“İctimai təşkilatlar
milli-mənəvi dəyərlərin təbliği sahəsində
daha fəal olmalıdır”
Solmaz Əmirli: “Yad təsirlər
televiziya, elektron vasitələrlə beyinlərimizi, ruhumuzu, mənəviyyatımızı
zəhərləməyə yönəlib”
“Aydınlığa
doğru” milli-mənəvi dəyərlərin qorunması
İctimai Birliyinin sədri, telejurnalist Solmaz Əmirli layihə
çərçivəsində fikirlərini “Palitra”ya
bildirdi. Son vaxtlar “milli-mənəvi dəyərlər” ifadəsinin
tez-tez eşidildiyini deyən S.Əmirli bunun çox dərin
məzmunu, məna tutumu olduğunu dedi: “Çox işlədilib
adiləşən, ilkin mahiyyətni itirən bir çox dəyərlər
kimi hər bir xalqın simasını müəyyən edən
bu ifadə də çox işləndiyindən adiləşərək,
sadəcə söz olaraq qala bilər. Milli-mənəvi dəyərlərimiz
əsrlərlə xalqımızın təfəkkürü,
həyat tərzi, dini dəyərlərimiz, ailə, cəmiyyət
və toplumarası münasibətlər əsasında
formalaşıb nəsildən-nəslə ötürülərək
zənginləşib çoxçalarlı, misilsiz dəyərlər
toplumu halına gəlib. Qədim tariximizin keşməkeşli
dönəmlərində xalqımız bu dəyərlərə
söykənərək, milli mədəniyyətimizin zəngin,
çoxşaxəli, çoxçalarlı nümunələrini
yaradıb. Ailədaxili münasibətlərdən tutmuş,
qohumluq, qonşuluq əlaqələrində, milli mətbəximizdə,
toy-yas mərasimlərimizdə, dərin məzmunlu el
bayramlarımızda, etnoqrafiyamızda, şifahi və
yazılı ədəbiyyatımızda milli-mənəvi dəyərlərimiz
öz əksini tapıb”.
Onun
sözlərinə görə, hazırda yad təsirlər
televiziya, elektron vasitələrlə beyinlərimizi, ruhumuzu, mənəviyyatımızı
zəhərləməyə yönəlib: “Bu gün XXI əsrin
əvvəllərində dünyamızın kiçildiyi bir
zamanda qloballaşma adı ilə Qərbdən Şərqə,
o cümlədən xalqımıza transfer edilən
qondarma “mədəniyyət”,
yad təfəkkür, ailə, cəmiyyətdaxili
qeyri-sağlam münasibətlər xalqımızın
kimliyini, simasını müəyyən edən milli-mənəvi
dəyərlərimizi aşındırmağa, məhvərindən
çıxarmağa xidmət edir. Hər bir şeyin iqtisadi
maraqlara, əyləncəyə, şouya, ötəri hisslərə
yönəldiyi bir zamanda milli simanı qoruyub saxlamaq, sağlam
əqidəli, Vətənimizə, dünyamıza dəyərli
övladlar tərbiyə etmək elə də asan iş deyil.
Bir bənzətmə olsa da, sanki biz bellə, onlar isə
buldozerlə qazırlar”.
Buna
baxmayaraq, S.Əmirli millətini ürəkdən sevən,
onun dəyərlərinə sadiq olan, zamanın ruhunu, ahəngini
tutub, eyni zamanda milli-mənəvi dəyərlərimizi
yaşatmaq əzmində olan insanların da az
olmadığını vurğuladı: “Xüsusilə bu
gün dövlət səviyyəsində bu işlərə
dəstək verilməsi, fəaliyyət proqramlarının
hazırlanması daha çox iş görmək
üçün meydan açır. Və sözsüz ki,
ictimai təşkilatlar bu sahədə daha fəal olmalı,
milli qeyrət göstərərək, qrand, mükafat xatirinə
yox, bu günümüz, gələcəyimiz naminə, milli
sinmamızı saxlamaq naminə istər Bakıda, Bakıətrafı
kəndlərdə, istərsə də regionlarda məqsədyönlü
geniş, əhatəli iş aparmalıdırlar”.
“Milli mədəniyyətimizin, mənəviyyatımızın
qorunması və təbliği ilə bağlı bir sıra
layihələr həyata keçirmişik”
Həmsöhbətimizın fikincə,
bizə və bizdən sonra gələn nəslə çox
mürəkkəb və çətin bir vaxtda yaşamaq nəsib
olub: “Sovet rejimi, ideologiyası nə qədər qüsurlu
olsa da, yalan üzərində qurulmuş olsa da, hər halda həm
qapalı məkan olduğundan, yəni yad təsirlərin böyük sovet məkanına
sızması çox çətin olduğundan, eləcə
də ideologiyanın xalqların dostluğu, əməyin tərənnümü,
mərhəmət kimi dəyərlərin təbliğinə
yönəldiyindən çəkilən filmlər,
yazılan ədəbiyyat, televiziya verilişləri də bu istiqamətdə
idi. Mən televiziya jutnalisti kimi Azərbaycan Dövlət
Televiziyasında fəaliyyət göstərirdim.
