“Çexiyada musiqi üzrə təhsil alan
ilk azərbaycanlıyam”
Günel Ələkbərova: “Bizim
estrada janrlı musiqilərimizi Avropada kifayət qədər
tanıyırlar”
Bu həyatda
insan üçün vacib olan ən mühüm amillərdən
biri də peşəsi ilə xoşbəxt olma sevincidir. Müsahibimlə
söhbətdə bu sevinci onun
gözlərindən, mimikalarından, sözlərindən
anlamaq çətin deyildi. Layihə çərçivəsində
növbəti müsahibim Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının solisti, həmçinin Mədəniyyət
və İncəsənət Universitetin vokal ixtisası
üzrə baş müəllimi Günel Ələkbərovadır.
Onunla keçən səmimi
söhbəti sizə təqdim edirik.
“Valideynlərim mənim musiqiçi
olmağımı istəmirdilər”
-
Kiçik yaşlarımdan musiqiyə böyük həvəsim
olub. Hətta deyilənə görə 6 aylığımda musiqi səsi
eşidən kimi ağlamağımı kəsirdim. Bizim ailədə
incəsənətin müxtəlif sahələri ilə məşğul
olanlar olub. Dayım xalq rəssamıdır, böyük
qardaşım dirijor olub, indi müəyyən səbəblərə
görə musiqidən ayrı düşüb. Balaca
qardaşım rəssamdır. Amma valideynlərim mənim
musiqiçi olmamı istəmirdilər. Onlar mənim həkim olmamın tərəfdarı
idilər. Ona görə mən bütün fənləri
yaxşı oxuyurdum, məktəbi də əlaçı
kimi bitirdim. Universitetə imtahanda da 600 baldan çox
topladım. Hətta bu balla vokalı seçən insan kimi
tarixə də düşə bilərəm. Anamdan xəbərsiz
ixtisas seçimində Bakı Musiqi Akademiyasının opera
üzrə solo oxuma ixtisasını qeyd etdim. Oranı müvəffəqiyyətlə bitirib, magistr olmaq üçün
xaricə getdim. Praqa Dövlət Musiqi Akademiyasının
vokal şöbəsinin-opera ifaçısı
bölümünə qəbul olundum.
“İfa etdiyim musiqilər mənim
özümdür”
-Bilirsiniz,
hər bir sənətin öz çətinliyi olduğu kimi
vokal sənətinin də çətinliyi istisna deyil. Bu sənəti
seçən adamın həm aktyorluq qabiliyyəti, həm də
Allah tərəfindən səsi olmalıdır.
Vokalçıda aktyorluq istedadı
olmayanda tamaşaçını cəlb etmək, diqqətini
çəkmək çətin olur. Yəni, onlar operada
sevgini, kədəri, itkini ifadə etməkdə çox
çətinlik çəkirlər. Bir vokalçı
üçün operada ifa etdiyin partiyanı
tamaşaçıya çatdırmaq çox böyük
xoşbəxtlikdir. Elə vokalistlər var, gözəl səsləri
olmasına baxmayaraq, aktyorluq qabiliyyətləri yüksək səviyyədə
deyil. Bu baxımdan çox
çətin sənətdir.
Amma artıq qəti olaraq bilirəm ki, mən yüz dəfə
də bu dünyaya gəlsəm, yenə də
musiqiçi-vokalçı olaram. Çünki bu sənət
məni yaşadır, xoşbəxt edir, ifa etdiyim musiqilər mənim
özümdür, mənim abu-havamdır, əhvalımdır.
“Ora
gedəndə Azərbaycan üçün, Azərbaycana gələndə
isə Çexiya üçün darıxıram”
Buna qərar verməm çətin olmadı. Çünki xarici təhsil çox güclüdür,
bundan başqa Çexiyada imkanlar daha çox idi. Orda təhsil alarkən,
ifaçılıq edərkən,
mənim ifam təkcə Praqa şəhəri ilə çərçivələnmirdi. Biz demək olar
ki, hər həftə Avstriyada, Almaniyada konsert proqramları ilə çıxış edirdik.
Yəni, bütün Avropa dairəsini gəzib ifamızı təqdim edirdik. Bundan başqa görüşlər, seminarlar
keçirirdik. Beləcə,
bir ifaçı başqa ölkərlərlə,
onların musiqi təhsili ilə yaxından tanış
olma şansına malik olur. Orada mübadilə
çox geniş yayılıb. Amma Azərbaycanda
öz təcrübəmə
əsasən deyirəm,
Musiqi Akademiyasında vokalda oxuyarkən ancaq Bakı ilə kifayətlənməli
olursan. Öz vəsaitin olmasa
xaricə çıxa
bilmirsən, bu mənada, Azərbaycanda imkanlar çox məhduddur.
Çexiyada Praqa
Dövlət Musiqi Akademiyasının “Vokal və nəzəriyyə üzrə ixtisasca “ doktorantura elmi
dərəcəsinə, YUNESKO diplomuna layiq görüldüm. Amma tək bununla
bitmirdi, çoxlu sayda xarici ölkələrdə seminarların
və çıxışların
müəllifi olmuşam.
Həm xarici ölkələrdə,
həm də doğma Azərbaycanda tez-tez musiqi festivallarında çıxış
edirəm.
