İllik bal
istehsalı ölkənin daxili tələbatını
ödəmir
Azərbaycan
Arıçılar İttifaqının sədri Şamil
Quliyev: “Əgər arı ailəsinin sayı 600 minə
çatdırılarsa, daxili tələbatı ödəməklə
yanaşı, hər il xaricə 50 minə qədər ana
arı, 10 minə qədər paket, 10 min ton bal sata bilərik”
Bakıda
keçiriləcək “Arıçılıq məhsullarının
təqdimat-satış sərgisi” çərçivəsində
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun təşkilatçılığı ilə təsərrüfat
sahibləri ilə mətbuat konfransı və seminar
keçirildi. Azərbaycan Arıçılar
İttifaqının sədri Şamil Quliyev, Hacəttəpə
Universitetinin professoru Aslı Özkırım, Rusiyadan dəvət
olunmuş mütəxəssis Aleksey Borisoviçin
iştirakı ilə keçirilən tədbirdə
arıçılığın inkişafı, bu sahədə
mövcud problemlər və onun həlli yolları müzakirə
olundu.
Arıçılığın
inkişafı nəticəsində 60 milyon manatlıq
arıçılıq məhsulları ixrac edə bilərik
Azərbaycan
ərazisində arıçılığın təsərrüfat
sahəsi kimi təşəkkül tapma tarixinin çox qədim
olduğunu, zəngin xalq təcrübəsinə söykəndiyini
və xalqımızın milli mentalitetinə uyğun təsərrüfat
sahəsi olduğunu deyən Azərbaycan Arıçılar
İttifaqının (AAİ) sədri Şamil Quliyev bildirdi
ki, arxeoloji qazıntılar zamanı tapılmış, Eneolit
dövrünə (7-8 min il bundan əvvəl) aid və mum qəliblərə
tökmə üsulu ilə hazırlandığı sübut
olunan bəzi metal əşyalar hələ o dövrdə belə
Azərbaycan məişətində
arıçılığın mühüm rol
oynadığını və deməli, təsərrüfat
sahəsi kimi inkişaf etdiyini sübut edir. Hətta Herodot (e.ə.
484-425-ci illər) Qafqaz əhalisinin səbət və gil qablarda
arı saxlamaları barədə yazıb.
Ş.Quliyev
bildirdi ki, arıçılığın inkişafı ilə
bağlı əsas faktor təbii iqlim şəraitidir ki,
ölkəmizdə bu imkanlar var. Belə ki, mövcud 4200 bitki
növünün 600-ü bal verən bitkidir. Azərbaycan
çox qiymətli arıçılıq genefonduna malikdir.
Dünyada 24 arı cinsi var ki, onlardan 6-sı yüksək təsərrüfat
əhəmiyyətli xüsusiyyətlərə malikdir.
Onlardan 2-si bizim yerli arı
genefondunu təşkil edir. Həmin 2 arı cinsinin 5
populyasiyası mövcuddur. AAİ sədrinin sözlərinə
görə, dağətəyi zonalarda, meşə ərazilərində
arıların bal vermə imkanları həddən artıq
böyükdür: “Düzən ərazilərdə isə
aran arıçılığının inkişafı
üçün yem ehtiyatı bazalarımız var. Son illər
ölkədə bal verən texniki bitkilərin əkini
vüsət almaq üzrədir. Bu da
arıçılığın inkişafı
üçün böyük bir təməl rolunu oynaya bilər.
Alimlərin apardığı tədqiqatlara görə, Azərbaycan ərazisində 600 min
arı ailəsi saxlamaq mümkündür. Bu da imkan verir
ki, ildə 300 min ədəd ana arı istehsalı olsun. Bu həm daxili ehtiyacları təmin etmək, həm də ixrac xarakterlidr. Ölkədə illik bal istehsalı potensialı 15 min ton civarındadır.
