Professor Sayalı Sadıqova: “Mətbuatda,
televiziya verilişlərində bəzən
anlaşılmaz terminlər işlədilir”
Layihə çərçivəsində
müsahibimiz AMEA RH yanında Terminologiya Komissiyasının sədr
müavini, Nəsimi adına Dilçilik İnstitutunun
Terminologiya şöbəsinin
müdiri, professor Sayalı Sadıqovadır:
“Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" ölkə başçısının
2012-ci il 23 may tarixli sərəncamına uyğun olaraq "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Terminologiya
Komissiyası haqqında Əsasnamə" və həmin
tarixli 312 nömrəli sərəncamla "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Terminologiya
Komissiyasının tərkibi təsdiq edilib. AMEA RH yanında
Terminologiya Komissiyasının fəaliyyəti məhz bu vəzifələr
nəzərə alınmaqla qurulub. Dilimizin qorunması,
saflığının təmin olunması və inkişaf
etdirilməsi istiqamətində qarşıda duran problemlərin
həllində Terminologiya Komissiyası mühüm missiya
daşıyır. Bu nəzərə alınaraq 2012-ci ildə
Terminologiya Komissiyasında
“İzahlı inşaat terminləri lüğəti” (tərtibçi:
Təranə Xəlilova): “İngiliscə-rusca-azərbaycanca
inşaat terminləri lüğəti” (tərtibçilər:
Ş.Həsənov, İ.Bəhərçinov, N.Qaraisayev,
Ş.Xəlilli); “Kütləvi informasiya vasitələrində işlənən
terminlər lüğəti” (tərtibçi: Afaq
İsmayılova), “İngiliscə-azərbaycanca texniki terminlər
lüğəti” (tərtibçilər: A.Abbasov N.Həsənov,
Ş.Atayeva); “İngiliscə-Azərbaycanca ədəbiyyatşünaslıq
terminləri lüğəti” (tərtibçilər:
A.Abbasov, M.Ağayeva); “Loqistika terminləri lüğəti”
(tərtibçilər: A.Qurbanov); “Korroziya terminlərinin
izahlı lüğəti” (tərtibçilər: t.e.f.d. T.Əhmədov,
Q.Abbasovun); “Avtomobil nəqliyyatı terminləri lüğəti”
(rusca-azərbaycanca, tərtibçilər: dos. S.K.Gözəlov,
dos. R.T.Məmmədov, dos. B.F.Namazov); “İngiliscə-rusca
kimya və neft istehsalı terminləri lüğəti” (tərtibçilər:
A.Abbasov, N.Əliyeva) müzakirə olunub. Təkmilləşdirildikdən
sonra bu
lüğətlərin komissiyanın qərarı ilə
nəşrinə icazə verilib.
- Müxtəlif peşə sahələrində
terminlərin toplanması, tətbiqi istiqamətində
hansı tədbirlər həyata keçirilir?
- Azərbaycan
dilində işlənən, o cümlədən yeni yaranan
terminlərin toplanması, aprobasiyası və tətbiqinin
sürətləndirilməsi, o cümlədən dildəki
elmi anlayışların vahid sistem əsasında təkmilləşdirilməsi
dövrün tələbidir. Xüsusilə, ölkə
iqtisadiyyatında aparılan iqtisadi islahatlar inşaat fəaliyyətinin
inkişaf xüsusiyyətlərinə və terminoloji
bazasına təsirini göstərir, onun fasiləsiz dəyişməsini
tələb edir. Bu baxımdan ingiliscə-rusca-azərbaycanca
“İnşaat terminləri lüğəti” diqqəti cəlb
edir. Müasir dövrdə
inşaat işləri sahəsində beynəlxalq əməkdaşlıq
vüsət alıb və informasiya
mübadiləsi
aparılarkən yeni terminlərin istifadə edilməsinə
xüsusi diqqətlə
yanaşmaq tələb olunur. Hazırkı dövrdə Azərbaycanda
xarici investisiya hesabına icra olunan inşaat işlərinin
miqyasının artması nəticəsində bu işlərdə
əsasən ingilis terminlərindən istifadəni nəzərə alaraq,
ingiliscə-rusca-azərbaycanca inşaat terminləri
lüğətinin tərtib və nəşr edilməsi zəruri
hesab edilir. Mövcud lüğətə rus dilindən terminlərin
daxil edilməsinə isə əksər texniki ədəbiyyatların
rus dilində olması, layihələrdə texniki terminlərin
bu dildə çap edilməsi və aparıcı mütəxəssislərin
əksəriyyətinin rus dilində təhsil alması ilə
bağlıdır. Bu lüğət işlənərkən
ingiliscə-rusca inşaat terminləri lüğətlərindən
də istifadə edilib. Lüğətdə ingiliscə
7369 termin və
onların rusca-azərbaycanca ekvivalentləri verilib.
