“Mətbuat səhifələrində bol-bol işlənən alınma sözlərin
dildə yaşayacağına zəmanət yoxdur”
Layihə çərçivəsində
müsahibimiz AMEA RH yanında Terminologiya Komissiyasının sədr
müavini, Nəsimi adına Dilçilik İnstitutunun
Terminologiya şöbəsinin
müdiri, professor Sayalı Sadıqovadır:
- Milli varlıq və birliyin möhkəmlənməsində
mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni
zənginləşmə, elmi-texniki inkişaf
üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana
dili hər bir xalqın, hər
bir millətin mənəvi sərvəti, mənəviyyatının
güzgüsüdür. Bu baxımdan hər millətin
inkişafında ən mühüm varlıq və yaşama
amili olan dilin müstəsna rolu vardır. Xalqımızın
ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya
dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə
bələd olan Heydər Əliyevin misilsiz xidmətləri
olub. Son illərdə dilimizin dövlət dili kimi
inkişafı dil quruculuğu ilə bağlı siyasətlə
əlaqədardır. Dilin inkişafını iqtisadi nailiyyətlərdən
üstün tutan ulu öndərimiz yazırdı: «İndi biz
dilimizdə sərbəst danışırıq və hər
bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu
böyük nailiyyətdir ki, bizim bir millət kimi
özümüzə məxsus dilimiz var, o da o qədər zəngindir
ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə
ifadə edə bilirik».
- Bu sahədə hansısa problemlər
varmı və bu istiqamətdə hansı tədbirlər
görülür?
- Ana
dili problemi bu gün yenə də
aktual problem olaraq qalır, buna görə də dövlət
tərəfindən bu problemin həlli üçün
müxtəlif tədbirlər görülür. Azərbaycan
müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir
sıra qanun və qərarlar dilin inkişaf etməsi
üçün yollar açır. 1995-ci il noyabrın 12-də
qəbul edilmiş müstəqil dövlətimizin
Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət
dili elan olundu. Konstitusiyanın
21-ci maddəsində deyilir: «Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dilidir. Azərbaycan
Respublikası Azərbaycan dilinin inkişafını təmin
edir». Ümummilli lider Heydər Əliyev müstəqillik illərində
Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi
istiqamətində də böyük işlər
gördü. Azərbaycan müstəqilliyini
qazandıqdan sonra milli
şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini
genişləndirməyi bir zərurətə
çevirdi. Azərbaycan dilinin
milli-mənəvi, siyasi-hüquqi
haqqının bərpa olunması istiqamətində
atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə
«Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında» fərmanın imzalanması olub.
Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları,
habelə müstəqil dövlətçilik atributu
kimi rolu və funksiyası
göstərilib, on il
ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən
keçirilib. Eyni zamanda
problem və nöqsanlar
müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib
və qəti olaraq 2001-ci il
avqust ayının 1-dən latın qrafikalı
Azərbaycan əlifbasına keçilməsi qərara
alınıb. Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin
qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi
yazı sisteminə qoşulması üçün
yeni perspektivlər açıb və
latın qrafikalı Azərbaycan əlifbasının bərpasını
zəruri edib. Bu
amil isə dil
haqqında müvafiq qanunun,
eləcə də digər normativ aktların qəbul olunmasını
sürətləndirib. Sənəddə on
ilə yaxın bir müddətdə
latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust ayından bütövlükdə təmin
edilib. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında,
yazı mədəniyyətinin tarixində mühüm
hadisə olduğu nəzərdə tutularaq hər il Azərbaycan
əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi
Prezident tərəfindən verilmiş fərmanda qərara alınıb.
Ümummilli liderimiz
Heydər Əliyev dil məsələsinə
dövlət siyasətinin tərkib hissəsi kimi
yanaşırdı. Ona görə də qeyd edirdi ki,
xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində
belə yanaşmanın nəticəsidir ki,
«Azərbaycan əlifbası və Azərbaycan dili
gününün təsis edilməsi
haqqında» 9 avqust 2001-ci il
tarixli Prezident fərmanı
ilə xalqımızın əlamətdar bayramları
sırasına biri də əlavə olunub. Bu istiqamətdə
atılmış vacib addımlardan biri də Ulu öndərin
2003-cü ildə imzaladığı «Azərbaycan
Respublikasında Dövlət dili
haqqında» Azərbaycan Republikasının qanunudur.
Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından
biri olaraq qəbul edilib, onun digər dillər
arasında yaşaması və təkmilləşdirilməsi
sahəsində konseptual ideyalar
irəli sürülüb. Müstəqillik
illərində Azərbaycan dövlətinin Prezidenti
İlham Əliyevin ana
dilinin dövlət dili
kimi geniş, maneəsiz
işləkliyi üçün göstərdiyi
siyasi, milli iradə, gördüyü məqsədyönlü
işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər
mövqe qazanmasına xidmət edir. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı «Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında», 2004-cü il yanvarın 14-də «Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında», eləcə də 2007-ci il 30
dekabrda «Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin
siyahısının təsdiq edilməsi haqqında» sərəncamları
ana dilinin həyatımızın
bütün sahələrində tam və müfəssəl tətbiqini
gerçəkləşdirib.
23
may 2012-ci ildə “Azərbaycan dilinin qlobalaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” Prezidentin sərəncamı
Azərbaycan dilinin tətbiqi və inkişafı
üçün yeni bir addımdır. Dövlət dilini
qorumaq hər bir dövlətin mühüm siyasi-ideoloji vəzifələrindən,
əsas milli texniki maraqlarından biridir. Azərbaycan dilinin
tarixi hüquqlarının
qorunması, onun mənəvi-siyasi nüfuzunu həm
ölkə daxilində, həm də ölkə xaricində
yüksəltmək sərəncamda xüsusi qeyd edilir.
