Milli kinomuzda uşaqların problemlərinə həsr olunmuş neçə film var?

 

Uşaqlar üçün filmlərin çəkilməsi, filmlərin baş qəhrəmanlarının uşaqlar olması kinematoqrafiyanın həm əyləncəli, həm də ciddi, əziyyətli və ən əsası məsuliyyətli sahəsidir. Dünya kinematoqrafiyasında uşaq mövzusu nə qədər aktual, geniş əhatə olunmuş olsa da, təəssüf ki, bu sözləri Azərbaycan kinematoqrafiyası barədə deyə bilmirik. Səbəbini mütəxəssislərlə birgə araşdırırıq.

 

 XX əsr-uşaqlardan  imtina edən aləm

 

 Kinoşünas Aygün Aslanlı  uşaqların kinematoqrafiyada mövqeyini belə izah edir: “Klassik kinoda - Fellininin, Viskontinin, Eyzenşteynin filmlərində XX əsr uşaqlardan imtina edən aləm kimi göstərilir. Həmçinin uşaqlar da qəddar və böyüklərdən daha tənhadırlar. Müasir kinoda uşaq filmlərində bəzi ümumi tendensiyalar nəzərə çarpır. Dünya kinosunda - Amerikada, Avropada mövzusundan asılı olmayaraq, bütün uşaq filmlərini birləşdirən ümumi cəhətlər var. Amerika filmlərinin süjet xətti, bir qayda olaraq, atalar və oğullar, valideyn-övlad münasibətləri, yaşlı nəsillə gənc nəsil arasındakı ziddiyyətlər üzərində qurulur. Zəif döyüş fimlərində, “boeviklər”də bu problem səthidir, süjeti əsas hadisələrə doğru inkişaf etdirmək xarakteri daşıyır. Bu halda  dialoqlar da, problemi üzə çıxaran situasiya da üzdədir.  Daha səviyyəli filmlərdə  isə  bir  qədər dərin işlənmiş olur. Hətta  komediyalarda  belə böyüklər  və kiçiklər arasındakı ziddiyyətlər  nifrət həddinə qədər gətirilir və dramatikləşdirilir (“Evdə  tək” trilogiyası, “Çətin uşaq”,  “Şahzadənin gündəliyindən”, “Fakültə” və s).  Avropanın uşaq filmlərində də eyni problem var - övladlar daima valideynlərindən narazıdırlar. Lakin  bu Hollivud filmlərindəki kimi faciə həddində deyil. Avropalı uşaqları sərbəstliklərinin məhdudluğu, valideyn sözünü dinləmək məcburiyyətində  olmaları narahat edir. Onlar valideynin həyat təcrübəsindən yararlanmaq və ya dərs götürmək,  onun dayandığı nöqtədən yola davam etmək deyil, öz təcrübələrini toplamaq, öz yollarını cızmaq istəyirlər. Və əgər Amerika filmləri “yolunu azmış oğulun ata evinə qayıtması”, yaşlı nəsli  qəbul etməsi ilə sonuclanırsa, Avropa filmlərində əks proses baş verir - yaşlılar gəncləri qəbul edirlər, onlarla uzlaşmağa çalışırlar. Uşaqların fikirləri ilə nə qədər razılaşmasalar da, onlardan  öz köməklərini əsirgəmirlər (“Billi Elliot”, “Mən Sezaram”, “Bum 1-2”).

 

 “Uşaqlar Qarabağ  mövzusunun  qəhrəmanlarına çevriliblər”

 

