Yeni texnoparkların salınması prosesi gedir
“Texnoparkların fəaliyyəti üçün
yenə də dövlət tərəfindən
builki investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə
tutulur”
Azərbaycanın informasiya texnologiyaları
bazarına cəlb olunması, yeni iş yerlərinin açılması və
bu kimi məqsədlərin
reallaşması üçün
texnoparkların yaradılması keçid
iqtisadiyyatlı ölkələr
üçün alternativsiz
vasitədir. Azərbaycan Respublikasında da
bu istiqamətdə məqsədyönlü işlər
aparılır. Xatırladaq ki,
ilk texnopark XX əsrin
50-ci illərində ABŞ-da "Silikon vadisi" adı altında yaradılıb.
Hazırda ABŞ-da 700-dən çox belə zonalar mövcuddur. Avropada ən böyük texnopark Fransadadır
(Sophia Antipolis).
Onun 30 ildən çox tarixi var və
yalnız son 10 ildə
11 min yeni iş yerləri yaradıb. İtaliyada ən məşhur texnopark AREA Elmi Parkıdır. Onun 55 hektar
ərazisi var. Orada 70-ə
yaxın milli və beynəlxalq şirkət fəaliyyət
göstərir. Burada 1600 mütəxəssis
çalışır. Türkiyədə texnoparklar inkişaf
etməkdədir. Burada texnoparkların
əhatə etdiyi regionların sayı 20-yə
çatıb. Bu texnoparklarda 500-dən artıq
yerli və xarici şirkət fəaliyyət göstərir.
Bu şirkətlərdə beş minə
yaxın mütəxəssis
çalışır. Bu texnoparklarda əsasən informasiya texnologiyaları,
mikroelektronika, optik elektronika və lazer texnologiyaları, müasir tullantısız
texnologiyalar, diaqnostik və müalicəvi tibbi avadanlıqlar üzrə texnologiyalar hazırlanması istiqamətində
innovasiya layihələri
həyata keçirilir.
Texnoparkda fəaliyyət göstərən
firmalar və personal
2013-cü ilədək vergi,
gömrük və sosial imtiyazlara malik olublar. Bunun nəticəsidir ki,
“Microsoft” İstanbulda dünyada
ikinci olacaq Silikon vadisi - informasiya texnologiyaları mərkəzini tikməyə
qərar verib.
Artıq Azərbaycanda neft strategiyası üzrə estafetin yüksək texnologiyalara verilməsi kimi iqtisadi tezisin
həyata keçirilməsi
üçün başlanğıc
qoyulub. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və
2013-cü ildə qarşıda
duran vəzifələrə
həsr olunmuş müşavirəsində Prezident
İlham Əliyev çıxış edərək
bu məsələylə
bağlı ciddi tapşırıqlar verib:
“Hesab edirəm ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı, çox ciddi addımlar atılacaqdır.
Bütün hazırlıq işləri
görülüb. Nəinki hazırlıq
işləri görülüb,
eyni zamanda, artıq burada qeyd olundu ki,
böyük sənaye
müəssisələri işə
düşüb. Onların bir
hissəsi dövlət,
böyük hissəsi
isə özəl sektor tərəfindən icra edilib. Əvvəlki illərdə qeyd
etdiyim kimi, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılır.
Gəncədə, Sumqayıtda, Bakının
Qaradağ rayonunda, digər yerlərdə böyük sənaye obyektləri tikilir və 2013-cü ildə bu istiqamətdə daha da böyük
işlər görüləcək.
Xüsusilə, sənaye istehsalının
təşviqi üçün
yeni qaydaların tətbiq edilməsi, texnoparkların fəaliyyətinin
gücləndirilməsi və
bu fəaliyyəti gücləndirmək üçün
əlavə tədbirlərin
görülməsi, güzəştlərin
verilməsi məsələləri
nəzərdə tutulub”.
Sənayeləşmə siyasətinin
uğurları
Dövlət başçısının sözlərinə görə,
texnoparkların fəaliyyəti
üçün yenə
də dövlət tərəfindən builki investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın: “Yerlər
artıq müəyyən
edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar gəlsinlər, şirkətlər
qursunlar və biz ölkəmizə lazım
olan sənaye məhsulunun istehsalına böyük həcmdə
nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq”.
