Aktyorluğun ən zəif cəhəti onun rejissordan asılı olmasıdır”

 

Sərdar Rüstəmov: “Teatr aktyoru formada saxlayır, kino isə daha çox tanınma imkanı verir”

 

Aktyor Sərdar Rüstəmov  2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. O, 1999-cu ildə teatrın aktyor truppasına götürülüb. Teatrın səhnəsində Mədənçi (“Aydın” C.Cabbarlı), Şikayətçi (“Lənkəran xanının vəziri” M.F.Axundov), Rəhman (“Dar ağacı” B.Vahabzadə ), Çapar, Aktyor və Korneli (“Hamlet” V.Şekspir ), Təlimçi (“Kəllə” J.Molyer ), 1-ci oğlan (“Hərənin öz payı” X.Qoca), Leandr (“Skapenin kələkləri” J.Molyer), Qəzet satan (“Brüsseldən məktublar” H.Həsənov), Elmi işçi (“İkinci səs” B.Vahabzadə ), Milis (“Ölüləri qəbristanlıqda basdırın” İ.Ş ıxlı), Eloğlu (“Eloğlu” A.Şaiq), 2-ci gənc (“Mesenat” Ə. Əmirli), Rizvan (“Rəqabət” B.Vahabzadə)  rollarını ifa edib. Teatrdan başqa, “Mən sənin dayınam” (Rejissor assistenti), “Mənim üçün varsan” (Polis rəisi), “Sarı gəlin” (Qıpçaq Məlikin vəziri) teletamaşalarında və “Təlatüm”, “Cavid ömrü”, “Kuklalar”, “Tərsinə çevrilən dünya” bədii filmlərində çəkilib. Həmsöhbətim yaratdığı  Eloğlu obrazı, Yezid İbn Müaviyə , “Kvazimoda” tamaşasında  İblis və baş təlxək obrazlarını özünün uğurlu rolları hesab edir. Amma bu yaxınlarda aktyor  Akademik Milli Dram Teatrından uzaqlaşdırılıb. Səbəbini isə müsahibədə sizə təqdim edirik. 

-Mən 2011-ci ilin yanvar ayının 24-nə kimi əsas heyətin aktyoru olmuşam. Həmin il rəhbərliyin keçirdiyi lazımsız attestasiyadan sonra məni ikinci heyətə göndərdilər. Həmin vaxt Gəncədə Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminə çəkilirdim. Gəncədən qayıdıb yeni müqavilə bağlamaq üçün teatra gələndə truppa müdiri Elnur Məmmədovun mənə təqdim etdiyi müqaviləyə baxanda gördüm ki, yardımçı heyətə göndərilirəm. Müqaviləyə qol çəkəndə Elnura dedim ki,  kütləvi səhnələrdə, epizodik rollarda oynamayacağam. Çünki bu rollar ali məktəbi təzə bitirənlər üçündür, mənim o yaşım deyil. 

-Sizə teatrda rol verilirdimi?

-2010-cu ildən bu günə qədər teatrın səhnəsində oynadığım yeganə rol “Qarabağnamə” tamaşasında Əbülfətxan obrazıdır. Ondan sonra mənə teatrda heç bir rol verilməyib, yalnız “Napoleon” tamaşasını çıxmaq şərtilə. “Napoleon”  tamaşasını hazırlayan rejissor Namiq Ağayev çox istədi ki, Napoleon rolunu mən oynayım. Amma o rolu Oqtay adlı aktyora verdilər. İndi isə bir neçə gün əvvəl məni işdən çıxarıblar. Teatrın xidməti girişindən içəri girəndə mənə dedilər ki, səni içəri buraxa bilmərik. Rəhbərlik tapşırıb ki, tamaşası olmasa onu teatra buraxmayın. Mən başa düşmürəm teatr bunların atasınındır? Yenidən Elnura zəng vurdum. Dedi ki, əlindən nə gəlirsə, elə. Amma bilirəm ki, məni ölkə Prezidentinə yazığım məktuba görə işdən uzaqlaşdırıblar. Məni - ömrümün 15 ilini qurban verdiyim teatrdan uzaqlaşdırmaq olmaz.  Yaradıcı adama qiymət vermək lazımdır. Bu günki nəslin mən istedadlısıyam. Mən istedadımı ortaya qoyuram, buyursun, Azərbaycanın bütün teatrları və kinorejissorları məndən istifadə etsinlər. Mən öz gücümə bələdəm, bunu əminliklə deyirəm. 

