“Ukraynada
diasporumuzun internet televiziyası
olacaq”
Hikmət
Cavadov: “Hər bir diaspor təşkilatımızın
gördüyü işlər
Azərbaycanın maraqlarına
xidmət etməlidir”
Dünyada Azərbaycan diasporu Rusiyadan sonra ikinci olaraq ən
çox Ukraynada məskunlaşıb. Hazırda Ukraynada 500 minə
yaxın azərbaycanlı
yaşayır. Bu soydaşlarımız vahid
ictimai qüvvə şəklində Ukrayna Azərbaycanlıları Birləşmiş
Diasporunun ətrafında
birləşir. Qeyd edək
ki, hüquq elmləri namizədi Hikmət Cavadovun rəhbərliyi altında
fəaliyyət göstərən
UABD-da 40-dək Azərbaycan
diaspor təşkilatı
təmsil olunur.
-Hikmət müəllim, öncə oxucularımıza
özünüz haqda
məlumat vermənizi
xahiş edirik.
- Mən 1982-ci ildə Bakı şəhərində
doğulmuşam. 1998-ci ildə Bakı şəhərindəki 42 saylı
orta məktəbi fərqlənmə attestatı
ilə bitirdim. 2002-ci ildə BDU-nun Hüquq fakültəsinin
bakalavr, 2004-cü ildə
isə magistr pilləsini fərqlənmə
diplomları ilə bitirdim. BDU-da oxuduğum dövrdə
Azad Tələbə Həmkarlar
İttifaqı Təşkilatının
sədri vəzifəsinə
seçilərək 5 il bu vəzifədə
çalışdım. Bu dövrdə rektorun əmri ilə fakültə elmi şurasının üzvü
olmuşam. Əyani formada
təhsil almaq üçün 2004-cü ildə
Ukraynanın Milli Elmlər Akademiyasının
Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsinə
qəbul oldum, 2008-ci ildə elə həmin institutda dissertasiya işi müdafiə edərək
hüquq elmləri namizədi elmi dərəcəsini aldım.
Hazırda həmin institutun
Doktorantura şöbəsində
elmi fəaliyyətimi
davam etdirirəm.
- Siz Azərbaycanı Ukraynada tanıtmaq üçün
hansı layihələr
həyata keçirirsiniz?
- Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporu
2012-ci ildə yaradılıb. Hazırda Ukraynanın
bütün vilayətlərində
bizim nümayəndəliklərimiz
var. Təşkilatın dörd
qəzeti var. Qəzetlərimiz
həm Ukrayna, həm də Azərbaycan dillərində
çap olunur. Bundan başqa bir neçə internet resursumuz
var. Yaxın zamanlarda bizim “Diaspora TV” adlı
internet televiziyamız fəaliyyətə
başlayacaq. Təşkilatın nəzdində “Azərbaycan”
ansamblı fəaliyyət
göstərir. UABD tərəfindən bir neçə vilayətlərdə
Azərbaycan məktəbləri
açılıb.
Azərbaycan gerçəkliklərinin Ukrayna
ictimaiyyətinə çatdırılması
istiqamətində saysız
layihələr həyata
keçirmişik. Biz Ukrayna-Azərbaycan münasibətlərinə
həsr olunmuş sənədli filmlər çəkirik. Bununla bağlı
Ukrayna Yazıçılar
Birliyi ilə bir neçə layihəmiz var. Bundan başqa Ukrayna-Azərbaycan
Mədəniyyəti Günləri
ilə bağlı tədbirlər keçiririk.
Eyni zamanda Ukraynanın ictimai-siyasi həyatında
aktivlik göstəririk.
Ukraynanın tarixinə aid tədbirlərdə
iştirak edirik.
Təşkilatımız tərəfindən Ukraynada Azərbaycan haqqında yetərincə
məlumatlar yayılır.
Cəmiyyətə informasiya əsas KİV vasitəsilə çatdırılır. Biz öz fəaliyyətimizdə
Ukrayna mediasında da təbliğatın aparılmasına üstünlük
veririk. Buna görə, Ukrayna KİV nümayəndələri ilə
sıx əlaqə saxlayırıq.
-Ukraynadakı
Azərbaycan diasporunun
həmrəyliyi necədir?
- Ukrayna ərazisi böyük olduğu üçün bizim təşkilatların da əhatə dairəsi genişdir. Burada bir neçə diaspor təşkilatı var. Bunlar da demokratik prinsiplərə söykənərək fəaliyyət göstərirlər. Belə şəraitdə də əlbəttə ki, fikir ayrılığı olur. Bu da sırf bəzi tədbirlərin təşkili, işin hansı yöndə aparılması ilə bağlı ola bilər. Amma ümummilli maraqlarımız eynidir. Yəni milli maraqlar uğrunda hər zaman birik. Ümumilikdə hər kəs öz işini layiqincə görür. Düşünürəm ki, hər bir milli diaspor təşkilatının gördüyü işlər Azərbaycanın maraqlarına xidmət etməlidir. Həmrəylik, tək bayram günlərində olmur. Xalqın çətin, ağır günlərində də nəzərə çarpır. Biz hər zaman Ukrayna xalqının yanındayıq. Eləcə də Ukrayna dövləti də hər zaman Azərbaycan diaspor təşkilatlarına dəstək verir.
-Tədbirlərinizə
yerli xalqın nümayəndələri cəlb
olunurmu?
- Biz bütün tədbirlərimizə daha çox Ukrayna tərəfdən qonaqlar dəvət edirik. Hətta tədbirlərimizin bir çoxunu Ukrayna dilində keçiririk.
-Diaspor
sahəsində görülən işlər lazımi effekt verirmi?
- Biz, işin effektivliyini faktlarda görürük. Məsələn, bu yaxınlarda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birgə Moskvada “Cəhənnəmi görmüş pilot” adlı bir filmin təqdimatını keçirdik. Film Xocalı qətliamına birbaşa şahid olan pilotlardan biri Leonid Markoviçlə müsahibə formatında çəkilib. Filmdə ermənilərin Xocalıda törətdiyi soyqırımından bəhs olunur. Bizim fikrimiz var ki, həmin pilotu Azərbaycana dəvət edək. Azərbaycanla yanaşı digər ölkələrdə də bununla bağlı tədbir keçirəcəyik. Həmin tədbirlərdə yerli ictimaiyyəti, KİV nümayəndələrini də dəvət edəcəyik. Yəni əsas başqa xalqların nümayəndələrinə göstərmək istəyirik ki, Xocalı soyqırımını ermənilərin törətməsini tək azərbaycanlılar demir.
Ümumiyyətlə, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif tədbirlər keçiririk. Ukrayna ictimaiyyətinə Azərbaycan həqiqətlərini olduğu kimi çatdırırıq. Əlbəttə ki, bu da Ukrayna elitasında dürüst, obyektiv fikir oyadır.
- Digər ölkələrdəki
diaspor təşkilatlarımızla əməkdaşlıq
edirsinizmi?
- Biz Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edirik. Bu tədbirlərdə əlbəttə ki, başqa ölkələrdə fəaliyyət göstərən həmkarlarımızla görüşürük. Çalışırıq ki, birgə işlər görək.
Fuad Hüseynzadə
Palitra.-2014.-3 aprel.-S.7.