Respublikamızın
ictimai həyatının bütün sahələrində
olduğu kimi elmin inkişafı istiqamətində
köklü dəyişikliklər baş verib. Uzun illər ərzində
elmin bir çox sahələrinin sistemli şəkildə
araşdırılması respublikamızda elmin
inkişafına təkan verib. Bu inkişafla bağlı
mütəxəssislər və elmi-tədqiqatla məşğul
olan tədqiqatçıların araşdırmaları dil
bazasının genişlənməsinə, yeni terminlərin,
anlayışların yaranmasına səbəb oldu. Məhz
buna görə də, elmin bütün sahələrində
çalışan tədqiqatçıların normativ sənədlərin
tərtibi zamanı qarşılaşdıqları çətinlikləri
aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək
məqsədilə elmi fəaliyyətdə istifadə olunan,
elmi bazanı (termin, məfhum anlayışları əhatə
edən) özündə əks etdirə bilən lüğətlərin
ana dilində işlənib hazırlanması zərurəti yaranıb.
Bu nəzərə alınaraq təqdim olunan “Korroziya terminlərinin
izahlı lüğəti”ndə korroziyada istifadə olunan terminlər
toplanıb və onların ana dilində izahı verilib. Son
dövrlərdə korroziya prosesinə qarşı mühafizə
tədbirlərinin səmərəliliyinin artırılması,
bu sahədə elmi və eksperimental tədqiqatların,
praktiki təcrübələrin, eləcə də daha
rasional mühafizə üsullarının və
metodlarının işlənməsi ilə bağlı
çoxlu elmi əsərlər və ədəbiyyatlar
çap olunub ki, bunların da əksəriyyəti rus və
ingilis dillərindədir. Korroziya sahəsində
çalışan mütəxəssislər, təhsil alanlar
və korroziyanı öyrənənlər üçün nəzərdə
tutulmuş bu lüğətə 2260 termin və termin-söz
birləşmələri daxil edilib.
Son
illər aviasiya sahəsində sürətlə gedən
inkişaf, elmin yeni sahələrinin, istiqamətlərinin
yaranması, müxtəlif sahələrinin bir-birinə
qovuşması yeni müasir terminlərin və
anlayışların yaranmasına səbəb olur. Bu baxımdan logistika elmin son nailiyyətlərindəndir.
Bununla bağlı yeni nəzəriyyə və
texnologiyaların əldə olunmuş inkişafı, tətbiq
sahələrinin, həmçinin cəmiyyətdə istifadə
dairəsinin genişliyi onun terminologiyasının tənzimlənməsini
zəruri edir. Cəmiyyətimizin bütün sahələrini
getdikcə daha çox əhatə edən daşınma
axınlarının inkişafı nəticəsində yeni
texnologiyalara ciddi maraq yaranıb. Bununla da logistika elminin
yüksək sürətlə inkişaf etməsi bu sahədə
işlənən və yeni meydana çıxan terminlərin
sayının da çox sürətlə artmasına səbəb
olub. Belə bir şəraitdə nəinki bu sahədə
terminoloji lüğətlərin yaradılmasına, həm də onlardan səmərəli istifadə etməyin öyrədilməsinə
böyük zərurət
yaranıb. Xüsusən, bu ixtisasla bağlı (ədəbiyyatlarda
həmin sahədəki vəziyyəti əks etdirən) yeni
terminlər və sözlər dinamik inkişafdadır.
Bundan
başqa nəqliyyat sisteminin,
xüsusilə də avtomobil nəqliyyatının
sürətli inkişafı Azərbaycan dilində avtomobil nəqliyyatına
aid elmi-texniki cəhətdən əsaslandırılmış
vahid terminologiyanın işlənib hazırlanmasına
böyük ehtiyac yaradıb. Təqdim olunan “Avtomobil nəqliyyatı
terminləri lüğəti” müstəqillik dövründə
bu sahədə müəyyən qayda və sistemlilik
yaradılması yolunda ilk təşəbbüsdür.
Lüğətdə avtomobil nəqliyyatında işlənən
9 minə yaxın söz və söz birləşməsi təqdim
olunub. Terminlərin tərtibi zamanı müxtəlif mənbələrdən,
o cümlədən Azərbaycan dilində nəşr olunmuş
dərslik, dərs vəsaitləri, normativ-texniki sənədlər
və həmçinin müxtəlif dillərdə tərtib
olunmuş lüğətlərdən, texniki ədəbiyyatlardan
istifadə edilib.
Terminologiya
Komissiyasında müzakirə olunan «Qısa ədəbiyyat
terminləri lüğəti» son dövrlərdə nəşr
olunan ədəbiyyatşünaslıq dərsliklərində
işlənən mindən
çox termini özündə cəmləşdirir. Lüğətdə
hər bir terminin tərcüməsi, onun qısa izahı,
ardınca isə müxtəlif ingilis dilli ədəbiyyatlardan
seçilmiş xüsusi materiallarla
tamamlanır. Lüğətin tərtibi və sistemləşdirilməsi
zamanı latın qrafikasından istifadə edilir və terminlərin
bir çoxu başqa dillərdən alındığından
onların tələffüzü oxucu üçün çətinlik
törədir. Bu çətinliyi aradan qaldırmaq
üçün hər bir terminin düzgün tələffüzü
transkripsiyada verilir.
