“Öz filmlərimizin
keyfiyyətli analizini görmək istəyirik”
“Bu, gənclər
üçün çox əhəmiyyətlidir”
“Teatr,
təsviri sənət, musiqi sahəsində gənclərin
aktivliyi ilbəil artır. Yeni kreativ layihələr həyata
keçirilir, amma gənclərin sənət əsərləri
lazımi ekspert rəyi almır, layihələr elmi nəzəri
analiz edilmir, proqnozlar verilmir. Sənətşünaslıq,
musiqişünaslıq, kino və ya teatr tənqidi bu sahədə
çalışan insanlarda ya sifarişli tənqid və ya
sifarişli tərif kimi qəbul olunur. Amma adı çəkilən
sahələrdə gedən proseslərin dərin analizi,
proqnozu çox vacibdir. Xüsusi ilə sənət sahəsində
ilk addımını atan yaradıcı gənclər üçün bu
çox əhəmiyyətlidir. Yaradıcı gənclərin
maariflənməsi, püxtələşməsi
üçün də sənətşünaslığın
əhəmiyyəti danılmazdır”. Bu sözləri
müsahibim Gənc Film İstehsalçıları
Assosiasiyasının rəhbəri, Azərbaycanda yeganə
analitik kino jurnalı kimi tanınan “Fokus” jurnalının layihə
müəlliflərindən biri Əli İsa Cabbarov deyir.
Onun sözlərinə görə
bu problemləri aktuallaşdırmaq, gənc art yazarlara dəstək
olmaq, onların peşəkarlıq
səviyyəsinin artırılması, yaradıcı gənclərin
layihələrinin işıqlandırılması, analiz edilməsi məqsədi ilə Assosiasiya
“İxtisaslaşmış art nəşrlər”,
“Yaradıcı gənclərin kino evi”, “Yaradıcı gənclərin
və art jurnalistlərin peşəkarlıq səviyyəsinin
artırılma vasitəsi” kimi layihələri gerçəkləşdirir. “Bu sahəyə maraq sadə bir tələbatdan
doğdu. Öz filmlərimizin keyfiyyətli analizini görmək
istədik. Son dövrlər teatr və təsviri sənətdə gənclərin
aktivliyini müşahidə edib bir problemi
açıq-aydın sezdik: layihələr
ekspert rəyinə həsrət qalıb,
peşəkar analiz olunmur.
Ona görə art
yazarları dəstəkləyən, bu
sahədə fəaliyyəti stimullaşdıran layihəyə
başlamağı qərara aldıq. Layihə Azərbaycan Gənclər
Fondunun qrant müsabiqəsinin
qaliblərindəndir. “Yaradıcı gənclərin kino evi” konsepsiyası
altında noyabr ayından etibarən
müntəzəm olaraq fərqli, intellektual filmlərin baxışını keçiririk. Bundan başqa layihə
çərçivəsində art yazarlar üçün master klaslar təşkil
ediləcək, yaradıcı gənclərin və gənc art yazarların layihələri
işıqlandırılacaq”.
“Məqsədlərdən
biri də jurnalistlərimizin
işlərinə dözümlü münasibəti formalaşdırmaqdır”
O bildirdi ki, layihə çərçivəsində
ötən ay “Fokus” analitik kino jurnalının uzun fasilədən
sonra növbəti sayı nəşr olundu. Onun sözlərinə
görə ildə 4 dəfə nəşr olunan jurnalın
bu sayında dünya və yerli
kino bazarında baş verən hadisə və filmlər
haqqında yazılar dərc olunub. “Nəşr etdiyimiz əvvəlki
nömrələrlə jurnal
peşəkar kinematoqrafçıların rəğbətini
qazanıb. Daha çox peşəkarlar üçün nəzərdə
tutulan jurnalımız həm də
bir tədris vəsaiti kimi də təqdim olunmalıdır.
