“Yaratdığım bütün
sənət nümunələrinin həm fəhləsi, həm
də rəssamıyam”
Saleh Məmmədov: “Bu sənəti
unudulmağa qoymamalıyıq”
Arayış :
Saleh
Məmmədov 1970-74- cü illərdə Məhsəti Gəncəvi
adına Gəncə Pedadoji Məktəbində “Rəsm və
rəsmxəttin tədrisi” ixtisası üzrə təhsil
alıb. 1985-ci ildə şüşə -keramika ixtisası
üzrə V.Muxin adına Leninqrad Ali Bədii -Sənaye Məktəbini
bitirib. 1985-1996- cı illərdə Gəncə çini
qablar zavodunda aparıcı rəssam -baş rəssam
müavini, bədii laboratoriyanın rəhbəri olub. 2000-ci
illərdə Bakı saxsı qablar zavodunda
çalışıb. 1987-ci ildən SSRİ və Azərbaycan
Rəssamlar İttifaqının , 1997- ci ildən isə Azərbaycan
Dizaynerlər İttifaqının üzvüdür. O 2009-cu
ildə Bakı şəhərində keçirilən
dekorativ tətbiqi sənət festivalında uğurlu
iştirakına görə Bakı şəhər Mədəniyyət
və Turizm idarəsinin Fəxri Fərmanı ilə təltif
edilib. 2002- ci ildən Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “Dekorativ tətbiqi sənət”
kafedrasının baş müəllimidir.
Dulusçuluq
(keramika) Azərbaycanda dekorativ-tətbiqi sənətkarlığının
ən qədim sahələrindən biridir. Belə ki, mütəxəssislər
sənətin bu sahəsinin meydana çıxmasını
neolit dövrünə aid edirlər. Mənim müsahibim isə
deyir ki, bütün sivilizasiyanın dünyada keçən
yolunu, mədəniyyətini məhz keramikada tapırlar. Ona
görə bu sənət itməyən, unudulmayan, tarix
yaşadan sənətdir. Dulusçuluqla məşğul
olmaq istəyənlər gərək həm rəssam, həm
heykəltəraş, həm də tədqiqatçı
olsunlar.
-Dulusçuluqla
nə vaxtdan məşğul olmağa
başlamısınız?
-Atam
Gəncə Teatrında rəssam işləyirdi. Mən də
ona görə teatrın bütün premyeralarında
iştirak edirdim. Bir sözlə, uşaqlığım
teatrda keçib. Amma heç vaxt teatr rəssamlığına
həvəsim olmayıb. Niyə bu sənəti seçməyimin
səbəbini də bilmirəm. Görünür mənə,
ruhuma daha yaxın hiss etmişəm. Peşman deyiləm. Əslində
başqa sənəti seçməyə dəfələrlə
şansım olub, amma yenə də dulusçuluqdan ayrıla
bilməmişəm. Mən başqa sahələrdə təhsil
alıb, sonra onu yarımçıq qoyub, Rəssamlıq
Akademiyasına gələn çox adamla
qarşılaşmışam. Amma rəssamlıqda oxuyub sonra
ixtisasını dəyişən adam görməmişəm.
İncəsənət elə bir şeydir ki, hər bir insana
uşaq vaxtı vergi kimi verilir, incəsənət ünsiyyət
növüdür. Kimdəsə bu ünsiyyət bir az
çox, kimdəsə az ola bilər. Kimi danışaraq
ünsiyyət qurur, kimi rəsm əsəri çəkərək.
Amma nəticədə Allah hamıya bu istedadı bəxş
edir. Sadəcə gələcəkdə onu
bacardığın qədər cilalamaq lazım gəlir. Ona
görə deyirlər, hər bir uşaq böyük dahi
insandır. Böyüdükcə istedadı cilalamasan itib gedəcək.
Görünür, bu mənim həyatımdır.
Çünki Leninqradda mənimlə bərabər oxuyan
insanların bəziləri indi burda yoxdur, bəziləri də
ümumiyyətlə, bu sənətlə məşğul
deyillər.
-Bəs
siz niyə qayıdıb gəldiniz?
- Mən
də orada qala bilərdim, amma vətənə qayıtmaq,
burada bu sənətlə məşğul olmaq istədim. Ona
görə Leninqraddan birbaşa Gəncəyə gəldim.
