“Azərbaycan animasiya sənətinin
inkişafını yalnız bizim mütəxəssislər
təmin etməlidirlər”
Bütün dünyada cizgi, animasiya filmlərinin uğuru az qala tammetrajli bədii filmləri
də ötüb keçib.
Artıq bir neçə ildir
ki, animasiya sahəsində
bir çox festivallarda nümayiş olunan filmlər keyfiyyət cəhətdən
kinotənqidçilər tərəfindən yüksək
qiymətləndirilir. Araşdırmalar göstərir ki, texniki üsulla
ilk animasiya Azərbaycanda
1933-cü ildə çəkilib. İlk
bədii animasiya isə iki alman tərəfindən 1936-cı ildə
çəkilən “Əhmədin bəlası” filmidir. O zamandan bu zamana arada
müəyyən fasilələrlə olsa
da, ölkəmizdə bu
sahə yaşadı və hazırda da
yaşayır.
İlk
öncə qeyd edək ki, ölkəmizdə bu sahə ilə
rəsmi olaraq məşğul olan qurum “Azanfilm” animasiya filmləri
studiyasıdır. Hər il dövlət büdcəsindən
bu studiyaya maliyyə ayrılır və həmin maliyyə
hesabına filmlər istehsal olunur.
“Yaxın iki il ərzində dəyişikliklər
özünü göstərəcək”
“Azanfilm”
studiyasının rəhbəri Fariz Əhmədov deyir ki, bu
sahəni inkişaf etdirmək üçün birinci şərt
kadr hazırlığına nail olmaqdır. “Buna müasir
texnologiyanı tətbiq etməklə 3D formatını da əlavə
edib keyfiyyət əmsalını artırmalıyıq.
Düşünürəm ki, yaxın iki il ərzində dəyişikliklər
özünü göstərəcək. Bu, zəruridir.
Çünki artıq iş o yerə çatıb ki,
başqa ölkələrin Azərbaycanda animasiya
studiyasının fəaliyyət göstərməsindən xəbərləri
yoxdu. Halbuki
bu studiya ildə bir, ya iki film istehsal
edir. Bir nəfər ixtisaslaşmış
kadrın hazırlanması
4-5 il vaxt tələb
edir. Amma bu işi bir
qədər sürətləndirib
hələlik fəaliyyətdə
olan mütəxəssislərimizi
işə cəlb
etməklə animasiya
kursları açmaq istəyirik. Nəzəriyyə ilə təcrübəni
bir ayaya gətirmək şərtilə”.
Onun sözlərinə görə,
bəzi adamlar animasiya sənətinə
o qədər də maraq göstərmirlər.
“Hətta əvvəllər
bu işlə məşğul olanlar da. Çünki dediyim kimi,
1 ilə 10 dəqiqəlik
film çəkilir. Amma düşünürəm
ki, maraq artacaq. Ona görə ki,
yeni qüvvələri
həm maddi cəhətdən, həm
də yaradıcı stimul cəhətdən maraqlandıran təzahürlər
tezliklə özünü
göstərəcək. Artıq bu sahənin inkişafında nəinki
dövlətin, qeyri-kommersiya
təşkilatlarının da maraqlı olduğunu görürük.
Yaradıcı insan üçün
vacib amillərdən biri yaradıcı mübadilə mühiti ilə təmin edilməsidir. Belə mühiti
isə festivallar verir. Nəzərdə tutulub ki, bizim animasiya filmlərini festivallara göndərməklə yanaşı,
hər hansı kinofestival çərçivəsində
özümüz də
belə filmlərin nümayişinə yer ayıraq”.
O hesab edir ki,
Azərbaycan animasiya sənətinin inkişafını
yalnız Azərbaycan
mütəxəssisləri təmin etməlidirlər,
bizim tamaşaçıya
lazım olan obrazları yalnız onlar daha dəqiq
yarada bilərlər. “Ona görə
bizim əsas dayağımız yerli mütəxəssislər olmalıdır.