Belə ki, son illər dünya kino nəzəriyyəsi, kino
marketinq haqqında Azərbaycan dilində hansısa kitablar
hazırlanmır və ya tərcümə olunmur. Jurnal bu boşluğu
aradan qaldırmaq üçün xarici dillərdən
müasir kino industriyanın getdiyi yollardan, cərəyanlardan,
kommersiya layihələrindən bəhs edən müxtəlif
məqalələrə geniş yer ayırıb”.
O
qeyd etdi ki, kino jurnalı layihəsi
sırf kino məsələlərini işıqlandırmaq
yox, həm də art jurnalistikaya dəstək olmaq məqsədi
daşıyır. “Çeşitli art nəşrlərin,
peşəkar art jurnalistlərin olmasında bütün sənət
xadimləri maraqlıdır. Çünki mədəniyyətin
bütün sahələrində , kinematoqrafiya da daxil olmaqla,
peşəkar art jurnalistlərə, keyfiyyətli analizlərə
ehtiyac var. Bu sahədə çalışan jurnalistlərimizin
fəaliyyətinin dəstəklənməsi təkcə
KİV və ya kinonun deyil, ümumilikdə, mədəniyyətimizin
vacib məsələlərindən biridir. Sənətşünaslığımız
və art jurnalistikamız çox təəssüf ki, kinematoqrafçıların,
teatr xadimlərinin, rəssamların və bəstəkarların
xidmətində farağat pozasında dayanmağa öyrəşib. Bu bərbad vəziyyətdən nə
art jurnalistikası, nə də incəsənət qazanacaq. Bu
baxımdan “Fokus” kino jurnalının qarşısında duran
məqsədlərdən biri də art jurnalistlərimizin
işlərinə dözümlü münasibətin
formalaşdırılmasıdır. Biz art jurnalistikanın
inkişafı üçün münbit şərait yaratmaq
istəyirik. Amma deməliyəm ki, bu sahədə müəllif qıtlığı
ilə üzləşirik. Bunun üçün art sahəsini
işıqlandıran KİV-lərin sayı artmalıdır.
Bu sahədə nəşrlərin sayı dəhşətli
dərəcədə azdır. Teatr və təsviri sənəti
işıqlandıran xüsusi nəşrlərin hələ
də olmaması biabırçılıqdır. Çox
sevinirəm ki, “Fokus” kino sahəsindəki boşluğu
azacıq da olsa doldurur. Ancaq bu o demək deyil ki, biz mükəmməlik.
Art jurnalistika intellektual fəaliyyət növüdür,
siyasi jurnalistikadan, sosial və şou-biznes problemləri
işıqlandıran yazılardan fərqli olaraq, art
jurnalistika ilə müəyyən intellektual bazası olan
oxucular maraqlanır. Bir qayda olaraq da intellektual məhsul az
reytinqli olur. Yeri gəlmişkən, art jurnalistikanın janr
kimi az populyarlığı bununla əlaqəlidir. Layihəmizin
əsas məqsədlərindən biri də intellektual məhsulun
yüksək reytinqli olması yollarının
tapılmasıdır. Bunun üçün biz, jurnalın dizaynında və
mövzuların seçimində daha geniş oxucu kütləsinin
marağını cəlb etməyi bir məqsəd olaraq
düşünmüşük”.
Qeyd
edək ki, jurnalın dekabr nömrəsində Jan Lyuk
Qodarın master klası, alman kinorejissoru Verner Hersoqun
müsahibəsi yer alıb. “Nömrənin özəlliklərindən
biri filosof, ictimai xadim Heydər Camalın mühazirəsidir. Bu müəllifin doğma dilində
ilk nəşridir. Son dövrlərin səs salmış filmlərindən
olan “Dolu” və Amerika Kino Akademiyasının Tələbə Oskarı
mükafatına layiq görülmüş “Tabutçunun yelləncəyi”
filminə resenziyalar müasir Azərbaycan kinematoqrafı haqda
təsəvvür yaratmağa kömək edəcək.