 A.Aslanlı deyir ki, Azərbaycan uşaq filmlərini mövzuları baxımından kateqoriyaya bölsək, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif” , “Mən mahnı qoşuram”, “Bir qalanın sirri” və s. filmləri şərti şəkildə “əyləncəli filmlər” kateqoriyasına aid etmək olar. Bu filmlərə həmişə həvəslə baxırıq. Lakin bu filmləri eyni süjetlə sadəcə qəhrəmanların adlarını dəyişməklə Ukraynada, Qazaxıstanda, bəlkə də hətta Afrikada da çəkmək olardı və filmlər heç nə itirməzdi. Digər kateqoriyaya “Şərikli çörək”, “Ağ atlı oğlan”, “Arxada qalmış gələcək” filmləri aiddir. Bu filmlər isə daha ciddi mövzulardan bəhs edir. Onlara “uşaq filmi”ndən daha çox, “qəhrəmanları uşaq olan film” adını vermək daha doğru olar. Bu filmlərdə hadisələr, mühit uşaqların gözü ilə və onların timsalında təqdim olunur”.  O hesab edir ki, milli kinomuzda sırf uşaqlara və onların problemlərinə həsr olunmuş bircə film var. “Həsən və Ənvər Əbluc qardaşlarının İsi Məlikzadənin ssenari əsasında çəkdikləri “Pəncərə” sosial dramı. Bu film internat uşaqlarının həyatından, daha doğrusu həyat uğrunda mübarizəsindən bəhs edir.  “Amma son illərdə çəkilən yerli filmlərdə isə uşaqlar Qarabağ mövzusunun qəhrəmanlarına çevriliblər. “Ağ atlı oğlan”, “Arxada qalmış gələcək” filmlərində onlar mübarizədən yorulmuş, unutmağa başlamış böyükləri ruhlandırmağa çalışırlar. Bu filmlərdə uşaqlar həm də yaddaş simvolu kimi təqdim olunurlar. Bu filmlərin müəllifləri unudurlar ki, uşaqlar gələcəyin rəmzidir, onların yaddaşı yoxdur. Uşaqlar hətta oyun oynayanda belə təbiidirlər. Onlar üçün reallıq və oyun arasındakı sərhəd mövcud deyil. Ona görə qeyri-səmimi , daxildən gəlməyən, böyüklərin dili ilə desək, konyuktor hisslər uşaqların ifasında o dəqiqə özünü büruzə verir”.

 

“Məktəb problemlərini ekranda əks etdirən filmlər olsa...”

 

Uzun illər uşaqlar üçün film çəkən rejissor Ənvər Əbluc hesab edir ki, bu filmlər yalnız milli ruhda deyil, hər mövzuda olmalıdır.  “Uşaqlar üçün film mütləq çəkilməlidir. Onlar üçün istər  əyləncə, nağıl, istər problem xarakterli, istər vətənpərvərliyə  səsləyən filmlərin çəkilməsinə çox  ehtiyac var.  Düşünün, məktəb problemlərini ekranda əks etdirən  filmlər olsa, necə gözəl olar. Müsabiqə elan edib,  bir neçə uşaq mövzusunda yaxşı film çəkmək  lazımdır.  Əvvəllər hər il olmasa da, iki ildən bir uşaq mövzusunda filmlər çəkilirdi. Təəssüflər  olsun ki, indi uşaq filmi yoxdur.  Amma düşünməliyik ki, bu gün onların tərbiyəsi, əxlaqı, dünyagörüşünün  inkişafı ilə məşğul olmasaq, gələcəkdə peşman olarıq. Ona görə də uşaq filmlərinin çəkilməsi  üçün  yaxşı ssenarilər yazılmalı, müsabiqələr təşkil olunmalıdır”.

 

“Uşaq filmlərinin çəkilməməsinə əsas səbəb vəsaitin azlığıdır”

 

Prodüser, rejissor Əli İsa Cabbarov isə deyir ki, bu gün Azərbaycanda uşaq filmlərinin çəkilməməsinə əsas səbəb vəsaitin azlığıdır. “Götürək Rusiyanı. Orda ayrıca maddə ilə uşaq kinosuna vəsait ayrılıb. Bizdə uşaqlara stereotip yanaşma təkcə filmlərlə bağlı deyil, bu, elə uşaq musiqilərinə, uşaq ədəbiyyatına yanaşmada da özünü göstərir. Elə düşünürlər ki, uşaq musiqisidirsə, deməli, primitiv ola bilər. Amma Sovet Rusiyasının ənənəsinə, Rusiya animasiya filmlərinə yazılmış musiqilərə baxanda görürük ki, orda ciddi yaradıcılıq nümunələri var. Rusiyada indi də uşaqlar üçün film və serialların çəkilişi xüsusi maddə ilə tənzimlənir. Avropa ölkələrində isə bu işlə daha peşəkar şəkildə məşğul olurlar. Bizdə isə bu işə yanaşma səthidir.  Azərbaycanda ildə 10-15 film çəkilirsə, ondan 3-4 -ü mütləq uşaq filmi olmalıdır. Ancaq uşaq filmləri üzərində daha peşəkarcasına işləmək lazımdır. Film və seriallarda uşaqların psixikası və əxlaq normaları nəzərə alınmalıdır. Uşaqlar üçün xüsusi telekanalın yaradılması da uşaq filmlərinin çəkilməsinə şərait yaradacaq. Yəni əgər uşaq telekanalı olsa, məcbur olub filmotekalara üz tutucaqlar. Uşaq filmlərinin istehsalına mütləq özəl münasibət olmalıdır”.

 

 

Nərmin MURADOVA

 

Palitra.-2013.-22 yanvar.-S.15.