“Vətəni uğurlu təmsil etmək gələcəyin diplomatı kimi əsas məqsədimdir”

 

Bənövşə Həbibova: “Fransada ali təhsil almaq istəyim təsadüfdən yaranmayıb”

 

Azərbaycan təhsilində ən böyük uğurlardan biri kimi tələbə və abituriyentlər arasında sağlamgeniş rəqabət zolağının yaradılmasını vurğulamaq olar. Təsadüfi deyil ki, hər il xeyli sayda gənc yalnız ali məktəbə qəbul olmağa deyil, daha yüksək bal toplayaraq nümunəvi tələbə olmağa çalışır. Bundan başqa əvvəllər xaricdə təhsil almağa üz tutan barmaqla sayıla biləcək gənclərimizin sayı son dövrlərdə xeyli artdı ki, bu da dövlətin təhsilə göstərdiyi qayğı ilə yanaşı, gənclərdə başqa ölkələrdə təhsil almağa marağın böyüməsindən xəbər verir. Belə yüksək bal toplayıb və xarici ölkələrdən birində ali təhsilini davam etdirməyi qarşısına məqsəd qoymuş öncül tələbələrimizdən biri də Həbibova Bənövşədir. Bu aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.

- Mən Həbibova Bənövşə İman qızı 1992-ci il noyabr ayının 13-də Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə 95 saylı orta məktəbə daxil olmağıma baxmayaraq, 2003-2006-cı illərdə 20 saylı orta məktəbdə, 2007-2010-cu illərdə isə 132-134 saylı təhsil mərkəzilərində oxumuş və elə bu məktəbdən də məzun olmuşam. Üç məktəb dəyişməyimə baxmayaraq, hər məktəbdə müəllimlər qarşısında özümü doğrultmağı bacarmışam və dərs əlaçısı olmuşam. Maraq üçün deyim ki, bu günə qədər də valideynlərim bildirilər ki, hələ bağça illərində müəllimlərim valideynlərimə gələcəkdə hansı ixtisası seçməyimdən asılı olmayaraq böyük uğurlar qazanacağımı demişdilər. Ailəmizdə hamı riyaziyyatçı olsa da, mənim seçimim humanitar fənlərə yönəldi. Hətta məktəb illərində bir neçə müsabiqələrdə də iştirak etmişəm. Qısası, uğurlu orta təhsil xəttini tutaraq sonda nailiyyət əldə edə bildim və 2010-cu ildə 609-bal topladıqdan sonra demək olar ki, hamımızın sevimli ali təhsil ocağı sayılan Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaq hüququ qazandım.

- Dediyiniz kimi, Azərbaycanın ən öncül universitetlərindən birinə qəbul olmusunuz. BDU haqqında nə deyə bilərsiniz? Bu universitet haqqında düşüncələriniz nələrdən ibarətdir?

- Təbii ki, yalnız xoş düşüncələr var. Ümumiyyətlə, onu demək istərdim ki, Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetində təhsil almağımla qürur duyuram. Bakı Dövlət Universiteti bir elm ocağı olaraq dərin zəka və savada sahib olan müəllim və professor heyəti ilə seçilir və həmin müəllimlərdən İsmayıl Musa, Yaqub Vəliyev, Əfsər Sadıqov, Atamoğlan Məmmədli və Vəliyulla Cəfərov kimi şəxslərdən elm almaq mənə nəsib olub. Bu və digər adını çəkə bilmədiyim müəllimlər biz gənc diplomatlara diplomatiyanın incəliklərini öyrətməkdən əlavə, ilk növbədə Vətəni sevmək, dövlətimizin maraqlarını qorumağı aşılayırlar. Özəlliklə interaktiv formada keçirilən seminar dərslərimiz xüsusi olaraq seçilir. Bəzi seminar dərsləri debat xarakterli keçirilir, bəzilərində isə seminar mövzusu ilə bağlı olaraq tələbələr “slide showlar tərtib edirlər. Universitetimiz bir çox xarici universitetlərlə əlaqələr qururbu əlaqələrin nəticəsi olaraq ara-sıra həmin universitetlərin mütəxəssisləri bizim auditoriyalarda maraqlı mühazirələrlə çıxış edirlər. Universitet haqqında xeyli danışmaq olar.

