Türkiyə alimləri qədim türk tarixini necə
araşdırırlar?
Türkiyənin “Cumhuriyet”
qəzetində qədim türk tarixi ilə bağlı bir
yazı diqqətimizi cəlb etdi. Burada qeyd edilənlər
tarixçilərimiz və tarixlə maraqlananlar
üçün
də cəlbedici ola bilər. Ona görə də yazıda qeyd
edilən məqamları oxucuların diqqətinə
çatdırırıq.
Beləliklə, Nurər Uğurlunun
“Türk qövmləri” adlı kitabı dünyanın
müxtəlif ərazilərində yaşayan, Orta Avropa və
Uzaq Şərqi axınlarıyla böhrana salan, Hindistana bir
çox axınlar edən, rusları özünə tabe edən,
güclərini Dunaydan Qanqa, Adriatikdən Çin dənizinə
və suverenliklərini Pekinə, Dehliyə, Qabilə,
İsfahana, Bağdada, Qahirəyə, Şama, Fasa, Tunisə, Əlcəzairə,
Balkan yarımadasına qədər yaydıqları bilinən
türk qövmlərini əhatə edir. N.Uğurlu “Cumhuriyet”
qəzetinə bu barədə müsahibəsində bildirir:
-
“Kitab Asiya, Avropa və Afrikada yaşayan, bu gün də
dünyanın müxtəlif ərazilərində
yaşamaqda olan çoxlu sayda türk qövmlərinin tarixi
keçmişindən bəhs edir. “Qövm” aralarında adət-ənənə,
dil və mədəniyyət ortaqlığı olan, kök və
ya soy baxımından bir-birinə bağlı insan birliyidir,
“budun” və “xalq” olaraq bilinir. “Budun” qədim türklərdə
möhkəm bir işbirliyi və siyasi
bağlılığı olan boylardan yaranan birlikdir. Kəlmə
bir çox mənbələrdə müxtəlif mənalarda
işlədilib. İlk olaraq yer aldığı Orxon-Yenisey
yazılarında “bodun” formasında yazılıb, yerli, xarici,
oturaq və köçəri olan bütün birliklər
üçün işlədilib. Burada qövm mənasına
gələn “Törük bodun” (Göytürklər),
“Tabgaç bodun” (çinlilər) kimi mənalarla
yanaşı, oğuz, ediz, karluk, uyğur, qırğız,
bayırku, tatar kimi fərqli böyüklükdəki boylardan
formalaşan türk topluluqlarını bildirmək
üçün də istifadə edilib.
Abidədə
əsl xalq kütləsini bildirmək üçün “kara
kamag”, “kara bodun” ya da ancaq “bodun” sözlərinin işlədildiyi
də bildirilib. Mahmud Kaşğarlı (XI əsr)
“Divani-lüğət-it-türk” əsərində “budun”
sözünün çiğil ləhcəsindən gəldiğini
qeyd edib, bunu “qövm”, “reaya” və “xalq” mənasında
açıqlayıb. Qərbli alimlər isə “budun” kəlməsini
“people” və “volk” sözləriylə
qarşılaşdırıblar. XIV əsrdə Qızıl
Orda dövlətində və Xarəzmdə türkcə
yazılan bəzi əsərlərdə tez-tez rast gəlinən
və “buzun” formasında işlədilən bu söz “teba” və
“xalq” mənasında işlədilib. Daha sonrakı
yüzilliklərdə yazılan kitablarda bu sözə rast gəlinmir.
Budunlar
bir-birlərindən ayrı topluluqlardır. Hər birinin
ayrı yurdları və rəhbərləri var idi.
Torpaqlarının genişliyinə və saylarına görə
başlarında “yabqu”, “şad”, “ilteber” adlandırılan
xaqanlar dururdu. Göytürk abidələrində adı
çəkilən və əksəriyyəti Göytürk
Xaqanlığı içində yerləşən budunlar
ildə bir dəfə hədiyyələr yollayaraq xaqana
bağlılıqlarını bildirər, müharibə
vaxtı da orduya əsgər göndərərdilər.
