“Mədəni irsimizlə bağlı erməni mənimsəmələrinin sayı-hesabı bilinmir

 

Əfqan Qafarlı: “Ermənilərin mədəni oğurluğu informasiya müharibəsində artıq peşəkar vərdişə çevrilib”

 

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin sədri Əfqan Qafarlı layihə çərçivəsində “Palitra” qəzetinin erməni plagiatlığına dair suallarını cavablandırıb.

 -Təşkilatınız erməni plagiatlığına qarşı “www.plagiarism-az.com”   saytını yaradıb. Bu layihənin məqsədi nədir?

-  Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıblar. Həmişə həm də mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Nəticədə ermənilərin intellektual və mədəniyyət dəyərləri ilə bağlı oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları onlarda bir ənənəyə çevrilib. Onlar bu gün də Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı altında tirajlayıb, xaricdə yaymaqla məşğuldurlar. Vaxtaşırı xarici mətbuatda bu məsələlərlə bağlı qondarma və absurd iddialarla çıxışlar edirlər. Bununla həm də Azərbaycana qarşı bir informasiya müharibəsi aparırlar. Ermənilərin mədəni oğurluğu bu informasiya müharibəsində artıq peşəkar vərdişə çevrilib. Birliyimiz də Azərbaycan xalqının əqli mülkiyyətinin ermənilərin təcavüzünə məruz qalmasına dair faktları beynəlxalq aləmə bəyan etmək üçün erməni plagiatlığı ilə bağlı internet resursu yaradıb. Bu təşəbbüsü irəli sürəndə layihəmiz Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən də dəstəkləndi. Azərbaycan, ingilis, rus dillərində yaratdığımız internet resursu erməni piratçılığının ifşasına xidmət edir. Hesab edirik ki, bu işimizlə biz də ermənilərə qarşı informasiya müharibəsinə qoşulmuşuq.

- Erməni plagiatçılığı ilə bağlı hansı işləri həyata keçirirsiniz?

- “Əqli Mülkiyyətçilərə Kömək” İB olaraq hesab edirik ki, ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi “əqli mülkiyyət terroru”na qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, QHT səviyyəsində də iş aparılmalıdır.

Saytımızın ayrı-ayrı bölmələrində ermənilərin müxtəlif istiqamətlərdəki plagiatlıq ənənələrindən bəhs edən materiallar, nəşrlər yerləşdirilib. Saytda məşhur erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin Azərbaycan xalqının əqli mülkiyyətinin mənimsənilməsinə dair ayrı-ayrı mənbələrdəki etirafları ilə də tanış olmaq olar.

Beynəlxalq ictimaiyyət ermənilərin “əqli mülkiyyət terroru”ndan geniş məlumatlı deyil, çünki ermənilər bir çox hallarda dünyanı öz saxtakarlıqlarına və oğurluqlarına inandıra biliblər. Biz saytı yaratdıqdan sonra erməni plagiatlığına dair xarici dillərdə müraciətlər hazırlayaraq  Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, YUNESKO-ya və digər beynəlxalq qurumlara ünvanladıq. Təəssüf ki, bu təşkilatlardan müraciətlərimizə ciddi reaksiya verilmədi. Həmin materialları eyni zamanda erməni mətbuatının elektron-poçtlarına da göndərdik ki, düşmən də apardığımız işdən xəbərdar olsun. Elə ondan sonra elektron-poçtumuza ermənilərdən  təhqiramiz, hədələyici məktublar daxil oldu, “plagiarism-az.com” saytını dağıdacaqlarını bildirirdilər. Birliyimizin əməkdaşları tərəfindən hazırlanan erməni plagiatlığına dair iki məqaləni isə türk mətbuatında dərc etdirdik.  

- Sizcə ermənilər əsasən hansı sahələrdə plagiata yol verirlər?