- KİV-də terminlərin
düzgün tətbiqi ilə bağlı komissiya tərəfindən
hansı lüğətdən istifadə uyğun hesab edilir?
- Terminologiya Komissiyasının fəaliyyətinin
mühüm bir sahəsini terminlərin kütləvi
informasiya vasitələrində, nəşriyyatlarda, idarə
və müəssisələrdə, məktəblərdə
düzgün tətbiqinə nəzarəti təşkil etməkdir.
Komissiyada məktubla müraciət olunan bir sıra mübahisəli
sayılan, müxtəlif variantlarda işlədilən terminlərin
optimal variantı seçilib müzakirə yolu ilə dəqiqləşdirilib.
Afaq İsmayılovanın “Kütləvi informasiya vasitələrində
işlənən terminlər lüğəti” də ilk dəfə çap olunub və
burada həmin sahəni əhatə
edən söz-termin və söz
birləşmələri əks
olunub. Dövri mətbuatın hazırda kütləvi surətdə
çoxalıb yayıldığı bir vaxtda bu lüğətə
olan ehtiyac daha da artıb. Lüğətdə 6 minə qədər
termin və ifadə verilib,
onların da hər birinin tərcüməsinə
diqqətlə yanaşılıb. Lüğətdə
yalnız nominativ halda verilmiş baş söz və terminlərin
transkripsiyası göstərilib.
- Hazırda komissiyanın
qarşısında duran hansı həlli vacib məsələlər
var?
-
Terminologiya Komissiyasının qərarı ilə “Terminologiya
məsələləri” toplusu da 2012-ci ildə yenidən nəşr olunub.
“Terminologiya məsələləri” toplusunda Terminologiya
Komissiyasının qəbul etdiyi terminlər və
terminologiyanın nəzəri məsələləri öz
linqvistik təhlilini tapıb.
Mən
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının katibliyindən daxil olmuş məlumata əsasən,
Türk dillərinin vahid terminologiyasının
yaradılması sahəsində
Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində ilk iclasında iştirak etdim. Ortak
Terminoloji Kurulun üzvü seçilmişəm. Bu
toplantıda türk dillərinin ortaq əlifbası qəbul
edilib və ortaq terminologiyanın yaradılması prinsipləri
müəyyənləşdirilib.
Ötən
müddət ərzində komissiyanın üzvləri
ayrı-ayrı lüğətlərin müzakirəsində
fəal iştirak ediblər. Xüsusilə, “Fizika, riyaziyyat,
mexanika və texnika elmləri” bölməsinin sədri,
akademik A.Hacıyevin rəhbərliyi ilə bir sıra
terminoloji lüğətlər müzakirə olunub və nəşr
edilib. Hazırda Komissiyada “Rusca-ingiliscə kimya terminləri lüğəti”nin təkmilləşdirilməsi
üzərində iş gedir.
Azərbaycan
elminin dünya elminə inteqrasiyasının sürətlənməsi,
Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla
zənginləşməsi, “elektron hökumət” erasına
hazırlığın güclənməsi mərhələsində
dilimizdə işlənən, eləcə də yeni yaranan
terminlərin toplanması, aprobasiyası və tətbiqinin
sürətləndirilməsi, onları sistemləşdirən
terminoloji lüğətlərin elektron variantlarının
yerləşdirilməsi üçün Terminologiya
Komissiyasının “WEB portalı”
yaradılıb. AMEA RH qərarı ilə Terminologiya
Komissiyası ilə AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutu tərəfindən veb-portalın
yaradılmasında əsas məqsəd mövcud lüğətləri
vahid mərkəzə toplamaq, elmin və texnikanın müxtəlif
sahələrində çalışanlara gündəlik
işlərində rastlaşdıqları terminlərin
izahını, müxtəlif dillərdə
qarşılığını tapmağa, həmçinin
termin yaradıcılığına cəmiyyətin müxtəlif
təbəqələrini, o cümlədən xaricdə
yaşayan soydaşlarımızı cəlb etməkdir.
Bununla
belə, Terminologiya Komissiyasının işində bəzi
nöqsanlar da var. Komissiya hələ bəzi zəruri sahələrə
aid terminoloji lüğətlərin (kimya, riyaziyyat), xüsusən
də tədrislə bağlı terminoloji lüğətlərin
yaradılmasına nail ola bilməyib. Mətbuatda, radio və
televiziya verilişlərində, ali və orta məktəb dərsliklərində
termin müxtəlifliyinə yol verilir, bəzən də
müxtəlif dillərdən düşünülmədən
alınmış anlaşılmaz terminlər işlənilir.
Gələcəkdə komissiya bu nöqsanların aradan
qaldırılmasına çalışacaq.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-24 yanvar.-S.11.