“Yeni mərhələdə
internet klublarında vaxtlarını itirən
gənclər üçün səmərəli
layihələr olmalıdır”
Şahin İsmayılov :
“2013-cü ildə gənclər daha geniş əhatədə
layihələrə cəlb ediləcək”
Gənclər
sahəsində baş verən yeniliklər, həyata
keçirilən layihələrlə bağlı olaraq
müsahibimiz Azərbaycan Tələbə-Gənclər Təşkilatları
İttifaqının (ATGTİ)sədri Şahin İsmayılovdur.
-Ölkədə həyata
keçirilən gənclər siyasəti nəticəsində
əldə edfilən dəyişiklikləri necə ifadə
edərdiniz?
- Hələ 1994-cü ildəki
çətin vaxtlarda, yəni dövlət qurumlarının
yenicə formalaşmağa başladığı zamanlarda gənclərlə
bağlı ayrıca nazirliyin yaradılması bu sahəyə
ayrılan diqqətin nəticəsi idi. O ki qaldı son zamanlar
həyata keçirilən gənclər siyasətinə, mən
qeyd etmək istəyirəm ki, 2011-ci ildə qəbul edilən
“Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramı bu məqamda
xüsusi önə çəkilməlidir. Gənclər fəaliyyətinin
bütün istiqamətləri bu proqramda dəstəklənir.
Bu dövlət proqramının ən böyük və üstün cəhəti
ondan ibarətdir ki, ora düşən və orada əksini
tapan bütün təkliflər gənclər tərəfindən
gəlib. Gənclərlə bağlı bu dövlət
proqramının hazırlanması ərəfəsində
müəyyən qurumlar tərəfindən də etiraf
edilirdi ki, heç vaxt bu qədər rezonans doğuran və
diqqətə səbəb olan, gənclərin böyük ordusunu
əhatə edən proqram olmayıb. Çünki gənclər
özü də aktiv surətdə həmin proqramın
hazırlanmasında iştirak etdilər. Çox əhatəli
və mükəmməl bir proqram ərsəyə gəldi.
Bundan başqa proqramın hazırlanması ilə
bağlı yaradılan dövlət komissiyasının tərkibinə
dövlət qurumları ilə yanaşı qeyri-hökumət
gənclər təşkilatlarının rəhbərləri
də cəlb olundu. Hər cür şərait yaradılmışdı ki, gənclər
həmin proqramın hazırlanması üçün öz
töhfələrini verə bilsinlər. Bundan başqa son
dövrlərdə proqramla bağlı olan tədbirlərin həyata
keçirilməyə başlaması gənclər sahəsində
keyfiyyətcə yeni mərhələnin
formalaşmasını təmin etdi. Eyni zamanda regionlarda gənclər
mərkəzlərinin yaradılması, Azərbaycan Gənclər
Fondunun yaradılması kimi çox effektli və davamlı
layihələr həyata keçirildi. İstər Gənclər
və İdman Nazirliyi, istərsə də Gənclər Fondu
çərçivəsində həyata keçirilən gənclər
təşkilatları layihələrindən başqa, Azərbaycan
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası çərçivəsində
də gənclər təşkilatlarının aktivliyini və gənclərə yönəlik
layihələrin intensivliyini görmək mümkündür.
Həmçinin istedadlı gənclərin, tələbələrin
dəstəklənməsi, Azərbaycan gənclərinin xaricdə
təhsil almasının dövlət hesabına həyata
keçirilməsi və sair proqramlar var ki, çoxsaylı gənclər
ordusunun öz inkişafı üçün bunlardan tam şəkildə
bəhrələndiyini demək olar. Bütün qısaca qeyd
etdiklərim onu deməyə əsas verir ki, Azərbaycanda həyata
keçirilən gənclər siyasəti gənclərin intensiv
inkişafını təmin edib və bu sahədə
çox ciddi nümunələr yaradıb. Bu isə eyni
zamanda digər dövlətlərin də Azərbaycan gənclər
siyasətindən nümunə kimi yararlanmasına gətirib
çıxarıb. Bu gün digər ölkə nümayəndələri,
müvafiq sahədə fəaliyyət göstərən
qurumların təmsilçiləri bizim gənclər siyasəti
və onun bəhrələri ilə yaxından maraqlanmağa
başlayıblar. Bir sözlə, Azərbaycan gəncləri
özlərini şanslı hesab etməlidirlər ki, gənclər
siyasətindən, onlar üçün yaradılmış
imkan və fürsətlərdən
bu dərəcədə bəhrələnə bilirlər.
-Gənclər
proqramından gənclərin kütləvi şəkildə
bəhrələnməsi ilə bağlı konkret misal
çəkmənizi istərdik.
-Bu
barədə çoxlu misallar çəkmək olar,
çünki proqram çoxcəhətli və geniş əhatəlidir.