Xarici ölkələrdə
çıxışlarıma gəlincə, Praqa,
Plzen, Bratislava, Vena, Salzburq, Drezden, Berlin, Budapeşt kimi şəhərlərdə saysız
hesabsız konsertlər
vermişəm. Amma məni
narahat edən məsələ iki ölkə arasında musiqi mübadiləsinin çox zəif olmasıdır. Mən ora
gedəndə Azərbaycanın
Çexiyada səfirliyi
belə yox idi. Çexiyada musiqi üzrə təhsil alan
ilk azərbaycanlıyam. İndi artıq Azərbaycandayam
və burda çalışacam. Həmişə elə bilirəm ki, mənim iki vətənim var. Azərbaycan və Çexiyanı heç vaxt bölmürəm.
Bir insan üçün ata-ana eyni dərəcədə
necə əzizdirsə,
mənə iki ölkə elə əzizdir. Ora gedəndə Azərbaycan
üçün, AzərbaycanA
gələndə isə
Çexiya üçün
darıxıram.
Çexiyalıların bizim
musiqimizlə tanışlığı
- 7 il bundan əvvəl
mən Praqa Dövlət Musiqi Akademiyasının “Sal- Martin” zalında bizim bəstəkarlarımızın klassik bəstələrindən
ibarət konsertlə çıxış etmişdim.
Bu, ilk dəfə idi ki, onlar bizim
klassik musiqimizlə tanış olurdular. Çexiyalılar çox bəyənmişdilər.
Amma ümumilikdə götürsək,
bu gün musiqimizi dünyada tanıtmaq üçün
dövlətimiz çox
mühüm işlər
görür. Heydər Əliyev
Fondunun rəhbəri Mehriban xanım Əliyeva bu istiqamətdə çox çalışır. Ən
adi bir misal
çəkim, “Avroviziya”
yarışmasının Azərbaycanda
keçirilməsi, hər
il beynəlxalq
səviyyədə təşkil
olunan “Qəbələ”
musiqi festivalını
buna misal göstərmək olar. Belə tədbirlər vasitəsilə
xaricilər bura gəlir, bizim musiqimizlə yaxından tanış olur. Onu da qeyd
edim ki, bizim estrada janrlı
musiqilərimizi Avropada kifayət
qədər tanıyırlar.
Amma əlbəttə, çalışmaq
lazımdır ki, bundan da çox
tanınaq. Və mən
əminəm ki, çox tezliklə Azərbaycan dünya ölkələri arasında
ilk sıralarda olacaq.
Çünki həqiqətən musiqimiz buna layiqdir. Bizim necə gözəl
muğamlarımız var,
hamısı ayrılıqda
möcuzədir. Düzdür, mən heç vaxt muğam ifa etməmişəm.
Mən ya bir şeyi
gözəl edirəm,
ya da heç
etmirəm. Amma bizim
bəstəkarlardan çox
romanslar ifa etmişəm.
Misal üçün,
muğamımızı sistemləşdirən,
bütün dünyaya
tanıdan Üzeyir Hacıbəyli,
Tofiq Quliyev, Fikrət Əmirov, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Rzayev, Asəf Zeynallının adlarını
çəkə bilərəm.
Opera ifaçısı olduğumdan daha çox operalar ifa edirəm. Operalardan Verdi, Bize, Puçininin operalarını,
qədim romanslardan Gendel, Bax, müasir
çex bəstəkarlarından
Yan Viçar, Milan Slavidski
və başqalarının
əsərlərinə tez-tez
müraciət edirəm.
“Vətənimdə
konsert verərkən çox xoşbəxt oluram”
Azərbaycanda bu zamana qədər dörd konsert proqramı ilə çıxış
etmişəm. Sonuncu
konsertdə Gendel, Baxın romansları, qədim çex bəstəkarı Antonin Dvorjakın yeddi romans silsiləsi
olan “Qaraçı melodiyası”, eləcə
də Yan Viçarın bəstələrindən
ifa etdim. Azərbaycanda ilk dəfə
müasir çex musiqisinin
premyerası mən eləmişəm. Bu dəfə də Yan Viçarın dörd silsilə romansını tamaşaçılara təqdim
etdim. Deyilənə görə çox
bəyənildi. Vətənimdə konsert verərkən çox xoşbəxt oluram. Bir ona görə
çox xoşbəxtəm
ki, Mədəniyyət
və İncəsənət
Universitetində dərs
deyirəm. Sentyabr ayından
müəllimlik fəaliyyətinə
başladım. Sevinirəm ki,
müəllim və tələbə kollektivimiz
yaxşıdır. Ona görə
çox məmnun və razıyam. Tələbələr müxtəlifdir, içərilərində vokala
həvəsi olan da var, olmayan
da. Amma bir müsbət
keyfiyyətləri var,
tələbələr onlara
göstərilən qayğını
hiss edəndə dərslərə
məsuliyyətlə yanaşırlar.
Hər dərsimə gəlirlər,
səylə çalışırlar.
Artıq
oxumayan tələbələr
də oxuyurlar. Bu məni
sevindirir. Hər bir
uşağın uğuru
dünyanın bütün
nemətindən daha əzizdir. Bundan başqa dərs
demədiyim çox sayda gənclər var ki, onlara
müəllimlik etməmi
istəyirlər. Mən də
bacardığım köməyi
edirəm. Bu dünyadan hamımız köçəçəyik, ona
görə gərək
hamımız paylaşaq,
bölüşək bildiklərimizi.
Mütləq davamçılar yetişdirmək lazımdır,
bunu canla-başla edirəm. Azərbaycan millətinə qulluq
etmək istəyirəm,
ona görə mən ölkəmə qayıtdım.
Nərmin MURADOVA
Palitra.-2013.-19 yanvar.-S.11.