İradə Məmmədova: “İRƏLİ” Tarix Mərkəzi tariximizin təbliğində yeni layihələr üzərində çalışır”

 

 “İRƏLİ” Tarix Mərkəzinin rəhbəri İradə Məmmədova mərkəzin fəaliyyətindən söhbət açıb: “İRƏLİ” İctimai Birliyi olaraq Azərbaycan tarixinin öyrənilməsinə və dünya ictimaiyyətinə çatdırılmasına böyük önəm veririk. Bu məqsədlə təşkilatımızda “İRƏLİ” Tarix Mərkəzi fəaliyyət göstərir. Mərkəz 2009–cu ilin yanvar ayında öz fəaliyyətinə başlayıb. Azərbaycan tarixinin  istər ölkədə, istərsə də ölkə xaricində təbliği ilə məşğuldur. Bununla bağlı bir sıra layihələr həyata keçirilib”. Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyeva  bu barədə qəzetimizə məlumat verib.

Mərkəz rəhbəri qeyd edib ki, informasiya əsrində şəbəkədə Azərbaycan tarixi haqqında materialların dolğun yayılması və məlumatlandırılması üçün Azərbaycan Tarixi Portalını (history.az) yaradıblar: “Portalda Azərbaycan tarixi haqqında yazılmış kitabların, arxiv sənədlərinin, tarixi mənbələrin elektronlaşdırılmış versiyası cəmlənib. Bu portal 3 dildə fəaliyyət göstərir. “History.az” MDB məkanında ilk tarixi portaldır ki, ölkənin tarixini bütün sahələrdə əks etdirir. Bu günə qədər “history.az” portalında 415 ədəd kitab, 5 məqalə və 47 sənəd var və ümumi yükləmələrin sayı isə 941.580-dir. Portal fəaliyyətinin 1 ilində Gənclər və İdman Nazirliyi tərəfindən “Beynəlxalq aləmdə Azərbaycan tarixinin təbliğ edilməsi”nə görə fəxri fərmanla və “Azərbaycan” nominasiyası üzrə ilin ən yaxşı saytı olaraq “Netty-2010” mükafatına layiq görülüb”.

Mərkəz rəhbəri həmçinin “Tarix klubu” layihəsi haqda danışıb: “Layihənin əsas məqsədi gəncləri və tələbələri Azərbaycan tarixi ilə bağlı maraqlandıran mövzuda ekspert tarixçilərlə diskussiyalar aparmaq, onları düşündürən suallara cavab tapmaqdır”. Tarix Mərkəzi tərəfindən keçirilən ənənəvi “Arxeoloji düşərgə” layihəsindən söz açan İradə Məmmədova bildirib ki, “Arxeoloji düşərgə” layihəsinin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarda gənclərin iştirak etməsi və əyani olaraq qədim tariximizin zənginliyi ilə onları tanış etməkdir: “Belə arxeoloji düşərgələr tələbələrin yay tətili zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə Ordubad, Goranboy, Ağcabədi, Qəbələ, Şəmkir, Gəncə və Ağsuda həyata keçirilib. Eyni zamanda tələbələri Azərbaycanın müxtəlif tarixi abidələri ilə tanış etmək üçün ekskursiyalar təşkil edilir. Belə ekskursiyalar Qobustan, Qala, Atəşgah, Nardaran qalası, Ağsu, Salyan və Şəki şəhərinə olub”.

İradə Məmmədova qeyd edib ki, “İRƏLİ” Tarix Mərkəzi olaraq təkcə ölkə daxilində deyil, həmçinin ölkə xaricində həyata keçirilən bir sıra beynəlxalq konfranslarda və arxeoloji düşərgələrdə iştirak edərək, ölkəmizi laiqincə təmsil edirik. “İRƏLİ” Tarix Mərkəzi Azərbaycan tarixinin təbliğ edilməsində bir sıra yeni layihələr üzərində çalışır.

 

 

İLKİN

 

Palitra.-2013.-22 yanvar.-S.13.