Xaqanlar özlərinə bağlı budunları mərkəzdən
göndərilən idarəçilər vasitəsilə nəzarət
altında saxlayardılar.
“Yarımköçəri bir həyat”
-Türklərin ilk vətənləri
hara olub?
-
Türklər tarixin ən qədim və davamlı qövmlərindən
biridir. Dörd min ildən artıq tarixləri ilə türklər
Asiya, Avropa və Afrika torpaqlarına yayılmış
böyük bir millətdir. İlk məskənləri Orta
Asiya yaylasıdır. Türklərin ilk yurdları Şərqdə
Kingan dağlarından, qərbdə Xəzər dənizi və
İdil (Volqa) çayına, şimalda Sibir ovalarından, cənubda
Qaranlıq və Hindiquş dağlarına qədər uzanan
çox geniş torpaqlardır. Orta Asiya yaylası şərqdən
qərbə geniş çöllərdən ibarətdir.
Şimal
və cənub əraziləri isə rəngli torpaqlarla
örtülüdür. Xəzər dənizi ilə Aral və
Baykal göllərinin şimal hissələri boyunca uzanan məhsuldar
torpaqlar Kinqan dağlarına qədər davam edir. Bu
torpaqların cənubundakı qumlu çöllər, bəzi
yerlərdə səhralara çevrilir. Qumlu çöllər
ərazisi Altay dağlarından qərbə və şərqə
yayılan məhsuldar torpaqları bir-birinə bağlayır.
Tarixçilər ən qədim məskunlaşma ərazisi
olaraq bildikləri Orta Asiya torpaqlarını Tanrı
dağlarının cənubu və şimalı kimi iki hissəyə
ayıraraq araşdırırlar.
Tanrı
dağlarının cənubundakı ərazi Şərqi
Türküstandır. Şimalında Altay dağları,
Cungariya çölləri və İrtış
çayı var. Bu torpaqlarda köçəri türk birlikləri
yaşayıb. Türklər əvvəllər əkinçiliklə
məşğul olsalar da, böyük iqlim dəyişikliklərinin
nəticəsində maldarlığa keçiblər.
Heyvanlarına otlaq tapmaq məqsədilə daim hərəkət
etmək məcburiyyətində qalıblar. Bu vəziyyət
türklərin yarımköçəri bir həyata
keçməsinə səbəb olub.
-“Türk ana yurdu” ilə
bağlı elmi fikirlər nələrdir?
-
Türk tarixi üzərində tədqiqat aparan alimlər J.
Klaproth və A.Vambery Çin mənbələrinə əsaslanaraq
“türk ana yurdu”nu Altay dağlarının ətrafında
göstəriblər. Məşhur türkoloq V.Radlov bu ərazinin
Altayların şərqində bugünkü Monqolustan
olduğunu qəbul edib. G.J.Ramstedt türk və monqol dilləri
arasındakı yaxınlığa əsaslanaraq türklərin
Monqolustandan əraziyə yayılmış olduqları fikrini
irəli sürüb. Orta Asiya türk tarixinin
tanınmış mütəxəssisi V.Bartold türklərin ana yurdunu Monqolustan ərazisinə
aid edib. Bu fikirlər indi köhnəlib və bu sahənin
genişləndirilməsinin vacibliyi fikri təsdiq olunub. Dil
üzərində aparılan tədqiqatlar və arxeoloji
araşdırmalar türklərin ana yurdunun Altay
dağlarının qərbinə doğru
uzandığını göstərir. Tanınmış
türkoloqlardan Q.Nemeth hesab edir ki, türklərin ana yurdunu
Altay dağları ilə Ural dağları arasında, yəni
bugünkü Qazaxıstanda axtarmaq doğru olar. Son illərdə
Sibirin cənubu və Altay dağları ətrafında
aparılan arxeoloji və etnik araşdırmalardan türklərin
qədim yurdları ilə bağlı bəzi məlumatlar əldə
edilib. Bu məsələ ilə bağlı S.V.Kiselevin nəşr
etdirdiyi “Sibirin ən qədim tarixi” (1951) adlı kitabında
çox vacib tarixi sənədlər göstərildiyi kimi,
Baykal gölünün şimalında, Lena
çayının başlanğıcında və Yeddi-su ərazisində
ortaya çıxarılan qaya rəsmləri və arxeoloji
tapıntılar bu yerlərin çox qədim dövrlərdən
qalan etnik xüsusiyyətlərini ortaya çıxarır.