Xatırlayıram, o dövrdə hətta xəstəxanalardan
hazırlanan verilişlərdə belə iri planda cərrahiyyə
əməliyyatı, bir damla olsa belə, qan efirə verilmirdi.
Nümayiş olunan filmlərdə zorakılıqla, əxlaqsızlıqla
bağlı kadrlar montaj edilib götürülürdü. Hətta
efirə gedən mahnıların məzmununa belə son dərəcə
diqqətlə yanaşılırdı. Uşaqlar
üçün göstərilən cizgi filmlərində
yardımlaşma, mərhəmətli olmaq, özündən
kiçiklərə, xüsusilə təbiətə
qayğı göstərmək kimi keyfiyyətlər təbliğ
olunurdu. SSRİ dağıldıqdan sonra bütün postsovet
məkanında olduğu kimi, Azərbaycanda da bir ideoloji
boşluq yarandı: köhnə dağıldı, yerində
yenisi yaranmamış yad təsirlər televiziya, kino ekranları
vasitəsilə və daha sonralar müxtəlif elektron vasitələrlə
üstümüzə ayaq aldı. Üstəlik Qarabağ
müharibəsi! İnsanların doğma yurd-yuvalarından,
adət etdikləri mühitdən, qohumluq, əqrabalıq,
el-oba bağlılığından ayrı düşüb,
onlar üçün yad olan şəhər və Rusiya
mühitinə düşmələri mənəviyyatımızda
ağrılı bir iz buraxdı”.
Birlik
sədri qeyd etdi ki, ideologiyasızlıq və milli-mənəvi
dəyərlərdən uzaq düşmə nəticəsində
yeni, siması hələ də dəqiq formalaşmayan, nə
şərqli kimi şərqli, nə də heç qərbli
olmayan nəsil yetişib: “Bu proses bu gün də davam edir. Bir
fərq var ki, o illərin ağır yükünü
çiynimizdən yerə qoyduqca, itirib əldə etdiklərimizin
fərqində olmağa başlayırıq. Ciddi fəaliyyətə
keçmək vaxtıdır!”.
O,
“Aydınlığa doğru”nun milli-mənəvi dəyərlərin
qorunması istiqamətində fəaliyyətindən də
danışdı. Qeyd etdi ki,
milli mədəniyyətimizin, mənəviyyatımızın
qorunması və təbliği ilə bağlı bir sıra
layihələrin həyata keçməsinə, bir çox dəyərli
ziyalıları, sağlam əqidəli insanları ətraflarına
toplamağa nail olublar: “İlk layihələrimizdən biri hər
birimizi narahat edən, narazılığımıza,
etirazımıza səbəb olan toylarımızın ilkin
simasının bərpa olunması ilə bağlı idi. O
zaman biz AMEA Etnoqrafiya İnstitunun köməyi ilə
İçərişəhər toy modeli əsasında
çox maraqlı bir toy mərasiminin ssenarisini
hazırladıq. Toyun reallaşması Milli Kulinariya Mərkəzinin
rəhbəri Tahir Əmiraslanovun, istedadlı müğənnilərimiz
Mənsum İbrahimov, Nəzakət Teymurova, Samirə Allahverdi
və Samir Salamın bizə
yaxından və təmənnasız köməyi nəticəsində
ərsəyə gəldi. Toy mərasimində gəlin və
bəyimiz, eləcə də qonaqların bir çoxu bənzərsiz
gözəlliyi olan milli geyimlərimizdə idilər, mərasim
boyu milli toylarımızı müşayiət edən adət-ənənələrimiz
öz əksini tapmış, qonaqlar bu mərasimin həqiqi
iştirakçısına çevrilmişdilər.
Hamının ürəyincə olan bu milli toy mərasimindən
fraqmentlər dəfələrlə televiziya kanalları vasitəsilə
göstərilib”.
