«Musiqi alətlərimizi təbliğ etməli, yeniyetmələrimizə, gənclərimizə sevdirməliyik»

 

 Vaqif Qafarov: «Xarici ölkələrdən tar, kamança, qavalla bağlı sifarişlərimiz olur»

 

 Layihə çərçivəsində müsahibmiz «Şirvan» musiqi alətlərinin topdan və pərakəndə satışı və təmiri mərkəzinin sahibi Vaqif Qafarovdur:

 -Müsahibimiz Vaqif Qafarov 7 musiqi alətində sərbəst şəkildə ifa etməyi bacarır. Musiqi təhsilini qarmon üzrə alsa da, tara sevgisi, bağlılığı bir başqadır. Vaxtilə gözəl səsi də olub. Amma indi çox dəbdə olmasına baxmayaraq, oxumağın dalınca getməyib. Meylini milli musiqi alətlərinə, xüsusilə tara salıb. Hazırda Bakıda «Şirvan» musiqi alətləri dükanını işlədir. Amma özünü dükan sahibi, dükan işlədən kimi təqdim etməyi xoşlamır. Çünki çox sevdiyi tarı özü düzəldib, təmir edib satır. Bakının Nizami küçəsində yerləşən balaca dükanda olarkən özünü qəribə aləmdə hiss edirsən. Tarın, kamançanın, sazın, qavalın yaratdığı aura insanı musiqinin sehrinə salır. Müxtəlif musiqi alətlərinin satıldığı dükanda iki alət xüsusilə diqqətimizi cəlb etdi. Bunlardan biri qaval, digəri isə tar idi. Vaqif Qafarov bildirdi ki, qaval vaxtilə Xan Şuşinskiyə məxsus olub və Xan əmi dəfələrlə bu qavaldan istifadə edərək musiqi ifa edib. Xan əminin qavalı bağışladığı şəxs isə onu Vaqif müəllimə verib. O, qavalın satılıq olmadığını bildirərək onu dükanda xüsusi şəkildə qoruyaraq gələnlərə fəxrlə onun Xan Şuşinskiyə məxsus olduğunu bildirdiyini vurğuladı. Diqqətimizi cəlb edən digər alət isə tar oldu. Mağaza sahibi bizə bildirdi ki, tar çarın dövründə düzəldilib və bu günə qədər qorunur. Dediyini sübut etmək üçün tarın üzərində olan möhürü də bizə göstərdi. Bəs onun tara olan sevgisi nə ilə bağlıdır?

- Uşaqlıqdan tara vurulmuşam. Heç səbəbini özüm də bilmirdim. Həmişə tarın səsi məni valeh edir, özünə bağlayırdı. Tez-tez tarın necə düzəldilməsi haqqında düşünürdüm. Onu necə düzəldirlər, bu ecazkar səslər ondan necə çıxır? Bu sual həmişə məni düşündürürdü. Hərdən taxta parçası götürüb kortəbii şəkildə tar düzəltməyə çalışırdım.  Təhsilimi də musiqi sahəsi üzrə almışam. Sumqayıtdakı Soltan Hacıbəyov adına musiqi texnikumunda təhsil almışam. Təhsili başa vurub Şamaxıya qayıtdıqdan sonra orada musiqi müəllimi kimi fəaliyyətə başladım. Amma tara olan marağım keçməmişdi. Boş vaxtım olanda bu işlə məşğul olurdum. Bir gün tarın düzəldilməsi ilə məşğul olan Hümmət adlı kişi ilə tanış oldum. Ondan tar düzəltməyin sirlərini öyrəndim. Həmin vaxtdan milli musiqi alətimizin düzəldilməsi, təmiri və satışı ilə məşğulam. 90-cı illərin əvvəlində Bakıya gələndə İran səfirliyinin yaxınlığında tarın təmiri mərkəzi vardı. Orada çalışıb bu işi daha dərindən öyrəndim. Orada azərbaycanlı ustalarla birgə çalışırdım. Ümumiyyətlə, sizə bir söz deyim ki, uzun illər bizdə bu sahə ilə bədnam qonşularımız məşğul olub, bizimkiləri isə yaxın buraxmayıblar. Amma nə etsələr də, tarı, kamançanı «özəlləşdirə» bilməyiblər. Çünki bunlar bizim milli musiqi alətlərimizdir, ermənilər istəsələr də, bizim kimi sevə, onu dilləndirə, yaşada bilməzlər. Sonralar Sumqayıtda tar müəllimi olan Ələsgər müəllimdən həm tarın, həm də digər musiqi alətlərinin sirlərini öyrəndim. Öyrəndikcə də tarı və digər mili musiqi alətlərimiz olan kamançanı, sazı, qavalı daha çox sevdim. Onlar mənim övladlarım kimidir. Bu gördüyünüz dükan sadəcə satış mərkəzi deyil ki. Mənim üçün  bu musiqi alətləri canlıdır, yaşayır, içəridə onların aurası hiss olunur. Buranı açana qədər «Malakan» bağı adlandırılan yerin yaxınlığında balaca bir mərkəzimiz vardı. Orada mili musiqi alətlərinin düzəldilməsi, təmiri və satışı ilə məşğul idim. Sonradan bura keçmişəm.