Türklərin
ilk yurdları tarixi mənbələrə görə, Altay
dağları ərazisindədir. Tanrı dağları ilə
Altay dağları arasında yaşayan türklər “Altay
qövmləri”ndən hesab edilir.
- Orta Asiya torpaqlarında yaşayan
türklər niyə köç etmək məcburiyyətində
qalıblar və hansı ərazilərə köç ediblər?
-
Orta Asiya torpaqlarında yaşayan türklər coğrafi dəyişiklik,
sosial həyatın ağırlaşması səbəbilə
yerləşdikləri əraziləri tərk edərək
başqa ölkələrə köç etmək məcburiyyətində
qalıblar. Türklər yayıldıqları bu yeni
torpaqlarda bir çox müstəqil türk dövləti
qurublar. Türklərin ilk axınlarının nə zaman
başladığı dəqiq bilinmir. Amma ilk böyük axının b.e. ə. I minilliyin əvvəllərində
olduğu güman edilir. Bu böyük köçlə
türklər Xəzər dənizinin cənubundan keçərək
İran yaylası üzərindən (bir hissəsi İranda
qalıb) Mesopotamiyaya gəliblər, buradan Suriya, Misir, Anadolu və
Egey dənizi adalarına yayılıblar. Buralar da tarixin
müxtəlif dövrlərində Böyük Səlcuq,
Türkiyə Səlcuqlu, Osmanlı İmperiyası və
Türkiyə Cümhuriyyəti kimi bir çox müstəqil
türk dövləti qurublar. IV yüzilliyin sonlarına
doğru Xəzər dənizinin şimalından keçən
türklər Şimal-Şərqi Asiyadan Şərqi Avropaya
doğru köç ediblər. Zamanla cənub-şərqə
doğru hərəkət edən türklər Orta Avropa,
Balkan yarımadası və Dunay çayı vadilərinə
yerləşiblər. Bu torpaqlarda da tarixin müxtəlif
dövrlərində bir çox müstəqil türk
dövləti qurulub. Türklərin eradan əvvəl şərqə
başlayan axınları uzun illər aralıqlı davam edib.
Çinin bugünkü Şensi və Kansu bölgələrində
yerləşən türklər buralara öz mədəniyyət
və sivilizasiyalarını da gətiriblər və Çin
hakimiyyətini uzun zaman öz əllərində
saxlayıblar.
Çin
dövlətini quran Sanq (Shanq) xanədanlığı
türk soyundan gələn Covlar (Chow) tərəfindən
devrilib (e.ə. 1050-247). Zaman keçdikcə çox güclənən
Covlar Çin siyasi birliyini qurublar. Bu xanədanlıq tərəfindən
yaradılan siyasi birlik Çin tarixinin
başlanğıcı sayılıb. Şimala yayılan
türklər də Sibirin məhsuldar otlaqlarına yerləşiblər.
Amma burada yaşayan yakut və çuvaş türklərinin
bu torpaqlara nə zaman gəldikləri dəqiq bilinmir.
Türklərin Orta Asiya torpaqlarından axınları tarixin
ilk çağlarından başlayıb, orta dövrün
sonlarına qədər davam edib. Bəzi türklər ana
yurddan köç etməyiblər, Seyhun, Ceyhun, İli,
İrtış, Tarım və Çu ərazilərində
yaşayıblar. Bu torpaqlarda zaman keçdikcə bir çox
böyük dövlətlər qurublar, mədəniyyət və
sivilizasiya sahəsində əhəmiyyətli dərəcədə
inkişaf ediblər.
“Türk boylarının
böyük bir hissəsi Orta Asiyada qaldı”
-Türklər coğrafi ərazi,
tarixi inkişaf, ləhcə və şivə xüsusiyyətləri
baxımından hansı boylara (qəbilələrə)
ayrılır?