-Bildiyim qədərilə “Azdrama” sizin  ilk iş yeriniz və ilk teatrınızdır.

- İkinci kursda oxuyanda rəhmətlik Həsən Turabov bizim məşqimizə baxandan sonra bir gün auditoriyaya daxil olaraq mənə və bir tələbə yoldaşıma “Gəlib ərizənizi yazın, sizi “Azdrama” ya işə götürürəm” dedi. Mənim üçün həmişə “Azdrama” əlçatmaz idi. Ona görə çox təəccübləndim. Beləcə, “Azdrama” ya qapılar açıldı. Orda Vaqif İbrahimoğlunun quruluşunda “Lənkəran xanının vəziri” tamaşası səhnələşdirilirdi. Məhz həmin tamaşada ilk rolumu ifa etdim. Beləcə, arxasında digər maraqlı rollar gəldi. Əliabbas Qədirov, Maqbet Bünyadovun zamanında teatrda çox maraqlı rollar oynadım.  O, bir dövr idi, gəldi keçdi. Amma sizə deyim ki, mən o dövrün Sərdarına vurğunam. O Sərdar çox zəhmətkeş, çalışqan, savadlı bir insan idi.

-Sizcə, aktyoru çərçivəyə salmaq olar?

- Stanislavski deyirdi ki, aktyora yaradıcı sərbəstlik və azadlıq vermək lazımdır. Diqtə altında aktyor heç nə yarada bilməz. Aktyorun pyeslə tanışlıq anına o, çox böyük məsuliyyətlə yanaşırdı. Aktyor mütləq yoqa ilə məşğul olmalı, qida rejiminə fikir verməli, ruhən və fiziki struktur baxımından hazır olmalıdır. Tapança altında, zülmlə aktyor yetişdirmək olmaz? Mən inanıram ki, əsl istedad sahibi gec-tez üzə çıxır. Lui de Fünes ilk filminə çəkiləndə 49 yaşı var idi, amma o yaşında belə, elə obrazlar yaratdı ki, kinoda komediya janrında onun qədər iz buraxan aktyor yoxdur.

-Azərbaycanda  müxtəlif  profilli teatrlar var. Hansı teatrın səhnəsində rol ifa etmək istərdiniz? 

- Mən başqa teatrların səhnəsində dəvətlə bir neçə tamaşa oynamışam. Amma bu vaxtdan sonra başqa teatrda işləmək mənə  maraqlı deyil. 15 ildir ki, ölkənin bir nömrəli teatrında işləyirəm.

-Bəzi aktyorlar yalnız teatr, bəziləri yalnız kino aktyorları olurlar. Bu fonda eyni anda teatr kino aktyoru olmaq bir aktyora hansı avantajı verir?

- Teatr aktyoru formada saxlayır. Teatr  hər şeydən əvvəl məktəbdir. Biz səhnədə əlifbanı öyrənirik hər gün  o əlifbanı təzələməliyik. Bircə gün təkrar etməsək, hər şeyi yaddan çıxara bilərik. Səhnədə aktyorun qarşısında hər gün yeni səhifə açılır.  Kino daha çox tanınma imkanı verir, teatr isə estetik zövq tamaşaçıları tərbiyələndirməyə yönəlib. İkisində eyni vaxtda çalışmaq istərəm. Kino aktyorların çörəyidir. Heç kəs teatrdan lazimi səviyyədə dolana bilmir. Kamera qarşısında isə aktyor özünü tamamilə sərbəst hiss edir. Mən yeganə aktyoram ki, kinoda kadrda bir dublda çəkilmişəm. Kinoda şişirdilmiş oyun olmamalıdır. Amma teatrda biz bilə-bilə şişirdilmiş oyun oynayırıq.

-Amma hər teatrdan gələn aktyor heç kinoda öz imkanını göstərə bilmir, onlar pafosdan yaxa qurtara bilmirlər. Bu aktyorun, yoxsa rejissorun günahıdır?

