“Təşkilatlanma üçün vahid milli ideya ətrafında gənclərimizi birləşməyə səsləyirəm”

 

ASAIF sədri, dünyanın ən qabaqcıl təhsil müəssisələrindən olan  London Kollec Universitetinin (UCL) ictimai-dövlət siyasəti ixtisası üzrə maqistrant Ramin Həkimovla gənclər sahəsi və bu yöndə onun sədri olduğu təşkilatın fəaliyyəti  barədə söhbətləşdik. 

 

-ASAIF-in fəaliyyəti xaricdə təhsil alan gənclər üçün hansı cəhətlər baxımından əlamətdardır?

-ASAIF rəsmi olaraq 24 sentyabr 2010-cu il tarixindən etibarən fəaliyyət göstərir, lakin təşkilatın fəaliyyəti 12 ildən artıqdır və bir dekadadan artıq fəaliyyət təcrübəsinə malikdir. Xaricdə təhsil almaq, vətəndən kənarda başqa bir ali təhsil ocağının məzunu olmaq, başqa bir təcrübə qazanmaq, dünyanın ən aparıcı universitetlərində tələbə həyatı sürmək, başqa bir mədəniyyətlə tanış olmaq, təcrübə mübadiləsinin birbaşa iştirakçısı olmaq, dünyagörüşündə yeni prizmaların açılışı və elmi-texniki tərəqqinin hökmranlıq etdiyi dövrdə müasir bilik və dəyişən informasiyalara malik olmaq deməkdir. Bunlara sahib olan, minlərlə Azərbaycan gəncini, intellektual potensialı, bir sözlə cənab Prezidentin vurğuladığı kimi, insan kapitalının formalaşmasını icra edən, bir şəbəkəyə və vahid platformaya toplaya bilən ASAIF bu və bir çox nöqteyi-nəzərdən xaricdə təhsil alan gənclər üçün əlamətdardır. Başqa sözlə desək, ASAIF Amerika, Avropa və Asiyanın ən yaxşı təhsil ocaqlarında ixtisaslı kadr kimi formalaşan Azərbaycan gəncliyinin bir növ qızıl fondunun yaradılması prosesini icra edən bir təşkilatdır. Hal-hazırda 44 ölkədən 10 mindən artıq gənci öz çətiri altında birləşdirən ASAIF müxtəlif yaş qruplarının, müxtəlif sahələrdə təhsil alan gənclərin, müxtəlif peşə sahibi olan insanların, gələcəkdə dövlətçilik ənənəsini qoruyacaq olan gənclərin birlikdə fikir mübadiləsi və müxtəlif mövzular ətrafında müzakirələrini apara bildiyi bir ailə, bir şəbəkədir. Bu baxımdan, bu gün xaricdə təhsil alan gənclər, eləcə də xaricdə təhsil almağa gedəcək olan gənclər təşkilatın sıralarına qoşulmaqda maraqlıdırlar, buna görə də sosial şəbəkələrdə, təşkilatın internet səhifəsi “www.asaif.org”da və ASAIF-in, xüsusilə “Facebook” və “Twitter” səhifələrində üzvlük üçün olan gündəlik müraciətlərin sayı artır və bu, sevindirici haldır. ASAIF ona görə gənclərə maraqlıdır ki, xaricdə təhsil alan gənclər bu platformada tam azad və müstəqil fikirlər səsləndirə bilir, keçirilən forumlarda və müxtəlif paytaxtlarda baş tutan rəsmi görüşlərdə gənclər həm dövlətin müxtəlif qurumlarını təmsil edən rəsmilərlə, həm də ölkələrdəki fövqəladə və səlahiyyətli səfirlərimizlə öz problemlərini müzakirə edə bilir və problemlərin böyük əksəriyyətinin həllinə nail ola bilirlər. Buna indiyədək keçirilən Strasburq, Budapeşt və Vyana forumlarının, Azərbaycanda keçirilən yay forumlarının nəticələri əyani sübutdur. Bundan əlavə, ASAIF xaricdə təhsil alan gənclər üçün ona görə əlamətdardır ki, gənclər təhsillərini başa vurduqdan sonra ASAIF-in vasitəsi, xüsusilə müxtəlif dövlət qurumları və özəl sektor nümayəndəlikləri ilə aparılan əməkdaşlıqlar, keçirilən əmək yarmarkaları sayəsində işlə təmin olunurlar. Təşkilatın yeni strukturunun formalaşdığı 2012-ci il, 18 avqust tarixindən bu yana 40-a dək ASAIF üzvü müxtəlif dövlət qurumlarında və özəl sahələrdə işlə təmin olunub. Gənclərin işlə təminatı məsələsi prioritetlərdən biridir və bu sahədə işlər davam edəcək. Sadəcə işlə təminat deyil, ASAIF həmçinin xaricdə təhsil alan gənclərin oxuduqları müddətdəki praktika-iş təcrübəsi məsələsində də mühüm addımlar atır və atmağa davam edəcək. Bu sahədə ən qısa zamanda daha bir əməkdaşlıqla gənclərimizi həm işə, həm də iş təcrübəsinə cəlb edəcəyik. Ən nəhayət, ASAIF ona görə gənclər üçün maraqlıdır ki, bu şəbəkədə vətənpərvər, millətçilik və dövlətçilik ənənələrinə sadiq gənclər toplaşır, Azərbaycanın xaricdə layiqincə təmsil olunmasının daim yeni formalarını öyrənir, yeni tətbiqetmə üsullarını təkmilləşdirir və diaspor-lobbiçilik fəaliyyəti ilə məşğul olurlar.

