“Uşaqların yanında mübahisə etməkdən çəkinmək lazımdır”

 

Nabil Seyidov: “Uşaqlara mənfi təsir göstərən verilişlərin yayımlanması dayandırılmalıdır”

Hər bir müstəqil ölkədə uşaq hüquqlarının qorunması, onların düzgün mənəvi və fiziki inkişafı, qanunvericilik üsulunun olması, valideynlərin bu sahədə yüksək keyfiyyətli hüquqi yardım alması vacib şərtlərdir. Yaşından asılı olmayaraq, hər bir uşağa şəxsiyyət kimi yanaşılmalıdır ki, onun xarakteri dürüst formalaşsın. Uşaqlara diqqət və qayğı ilə yanaşılması nəinki təkcə əlaqədar təşkilatların, eyni zamanda hər bir vətəndaşın borcu olmalıdır. Bu baxımdan ölkəmizdə aidiyyəti dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da aktiv maarifləndirmə işi aparır. Belə QHT-lərdən biriÜmidli Gələcək Gənclər İctimai Birliyidir. Təşkilatın sədri Nabil Seyidov qəzetimizə müsahibəsində bu kimi məsələlərlə bağlı maraqlı məqamlara toxundu.

 

-Uşaq və gənclərin mənəvi inkişafı, hüquqlarının qorunması üçünkimi işlər görürsünüz?

- Bizim bir neçə xidmət mərkəzimiz fəaliyyət göstərir. Bunlardan biri Uşaq Hüquqları Klinikasıdır ki, burada əhaliyə uşaq hüquqları ilə bağlı pulsuz hüquqi yardım göstərilir. Növbəti mərkəzimiz Azərbaycanda yeganə olanUşaq qaynar xətt” xidmətidir. Burada telefonla uşaqlara psixoloji-emosional yardım göstərilir, onlara məsləhətlər verilir. Digəri isə “Zorakılığın və cinayətin qurbanı olan uşaq və gənclər üçün psixo-sosial reabilitasiya mərkəzi”dir. Həmin mərkəzdə 400-ə yaxın cinayət törətmiş uşaq və gənc sosial reabilitasiyadan keçib və keçməkdə davam edir. Eyni zamanda bizim belə uşaq və gənclərlə bağlı sığınacaq mərkəzimiz də var. Burada da artıq iki il ərzində müxtəlif növ zorakılığa məruz qalmış uşaq və gənc reabilitasiyadan keçir və yenidən normal həyata qayıtmaq üçün vəsiqə qazanırlar. Onu da deyim ki, biz bu işlərin həyata keçirilməsində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlarla əməkdaşlıq edirik.

- Uşaqların sağlamlığı, düzgün tərbiyə edilməsi, şəxsiyyət kimi yetişdirilməsi üçün nə edilməlidir?

- Bunun üçün uşaqlara mənfi təsir göstərən verilişlərin yayımlanması dayandırılmalıdır. Belə proqramlar uşaqları intihara sövq edir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Televiziyaradio yayımı haqqında" qanunun 11-ci maddəsinin 11.5.3-cü bəndində, eləcə də 33 və 35-ci maddələrində televiziya tərəfindən uşaqlaryetkinlik yaşına çatmayanların fiziki, əqli, mənəvi inkişafına zərər vuran proqramların yayımlanmasının qarşısının alınması birbaşa göstərilib. KİV Haqqında qanunun 11-ci maddəsinə əsasən cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatın yayılmasına yol verilmir. Müxtəlif cinayət törətmiş, törətməkdə ittiham edilən, zorakılığa məruz qalan uşaqların şəkilləri tam şəkildə verilməsi digər uşaqların mənəviyyatına ziyan vurur. Film və proqramların yayımı zamanı hansı kateqoriyaya aid olduğunu bildirən simvollar, xüsusi yazılar göstərilməlidir.

- Valideynlər arasında yaranan böhran uşaqların mənəvi aləminə necə təsir edir?

- Şəxsin həyat sevgisinin yüksək olması onun ilk sevgi münasibətlərinin sağlam olması ilə əlaqədardır. Bu münasibət müxtəlif tərəddüdlərlə birgə ailə mühitində formalaşır. Ailə daxilində hissifiziki stress yaradan böhranlarla rastlaşa bilərik. Valideyn münaqişəsi bu böhranlar içərisində mühüm yer tutur. Ata-ana arasındakı münaqişələrdə uşağın vəziyyətinə dair ümumilikdə iki yanaşma var. Birinci yanaşmaya görə, evin içərisində və uşağın gözü qarşısında baş verən münaqişələr uşaq üçün travmatikdir. Məhz bu səbəbdən onların yanında münaqişədən, mübahisə etməkdən çəkinmək lazımdır. Bu mübahisələrə şahid olan uşağın yaşadığı hisslər onun şəxsiyyətinə və gələcəkdəki münasibətlərinə neqativ yönümdə təsir edir.