- Düz deyirsiniz, aktyorlar bəzən teatrda lazımsız vərdişlərə yiyələnirlər. Kinoda bişən aktyor kamera qarşısında əla oyun nümayiş etdirir. Amma illərdir ki, teatrda oynayan,  sonra isə  kinoya gələn aktyorlar oynaya bilmirlər. Bu gün çəkilən seriallarımızdakı kimi. Onlarda faciəli şəkildə teatrların lentə çəkilmiş variantını görürəm. Bir vaxtlar özlərini Azərbaycan efirinin dublyaj sahəsinə sırıyanlar, qeyri-kişi səsini efirə gətirən adamlar  indi seriallarda çəkilirlər. Mən aktyoram, mənim ətrafımda da çoxlu sayda  aktyor var, amma onların içərisindən çox  az adam həmin seriallarda yer alır. Kastinq düzgün olmalıdır. Məncə, aktyorluğun ən zəif cəhəti onun rejissordan asılı olmasıdır. əgər rejissor onu layiq olduğu rola çəkəcəksə, aktyor istədiyi fikirləri tamaşaçıya deyə biləcək.

-Marlon Brando etiraf edirdi ki, komediyada heç vaxt oynaya bilməz. Sərdar Rüstəmov özünü komediyada  görürmü?

- Mən həmişə komik aktyor olmaq istəmişəm. Amma tale elə gətirdi ki, dram aktyoru oldum. Amma bir-iki obrazımda komik elementlər var bu, məni çox sevindirir. Komediyanı oynamaq ustalıq tələb edir. Komediyanı oynamaq üçün insan ruhən, zahirən o aləmə bağlanmalıdır. Şepkinin gözəl bir sözü var :Tamaşaçı ilə zarafat eləmək asan məsələ deyil”. Səhnədə hər şeyi kontrolda saxlamaq lazımdır. Məncə, aktyor özünü duyarsa, o istədiyi zaman komediya da oynaya bilər, faciə .

-Siz şair kimi şeir, yazar kimi hekayələr yazırsınız. Yazarlıq bir aktyor üçün deməkdir? Səhv etmirəmsə, Xaqani haqqında roman  yazmaq fikriniz  var idi. Gerçəkləşdirə bildinizmi?

-Əsl aktyor çoxlu mütaliə etməlidir. Bu da bədii düşüncə qabiliyyəti olan insanda öz izlərini buraxır. Həmin adam istər-istəməz yazıb-yaratmalıdır. Çoxlarının yazmadığı, görmədiyi şeyləri üzə çıxarıb cəmiyyətə göstərməlidir. Bu baxımdan aktyor həm yazmalıdır. Mən şeir , hekayə , povest , ssenari yazıram. Hazırda 5 tam, 3 yarımçıq hekayə, iki yarımçıq, bir tam povestim var. Yazmağa isə 2004-cü ildən başlamışam. Bir yuxu gördüm ondan sonra yazmağa başladım. Yazanda rahatlaşıram.  Xaqaninin şəxsiyyətini istedadını çox bəyənirəm buna görə belə bir roman da yazmaq istəyirdim. Faktları topladım, amma hələ ki  yarımçıq qalıb. Teatr vaxtımızı udur. Başqa heç nəyə vaxt buraxmır.  Amma yazanda həmişə bir nəfəsə yazıram. Mənim qəhrəmanlarım müəyyən qədər sadəlövh, öz səmiyyətinin qurbanı, həyatda çoxlarının duya bilmədiklərini şüuraltı hiss edən  adamlardır.

-Bir az da sizin səsləndirmə fəaliyyətinizdən danışaq. Neçənçi ildən bu işlə məşğulsunuz?

- İlk dəfə  2003-cü ildə 18  yaşımda  prodakşnların birində epizodik rollar səsləndirməklə bu işə başladım. Müxtəlif vaxtlardaLider    “Space” televiziyasında işlədim. Amma indi yenə prodakşnlarla əməkdaşlıq edirəm.

 

 

Nərmin MURADOVA

 

Palitra.-2013.-25 yanvar.-S.13.