Qismət belə imiş. Hazırladığım
bütün məhsulların formasını da, rəssamlığını
da özüm edirəm. Keramik məhsulların ilk mərhələsindən
başlayaraq son mərhələsinə qədər öz əllərimin
zəhməti ilə edirəm və sonda bütün əşyaların
altında öz imzamı qoyuram. Bir sözlə,
yaratdığım bütün sənət nümunələrinin
həm fəhləsi, həm də rəssamıyam. Yeri gəlmişkən,
oğlum da mənə kömək edir. O da Rəssamlıq
Akademiyasında oxuyur. Mənim sənətimi davam etdirir.
Qızım bədii toxuma ixtisasına yiyələnib,
hazırda Gəncədə yaşayır. Kiçik
qızım da rəssamdır. Bir sözlə, ailəmizdə
hamı rəssamdır.
-Bu sənətə
maraq hansı səviyyədədir?
-İndi heç kim bu sənətlə məşğul olmaq istəmir. Çünki keramikada istifadə olunan vasitələr Azərbaycanda satılmır. Məsələn, keramik boyaları əldə etmək çox çətindir. Gili bişirmək üçün istifadə etdiyimiz sobalar da olduqca bahadır. Təsəvvür edin, mən soba almaq üçün maşınımı satmışdım. Keramik boyalar Azərbaycanda ancaq bir- iki rəssamda var. Mənim özüm isə zavodda işlədiyimin vaxtlardan yığıb saxladığım boyalardan istifadə edirəm. Xarici ölkədən də aldığımız boyalar bizə maddi tərəfdən sərf etmir. Bu yaxınlarda Türkiyədən 100 manata bir boya almışam. Niyə hamı rəngkarlıqla məşğul olur? Ona görə ki, rəngkarlıqda işlənən materiallar Azərbaycan bazarında satılır. Kətan, boya, yağlar, fırçaların satışı ilə Bakıda bir neçə mağaza məşğuldur. Keramikada isə kətan və həmin boyalar istifadə olunmur. Keramika sənayedir. Sobalar, xüsusi gillər, müxtəlif xüsusi boyalar , xüsusi fırçalar, yağlar lazımdır. Ona görə də, bu gün Azərbaycanda çox az adam keramika ilə məşğul olur. Üstəlik, çinlilər bizim bazarı tamamilə zəbt ediblər. Bu gün mağazalarda milli suvenir adı ilə insanlara nəinki dulusçuluq, ümumiyyətlə Azərbaycanla əlaqəsi olmayan əşyalar satılır. Həmin əşyalar gildən yox, plastikdən hazırlanır. Satıcılar üçün bu çinlilərlə işləmək çox ucuz başa gəlir. Amma nəzərə alsaq ki, suvenirləri daha çox xaricilər alır, onda belə çıxır ki, biz onları aldadırıq. Amma son nəticədə biz öz millətimizi başqa millətlər içərisində aldadırıq. Çünki bu bizim xalqın adıdır, Çinin adı deyil. Azərbaycan dulusçuluğu, onun ən gözəl nümunələri Azərbaycanı xaricdə layiqincə təmsil edə bilər. Mənim fikrimcə, Azərbaycana xaricdən gələn süvenirlərə qadağa qoyulsa, bazarı yerli istehsalçılar təmin edə bilər. Niyə Türkiyədə çin malları elə də çox deyil? Çünki orda həm özləri suvenirlər istehsal edirlər, həm də xaricdən gələn mallara qoyulan rüsum çox yüksək olduğundan bu, heç kimə sərf etmir. Əminliklə deyirəm, əgər dövlət bu addımı atsa biz özümüz- öz bazarımızı suvenirlərlə təmin edərik. Azərbaycanda həmişə azərbaycanlıların hazırladıqları suvenirlər olub və indi Çində hazırlananlar burada bizimkilərin düzəltdiklərinin forması əsasındadır. Bu sadəcə suvenir satışı ilə məşğul olanların bir oyunudur. Avropada da belə bir problem var. Amma onlarda həmin malların üzərində Çinin istehsalı olduğu yazılır. Bizdə isə Çin istehsalı olduğunu təsdiqləyən heç bir nümunə yoxdur. Əksinə Azərbaycan istehsalı adı altında satışa çıxarılır.Yenə deyirəm bu, Çinin problemi deyil, bu, bizim problemimizdir. Bu peşəyə ömrümü- günümü həsr etmişəm. İndi onun qədim ənənələrinin yaddan çıxdığını görmək mənə çox pis təsir edir. Bu sənəti unudulmağa qoymamalıyıq.
Nərmin MURADOVA
Palitra.- 2013.- 29 yanvar.-
S.13.