ADA Universitetində elmi konfrans keçirilib

 

Bu gün ADA Universitetində Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi mövzusunda 1-ci beynəlxalq elmi konfrans keçirilib. ADA-dan verilən məlumata görə, konfransda universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, kitabxana sahəsində fəaliyyət göstərən mütəxəssislər və xarici qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan H.Paşayev kitabxana işinin vacibliyindən danışıb. ADA Universitetinin rektoru qeyd edib ki, ADA Universitetinin də yaranması məhz kitabxanadan başlayıb: "Bu Universitet üçün kampus tikmək haqqında fikirləşərkən də ilk mərkəz nöqtəsi kitabxana oldu". H. Paşayev vurğulayıb ki, hər bir təhsil ocağının əsasını kitabxana təşkil edir. Onun sözlərinə görə, ADA Universitetini yaradarkən xaricdən dəvət edilən mütəxəssis də kitabxana məsələlərini öz üzərinə götürdü. H.Paşayev həmçinin kitabxana işinə daha böyük diqqət ayrılmasının vacibliyini vurğulayıb. Sonra nazir Ə.Qarayev kitabxanaların mövcud durumuna dair çıxış edib. Daha sonra çıxış edən ADA Universitetinin Tədris işləri üzrə prorektoru Patrik Kvin bildirib ki, kitabxanaların vacibliyi getdikcə artmaqdadır. Onun sözlərinə görə, kitabxana insanların intellektual inkişafı üçün olduqca vacibdir: "Yəni kitabxana olmadan hər hansı bir inkişafdan, tərəqqidən söhbət açmaq mümkünsüzdür. Kitabxanaçılar pula görə kitabxanaçı olmurlar. Biz bu işi daha gözəl dünya yaratmaq üçün seçirik". Daha sonra tədbir sessiyalarla davam etdirilib. Konfrans işini aprelin 2-də yekunlaşdıracaq.

 

Tural

Palitra.-2014.-2 aprel.-S.12.