“Heykəllərin təsiredici obrazı
olmalıdır”
Ömər Eldarov: “Azərbaycan incəsənətində
heykəltəraşlıq sənətinin yüksəkliyi hər
zaman mövcud olub”
Müsahibimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarovdur:
-Ömər
müəllim, bu gün
Azərbaycan heykəltəraşlıq sənətində
hansı yüksəlişlər var? Sizin bugünkü
yaradıcılığınız nədən ibarətdir?
- Siz mənə çox böyük və çətin sual ünvanlandınız. Azərbaycan incəsənətində heykəltəraşlıq sənətinin yüksəkliyi hər zaman mövcud olub. Ən əsası paytaxt Bakıda heykəltəraşlıq sənətinin nümunələrindən hər kəs xəbərdardır. Bəli! Bu gün də respublikamızın həyatında heykəltəraşlıq işləri görülür. Lakin bu o qədər bəlli olmur. Buna səbəb heykəllərin qoyulduğu məkanların düzgün seçilməməyi və şəhərimizdə aparılan tikinti işlərinin yaratdığı maneələrdir. Bu da heykəllərin şəhərdə göz önündə olmasına əngəl olur. Təəssüf ki, bugünkü gündə şəhərin mərkəzində qoyulan bəzi heykəllərin cəmiyyətə təsir edən rezonansı yoxdur. Düşünürəm ki, şəhərimizə qoyulan bəzi heykəllərin bəlli bir təsiredici obrazı olmalıdır. Bu da cəmiyyətin formalaşması üçün xüsusi bir zəmin yaradır.
Mənim üçün heykəlin cəmiyyətdə göz önündə olması çox vacibdir. Çünki bir şəxsin heykəlini yaradırsansa, onun şəxsiyyətinin sənin xalqın üçün vacib olduğunu bilirsən. Məsələn, dünya şöhrətli bəstəkar V. A. Motsartın heykəli var. Lakin onun qoyulduğu məkan məlum deyil. Mənim yaradıcılığımda da belə bir hal baş verib. Dünya şöhrətli fizika alimi Nikolay Teslanın heykəlini hazırladım. Onun heykəli Azadlıq prospektində qoyulub. Ancaq onun heykəlinin varlığı haqqında Bakı sakinlərinin məlumatı yoxdur.
“Təəssüf ki, bugünkü gündə şəhərin mərkəzində qoyulan bəzi heykəllərin cəmiyyətə təsir edən rezonansı yoxdur”
Ancaq Bakı şəhərində qoyulan heykəllərdən Koroğlu, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Nizami Gəncəvi, Füzuli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə Ələkbər Sabir kimi şəxsiyyətlərin heykəlləri düzgün yerdə qoyulub. Bu mövzu ətrafında mən və həmkarlarım bir çox fikir yürüdə bilərik.
Ancaq qısaca da olsa bugünkü yaradıcılığımdan söz açmaq istəyirəm. Hazırda mənim əlimdə böyük sənətkar Niyazinin layihəsi var. Təəssüflər olsun ki, bu layihəni gerçəkləşdirmək üçün şəhərdə münasib yer yoxdur. Mən bu heykəli Qəbələ şəhərində qoymağı düşünürəm.
- Rəssamlıqda
yaradıcı insan, ruhunun
gözəlliyini əsərində rənglərlə
büruzə verir. Bəs heykəltəraşlıqda
necədir?
- Bu suala cavab olaraq onu deyə bilərəm ki, incəsənətin bir çox qolları var. Məsələn, opera və balet musiqi sahəsinə aiddir. Balet musiqini hərəkətlə ifadə edir. Opera isə insan səsinin avazı ilə. Burada biz hər iki yolla bəstəkarın ruhunu duya bilirik. Rəssamlıq və heykəltəraşlıqda da belədir. Rəssam, ruhunun təcəssümünü əsərində rənglərlə ifadə edirsə, biz heykəltəraşlar da ruhumuzla duyduğumuz hissləri formalarla büruzə veririk. Bununla biz cəmiyyətə çatdırmaq istədiyimiz fikirləri forma və obrazlarla çatdırırıq.
- Rəssamlıq
Akademiyasının fəaliyyəti və buraya
qəbul olan tələbələrin
istedadını necə qiymətləndirirsiniz?
- Siz Akademiyanın salonlarında diplom işlərinə baxaraq, əmin ola bilərsiniz ki, bizim gənc heykəltəraşlarımız qabaqcıl heykəltəraşlardan heç də geri qalmırlar. Akademiyamızın çox istedadlı tələbələri var. Onlar da layiqincə yüksək dərəcədə tədris prosesi keçirlər. Akademiyanın koridorlarını gəzərkən, orada bir çox fakültələrimizdə təhsil alan tələbələrimizin əl işləri ilə tanış ola bilərsiniz. Məsələn, nəqqaşlıq işləri, xalçaçılıq və ən gözəl rəssamlıq işləri.
- Arzularınızı bilmək istəyirik.
- Mən arzu edirəm ki, istedadlı gəncləri inkişaf
etdirmək üçün xüsusi proqram
yaradılsın. İncəsənət öz-özünü
inkişaf etdirə bilməz. Dövlətin
köməyi ona hər zaman
lazımdır. Biz bunu
açıq şəkildə görürük.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-3 aprel.-S12