Hazırda isə Azərbaycan ərazisində
200 min arı ailəsi
var. Dövlət Statistika
Komitəsinin məlumatına
görə, ötən
il bu rəqəm
195 min olub. Ana arı istehsalı ölkədə 4 min civarındadır,
arı ailələrinin
orta illik məhsuldarlığı 8-10 kq
civarındadır. Dünya göstəricisindən
orta məhsuldarlıq
aşağıdır. İllik bal istehsalı
həcmi isə
1200-1600 ton civarındadır. İstehlak tələbatı 4500 tondur.
Beləliklə, illik bal istehsalı ölkənin daxili tələbatını ödəmir.
Heç
bir arıçılq
məhsulu üzrə
ixracat yoxdur”. Ş.Quliyevin fikrincə, arıçılıq inkişaf
etdirilərsə və
600 minə çatdırılarsa,
daxili tələbatı
ödəməklə yanaşı,
hər il xaricə 50 minə qədər ana arı, 10 minə qədər paket, 10 min ton
bal sata bilərik. Beləliklə, 57- 60 milyon manatlıq
xaricə arıçılıq
məhsulları ixrac edə bilərik. Nəticədə arı ailəsinin
sayının 3 dəfəyə
qədər artırılmasına
ehtiyac var.
Cari ildə “Qaçqın
və məcburi köçkün arıçılara
yardım” layihəsi reallaşdırılacaq
Ümumiyyətlə, arıçılıq
sahəsində böyük
işlərin görülməsinə
ehtiyac olduğunu deyən AAİ sədri bildirdi ki, son 10 ildə arıçılıqla
bağlı inkişaf
var: “Arıçılıqla
bağlı müxtəlif
ictimai birliklər formalaşıb, firmalar, özəl şirkətlər
yaranıb. 2008-ci ildə isə həmin firma və ictimai birliklərin əsasında Azərbaycan
Arıçılar İttifaqı
(AAİ) yaranıb. Ölkədə son illərdə arıçılığın
hüquqi bazası yaradılıb. 2009-cu ildə Azərbaycanda “Arıçılıq haqqında”
qanun qüvvəyə
minib.
O da vurğulandı ki, arıçılığın
inkişafında bir istiqamət maddi-texniki baza ilə bağlıdır.
Bu sahədə hazırda bütün gücün özəl sektorun üzərinə düşdüyünü deyən
AAİ sədri deyir ki, bu sahədə
fəaliyyət göstərən
ən böyük müəssisə “Şahdağ-E”
firmasıdır. Bu firma arıçılıq avadanlıqları
ilə təminatda mühüm rol oynayır: “AAİ özəl
sektora dəstək vermək üçün
müəyyən yardımlar
edir və ötən il bu məqsədlə ixtisaslaşmış arıçılıq
mağazası yaradıldı
ki, hazırda yüksək səviyyədə
fəaliyyət göstərir.
Ölkədə bal verən bitkilərin toxumçuluğu istiqamətində
müəyyən işlər
görülüb. AAİ müəyyən layihələr
reallaşdırıb ki,
burada ilk olaraq yerli arı genefondunun qorunması istiqamətində işlər
görməyə çalışırıq.
Çalşırıq ki, təsərrüfatlarda
xarici təcrübə
və texnologiyanın
tətbiqinə nail olaq.
Lakin bu da bir
faktdır ki, arı xəstəlikləri
ilə mübarizədə
ölkədə heç
bir dərman preparatı istehsal olunmur və xaricdən gətirilir ki, onların heç də hamısı yüksək
keyfiyyətli olmur.
İstərdik ki, keyfiyyətli
şəkildə ölkəyə
daxil olsun”. O da vurğulandı ki, yerli arı
genefondunun qorunması,
damazlıq işi dövlət səviyyəsində
öz həllini tapmalıdır. Seleksiya işləri dövlətin
icazəsi ilə həyata keçirilməlidir.