-ASAIF yaranma məqsədlərinə uyğun olaraq başqa hansı nailiyyətlərə imza atıb?

-Böyük türk şairi Nazim Hikmət həyatı belə təsvir edir: “Həyat, bir ağac kimi tək və hürr və bir orman kimi, qardaşcasına yaşamaq deməkdir”. Qısaca təşkilatın yaranış ideyasını və mexanizmini bu statla təsvir etmək olar. ASAIF ona görə yarandı ki, yuxarıda sadaladığım kimi, xaricdə təhsil alan gəncliyin maraqları qorunsun, gənclər özlərində və işlərində dövlət dəstəyini hiss etsinlər və təhsillərini bitirdikdən sonra vətənə və millətə, dövlətçiliyə xidmət üçün geri qayıtsınlar. ASAIF-in yaranma məqsədi budur, bunu da uğurla həyata keçiririk, lakin bununla kifayətlənmirik. Əvvəldə də dediyim kimi, vahid amal bu gəncliyi bir şəbəkəyə toplamaq, gənclərin individual təşəbbüslərini diqqətə almaq və dəyərləndirmək, bu fərdi təşəbbüsləri ümumi məqsəd üçün, azərbaycançılıq ideyasının geniş miqyasda realizə olunması və xaricdə layiqincə təmsili üçün effektiv istifadə etməkdir. Ona görə də ASAIF şəxsi təşəbbüslərə açıq və ümümi məqsədlər üçün çalışan gənclərin ordusudur. Məsələyə fəlsəfi yanaşma ilə baxsaq, ASAIF görkəmli filosof Con Stüart Millin azadlıq haqqında əsərində önə çəkdiyi individual azadlıq, şəxsi təşəbbüslər və Jan Jak Russonun “Sosial kontrakt” əsərində vurğuladığı bütünün iradəsi və cəmiyyətin rifahı konsepsiyalarının kəsişməsi deməkdir ki, bu da gənclərə öz təşəbbüskarlıqlarından hamı üçün effektiv faydalanmağa şərait yaradır, çünki cəmiyyət fərdlərdən ibarətdir və fərdlərin toplumudur. Ona görə də, cəmiyyətin inkişafı fərdlərin inkişafı deməkdir. ASAIF-in fəaliyyət istiqaməti və mexanizmi də bu ideya ətrafında formalaşıb.

-Keçirilən və keçiriləcək beynəlxalq, eləcə də yerli tədbirlərlə bağlı ətraflı məlumat verərdiniz. Bu tədbirlərin önəmini necə xarakterizə etmək olar? Gənclərin bu tədbirlərə cəlb edilməsi ilə bağlı nələri demək olar?