-
Türklər coğrafi ərazi, tarixi inkişaf, ləhcə
və şivə xüsusiyyətləri baxımından müxtəlif boylara ayrılır.
M.Kaşğari “Divani-lüğət-it-türk” adlı
kitabında XI əsrdəki türk qövmlərindən bəhs
edərkən oğuz, qıpçaq, uyğur, karluk,
qırğız, yağma, çiğil, bulqar, başqırd
və s. türk boylarıyla bağlı məlumat verir. Bu
boylardan ən böyüyü oğuzlarla qıpçaqlar
idi. XI əsrin ikinci yarısından sonra oğuzlar Sırdərya
(Seyhun) hövzəsindən Ön Asiya və Anadoluya,
qıpçaqlar da İrtış hövzəsindən Xəzər
dənizi və Qara dənizin şimalındakı ovalara
kütlələr formasında köç ediblər.
Bulqarların bir qolu VI yüzillikdə bugünkü
Bolqarıstan torpaqlarına enmişdi. Müxtəlif istiqamətlərə
edilən köçlərə baxmayaraq türk
boylarının böyük bir bölümü Orta Asiyada
qaldı. Bu tarixi hadisə bugünkü türk birliklərinin
və ərazilərinin birləşməsində
bünövrə rolunu oynayacaq quruluşu formalaşdırmaq
baxımından əhəmiyyətlidir.
Oğuz
boyu qərb türkləri adı ilə tanınan
böyük qrupun təməli olarkən coğrafi baxımdan
Orta Asiyadakı türk kütləsiylə yaxın əlaqəsi
kəsildi.
Qıpçaqlar
özlərindən əvvəl Qara dənizin
şimalından Dunay çayının dənizə
töküldüyü yerə qədər uzanan ərazidə
yerləşmiş olan digər türk qövmlərini də
içlərinə alaraq böyük bir birlik yaratdılar. Bununla
da qıpçaqlar bu gün Şərqi Avropa türkləri
olaraq bilinən qrupun bünövrəsini qoydular.
Üçüncü
qrup isə cağatay və özbək xalqlarının birləşməsindən
yaranan Şərq türkləri və Türküstan
türkləridir. Bu kütləni Orta Asiyada qalan digər
türk boyları yaratdı. Türküstana sonradan qayıdan
qıpçaq qrupları da bu quruluşa girdi.
Dördüncü
qrupu formalaşdıran türklər Sibir, Altay və Akaban
türkləridir. Qərbi Sibir və Altay ərazisindəki
boyların əksəriyyəti qıpçaq və
qırğız mənşəli türklərdir. Ancaq
Sibirin şərqində Kamçatka və Saxalin dənizinə
qədər uzanan ərazidə yaşayan yakutlar ümumi
türkcədən fərqli bir dildə danışmaqda və
öz adət-ənənələrinə görə saka
türklərindən gəlməkdədirlər.
-Türk qövmlərində
ictimai təşkilatlanma necədir?
-Türklərdə
ailələrin, soyların bir
araya gəlməsi ilə boylar (qəbilələr)
yaranıb.
Boylar birliyinə
“bodun” adı verilib. Bodunların birləşməsiylə yaranan dövlətə
“el” deyilib. Ellərin başında
“xan” dururdu. Bunların bir araya gəlməsiylə
“xanlıq”, “xaqanlıq”
(dövlət) yaranırdı.
Qədim
türk dilində xalq kəlməsinin qarşılığı “kün”dür.
Dövlətin başında “xaqan” dururdu. O, ordulara sərkərdəlik
edər, dövlət
işlərinin müzakirəsi
üçün toplanan
qurultaya rəhbərlik
edərdi. Tarixi sənədlər türk xaqanlarına idarəetmə haqqının
və səlahiyyətinin
Gök Tanrı tərəfindən bağışlandığını
(verildiyini) yazmaqdadır.
