazların tətbiqi başlıca tədbir kimi irəli sürülüb.
Təbii ki, mövcud siyasət ardıcıl və uzun müddətli
xarakter aldığı
zaman müsbət nəticələr əldə
olundu. Məsələn, indinin
özündə də dövlət dəstəyinin
1960-cı ildən tətbiq edildiyi Finlandiyada qəzetlərin
yarıdan çoxu bunsuz fəaliyyət göstərmək
iqtidarında deyil və məsələyə tam normal
yanaşılır. Hazırda bir çox Avropa ölkələrində
dövlət gündəlik qəzetləri bu və ya digər
dərəcədə maliyyələşdirir ki, obyektiv amillərin
təsiri ilə cəmiyyətdə nəşrlər barəsində
sıradan çıxmaqda olan yüksək ictimai rəy
saxlanılsın. Birbaşa dövlət dəstəyinin
hesabına İsveçdə iki böyük siyasi qəzet -
1887-ci ildən çıxan sosial-demokrat yönümlü
«Arbatet» («Əmək») və 1884-cü ildən nəşr
olunan mühafizəkar ruhlu «Svenska Dagbladet» («İsveç
gündəlik qəzeti») saxlanılır. Avropanın bir
çox yerlərində hətta siyasi və ictimai
baxışları yayan mətbu KİV-lərin maliyyə
sıxıntılarını aradan qaldırmaq, onlara maddi dəstək
göstərmək üçün xüsusi məqsədyönlü
proqramlar fəaliyyət göstərir.
Dünyada
mediaya dəstək praktikasını labüd edən təcrübə
ilə ölkəmizdəki oxşar zərurətin meydana gəlmə
səbəblərini müqayisəyə gətirdikdə
ortaya maraqlı nüanslar çıxır. Göründüyü
kimi, Qərbdə, eləcə də ABŞ-da mətbu
böhranı iqtisadi kataklizmalar şərtləndirib. Yəni,
iqtisadiyyatın mühüm tərkib hissəsinə
çevrilən media bu mühitdə baş verən dəyişikliklərin,
tendensiyaların, rəqabətin mənfi təsirinə məruz
qalıb və sıradan çıxmağa başlayıb. Azərbaycanda
isə mətbuatın zəif duruma düşməsi
böyük mənada hansısa iqtisadi prosesin məntiqi
davamı kimi dəyərləndirilə bilməz. Amma hər
iki halda nəticə eynidir. KİV-lərin tirajı
aşağıdır, oxucu auditoriyası seyrəkdir,
maddi-texniki imkanları zəifdir, jurnalistlər sosial çətinliklər
içərisindədirlər. Deməli, Azərbaycanda
dövlət dəstəyinə ehtiyac KİV-lərin iqtisadi
rəqabətdə belə desək, itib-batmasına yol verməmək
üçün deyil, onları iqtisadi rəqabətə
hazırlamaq, artan iqtisadi tərəqqiyə adekvat
yanaşmalarını təmin etmək zərurətindən
irəli gəlib. Konsepsiyada da deyildiyi kimi, Azərbaycanın
sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə
yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti
quruculuğunun dərinləşməsi və siyasi
plüralizmin genişlənməsi cəmiyyətdə
informasiyaya olan ictimai tələbatı daha da artırıb.
Sonda onu da deyim ki, Azərbaycan mediası uzun yolun başlanğıcındadır. Bu yol tam müstəqillik yoludur. Kimin necə düşünməsindən asılı olmayaraq yolumuzun məşəqqətlərinə qatlaşmağa məhkumuq. Ola bilər, indi etdiklərimizdə nələrsə çatışmır, nələrəsə yenidən nəzər salmalıyıq. Amma hədəfimiz dəyişməzdir və dəyişməzliyi müəyyənləşdirən Azərbaycan jurnalistikasının özüdür. Bu jurnalistikada isə «Yeni Müsavat» qəzeti də, «Yeni Azərbaycan» qəzeti də, «Səs» də, «Azadlıq» da peşə anlamında eyni funksiya yerinə yetirirlər. Vəziyyəti nəzərə alaraq onların daşıdıqları siyasi missiyalar da müəyyən mənada anlayışla qarşılanmaqdadır. Ölkənin jurnalist cameəsi bir-birini başa düşür. Axı, həmin cameənin hər bir üzvünün sosial, maddi-texniki durumu böyük hesabla eynidir. Eynilərin arzuladıqları həyat sözsüz ki, gələcək.
Kaspi.-2013.-11 yanvar.-S.11.