İqtisadi
əlaqələr genişləndikcə, ictimai-siyasi
münasibətlər, eləcə də elmi-texniki tərəqqi
dilin zənginləşməsini zəruri edir. Ünsiyyət
vasitəsi olan dilin bugünkü inkişaf səviyyəsinə rekonstruktiv yanaşma təsdiqləyir
ki, dilin inkişafı cəmiyyətin inkişaf səviyyəsi,
ictimai-siyasi hadisələrlə, qlobal dəyişikliklərlə
əlaqədardır. Müstəqil dövlətçilik mərhələsi
dilin inkişafının ən etibarlı bazasıdır.
Dövlət dili dil siyasətinin əsas
anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə
yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin
real nəticəsidir. Dil quruculuğu da dil siyasəti ilə
bağlı olan anlayışdır, yəni dil quruculuğu
dilə şüurlu və məqsədyönlü təsirdir,
dil quruculuğu dil siyasətinin tərkib hissəsidir.
Hazırkı dövrdə cəmiyyətin bir çox fəaliyyət
sahələrinə nüfuz edən qloballaşmanın dilə
birbaşa təsir dairəsi onun leksik səviyyəsi ilə
bağlıdır. Məhz beynəlxalq aləmə, Avropaya
birbaşa çıxış dilin terminologiyasına təsir
göstərir.
- Hazırda dilin lüğət tərkibinə
yeni sözlərin əlavə edilməsinə münasibətiniz
necədir?
-
Müstəqillik illərində Azərbaycan dilinin lüğət
tərkibində köklü dəyişikliklər baş verir.
Bu hər şeydən əvvəl Azərbaycan dilinin başqa
dünya dilləri ilə birbaşa əlaqələri ilə
bağlıdır. Əgər əvvəllər Azərbaycan
dilinə sözlər əsasən, rus dilindən və rus
dili vasitəsilə başqa dillərdən keçirdisə,
indi alınmalar vasitəçi dil olmadan dilimizə keçir.
Hazırda mətbuat səhifələrində bol-bol işlənən
alınmaların dildə yaşayacağına, işləklik
qazanacağına zəmanət vermək olmaz. Lakin dildə zərurətdən
işlənən sözlərin dilin lüğət tərkibinə
keçərək dili zənginləşdirilməsi vacibdir.
Bu məsələyə münasibətdə ehtiyatlı
olmaq, dildə lüzumsuz yerə alınmaların işlənilməsinə
yol verməmək lazımdır. Bu proses, yəni Azərbaycan
dilinin başqa dillərlə birbaşa əlaqəsi
lüğətlərin tərtibinə də təsir edir. Belə
ki, əvvəllər əsasən, rusca-azərbaycanca, azərbaycanca-rusca
lüğətlərin tərtibi prioritet sahə hesab
olunurdursa, indi ingilis, türk, alman və s. dillərdən Azərbaycan
dilinə lüğətlərin tərcüməsi vacib hesab
edilir. Hazırda dilimizin inkişafı ilə əlaqədar
bir çox uğurlar əldə edilib. Bütün xalq bu dildə
danışır, elmi kitablar, bədii əsərlər, mətbuat
bu dildə nəşr olunur, konfranslar, müşavirələr
bu dildə aparılır, ali məktəb auditoriyalarında
bu dildə mühazirələr oxunur. Bununla yanaşı,
dövrün özünün problemləri var. Ədəbi
dilin dövlət idarələrində tətbiqi məsələsi,
mətbuat dili, radio və televiziya dili, reklamların dili,
virtual məkanda dilin qorunması
düşündürücü detallardır. Buna görə
də dil məsələsi həmişə qayğı tələb
edən ən aktual problemdir.
Bu nəzərə alınaraq sərəncamda Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması qərara alınıb. Terminologiya Komissiyasının yaranma tarixi qədimdir. Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artıb. İndiyədək Terminologiya Komissiyasında elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə terminoloji lüğətlərin hazırlanması və nəşri; terminlərin dövrü mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün tətbiqinə nəzarət; terminologiyanın dilçilik problemlərinin işlənilməsi və s. istiqamətlərdə işlər aparılır.
- Komissiya tərəfindən
hansı tədbirlər həyata keçirilib?
AMEA
Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasında
son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək
məqsədilə bu illər ərzində elmin, mədəniyyətin,
ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı
baş verən dəyişikliklər nəzərə
alınaraq mühüm istiqamətlər
müəyyənləşdirilib. Bu müddət ərzində
elmin demək olar ki, bütün sahələrinə aid 70-ə
yaxın terminoloji lüğət
nəşr olunub. Onların arasında həcmcə
çox böyük izahlı, iki və üç dilli
lüğətlər diqqəti cəlb edir. Müxtəlif
elm sahələrinə aid terminoloji lüğətlərin
elektron variantlarının virtual məkanda yerləşdirilməsi
Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla
zənginləşməsini zəruri edir. Bu nəzərə
alınaraq AMEA RH-nın qərarı ilə Terminologiya
Komissiyasının veb portalı yaradılıb. “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı»
haqqında sərəncamın tətbiq edilməsi dilimizin
inkişafı və tərəqqisi yolunda mühüm mərhələ
kimi qiymətləndirilməlidir.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-17 yanvar.-S.11.