Digər yanaşmaya görə isə böyüklərin mübahisələrinə şahid olan uşaq bu münaqişələrin həyatın bir hissəsi olduğunu öyrənər və barışıqla nəticələnən bir mübahisədən dəyərli bir həyat dərsi alar. Gələcək həyatında gərginlik yaşayan vaxtlarda tez həyəcanlanan, narahatlıq keçirən bir şəxsiyyət inkişaf etməz və münaqişəni təbii bir hadisə kimi qəbul edər.

Əslində bu iki nöqteyi-nəzər bir-birinə heç də əks deyil. Əksinə, hər ikisi bir-birinin tamamlayıcısıdır. Hər münasibətin öz gerçəkliyi daxilində arabir bu anlayışlardan biri digərinə nisbətən daha funksionalya zərərverici ola bilir.

-Ata-ana mübahisəsi zamanı uşaqlar hansı hissləri yaşayır?

- Bu hisslər qorxu, narahatlıq, əlacsızlıq, nifrət, qəzəb və s. ola bilər. Fiziki şiddət, yüksəlmiş səs tonu və gərginlik mühitində bu havanı tənəffüs edən uşağın yaşadığı ilk iz qorxu olacaq. Uşaq başa düşə bilmədiyi səbəblərdən ötrü ata-anasının bir-biri ilə mübahisə etmələrinə görə özününya valideynlərinin zərər çəkəcəklərindən qorxur. Mübahisə zamanı qulaqlarını tutar, qışqırar, yataqdadırsa yorğanın altına girib ağlaya bilər. Əgər səsini eşitdirə bilirsə, qorxduğunu və mübahisə etməmələrini söyləyə bilər.

Uşaqda narahatlıq hissi isə qeyri-ixtiyari, şüursuz bir prosesdə ifadə oluna bilər. Uşağın məktəb həyatında, dostluq münasibətlərində problemlər üzə çıxa bilər. Məktəb dostları ilə tez-tez mübahisələr edər, kənardan sakitliyi pozan bir təsəvvür yaradar, diqqəti yayınar, dərslərinə maraq və uğurları azala bilər. Yuxu rejimi pozular, gecə qorxuları artar, öz otağında yatan uşaq ata-anası ilə yatmaq istəyə bilər. Bu davranışları ilə uşaq qapalı şəkildə ata-anasının mübahisələrinin qarşısını almağa yönəlmiş bir cəhd sərf edər. Bu davranışların əsasında duran əsl narahatlıq isə uşağın özünün varlığı ilə bağlı narahatçılığıdır. Uşaqlar həyatlarını davam etdirmək üçün böyüklərə möhtac olduqlarını bilirlər. Bu şüursuz bir bilmə halıdır və təkcə maddi bir həyat narahatçılığı deyil. Uşaqlar yaşamaq üçün fiziki qayğı qədər sevgiyə, ünsiyyətə, mənəvi (hissi ) olaraq qorunmağa da ehtiyac duyurlar. Ata-ananın davamlı münaqişələrinin uşaqda şüursuz olaraq xəbərdarlıq etdiyi ilk narahatlıq həyat-ölüm narahatlığıdır. Uşaq yuxarıda dediyimiz davranışlarla ata-anasını münaqişələrini nəzarət altına almağa çalışaraq əslində öz varlığını qorumağa çalışır. Digər bir duyğu isə günahkarlıqdır. Uşaqlarda günahkarlıq hissinin meydana çıxması psixodinamik inkişafın erkən mərhələlərinə təsadüf edir. Qayğı göstərən anaya bütövlükdə sahib olmaq istəyən uşaq bunu fiziki olaraq qeyri-mümkün olduğunu görəndə anaya qarşı ikili-ziddiyyətli hisslər yaşayar. Həm onu çox sevər, həm də həmişə ona aid olmadığı üçün anaya qəzəblənər. Bu hirslə fantaziyasında (xəyal dünyasında) anasına cəza verər. Bu cəzalandırmalara baxmayaraq ananın kifayət qədər yaxşı və qayğı göstərən valideyn olması günahkarlıq hissini formalaşdırar. Bu səbəbdən də uşaqda günahkarlıq hissinin izlənilməsi vacibdir. Digər hisslər isə çarəsizlik və görməzlikdən gəlmək səyidir. Böyüklərə müdaxilə edə bilməyən uşağın çarəsizlik hissi artır. Bu hisslər çoxluğunda uşaq ya baş verənləri görməzdən gəlmə, yadırğama kimi boş bir mübarizəyə girər, ya da depressiv bir vəziyyət yaşamağa başlayar. Necə reaksiya verəcəyi ilə bağlı qərarsızlıq yaşayar. Verəcəyi reaksiyanın mümkün nəticələrini qabaqcadan təxmin edə bilməz, çaşqın və ürkək bir halda donub qalar.