Bu istiqamətdə xarici təşkilatlarla birgə
layihələrin həyata
keçirilməsinə nail olduqlarını deyən Ş.Quliyev qeyd etdi ki, onlardan
biri kimi Türkiyənin TİKA təşkilatının
texniki yardımı ilə Xızı rayonunda illik məhsuldarlığı 3000 ana
arı olan damazlıq təsərrüfat
yaradılıb. Təsərrüfat müasir avadanlıqlarla və izolə mayalandırma məntəqəsi
ilə təmin olunduğu üçün
damazlıq-seleksiya işləri
yüksək səviyyədə
yerinə yetirilə bilir. İstehsal olunan və
cins təmizliyi təmin olunmuş ana arılar qəbul olunmuş rayonlaşma prinsiplərinə
uyğun olaraq ölkənin rayonlarına
göndərilir. Bundan
başqa ötən il FAO-nun nümayəndələri
ölkəmizə gəlib
və araşdırma
nəticəsində müəyyən
olunub ki, yerli arılarda genefond baxımından çirklənmə gedib.
AAİ sədrinin sözlərinə
görə, bunun üçün də islahata ehtiyac var və bu
da dövlətin dəstəyi ilə həyata keçirilməlidir:
“Çünki bunlar böyük vəsait tələb edən layihələrdir. Hazırda Azərbaycan
arıçılarının inkişaf səviyyəsi peşəkarlıq baxımından
imkan verir ki, ana arı
yetişdiriciliyi və
damazlıq işi ilə məşğul olsunlar. Sadəcə olaraq həmi
arıçılara yardım
etmək lazımdır.
Azərbaycan arıçılığının
bütün problemlərinin
kompleks həllini həyata keçirə bilən bir layihənin dəstəklənməsinə
ehtiyac var və hökumətdən
bunu gözləyirik”.
O da vurğulandı ki, TİKA ilə AAİ-nin birgə həyata keçirdiyi digər layihə əsasında altı min ədəd “çiçəktozu
tutanlı” quraşdırılıb,
arı ailələri
ilə doldurularaq ailələrə paylanılıb.
İlk dəfə bu layihə çərçivəsində
çiçək tozunu
qurudan və təmizləyən aparat Türkiyədən gətirilib
ki, artıq bu istehsal olunan
bütün çiçək
tozunun təmizlənməsi
və qurudulmasını
həyata keçirməyə
imkan verir. Beləliklə, bu nəticəyə
gəlmək olar ki, Azərbaycanda ixtisaslaşmış arıçılıq
təsərrüfatlarına ehtiyac var.
Ş.Quliyev bildirdi ki, cari
ildə “Qaçqın
və məcburi köçkün arıçılara
yardım” layihəsinin
keçirilməsi planlaşdırılıb. Bu layihənin təbii şəraitinin əlverişli
olması ilə əlaqədar cənub bölgəsində, Lənkəranda
reallaşdırılması nəzərdə tutulur.
100 qaçqın və məcburi köçkün ailəsinə
hər birində 10 ədəd olmaqla 1000 arı ailəsi veriləcək. Bu layihəni həyata keçirməkdə məqsəd
iki damazlıq təsərrüfatının əsasını
qoymaqdır. Layihə artıq
təsdiqini tapıb.
Ş.Quliyev onu da vurğuladı ki, Azərbaycanda arıçılığın
inkişafına maneə
yaradan amillərdən
biri də bəzi müvafiq qurumların arıçılıq
birliklərilə qarşılıqlı
əməkdaşlıq etməməsi,
arıçılıq sahəsindəki
problemlərin həllinə
çalışmaması, ümumilikdə isə bu sahə üzrə
fəaliyyətinin olduqca
aşağı səviyyədə
olmasıdır. Təsərrüfat sahibləri ölkə başçısının arıçılığın
inkişafına dəstək
olacağına əmin
olduqlarını bildirdilər.
Hacəttəpə Universitetinin professoru
Aslı Özkırım
isə bildirdi ki, Azərbaycanda hər bir sahədə
olduğu kimi arıçılığın da inkişafına şərait var. Türkiyə
də qardaş ölkədə bu sahənin inkişafı üçün dəstək
göstərmək istəyir:
“Bildiyiniz kimi arıçılığın inkişafında dünya üzrə Çindən
sonra Türkiyə ikinci yerdədir. İstərdik ki, Azərbaycan
da bu sahədə
Türkiyədən faydalansın,
maarifləndirilsin”.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-24 yanvar.-S.12.