“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında prioritetlərlə bağlı təkliflər
toplanır “Gənclərin təkliflərinə önəm
veriləcək”
AMEA Rəyasət Heyətinin elmi
katibi Sərxan Xavəri: “Bu təkliflər institutlardan, elmi-tədqiqat
müəssisələrindən gəlir və bütün
sahələri əhatə edəcək”
Bu mərhələdə
əsas hədəfi çoxşaxəli, səmərəli
və innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun
səviyyəyə çatdırılması, habelə elmin,
mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır.
Bu
baxımdan İnkişaf Konsepsiyasının layihəsi
hazırlanarkən onun əhatəli səviyyədə
müzakirəsi və geniş spektrdə təkliflərin nəzərə
alınması, analiz edilməsi nəzərdə tutulub. Konsepsiya
ilə bağlı Prezident sərəncamında göstərilir
ki, İnkişaf Konsepsiyasının layihəsinə
müvafiq dövlət orqanları, elmi təşkilatların
və yüksək ixtisaslı mütəxəssislərin cəlb
olunması təmin edilməlidir. Həmçinin, bu sahədə
qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi
ilə Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlığın həyata
keçirilməsi üçün zəruri tədbirlər
görülməlidir. Bundan başqa, vətəndaş cəmiyyəti
təsisatlarının iştirakı, habelə layihənin
açıq müzakirəyə çıxarılması
üçün müvafiq tədbirlərin görülməsi
də təmin edilməlidir.
Bu
baxımdan az öncə Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyəti “Azərbaycan
2020: Gələcəyə baxış” İnkişaf
Konsepsiyası ilə əlaqədar sərəncam imzaladı.
Sərəncamda akademiyanın elmi müəssisə və təşkilat
rəhbərlərinə İnkişaf Konsepsiyasından irəli
gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə
öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri
tədbirlər həyata keçirmək
tapşırılıb. Sərəncamda həmçinin AMEA
elmi bölmələrinə və Rəyasət Heyətinin nəzdindəki
müvafiq strukturlara İnkişaf Konsepsiyasının həyata
keçirilməsindən irəli gələn elmi fəaliyyət
sahəsinə aid dövlət proqramlarının
hazırlanmasına aid təkliflərini yanvarın 30-dək Rəyasət
Heyətinə təqdim etmək tapşırılıb. Bəs
bu sahədə hazırda vəziyyət necədir? Dövlət
proqramlarının hazırlanması üçün təkliflərin
toplanması prosesi necə gedir? Nə kimi təkliflərin
proqramlarda əksini tapması gözlənilir? Bu barədə
qəzetimizə AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan
Xavəri belə bildirdi: “Bu işi yerinə yetirmək
qarşıya vəzifə kimi qoyulub. Fərmanın
dördüncü bəndində aidiyyəti dövlət
qurumlarının rəhbərlərinə İnkişaf
Konsepsiyasından irəli gələn vəzifələrin
yerinə yetirilməsi məqsədilə fəaliyyət
istiqamətlərinə uyğun olaraq zəruri tədbirlərin
həyata keçirilməsi tapşırılıb. Həmin
fərmanın icrasından irəli gələn məsələləri
həll etmək üçün Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti müvafiq sərəncam
imzalayıb. Həmin sərəncamda akademiyanın elmi müəssisə
və digər təşkilat rəhbərlərinə
tapşırılıb ki, “Azərbaycan 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyasında əksini tapan Azərbaycanın
2020-ci ilədək sosial-iqtisadi və mədəni-mənəvi
inkişafı ilə bağlı konseptual yanaşmaları,
müvafiq fikir və mülahizələri öz fəaliyyətlərində
əks etdirsinlər. İkincisi isə AMEA-nın elmi-tədqiqat
institutları və müəssisələrinə rəhbərlik
edən elmi bölmələrinə və Rəyasət Heyətinin
nəzdindəki müvafiq strukturlara - şöbələrə
tapşırılıb ki, konsepsiyanın həyata
keçirilməsindən irəli gələn elmi fəaliyyət
sahəsinə aid olan dövlət proqramlarının
hazırlanmasına aid təkliflər hazırlasınlar və
bu ayın sonuna qədər AMEA-ya təqdim etsinlər.
Hazırkı mərhələdə AMEA-nın elmi-tədqiqat
müəssisələrindən həmin təkliflər
akademiyanın Rəyasət Heyətinə daxil olmaqdadır. Həmin
təkliflər müvafiq bölmələrdə sistemləşdiriləcək,
nəzərdən keçiriləcək, daha sonra isə onlar
müzakirə olunacaq. Həmin müzakirələrin nəticəsi
olaraq akademiyanın Rəyasət Heyəti daha konkret olaraq
hansı işlərin görülməsi lazımdırsa,
hansı elmi-tədqiqat sahəsinə aid proqramların
hazırlanıb hökumətə təqdim olunması zəruridirsə,
o məsələlərlə bağlı tədbirlər
görəcək”.
