«Xarici vətəndaşlar karikaturaya bizimkilərə nisbətən daha loyal yanaşırlar»

 

Rəssam Şirin Cəfərov: «Bizimkilər abstrakt təsvirlərə yox, daha çox real təsvirə, məsələn, portretə maraq göstərirlər»

 

Layihə çərçivəsində müsahibimiz İçərişəhərdə yerləşən «Xurcun» rəsm qalereyasında çalışan rəssam Şirin Cəfərovdur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Şirin müəllim təxminən 30 ilə yaxın müddət ərzində Avropada rəssam kimi çalışıb. Hətta onun haqqında Polşa mətbuatında məqalə də dərc edilib. 2005-ci ildən Bakıdadır. Gerisini emalatxanasında görüşdüyümüz rəssamın öz dilindən dinləyək:

-İlk rəssamlıq təhsilimi Əzim Əzimzadə adına rəssamlıq məktəbində almışam. Daha sonra Litvada Rəssamlıq Akademiyasında təhsilimi davam etdirmişəm. Təxminən 30 ilə yaxın müddət ərzində Avropada yaşamışam. 2005-ci ildə isə Vətənə qayıtdım və burada ali təhsil müəssisələrində dərs dedim. Bir müddət Sumqayıtda uşaq yaradıcılıq məktəbində işləmişəm, tələbələrim olub. Elə indi də tələbə hazırlaşdırıram. Bu qalereyamızı isə ötən ildən işlədirik. Mən 14 il Litvada, 15 il isə Polşada yaşamışam. Bu illər ərzində ancaq sevimli peşəm olan rəssamlıqla məşğul olmuşam. Azərbaycanda rəssamlıqla bağlı ali təhsil almaq istəsəm də, qismət olmadı. Ona görə də Litvaya gedəsi oldum. Sovet illəri olduğu üçün məni komsomolun xətti ilə təyinatla böyük bir tikintiyə göndərdilər və orada 12 il tərtibatçı rəssam kimi çalışdım. Bu 12 il ərzində demək olar ki, Litvanın bütün şəhərlərində sərgilərim təşkil edildi, neçə-neçə tələbəm oldu. Sovet dövləti dağılandan sonra işimi itirdim. Tikinti sovet hökumətinin layihəsi idi, dövlət dağıldığından tikintini də bağladılar. Mən də bundan sonra Polşaya getdim və Varşavada rəssamlıq fəaliyyətimi davam etdirməyə başladım. Qışı müxtəlif sifarişləri yerinə yetirməklə keçirirdim, yayı isə Baltik dənizinin sahillərində keçirirdim. 15 ili belə yaşamışam. Polşanın bütün şəhərlərini gəzmişəm. Krakov, Poznan, Qdansk, Koşiqoritsa və digər şəhərlərdə rəssamlıqla məşğul olmuşam. Almaniyada, Belçikada, Fransada sərgilərim olub. Fransanın paytaxtında 3 aya qədər qalıb rəssamlıqla məşğul olmuşam. Rumıniya, Moskvaya da rəssam kimi yolum düşüb.

- Avropada rəssamlığa münasibət necədir?

- Orada rəssamlığa, ümumiyyətlə, incəsənətə yerli əhalinin münasibəti çox yüksəkdir. Avropada insanlar üçün həyat elə bil ki, musiqi ilə rəssamlıq arasındadır. Ümumilikdə insanların rəsamlığa münasibəti təxminən eynidir. Amma orada insanlar pul verib rəsm əsəri alırlar, bizdə isə rəsm əsərinə pul xərcləyənlər çox azdır. Bizdə vəziyyət indi-indi düzəlməyə başlayıb, insanlar rəsm əsərləri alırlar. 2005-ci ildə mən gələndə çoxları məni o qədər də tanımırdı. Ali təhsil müəssisəsində cüzi maaşla dərs dedim. İndi şükür Allaha yaxşıdır, insanlar məni tanıyırlar, çəkdiyim rəsm əsərlərinə  böyük maraq göstərirlər. Avropada rəssamlar tamamilə fərqli psixologiya ilə işləyirlər. Orada Pikasso, Salvador Dalinin yaradıcılığına maraq böyükdür, rəssamların əsərlərini bu istiqamətdə yaratması normal haldır və çox sevilir. Bizdə isə belə deyil. Bizimkilər hər əsəri almırlar. Yəni, cürbəcür abstraksiyalara, fantaziyalara Avropada böyük maraq var-həm rəssamlar, həm də alıcılar tərəfindən. Hansısa rəssamın təxəyyülünün, baxışlarının, ətrafa münasibətinin təzahürü kimi ortaya çıxan əsərə insanlar böyük maraqla yanaşır, əsərdə rəssamın nə deməyini anlamağa çalışır və əsəri alırlar. Amma bizdə belə əsərlərə tələbat azdır. İnsanlar daha çox abstrakt yox, real əsərə üstünlük verirlər. Bizimkilər üçün real təsvir, məsələn, portret daha maraqlıdır. Mənim çəkdiyim karikaturalara əvvəllər yaxın durmurdular. Hələ yeni-yeni çəkdiyim karikaturalarıma öyrəşiblər.