- Gələcəyin perspektivli kadrı kimi Azərbaycanın beynəlxalq münasibətlərdə uğurlarını necə xarakterizə edərdiniz?

- Müstəqilliyini 24 ildir bərpa etməsinə baxmayaraq, Azərbaycanın bu 24 ildə beynəlxalq arenada əldə etdiyi uğurlar saysız-hesabsızdır. Dünyanın aparıcı ölkələrindən birinin BMT-yə dəfələrlə etiraz məktublarına baxmayaraq Avropanın enerji təchizatında mühüm rol oynayacaq enerji müqavilələrinin (“Əsrin Müqaviləsi”) imzalanması respublikamızın tam müstəqil fəaliyyətinin göstəricisidir. İnkişafımızın hansı səviyyədə olduğuna əyani sübut olaraq 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini göstərmək olar. Ölkəmiz yeni-yeni təşəbbüsləri gündəmə gətirərək onların gerçəkləşməsi istiqamətində ciddi səylər göstərir. Uğurlu xarici siyasətin nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib. Beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin intensiv inkişaf etdirilməsi həm digər dövlətlərlə çoxşaxəli siyasi əlaqələrin daha səmərəli həyata keçirilməsinə, həm də ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərir. Azərbaycanın irili-xırdalı beynəlxalq uğurları çoxdur və düşünürəm ki, hazırkı uğurlu siyasi xətt belə davam etsə bu nailiyyətlərin sayı-hesabı olmayacaq.

- Xaricdə təhsilinizi davam etdirməyi düşünürsünüzmü?

- Öncə onu demək istərdim ki, gənclərimizin xaricdə təhsil almaları onların ölkəmiz üçün daha savadlı və bacarıqlı kadr kimi formalaşmasında mühüm rol oynayır. Mən də həmçinin bir Azərbaycan vətəndaşı kimi savadlı və geniş imkanlara sahib Azərbaycan gəncliyinin formalaşmasına öz töhfəmi vermək istərdim. Bu istəyimi reallaşdırmaq üçün seçdiyim ölkə məhz Fransadır. Əlbəttə, bu seçimim təsadüfi deyil. Erməni lobbisinin güclü olduğu bu ölkədə ölkəmizin zəngin mədəni irsini, adət-ənənələrini təbliğ etmək, bir sözlə, Azərbaycanı müsbət şəkildə təmsil etmək həm bir vətəndaş kimi, həm də gələcəyin diplomatı kimi əsas məqsədimdir.

- Yəqin ki, bu məqsədinizə nail olmaqda dövlətin sizin və ümumilikdə bütün gənclər üçün hansı imkanlar açdığından xəbərdarsınız?

- Əlbəttə. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu 10 ildə güclü iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə ölkənin müasir tələblərə cavab verən savadlı kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam da imzalanıb. Uğurla həyata keçirilən dövlət proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, dünyanın inkişaf etmiş ölkələrində minlərlə Azərbaycan gənci təhsil alır. Təhsilə olan bu qayğılar onu deməyə əsas verir ki, Azərbaycan təhsili milli-mənəvi və ümumbəşəri dəyərlərə beynəlxalq praktikaya əsaslanaraq daha da inkişaf edəcək. Dövlətimiz hazırda gənclər üçün geniş imkanlar yaradır ki, onlar 10, 20 il əvvəl olduğu kimi öz potensiallarını ortaya az qoymasınlar. Necə deyərlər, bu meydan, bu da gənclər. Hər kəs üçün şərait yaradılır, xaricdə təhsil almağa üz tutmaq istəyənlərə yardım edilir və sadəcə biz gənclərə aktiv olmaq qalır. Mən də çalışacağam ki, bu imkanlardan maksimum yararlanım. Bir çox gənclərin xəyalı olan dünyanın ayrı-ayrı nöqtələrində ali təhsil alıb təcrübə toplamaq kimi imkandan mən də yararlanacağam.

 

Tural Tağıyev

Palitra.-2014.-29 aprel.-S.7.