“Fəaliyyətimiz
milli-mənəvi dəyərlərimizə
söykənərək, müasir dünyamızda layiqli
yerimizi tutmağa istiqamətlənib”
2010-cu
ildə isə İctimai Birlik tərəfindən “Müasir cəmiyyətdə
qadın şəxsiyyəti”
adılı konfrans keçirilib: “Konfransın
şüarı “Sən diqqət mərkəzindəsən!”
oldu. Qadına ünvanlanmış bu şüar konfransın
məzmununu və daha sonrakı iş fəaliyyətimizi
açıqlayır. Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin, bir sıra qadın
ictimai təşkilatlarının, respublikamızın dəyərli
ziyalılarının qatıldığı konfransda
qadınlarımızın dünəni, bu günü göz
önünə gətirilərək istər ailə, istərsə
də cəmiyyət münasibətlərində, cəmiyyətin
durulaşmasında, milli simanının saxlanmasında
qadının boynuna düşən vəzifələr
göz önünə gətirildi. Hindistanın böyük
ictimai xadimi və mütəfəkkiri Mhatma Qandinin “Bir
qadına təhsil-vermək millətə təhsil vermək
deməkdir” ifadəsini leytmotiv götürərək, Azərbaycan
qadınının müasir biliklərə yiyələnərək,
dəyərli övladlar, yəni xalqımızın
işıqlı gələcəyini quran nəsil tərbiyə
etmək vəzifəsi ən ümdə vəzifə kimi
önə çəkildi. Qadın əqidəcə
sağlamdırsa, milli-mənəvi dəyərlərə
sadiqdirsə, ailə məsuliyyətini, boynuna düşən
vəzifələri dərk edirsə, deməli cəmiyyət
də sağlamdır. Konfransda səslənən fikirləri,
Azərbaycan qadınının boynuna düşən vəzifələri
regionlarımızda yaşayan qadınlarımıza
çatdırmaq məqsədi ilə Quba və Xaçmaz
rayonlarında konfranslar keçirib, ziyalı, fəal
qadınlarını daha fəal olmağa, qadınlar
arasında maarifçilik işini genişləndirməyə
təşviq etdik. Bu sahədə işimiz hələ də
davam edir”.
2011-ci
ildə isə “Yeni Yol” gənclərin maarifləndirilməsi
İctimai Birliyi ilə birgə
“Gənclərimizin gələcəyi-Vətənimizin gələcəyidir”
adlı geniş konfrans təşkil ediblər. S.Əmirli
deyir ki, konfransdan öncə bir neçə ay tələbə-gənclər
arasında anket sorğusu aparıblar: “Sorğu anketlərindəki
sosioloq və psixoloqların köməkliyi ilə tərtib
edilmiş şəxsiyyət, təhsil, əks cinslə
münasibət, ailə mövzusunda 50 sualı Bakı və
Sumqayıt şəhərlərindəki ali və orta ixtisas
məktəblərində oxuyan 5764 gənc anonim şəkildə
cavablandırdı. Sorğunun nəticələri ekspertlər
tərəfindən araşdırdı və adı çəkilən
sahələrdə gənclərimizi narahat edən əsas
problemlər müəyyənləşdirildi. 6 mart 2011-ci il tarixdə bu problemlərin
və onların həlli yollarının müzakirə
edildiyi, “Birləşək, həll edək!” devizi altında
“Gənclərimizin gələcəyi Vətənimizin gələcəyidir”
adlı konfransda fəal gənclər iştirak edərək,
mövcud vəziyyətin düzəlməsi ilə
bağlı öz təkiliflərini verdilər.
Çıxışlar əsasında hazırlanan təkliflər
paketi hər iki ictimaii birlik tərəfindən Prezident
Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinə
təqdim olundu”.
İki
ildən bəri fəaliyyət göstərən “Ziyalı
ünsiyyəti” layihəsini isə
bu ildən etibarən “Elm yurdu”
sosial araşdırmalar İctimai Birliyi ilə birlikdə ali məktəblərə
çıxarıblar. O bildirir ki, Azərbaycan Dillər
Universitetində və Bakı Türk Liseyində
keçirdikləri görüşlər tələbə-gənclərlə
ziyalıların görüşünün vacibliyini və
son dərəcə faydalı olduğunu göstərib:
“Qoyulan mövzuların (“Müasir elm və mənəviyyat”,
“Müasir kinonun mənəviyyata təsiri və milli
simanın itməsi”, “Gənclərimizin virtual ünsiyyətə
marağı və sosial fəallığının azalması”
və s.) aktuallığı gənclərimizin böyük
marağına və müzakirələrdə yaxından
iştirakına səbəb oldu və onları bu sahələrdə
yaranmış problemlərin həllində daha fəal
mövqe tutmağa sövq etdi”.
Gələcək
planlarından da danışan S.Əmirli bildirdi ki, cəmiyyətimizdə
dialoq mədəniyyətinin formalaşması istiqamətində
geniş layihə hazırlayıb, müxtəlif ictimai təşkilatları
bu işə cəlb edərək bir sıra tədbirlər
keçirməyi nəzərdə tuturuq. “Arzularımız,
istəklərimiz, fəaliyyətimiz xalqımızın
milli-mənəvi dəyərlərinə söykənərək,
müasir dünyamızda layiqli yerimizi tutmağa istiqamətlənib”,-deyə
o, fikirlərini tamamladı.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-18 yanvar.-S.13.