- Müxtəlif sahələrdə. Erməni alimləri, tənqidçiləri, yazıçı və şairlərinin özləri də plagiatlıq əməllərini etiraf etməkdən çəkinməyiblər. Məsələn, erməni ədəbiyyatının məşhur yazıçılarından olan Xaçatur Abovyan özünün “Ermənistanın yaraları” adlı romanında çoxlu belə etiraflar edib. Erməni tənqidçisi və filosofu M.Nalbandyan “Qədim şeirlər və nəğmələr barədə” əsərində qeyd edib: “...nəğmələrin çoxunu biz azərbaycanlılardan götürmüşük...”.

Ermənistan Elmlər Akademiyasının akademiki Terteryan özünün “Abovyanın yaradıcılığı”nda yazıb: “...ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü və zərb məsəllərinə müraciət etmişlər”.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə ən yaxşı araşdırmalar Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tərəfindən aparılıb. Kamran müəllimin erməni plagiatlığından bəhs edən bir neçə kitabı ingilis və rus dilində nəşr olunub ki, həmin vəsaitlərdə çox maraqlı məlumatlar yer alır.

Ümumiyyətlə, mədəni irsimizlə bağlı erməni mənimsəmələrinin sayı-hesabı bilinmir. Yəni dəfələrlə belə cəhdlər olub, indi də davam edir. Qarabağın işğalından əvvəl də, sonra da ermənilər Azərbaycanın həm folklor nümunələrini, həm də müəllif əsərlərini öz adlarına çıxıblar. Onlar zaman-zaman Azərbaycana məxsus atalar sözlərini, bayatıları, dastanları, aşıq yaradıcılığı nümunələrini, musiqi və mahnılarımızı, mətbəx nümunələrimizi, xalça çeşnilərini, abidələrimizi və digər mədəni dəyərlərimizi oğurlayıblar. Ermənilər bu günə kimi Azərbaycanın təkcə 500-dən çox folklor nümunəsinə, müəllif əsərinə iddia ediblər.

- Azərbaycan ictimaiyyəti bunlardan nə qədər xəbərdardır?

- Azərbaycan ictimaiyyəti erməni plagiatlığı barədə çox da geniş məlumata malik deyil. Yəni “erməni plagiatlığı” deyəndə, çoxlarının ağlına ya “Sarı gəlin” mahnısının, ya da “dolma”nın oğurlanması gəlir. Amma ermənilərin plagiatlıq əməlləri o qədər geniş miqyaslı olub ki, onlar demək olar ki, bütün istiqamətlərdən mədəni dəyərlərimizə əl uzadıb, vaxtaşırı cəfəng iddialarla çıxış ediblər. ”Arşın mal alan” əsərini, Memar Əcəminin “Möminə Xatun” türbəsini, Azərbaycan ərazisindəki ən qədim yaşayış məskəni olan Azıx mağarasını, Qobustan və Gəmiqaya daş təsvirlərini, hətta “Dədə Qorqud” dastanını, Əhməd Cavadın 1914-cü ildə yazdığı və Üzeyir Hacıbəyli tərəfindən dörd il sonra bəstələnən “Çırpınırdı Qara dəniz” mahnısını belə, özününküləşdirməyə çalışıblar.

Kamran İmanovun kitabında bildirilir ki, erməni  professorları Antonyan və Torosyanın etiraflarına əsasən, XI-XII əsrlərdən başlayaraq “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Fərhad və Şirin”, “Leyli və Məcnun” kimi  məşhur Azərbaycan dastanları, sonralar isə “Koroğlu”  qəhrəmanlıq eposu erməni dilinə tərcümə olunub, dəyişikliyə məruz qalıb, daha doğrusu “erməniləşdirilib”. Qarabağın işğal altında olan şəhər və qəsəbələrində abidələrin dağıdılması, onların memarlıq əlamətlərinin dəyişdirilməsi, “arxeoloji qazıntılar” pərdəsi altında “erməniləşdirilməsi” bu ərazilərin və abidələrin Azərbaycana məxsusluğuna dair bütün əlamətlərinin məhvi indi də həyata keçirilir və bu, onların uzunmüddətli hədəfləridir.