“Müharibə edən ölkənin kinosu necə
olmalıdı?” sualına Aysel Əsgərova “Kinoda savaş”
məqaləsində axtarır. Jurnalın daimi müəlliflərindən
olan Aliyə Dadaşova “Kino və
magiya”, professor Aydın Dadaşov isə Line Rifenştalın
filmoqrafiyası nümunəsində “Totalitarizmdə TV və
təbliğat” mövzusunu
araşdırır. Gələcəkdə xüsusi ilə
televiziya, teatr mövzularına
daha çox yer vermək istəyirik. Bunlar hamısı
kinorejissura ilə bağlıdır. Ölkədəki
bütün sahədəki reformalar teatr, televiziya, kinoya da təsirini göstərir,
ona görə bu sahədəki uğurlardan danışmamaq
günahdır. Bütün uğurların analizə
ehtiyacı var ki, onun nəzəri əsasları
çözülsün. Bu həmin uğurları daimi edər”.
Müsahibim
Azərbaycanda kino tənqidinin zəif və az olmasını əsasən
mentallıqla əlaqələndirir. “Biz tənqidi bədxahlıq
kimi qəbul edirik. Ona görə bu peşə məddahlığa
çevrilib. Həyatımızdan ümumiyyətlə
analitik keyfiyyət itmək üzrədir. “Mənə elə
gəlir ki” sözünü çox gec eşidirik. Biz bu sahədə
addım - addım irəliləyirik. Amma bu çox azdır.
Bu işi ağsaqqalarımız nümunə verməlidir.
Çünki tənqidi bədxahlıq kimi qəbul etmək
artıq gənclərin arasında da var. Başqa tərəfdən
təhsilin keyfiyyəti də əhəmiyyətli rol oynayır.
Ümidimiz Aydın Dadaşov, Aydın Talıbzadə kimi sənətşünaslarımızadır.
Onların artıq Aygün Aslanlı, Aliyə Dadaşova kimi
tələbələri var. Zaman və təhsildə qəti
qərarlara ehtiyac var”.
“Gəlirlilik
haqda
düşünmürük”
O deyir ki, jurnalın oxucu kütləsi artıq formalaşıb. “Bunun 80 %-i peşəkarlar, qalanı kino ətrafı oxuculardır. Bir qayda olaraq oxucularımız ziyalılar, tələbələr və intellektual insanlardır. Ümumilikdə redaksiyanın işini yüksək qiymətləndirirəm. Bizdən sadəcə öz yolumuzdan dönməmək tələb olunur. Jurnalı ərsəyə gətirən hamının adını çəkmək istəyirəm - Asif Rüstəmov, Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultan, Rəqibə Nazimqızı, dizayner Hikmət Hüseynov və s. Amma hələ də gəlirlilik haqda düşünmürük. İlk həll ediləsi məsələ dövrülükdür. Oxucumuz bilməlidir ki, hər 4-cü ay “Fokus” jurnalını əldə edə biləcək. Bir də müəllif tərkibimizi genişləndirmək istəyirik. Xüsusən beynəlxalq müəlliflərin cəlb edilməsini düşünürük”. Müsahibim hesab edir ki, kino jurnalı formatında informasiya xarakterli rəngli jurnala və həftəlik qəzetə də ehtiyac var. “Kinonun təbliğatı total olmalıdır. Mətbuat oxucuda, vətəndaşda kinonu prestijli sahə kimi təqdim etməlidir. Kino mənəviyyatın sanki bir gigiyenasıdır, tərbiyə məsələsidir. Ona görə insanların milli-mənəvi dəyərlərdə tərbiyə olunması dövlətimizin gələcəyidir. Belə yanaşsaq kinonun nə qədər vacib sahə olduğunu görərik. Ümid edirəm ki, bölgələr də kino ilə bağlı təşəbbüslər qaldıracaq. Məsələn, Gəncə kimi iri şəhərdə niyə kino ilə bağlı nəşrlər olmasın? Bu çox gözəl olardı”.
Nərmin MURADOVA
Palitra.-2013.-17 yanvar.-S.12.