- Öncə də sadaladığım kimi, ASAIF Strasburqda Avropa Parlamentində, Budapeştdə Macarıstan Parlementində və Vyanada forumlar keçirib. Növbəti forumun isə Romada İtaliya Parlamentində baş tutacağı planlaşdırılır. Məsələn, Strasburq və Budapeşt forumlarında 30-adək ölkədən 250-dən artıq gənc iştirak edirdi. Forumlarda müxtəlif panellər üzrə müzakirələr aparılır və bu panellərdə Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ münaqişəsi və ətraf rayonların işğalı ilə bağlı Azərbaycan reallıqlarının çatdırılması, diaspor və lobbiçilik fəaliyyətində yeni tətbiqetmə üsullarının öyrənilməsi və öyrədilməsi, Azərbaycanın elmi səviyyədə, yerli təşkilatlarla iş səviyyəsində necə təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılır, gənclərə bu məsələlərlə bağlı dolğun informasiya verilir, təqdimatlar keçirilir. Forumlardan əlavə, bir çox elmi konfranslar, dəyirmi masalar, müxtəlif ölkələrin parlamentlərində olan çıxışlar, universitetlərdə keçirilən Azərbaycan Mədəniyyət Günləri, film festivalları, xüsusilə Xocalı faciəsi ilə bağlı aksiyalar, elmi-akademik görüşlər, ictimai leksiyalar və bu kimi daha bir çox iş və layihələr ASAIF-in təşkilatçılığı və dəstəyi ilə görülür. Növbəti layihələrdən biri isə 13 fevral 2013-cü il tarixində ASAIF-in təşkilatçılığı ilə Böyük Britaniyanın Lordlar Palatasında keçiriləcək olan enerji konfransıdır və tədbirdə 150-200 nəfər iştirak edəcək. Konfransda Böyük Britaniyadakı Azərbaycan və Türkiyə Respublikalarının səfirlik və konsulluq əməkdaşları, Strateji Araşdırmalar Mərkəzinin enerji üzrə ekspertləri, ən yüksək reytinqli universitetlərin professorları və millət vəkilləri, Lordlar Palatasının üzvləri çıxış edəcəklər. Daha sonra Azərbaycanda Bakıda və Bakıdan kənarda olmaqla regionların birində “Azərbaycanı kəşf et” adlı qış məktəbi keçiriləcək ki, burada 100 nəfər xarici tələbə, ictimai fəal gənc iştirak edəcək.

- Azərbaycan gənclərinin xaricdə təşkiilatlanması ilə bağlı hansı təklifləriniz ola bilər?

-Təşkilatlanma üçün xaricdə olan bütün gəncləri ASAIF-in sıralarına qoşulmağa dəvət edirəm, çünki ASAIF xaricdə lobbiçilik fəaliyyətini aparan və gəncləri bir şəbəkədə cəmləndirə bilən ən böyük təşkilatlardan biri, öncülüdür. Təşkilatlanma üçün vahid milli ideya ətrafında gənclərimizi birləşməyə səsləyirəm. Bir çox Azərbaycan cəmiyyətləri açıla bilər universitetlər nəzdində, bir çox Azərbaycan Mədəniyyət Günləri, konfranslar, ictimai leksiyalar keçirilə bilər. Daha sonra, yerli ictimai-siyasi aktivlik göstərmək və lobbiçiliklə məşğul olmaq daha məqsədəuyğundur və bunun üçün xüsusilə universitetlər nəzdində yerli ictimai-siyasi gənclər təşkilatlarına cəlb olunmaq, mümkündürsə o təşkilatlarda vəzifə sahibi olmaq və bu təcrübələrdən vahid məqsəd üçün istifadə etmək lazımdır. Ali təhsil ocaqlarında nəşr olunan qəzetlər və jurnallar olur. Gənclərimizi bu qəzet və jurnallarda yazar olaraq aktiv olmağa səsləyərdim.  Bu ictimai aktiv gəncləri daha çox təcrübə əldə etmək və daha effektiv işin yollarını öyrənə bilmək məqsədilə də xaricdə siyasi və iqtisadi paytaxtlarda keçiriən ASAIF forumlarında iştiraka dəvət edir və gənc dostlarımızla daha böyük uğurlar, daha layiqli iş və vahid məqsədə çatmaq yolunda birgə əməkdaşlığa dəvət edirəm, çünki ASAIF bir ailədir, və ASAIF bir komanda işindən ibarətdir. ASAIF cənab Prezident İlham Əliyevin apardığı gənclər siyasətinin dəstəkçisi və insan kapitalının formalaşmasını realizə edən bir mexanizmdir.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-12 yanvar.-S.5.