Məsələn, Azərbaycan tələbə kartları barədə
bildirim. Bu kartlar bütün Azərbaycan
tələbələrinə dövlət tərəfindən
pulsuz verilən kartlar oldu. Bu kartlarla tələbələrə
müxtəlif güzəştlər, endirimlər edilməsi
nəzərdə tutulub. Bu kartlar nəinki Azərbaycanda,
Avropa məkanında da əldə oluna bilər. Amma Avropa məkanında
bu kartları əldə etmək üçün müəyyən
ödənişər etmək lazımdır, Azərbaycanda
isə kartlar pulsuz paylanır. Həmçinin bayaq Azərbaycan
Gənclər Fondunun, regionlarda gənclər mərkəzlərinin
yaradılması, idman kompleksləri və sair məşğuliyyət
mərkəzlərinin tikilməsi kimi misalları da təfərrüatı
ilə qeyd etmək və bunlar barədə danışmaq
olar. Ölkədə həyata keçirilən gənclər
siyasətinin ən mühüm cəhəti ondan ibarətdir
ki, gənclərin fikirləri öyrənilir, təşəbbüsləri
dəyərləndirilir və həmin təşəbbüslər
əsasında müəyyən normativ hüquqi sənədlər
hazırlanır. Gənclərlə
bağlı qurumların nümayəndələrinin gənclərlə
bağlı hansısa dövlət proqramının
hazırlanmasından söhbət getmir. Bu prosesdə gənclərin
rəyi və onların istəkləri əsasdır,
yalnız bunun əsasında həmin proqramlar ərsəyə
gəlir. Yəni bu proqramlar sosial sifarişin nəticəsi
olaraq yaranır və reallaşdırılır. Ona görə
də gənclər ordusuna əsaslanır və əksəriyyəti
əhatə edir. Gənclərin ideyaları əsasında
proqramlar hazırlanır və həyata keçirilir.
Düşünürəm ki, gənclərlə bağlı
proqramların uğurlu olmasının ən əsas səbəbi
də bununla bağlıdır. Burada bir məqama da diqqət
çəkmək istərdim. 2011-ci ildə ölkə
Prezidenti ölkədə bir qrup aktiv gənclə
görüşü zamanı belə bir məsələ
ortaya qoydu ki, hazırlanacaq dövlət proqramı konseptual
olmalı və real fəaliyyətlər ortaya qoyulmalıdır.
Həmin proqram məhz bu prinsiplərlə həyata
keçirildiyi üçün bu gün gənclər və
bütün Azərbaycan cəmiyyəti onun bəhrələrini
bariz şəkildə görür.
-Gənclik həmişə bir qədər
maksimalist olması və dinamikliyə, dəyişikliklərə
meyilliliyi ilə fərqlənir. Bu baxımdan gənclərin
bu cür axtarış meyillərini, tələbatlarını
qarşılamaq üçün gənc olaraq nələri təklif
edərdiniz?
-
Çox doğru qeyd etdiniz ki, gənclər həmişə
dinamizmə və dəyişikliklərə,
axtarışlara meyillidir. Bu baxımdan öncədən cəlbedici
və maraqlı görünən layihələr az
keçmiş gənclərə bir o qədər də
maraqlı görünmür.
Ona görə ki, gənclər
yeni axtarışlara başlayırlar. Yaxud gənclərimiz
var ki, gününün çoxunu internet klublarında,
internetdə keçirir. Halbuki bilirik ki, 270-dən yuxarı gənclər
təşkilatımız fəaliyyət göstərir. Eyni
zamanda, digər təşkilatların da gənclərlə
bağlı effektli layihələri var. Regionlarda da gənclər
təşkilatları aktivdir və kifayət qədər gəncləri
ətrafına toplaya bilir. Bundan başqa universitetlərdə
tələbə gənclər təşkilatları fəaliyyət
göstərir ki, gənclər vaxtlarını səmərəli
keçirə bilsinlər. Burada düşünmək
lazımdır ki, necə etmək olar ki, internet klublarında
vaxtlarını boş yerə keçirən gənclər də
onlar üçün ayrılmış şəraitdən,
imtiyazlardan bəhrələnə bilsinlər. Növbəti mərhələlərdə
təbii ki, biz həmin gəncləri əhatə etməliyik
və ən azından həmin gənclər məlumatlı
olmalıdırlar ki, onlar layihələrdə aktiv iştirak
etməklə nələr əldə edə bilərlər.
Yaxud da onlar götür-qoy etməlidirlər ki, internetdə
boş yerə oturmaqla nələri itirirlər. Növbəti
mərhələlərdə biz
çalışmalıyıq ki,
bu barədə optimal seçim yollarını gənclərə
çatdıraq. Onlar ilkin mərhələdə heç
olmasa dolğun bilgiləndirilməlidirlər ki, gənclərlə
bağlı layihələrdə iştirak etməklə,
dövlətin onlar üçün yaratdığı
imkanlardan istifadə edərək Azərbaycan gəncliyinin
avanqard hissəsində yer ala bilərlər. Sizi
inandırım ki, 3 il ərzində Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı olaraq təqribən
414 layihə həyata keçirə bilmişik. Bu layihələrdə
100 mindən yuxarı tələbə iştirak edib. Bu
cür layihələr 2013-cü ildə daha aktiv şəkildə
davam edəcək. Gənclər daha geniş əhatədə
həmin layihələrə cəlb ediləcək.
Bütün kateqoriyadan olan gəncləri bu cür təşəbbüsləri
dəstəkləməyə və onlarda iştirak etməyə
çağırıram. Bu gün gənclərin bu sahədə
üzərinə düşən əsas məsələlərdən
biri təşəbbüskar olmaq, yeni ideyalarla
çıxış etməkdir. Burada ən əsas məqam
isə odur ki, istənilən ideyada dövlətçiliyimizi
qorumalı, millətimizin mənafeyindən
çıxış etməyi bacarmalıyıq. Çünki ölkənin gələcəyi
biz gənclərin üzərində qurulacaq. Buna görə
də gələcəyin məsuliyyətini indidən öz
üzərimizdə hiss etməliyik.
İlkin AĞAYEV
Palitra.-2013.-15 yanvar.-S.7.