Orxon-Yenisey abidələrində
Bilgə Xaqan adına ucaldılan
abidədə “Tanrı
bağışladığı üçün kut oldum, xaqan oldum”
deyilməkdədir.
Türklərdə xaqanın haqları və səlahiyyətləri
sonsuz deyildi. Xaqan dövlətin
başı sayılırdı.
Boy bəyləri və
xanlar öz torpaqlarında istədikləri
kimi hərəkət
edirdilər. Bir növ müstəqillikləri
vardı. Dövlət işlərinin müzakirəsində
ən böyük köməkçilər olaraq
qurultay iclaslarında iştirak edirdilər.
Qurultay ildə iki dəfə
toplanırdı. Bu iclaslarda dövlətin müharibə, sülh və ticarət kimi vacib işləri
müzakirə edilir, ölkənin düzgün
və ədalətli idarəsi üçün
qanunlar yaradılırdı.
Türklərdə dövlətin və
ölkənin idarəsi
bu qanunlarla birlikdə, həm də adət-ənənələrə
görə aparılırdı.
Xaqanın “xatun” adı verilən xanımı dövlət işlərinin
aparılmasında xaqana
kömək edirdi. Eyni zamanda
türklərdə xaqana
dövlət və ölkə işlərinin
aparılmasında kömək
etmək məqsədilə
böyük “məmurluqlar”
da qurulub. Bu məmurlara ümumi
olaraq “bəy” adı verilirdi. Bunlardan başqa, türk dövlətlərində
“yabqu”, “şad”, “tarxan”, “tudun” və “tamqacı” adı verilən rütbə, vəzifə
və məmurluqlar da vardı. Xaqan öldüyü zaman qurultay toplanır, xaqanın oğullarından
birini xaqan seçərdi. Xaqanlığa çox vaxt xaqanın böyük oğlu gətirilirdi.
Xaqanlığı bildirmək üçün
xaqanın çadırının
qabağına “doqquz tuğ” qoyulurdu.
-Kitabda hansı türk qövmlərindən bəhs
olunub?
- Kitabda əvvəl olduğu kimi, bu gün də
dünyanın müxtəlif
ərazilərində yaşayan
türk qövmlərindən
bəhs olunub. Bu qövmlərin insanlıq tarixinə təsirləri davamlı və uzunmüddətli olub. Bu səbəblə
insanlıq tarixi türklərə böyük
yer ayrılmadan izah edilə bilməz. Çünki
türklərin Orta Avropanı və Uzaq Şərqi axınları ilə böhrana saldıqları,
Hindistana bir çox axın etdikləri, ruslara boyun əydirdikləri, güclərini Dunaydan Qanqa, Adriatikdən Çin dənizinə və suverenliklərini Pekinə, Dehliyə, Qabilə, İsfahana, Bağdada, Qahirəyə,
Şama, Fasa, Tunusa, Cəzayirə,
Balkan yarımadasına qədər
yaydıqları bilinir.
Bu məsələ ilə
bağlı bunlar deyilir: “Türklərlə
bağlı qəbul ediləcək yeganə tərif linqvistik olandır. Türk türkcə danışandır.
Başqa
bir tərif yetərsiz qalar”.
-Dövrümüzdəki
türk birlikləri hansılardır?
- Günümüzdə türk
birlikləri belə sıralanır: Volqa-Ural ərazisi - tatarlar, krım tatarları, başqırdlar, çuvaşlar,
krımçaklar; Orta
Asiya ərazisi- qaraqalpaqlar, uyğurlar; Sibir ərazisi- yakutlar, dolqanlar, tuvalar, xakaslar, altaylar, şorlar, tofalar; Qafqaz ərazisi- bolqarlar, kumıklar,qaraçaylar, noqaylar,
avarlar, ləzgilər,
darginlər, laklar, tabasaranlar, rutullar, tasahurlar, aqullar, çeçenlər, inquşlar,
adıgeylər, abxazlar,
çərkəzlər, abazalar,
osetinlər, axıskalar,
kabardinlər; Qərb
ərazisi- qaqauzlar, karaimlər.
Günay Rüstəmova
Palitra.-2013.-15 yanvar.-S.8.