Artım qeyri-neft sektorunun hesabına qazanılıb

 

Dövlət başçısı İlham Əliyev hökumətin son toplantısında bildirib ki, Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilib,  2013-cü ildə görüləcək işlər ölkəni daha da böyük nailiyyətlərə gətirib çıxaracaq: “Çünki 2003-cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır. 2004-cü ilin əvvəlində regional inkişaf proqramı qəbul edilib bu il bu proqramın ikinci mərhələsi başa çatacaq. Əminəm ki, proqramda müəyyən edilmiş bütün vəzifələr bu ilin sonuna qədər təmin ediləcək”.

 Prezident deyib ki, bütövlükdə 2012-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olub: “Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilib. Azərbaycanın düşünülmüş iqtisadi siyasəti artıq öz gözəl nəticələrini verməkdədi və dinamika müsbətdir, inkişaf çox sevindiricidir”. Dövlət başçısı qeyd edib ki, 2012-ci ilin yekunları ilə bağlı əslində ilin əvvəlində də heç bir şübhə yox idi. Prezident 2012-ci ilin əvvəlində çıxışını xatırladaraq,  2012-ci il də uğurlu olacağı barədə əminlik ifadə etdiyini qeyd edib. “Belə də oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artıb. Bu, əslində inkişaf etmiş ölkələr, xüsusilə böhranlı illər üçün çox yüksək göstəricidi. Əlbəttə, templər əvvəlki illərdə daha da yüksək olduğuna görə bu, o qədər də qəbuledilən deyil. Ancaq nəzərə alsaq ki, keçən il neft hasilatında azalma olub və sənaye istehsalı, ümumiyyətlə, 2,3 faiz azalıb, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində artımı çox müsbət göstəricidir”- deyə dövlət başçısı vurğulayıb.  Prezident İlham Əliyev bu artımı qeyri-neft sektorunun hesabına qazanıldığını qeyd edərək bunun sevindirici məsələ olduğunu bildirib: “Qeyri-neft sektoru keçən il 9,7 faiz artıb. Beləliklə, Azərbaycan  iqtisadiyyatı şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilib”.  Dövlət başçısı qeyri-neft sənayenin də artdığını qeyd edib: “Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Qeyri-neft sənayesi təxminən 8 faiz artıb. Kənd təsərrüfatı təxminən 6 faiz artıb. Makroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artıb. Yəni, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da əlbəttə, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricilərdən biridir”. Prezidentin sözlərinə görə, inflyasiyanı aşağı səviyyədə saxlamaq o qədər də asan məsələ deyil: «Nəzərə almalıyıq ki, keçən il çox böyük sosial proqramlar icra edilib. Onların içində sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyanın verilməsi təşəbbüsü var idi. Artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat kompensasiya şəklində verib. Bu, istər-istəməz makroiqtisadi vəziyyətə əlavə yük olub. Bununla bərabər, keçən il investisiya xərcləri rekord səviyyədə olub. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olub. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir». Dövlət başçısı qeyd edib ki, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması  onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Dövlət başçısı vurğulayıb ki, Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir: “Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir. Bax, budur görülmüş işlərin nəticəsi və əlbəttə, biz bu müsbət dinamikanı gündəlik həyatda da görürük. Azərbaycanın  maliyyə imkanları artır”. Sosial məsələlərin həllinə gəldikdə, Prezident keçən il sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlanılmasını xatırladıb. Dövlət başçısı keçən il digər sosial proqramların da icra olunmasını xatırladaraq qeyd edib ki, 2013-cü ildə də bu məqsədlər üçün əlavə vəsait nəzərdə tutulacaq.  Prezident əmin olduğunu bildirib ki, hökumətin sosial siyasətı  bu il də çox təsirli olacaq: “Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görüüb - yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilib və təmir edilib”. Prezident qeyd edib ki, 2013-cü ildə də investisiya proqramında bu layihələr nəzərdə tutulur. Dövlət başçısı keçən il 117 min yeni iş yeri açıldığını, onlardan da 93 mininin daimi iş yeri olduğunu qeyd edib. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşüb və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşüb - 7,6 faizdən 6 faizə.

 

 

ANAR

 

Palitra.-2013.-17 yanvar.-S.4.