Qeyd
edək ki, AMEA-nın bu fəaliyyəti ilə bağlı əlaqələndirici
orqan İqtisadi İnkişaf Nazirliyidir. S.Xavəri bildirdi:
“İqtisadi İnkişaf Nazirliyinə də məsələ
ilə bağlı olaraq fəaliyyət qrupunun
yaradılması təklif olunub. Nazirlikdəki fəaliyyət
qrupunda da akademiyanın rəhbərliyi səviyyəsində
nümayəndə iştirak edəcək. Ya akademiyanın
prezidenti, ya da vitse-prezidentlərdən biri bu fəaliyyət
qrupunda təmsil olunacaq. Konkret işlərin görülməsini
artıq İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət
göstərən fəaliyyət qrupu müəyyənləşdirəcək.
Akademiyanın üzərinə düşən odur ki,
müxtəlif sosial-iqtisadi, mədəni-mənəvi sahələrin
inkişafını nəzərdə tutan konkret dövlət
proqramları hazırlansın. Məsələn, humanitar sahənin
inkişafı ilə bağlı proqramlar hazırlanacaq.
Tutalım, konkret olaraq mədəni abidələrin
qorunması ilə bağlı dövlət proqramı
hazırlanıb hökumətə təqdim olunacaq, bu proqram təsdiq
olunandan sonra 2020-ci ilədək bu sahədə bütün
inkişaf tədbirləri icra ediləcək. Bu, strateji sənəddir.
Bu sənədlə oriyentirlər və hədəflər
müəyyənləşdirilir. Amma konkret proqramlar artıq
bundan sonrakı mərhələdə hazırlanacaq”.
Bəs
hazırlanacaq konkret proqramlarda hansı prioritet istiqamətlər
əksini tapacaq? Bununla bağlı fikirlərini bildirən
AMEA nümayəndəsi qeyd etdi ki, prioritetlərlə
bağlı təkliflər toplanmaqdadır: “Bu təkliflər
institutlardan, elmi-tədqiqat müəssisələrindən gəlir
və bütün sahələri əhatə edəcək.
Çünki elmdə yeniləşmələr, modernləşmələr
və “Elmin İnkişafı üzrə Milli Strategiya” əsasında fəaliyyətlər
aparılır. Proqramlarda nəzərdə tutulan prioritetlər
bu fəaliyətlərlə də uzlaşdırılacaq.
Prioritetlərlə və konkret proqramlardakı məqamlarla
bağlı bir müddətdən sonra daha təfərrüatlı
açıqlama vermək mümkün olacaq”.
Bu təkliflər hansı
formada toplanır? S.Xavəri
qeyd etdi ki, akademiyanın elmi-tədqiqat institutları
öz elmi-tədqiqat sahələrinə aid olan
alimləri yığır,
konsepsiyanı təhlil
edir, onların elom sahələrinə müvafiq qarşıya qoyulan vəzifələr müəyyənləşdirilir, görülməli olan işlər, proqramlar müzakirə nəticəsində ortaya çıxarılır və
bu barədə rəsmi məktubla akademiyanın elmi bölmələrinə öz
təkliflərini göndərirlər.
Elmi bölmələr isə bu təklifləri ümumiləşdirib Rəyasət
Heyətinə təqdim
edir. Beləliklə,
bütün sahələr
üzrə - həm ictimai və humanitar, fizika-riyaziyyat və texniki elmlər bölməsi üzrə, həmçinin
kimya, yer, aqrar elmlər bölmələri üzrə,
bundan başqa akademiyanın regional bölmələri üzrə
təkliflər toplanır.
Bu baxımdan heç bir elmi strukturun təklifi kənarda qalmır.
Gənc alimlərin fəaliyyətinin
stimullaşdırılması ilə bağlı təkliflər proqramda əksini tapacaqmı? Yaxud gənc
alimlərin təklifləri
nəzərə alınacaqmı?
Bu barədə fikirlərini
bildirən S.Xavəri
qeyd etdi ki, gənclərlə bağlı təkliflər
proqramlarda əksini tapacaq və bu barədə intensiv tədbirlərin reallaşdırılması gözləniləndir:
“Akademiyanın strukturlarından
biri gənclərin intellektual inkişafı ilə bağlı mərkəzdir. Onlar da yəqin ki, təkliflərini verəcəklər”.
AMEA-nın Rəyasət
Heyətinin elmi katibi onu da
bildirdi ki, gənclərin təkliflərinə
də bu baxımdan önəm veriləcək.
İlkin AĞAYEV
Palitra.-2013.-24 yanvar.-S.4.