Texnoparkların yaradılması istiqamətində
çox ciddi addımlar atılıb. Artıq Sumqayıt
Texnoparkı buna çox gözəl təcrübədir. Hazırda Sumqayıt
Texnoparkında zavodlar
genişləndirilir. 17
zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli
müxtəlif çeşidli
məhsullar, o cümlədən
kabellər, transformatorlar,
yüksək gərginlikli
avadanlıq, hidroturbinlər,
su nasosları, elektrik mühərrikləri,
borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə
verilməsi nəticəsində
yüzlərlə yeni
iş yeri açılıb.
2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi
beş xətt
var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin
sayı artırılaraq,
ümumilikdə 25-ə çatdırılıb.
Müxtəlif təyinatlı boruların
istehsalı üzrə
ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən
regionun ən perspektivli müəssisələrindəndir.
Peşəkar kadrların çalışdığı
bu müəssisədə
ölkəmizdə və
beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su,
kanalizasiya və digər məqsədlər
üçün istifadə
olunan alüminium təbəqəli çoxqatlı
polietilen və polipropilen borular istehsal edilir.
STP kabel zavodunun tikintisinin üçüncü
mərhələsi çərçivəsində
yüksək gərginlikli
kabellərin izolyasiya xətlərinin qülləsi
quraşdırılacaq. Burada 500 kilovoltluq
güc kabellərinin iki izolyasiya xətti yerləşəcək.
Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi
40 metr dərinlikdədir.
Ümumi uzunluğu
124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanıb. Tikinti işləri və avadanlığın quraşdırılması
2012-ci ilin sonunda başa çatdırılıb.
Yeni texnoparkların yaradılmasına
özəl sektorun da dəstəyi gözlənilir
Tikintisinə 2010-cu ildə başlanan STP-nin ağır maşınqayırma zavodu
isə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Ümumi
sahəsi 4,5 hektar olan zavodda
dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları
quraşdırılıb. Zavodda 900 nəfər
işlə təmin olunub.
Burada elektrik stansiyalarının
inşası üçün
metal konstruksiyalar və
müxtəlif hissələr
istehsal edilir. Zavodda həmçinin 10, 110, 220 və
330 kilovoltluq elektrik ötürücü xətlərin
dayaqları hazırlanır.
Burada həmçinin energetika avadanlığının təmiri
həyata keçiriləcək.
Zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin
daha da genişləndirilməsi
nəzərdə tutulur.
Zavod məhsullarını xarici
bazarlara çıxarmağı
da planlaşdırır.
STP-nin dəqiq emal mərkəzləri zavodu isə maşın və mexanizmlərin işlək
detallarının dəqiq
emalı və hazırlanması sexindən
və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək
hissələrinin emalından
və avadanlığın
işlək detallarının
dəqiq emalı sahələrindən ibarətdir. Pəstah sahəsində
detalların hazırlanması
üçün lazım
olan materiallar universal frez və torna
dəzgahları vasitəsilə
müvafiq ölçülərə
gətirilir.
Nəzərə çatdıraq ki, Sumqayıtda Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət
Agentliyinin də Yüksək Texnologiyalar Parkı yaradılacaq. Ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli
istifadə texnologiyasına
əsaslanan 15 zavodun inşası planlaşdırılır.
Parkın ərazisində yaradılacaq
optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım
olan avadanlığın
ölkəmizdə istehsalına
şərait yaradacaqdır.
Bu həm tələb
olunan avadanlığın
daha ucuz başa gəlməsinə,
həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcəkdir.
Alternativ enerjinin tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda
sürətlə yayılan
və yeni nəsil işıqlandırma
sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət
istifadəyə yararlılığı
ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.
Onu da deyək ki, hazırda Gəncədə
və Balaxanıda yeni texnoparkların salınması prosesi gedir. Bu texnoparkların yaradılmasına özəl
sektorun da dəstəyi gözlənilir.
FUAD
Palitra.-2013.-23 yanvar.-S.10.