Amma başqa ölkələrin
mütəxəssisləri ilə əməkdaşlığı
da istisna etmək olmaz. Rusiyadan, Türkiyədən ustad
multiplikatorlar dəvət
olunacaq. Türkiyəli multiplikasiya
ustaları ilə ortaq türk dastanlarını ərsəyə gətirmək
çox yaxşı olardı”. O həmçinin
bildirdi ki, istənilən halda hər şey güclü ssenariyə bağlıdır. “Artıq böyük komanda işə başlayıb. Animasiya
elə sənətdir
ki, əsas ağırlıq rəssamın
üzərindədi, multiplikasiya rəssamı
bir neçə funksiyanı yerinə yetirməyə qabil olmalıdı. Bizdə təsviri sənətin müxtəlif cərəyanlarında
son illər
əməlli-başlı yüksəliş hiss olunur.
Çalışacağam ki,
gənc, istedadlı rəssamları bu
işə cəlb edim. Yeni nəfəsə,
təzə ifadə formalarına ehtiyac var”. F.Əhmədov həmçinin bildirdi ki,
hər il bir animasiya filminin
istehsalı üçün
ayrılan vəsait dəyişir, amma maliyyə artımı
var. “Ötən il heç bir maliyyə vəsaiti ayrılmayıb, amma bu il ayrılması
nəzərdə tutulur”.
Cizgi filmlərinin istehsalı üçün maliyyə
ayrılmasını yüksək
qiymətləndirən və
bunun lazımlığını
bildirən animator-rəssam
Elçin Hami Axundov deyir ki,
Azərbaycanda yaxşı
animator-rəssamlar var. “Azərbaycanda
bir animasiya filminin ərsəyə gəlməsi üçün
iki, yaxud üç rəssam iş prosesinə cəlb olunur. Daha doğrusu bir filmi üç rəssamla çəkməyə
məcburuq. Disney studiyasında
200 nəfərə yaxın
animator, rəssam: fazaçı-rəssam,
cizgiçi-rəssam, fon
rəssamı və
s. çalışır. Bu
qədər insan bir yerdə çalışdığı zaman hərə bir işin qulpundan
tutur və beləliklə, film tez təhvil verilir. Amma bizdə bu qədər
işi cəmi 3
animator edir. İldə 2, ya üç animasiya filmi çəkilir və heç bir gəlir gətirmir, çünki kino bazarımız yoxdur.
Amma
Disney hər çəkdiyi
animasiya filminin mayasını çıxardır
üstəlik gəlir
də əldə edir. Maliyyə, kadr bu
gün animasiya filmlərini inkişaf etməsi, gəlirli sahəyə çevrilməsinə mane olan
amillərdəndir. Peşəkar kadrımız çox azdır”.
Onun sözlərinə
görə əvvələr
də rəssam-animator
sənəti nə təhsil şöbələrində,
nə də institutlarda olub. “Animatorlar
ancaq hər beş ildən bir açılan kurslarda
hazırlanırdılar. 30 nəfərdən ibarət
sonuncu buraxılış
1989-cu ildə oldu.
90- cı illərdə isə peşəkar rəssamlar başqa ölkələrə
getməyə məcbur
oldular, çünki burda vəziyyət yaxşı deyildi, iş yox idi.
Sonra bir vaxtlar çox
az müddətə həmin kursları bərpa etdim, amma o da uzun
müddət yaşaya
bilmədi”. O hesab
edir ki, əgər biz Azərbaycanda
animasiya filmlərinin çoxalmasını, ümumiyyətlə,
isə bu sahənin inkişaf etməsini istəyiriksə,
mütləq animasiya kursları açılmalıdır.
“Ancaq kurslar
təşkil etməklə
biz bu sahəni inkişaf etdirə bilərik. Nəticədə
kadrlar çoxalacaq, bu sahə inkişaf
edəcək, onlar da sonra animasiya studiyaları
açacaqlar. Hazırda tələbələrim
var, amma mən tək olduğum üçün
hər şeyi çatdıra bilirəm.
Mən onlara hərəkətin mexanikası, fizikası, biomexanikasından dərs deyə bilərəm, qalan nüansları isə gərək başqa müəllimlər
tədris etsinlər.
Bütün bunlar da maliyyə istəyir.
Mən 8 il
bundan əvvəl Mədəniyyət və
Turizm Nazirliyinə Azərbaycanda Milli Animasiyanın İnkişafına
dair layihə təqdim etmişdim. Ancaq hələ də o layihə reallaşmayıb.