-  Bəs çalışdığınız ölkələrdə karikaturalara münasibət necə idi?

- Avropada təxminən 10 ilə yaxın müddət ərzində ancaq portret işləmişəm. Sonradan keçdim karikaturaya. Avropa ölkələrində karikatura janrına maraq çox böyükdür. İnsanlar onların karikaturasının çəkilməsinə görə narahat olmur, əsəbiləşmirlər, əksinə sevinirlər. Onlar üçün həyat karnaval kimidir. İstəyirlər ki, həyatı coşquyla yaşasınlar, gəzsinlər, əylənsinlər. Biz gecələr yatırıq, amma onlar gecələri əylənməklə keçirirlər. Belə insanların karikaturaya marağı təbii ki, yaxşı olacaq.

- Bizimkilərin münasibəti necədir?

- İndi-indi yaxşılaşıb. Hər adam rəssamı anlaya bilmir. Ona görə bəzən elə adamlar olur ki, çəkilən portreti ya karikaturanı bəyənmir. Xarici vətəndaşlar karikaturaya bizimkilərə nisbətən daha çox loyallıq göstərirlər. Bizimkilər karikaturadan daha çox portretə üstünlük verir. Məsələn, yanıma gələn gənclər dostluq şarjı çəkdirmək istəyirlər. Düşünürmə ki, dostluq şarjı da olsa, sonda bunu bəyənməyə bilər. Ona görə elə edirəm ki, həm portret olur, həm karikatura. Bundan iki tərəf razı qalır. Ötən ildən bu qalereyada fəaliyyət göstərirəm. Bura həm emalatxanadır, həm satış mərkəzi. Əsasən karikatura portret çəkirəm. Müştərilərimiz yerli sakinlər olur, xarici vətəndaşlar da. İçərişəhəri ziyarət edən xarici vətəndaşların sayı hər il çoxalır. İçərişəhərdə böyük işlər həyata keçirilir, qədimiliklə müasirlik vəhdət təşkil edir, hər tərəfdə təmizlik var. Bakıya gələn turistlər ilk olaraq bura baş çəkməyə çalışırlar. Elə siz gələndə burada gördüyünüz şəxslər xarici turistlər idi, rəsm əsərləri ilə maraqlanırdılar. Alıcılarımız əsasən xarici turistlər olur. Karikatura istəyən olur, portret istəyən . Xaricilərlə yanaşı, yerli vətəndaşlarımız da müxtəlif əsərlər sifariş edirlər. Bakıda yaşayan xarici vətəndaşlar doğum günü keçirəndə, müxtəlif məclisləri olanda dəvət edirlər. Onların karikaturalarını çəkirəm. Sərgilərim təşkil olunur. Bu yaxınlada «İrəli» gənclər təşkilatı ilə birgə sərgi keçirmişəm orada karikatura çəkmişəm.

- Turisitlər mədəni nümunələrimizin yer aldığ əsərləri alırlarmı?

- Əlbəttə, alırlar. Onlar Qız qalasının, Şirvanşahlar sarayının  yer aldığı rəsm əsərlərinə böyük maraq göstərirlər. Onsuz da bura gələn turist tarixi məkanlarla, binalarla çox yaxından maraqlanır, onlara xarakterik arxitektura nümunələrinin çəkildiyi rəsm əsərləri həmişə maraqlı olur. Qiymətlər əsərə görə dəyişir.  Portret kağız üzərində işlənirsə, 30-50, yağlı boya ilə işlənirsə, 100-150 manat arasında dəyişir. Bir məsələyə toxunmaq istəyirəm. Bu da rəssamların maddi təminatı ilə bağlıdır. Düşünürəm ki, rəssamların maddi təminatı bir qədər yaxşı olsa, daha effektli işlər ortaya çıxar. Doğrudur, son vaxtlar dövlət tərəfindən mədəniyyətimizə böyük dəstək var. Amma maddi təminat yaxşı olsa, daha böyük əsərlər üzərində işləmək olar. Böyük işləri işləmək maddi vəsait tələb edir.

 

 

Anar MİRİYEV

 

Palitra.-2013.-22 yanvar.-S.11.