- Milli musiqi alətlərini əsas kimlər alır?

- Alıcılarımız fərqli nəslin nümayəndələridir. Əsasən musiqi ilə məşğul olanlar ziyarət edir mağazamızı. Amma ziyarətçilərimiz arasında xarici turistlər də olur. Onlar da əsasən nəfəsli musiqi alətlərinə maraq göstərirlər. Bizdə satılan milli musiqi alətlərini yerli emaxatlanalarda ustalar düzəldirlər. Elə alətlər var ki, onları xaricdən gətiririk. Qiymətləri də fərqlidir. Bahalı alətlər də var, münasib qiymətə də. Amma milli musiqimizə həvəs göstərənlərə endirim edirik. Valideyn uşağının tar və kamança, sazla məşğul olmasını istəyirsə, biz də ona imkanımız daxilində yardımçı olmağa çalışırıq. Müxtəli qiymətlərə alətlərimiz var. 3 min manata da musiqi aləti almaq olar, 4 minə də. 100-150 manata da musiqi alətimiz var. İndi zaman elədir ki, müasir dövrün öz qanunları var. İnternet əsrində uşaqlarımız milli musiqi alətlərindən uzaqlaşır, daha çox kompyuterə meyillənirlər və yaxud da skripka, gitara ilə məşğul olmaq istəyənlər çoxalıb. Şəhərin müxtəlif yerlərində gitara çalan uşaqları, yəqin ki, siz də görmüsünüz. Uşaqların, yeniyetmələrin musiqi ilə məşğul olması, skripka, gitara çala bilməsi yaxşı haldır. Pis yola düşməkdənsə, qoy elə gitara, skripka çalsınlar. Amma milli musiqi alətlərini unutmaq olmaz. Əksinə onları daha çox təbliğ etməliyik. Bu yaxınlarda tarımız YUNESKO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil edilib. Yəni, dünya səviyyəsində tarın Azərbaycana məxsus olduğu təsbit edilib. Biz də musiqi alətlərimizi təbliğ etməli, yeniyetmələrimizə, gənclərimizə sevdirməliyik. Qeyd etdiyim kimi, musiqi alətlərimizin bir hissəsini qonşu Türkiyədən və digər ölkələrdən gətiririk, həm də həmin ölkələrə musiqi alətləri də satırıq. Xarici ölkələrdən tar, kamança, qavalla bağlı sifarişlərimiz olur. Nəfəsli musiqi alətləri ilə yanaşı, milli alətlərimizi alan xarici müştərilərimiz də var.

- Müştəriləriniz arasında məşhurlar da varmı?

- Çox olur. Xalq artistimiz Alim Qasımov tez-tez mağazamıza gəlir. Ondan məsləhətlər almaq, onu dinləmək bizim üçün çox vacibdir. Zəlimxan Yaqub, Rəmiş, Möhlət Müslümov, Ramiz Quliyev, Teymur Mustafayev kimi sənətkarlarımız dəyərli qonaqlarımızdandır. Muğam ifaçılarımız, tar, kamança ustalarımız tez-tez bura baş çəkirlər. Rəmiş ifa etdiyi gitaranı bizim mağazadan alıb. Bir çoxunun adını indi xatırlamıram. Yəni, deməyim odur ki, bura sadəcə dükan deyil, milli musiqimizin təbliğ edilməsində azacıq da olsa rol oynayan bir yerdir.

 

 

Anar Miriyev

 

Palitra.-2013.-16 yanvar.-S.11.