O konsepsiyanın həyata
keçməsi üçün
isə 150-160 min manat maliyyə vəsaiti lazımdır”.
Azərbaycan cizgi filmlərinin
sayı və keyfiyyəti ilə fəxr edə bilməz
Kinoşünas Aygün Aslanlı deyir ki, Azərbaycan
cizgi filmlərinin sayı və keyfiyyəti ilə fəxr edə bilməz. O hesab edir ki, “Azanfilm”
in istehsalı olan filmlərin əksəriyyəti
darıxdırıcıdır və onlarda fantaziya kasadlığı
var. “Biz neçə ay əvvəl
“Azanfilm” in istehsalı
olan bir neçə film Kinematoqrafçılar
İttifaqında nümayiş
etdirildi. 6-7 filmdən
yalnız bircə dənə maraqlı işin şahidi oldum. Təsəvvür edin, personajlardan
biri qəhrəman təyyarədir, o da
“Disney” filmlərindən götürülüb”.
“Animasiya filmlərimiz ona görə bizim televiziya kanallarında göstərilmir ki...”
Sovet dönəmini də əhatə etməklə
bu zamana qədər Azərbaycanda
100-dən çox animasiya
filmi istehsal olunub . Bəlkə də ara-sıra əvvəllər çəkilən
animasiya filmlərinə
efirlərdə rast gəlmək olar, amma müstəqillik qazanılandan sonra istehsal olunan filmlərin bu şansı qazanması çox müşkülə
çevrilib. Ötən
il mətbuata müsahibəsində Milli
Televiziya və Radio Şurasının (MTRŞ) sədri
Nuşirəvan Məhərrəmli
deyib ki, milli cizgi filmlərinə
maliyyə ayrılması
ilə bağlı müraciət seriallara maliyyə yardımı başa çatandan sonra ediləcək: “Cizgi filmləri ilə bağlı problem ciddidir və aktuallığında qalır.
Azərbaycanda uşaqlarla bağlı
göstərilən cizgi
filmlərinin böyük
əksəriyyəti xarici
məhsullardır. Biz çalışmalıyıq ki, yerli istehsalı qaldıraq”.
E.Axundov
deyir ki, animasiya filmlərimiz ona görə bizim televiziya
kanallarında göstərilmir ki, kanallar bizim filmləri pul
verib almaq istəmirlər. “Kanallar yerli filmlərə 20
dollar vermək istəmirlər. Ən asan
yolu tapıblar. 1-2 manat verib
prokatdan animasiya filmini alıb, efirdə nümayiş etdirirlər.
Niyə bizim uşaqlar “Məlikməmməd”,
“Cırtdan”, “Təpəgöz”,
“Cavanşir”, “Qızıl”,
“Qarğa balası və özgə yuvası”, “Güzgü” kimi nağıllar əsasında çəkilən
filmlərə baxmasınlar?
Həmin
filmlərin hamısı
axı bizim uşaqlar üçün
nəzərdə tutulur.
Bizim balalar ilk öncə bu filmlərlə böyüməlidirlər.
Mən 1966 -cı ildən animasiya sahəsində çalışıram. Bu vaxta
qədər uşaqlara
həsr etdiyim çoxlu sayda animasiya filmlərim var. Mənim elə bütün rəssamlıq
fəaliyyətim uşaqlarla
bağlıdır. İlk tamaşaçılarım
nəvələrimdir. Əvvəllər istehsal olunan
animasiyaları ilk öncə
uşaqlara nümayiş
etdirərdik. Biz indi öz milli
vətəndaşlarımızı yetişdirməliyik. Animasiya filmləri
uşaqlarda daha güclü tərbiyəvi
əhəmiyyətə malikdir.
Müasir uşaqların
zövqünü oxşamaqdan
çox
, onlara yeni estetik zövq aşılamaq lazımdır.
Dünyada artıq çoxdan
böyüklər üçün
çəkilən animasiyalar
da mövcuddur. Amma biz hələ uşaqlar üçün animasiyanı
tam təmin edə bilmirik ki, böyüklər
üçün də
çəkək”.
Nərmin MURADOVA
Palitra.-2013.-12 yanvar.-S.11.