- Uşaqlar mənəvi travma almasınlar deyə, valideynlər nə etməlidirlər?

- Mübahisələr hər nə qədər spontan formalaşsa da, ata-ana bu tip vəziyyətlər üçün əvvəlcədən öz aralarında danışır, mümkün olan dərəcədə baxacaqları bir yol xəritəsi hazırlaya bilərlər. Ər-arvad uşaqlarının yanında ikən dərinləşmə ehtimalı yüksək olan münaqişələrdən uzaq durmağı seçə bilərlər. Uşaqların öz vəziyyətləri ilə bağlı olaraq narahatlığa düşə biləcəkləri və başa düşməyəcəkləri maddi mövzular onların yanında müzakirə olunmaya bilər. Evi dəyişdirmə, köçmə, boşanma, yaxın insanlardan birinin vəfat etməsi, böyüklərin baş çəkməkləri, məcburi səyahətlər, işlə əlaqədar şam yeməyi və digər mövzularda isə ər-arvad mübahisələrini müəyyən sərhədlər daxilində tutmalı, bu mövzu ilə bağlı fikirlərində bir ortaq nöqtə tapdıqlarında münaqişə səbəbləri və nəticələrini yaşına uyğun şəkildə uşaqla bölüşməlidirlər. Uşaqla bağlı digər bir mübahisə uşağı böyütmə, tərbiyələndirmə ilə bağlı fikirlərindəki fərqlilikdən yaranarbir valideynin etdiyinə digəri müdaxilə edə bilər. Bu vəziyyətlərdə əksər hallarda uşaq hansı valideynin davranışı ona sərf edirsə, ona üstünlük verir. Bu üstünlük pis niyyətli deyilinsan varlığının təbiətində var. Uşağı böyütməklə bağlı fikirlərdən meydana çıxan mübahisələrdən sonra ata-ananın bu mövzuları müzakirə etməsi, ələ alması vacibdir. Razılığa gəlinən mövzuları uşağın yanında yenidən müzakirə etməməyə səy göstərmək lazımdır.

Uşağın yanındakı mübahisə böyüməyə başlayırsa, onda xüsusi bir işarə ilə fasilə verilə bilər. Sonradan uşaq, onun çaşqınlığı və ürkəklik hissi mütləq danışılmalı, müzakirə haqqında başa düşəcəyi səviyyədə ona açıqlama verilməlidir. Dörd yaşındakı uşaqla yeniyetməyə ediləcək açıqlama təbii olaraq fərqli olacaq. Yaşinkişaf xüsusiyyətləri nəzərə alınaraq ediləcək açıqlamalar, bəzən qaneedici olmasa belə heç olmasa bu müddətdə uşaq öz sual-cavabları ilə tək qalmır və hisslərini ifadə edə bilməsi üçün imkan yaranır. Əgər bunlara baxmayaraq uşaq xoşagəlməz mənzərənin şahidi olursa, valideynlərdən mənəvi gücü çatan uşağın bu mühitdən bir müddət üçün uzaqlaşmağını təmin edərək gərginliyi azalda bilər. İngilis psixoanalisti Fairbainin dediyi kimi həm mübahisə edib, həm də ruhi sağlamlığı qorumaq heç də həmişə asan deyil. Əgər bu dinamik prosesdə münasibəti davam etdirmək və qorumaq nöqtəsində çətinlik varsa, valideynlərin aralarındakı mübahisələr uşağın psixi sağlamlığına neqativ yöndə təsir etməyə başlayıbsa, mütəxəssisə-psixoloqa müraciət etmək məsləhət görülür.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-26 aprel.-S.11.