- Ermənilərin bu addımı atmasının ilk növbədə bu xalqın xislətindən irəli gəldiyi məlumdur. Lakin sizcə buna bizim müəllifi olduğumuz əsərləri lazımınca təbliğ etməməyimiz və ya tanıtdıra bilməməyimiz də səbəb ola bilərmi, yoxsa digər səbəblər də var?

- Bəli, əsas səbəblərdən biri müəllifi olduğumuz əsərləri vaxtında beynəlxalq aləm qarşısında lazımınca təbliğ edə bilməməyimizdir. Digər bir səbəb azərbaycanlıların əvvəllər erməni oğurluqlarına ciddi əhəmiyyət verməmələri olub. Qarabağdan olan İdris Mikayılov adlı müəllim bizimlə söhbətdə deyirdi ki, hələ sovet dövründə onlarla qonşu olan ermənilər həmişə azərbaycanlılardan yaxşı çeşniləri olan qədimi xalça, palaz, kilim, gəbə, əntiq əşyalar alırmışlar. Bəzən qiymətdə çək-çevir də eləmirmişlər. Hələ sovet dövründə həmin əşyalar gizli yollarla İrəvandan xaricə çıxarılır və Amerikada, Avropada ermənilərinki kimi təqdim edilirmiş. Bu, erməni oğurluğuna dair yalnız bir misaldır. Belə faktlar saya-hesaba gəlmir. Diaspor səviyyəsində, son illərədək isə QHT-lər səviyyəsində bu istiqamətdə heç bir iş aparılmayıb. Meydan boş olub və ermənilər bundan maksimum istifadə ediblər.

- Bəzi məqamlarda bizdən oğurlananın bizə aid olduğunu sona qədər sübuta yetirə bilmirik. Necə hesab edirsiniz, buna qarşı hansı tədbirlər görülməlidir?

- Ermənilər bu oğurluğa çox uzaq keçmişdən başlayıblar. İndi 5 ilin içində bu “erməni ənənəsi”ni ifşa etmək, beynəlxalq aləmi inandırmaq elə də asan məsələ deyil. Hələ 40-50 il öncə Azərbaycanın folklor nümunələri və digər əsərlərimiz erməni transkripsiyasına çevrilib, maddi daşıyıcılara köçürülüb və saxlanmaq üçün fond və arxivlərə veriləndən sonra, oradan “qədim erməni əsərləri” kimi çıxarılıb, daha çox xarici dillərə tərcümə edilərək dünyaya yayılıb. Məsələn, bizim milli musiqi alətimizi-balabanı “duduk” adlandıran ermənilər bir sıra ölkələrdə, o cümlədən ABŞ-da onu özlərinə məxsus musiqi aləti kimi tanıda biliblər. Amerikanları aldatmaq üçün ermənilər ABŞ-da hətta özlərinə məxsus “duduk” məktəbi də açıblar. Bu məktəb uzun müddətdir, fəaliyyət göstərməkdədir.

Belə hallara qarşı rəsmi, qeyri-rəsmi, diaspor səviyyəsində hücum taktikası ilə informasiya müharibəsi aparmalıyıq. Xarici mətbuata çıxış yolları tapmalıyıq.   

- Birliyiniz gələcəkdə bu istiqamətdə hansı işləri həyata keçirməyi planlaşdırır?

- Birliyimiz yeni araşdırmalar aparmağı, saytımızı onlayn rejimdə işlətməyi, daha da təkmilləşdirməyi nəzərdə tutur. Amma maddi imkanların məhdud olması nəzərdə tutulan işləri görməyə müəyyən əngəllər yaradır. Müvafiq dövlət qurumlarından bu məsələdə bizə dəstək veriləcəyinə ümid edirik.

 

 

Asif NƏRIMANLI

 

Palitra.-2013.-23 yanvar.-S.13.