“Kino incəsənətin
ən kütləvisidir”
Elşən
Zeynallı: “Çox təəssüf ki, bu gün
çəkilən əksər televiziya
filmlərinin heç bir
ictimai fikir yükü yoxdur”
Müsahibimiz Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının, Azərbaycan
Peşəkar Kinorejissorlar
Gildiyasının üzvü, kinorejissor Elşən Zeynallıdır:
- Elşən müəllim, Azərbaycanda televiziya filmlərinin istehsalına diqqət necədir?
- N. Nərimanovun kino haqqında dediyi söz yadıma düşür: “Kino, vacib sənətlərdən biridir. Çünki şərqlilər gözlə gördüklərinə daha çox inanırlar”. Azərbaycanda televiziya kinosunun təməli, bünövrəsi Səməd Vurğunun “Aygün” poeması əsasında çəkilən, Azərbaycantelefilm- Yaradıcılıq birliyinin istehsalı olan “Aygün” televiziya filmi ilə qoyulub. Sonralar “Yun şal”, “Dvorjakin melodiyası” və sairə bədii televiziya filmləri çəkildi. Təəssüflər olsun ki, bu sahənin inkişafına sonralar diqqət yetirilmədi.
Bu ənənə inkişaf etmədi. Lakin illər keçib və bu sahə indi yenidən diqqət mərkəzindədir. Bunun da ən böyük dəstəkçisi Azərbaycan dövlətidir. Demək olar ki, bu diqqətin əsas səbəbi zərurətdən doğan bir tələbin olmasıdır. Bu gün dövlət prodüser rolunda çıxış edərək çox böyük cəhdlər edir. Maliyyə dəstəyi göstərir. Maksimum hər bir şərait yaradır ki, Azərbaycanda televiziya kinosu inkişaf etsin. Azərbaycanın 100 illik kino tarixi mövcuddur. Televiziya kinomuzun tarixi isə 50 ildən artıqdır. Buna baxmayaraq, Azərbaycan, televiziya kinosu sahəsində elə də böyük uğurlara malik deyil. Lakin ənənəmiz olub. Böyük kinodan fərqli olaraq, televiziya kinosu yalnız teleekrandan nümayiş olunur və bu televiziya kino estetikası çərçivəsində, düşünülmüş formada istehsal olunaraq, vizual məhsula çevrilib, tamaşaçıya təqdim olunur. Bu məhsulun alıcıları kinoteatr kassaları qarşısında dayanıb bilet alan tamaşaçılar yox, evdə oturub televiziyanı izləyən tamaşaçılardır. Yeni televiziya kinosunun təqdimatı seçim yox, bir növ diktə xarakterlidir. Ona görə də filmlərin ictimai fikir yükü cəmiyyətimiz, insanlarımız üçün önəm kəsb etməlidir. Mövzusundan asılı olmayaraq, tamaşaçı ona təqdim olunan filmləri izləyərkən öz yaşantılarını düşüncəli yaşamalıdırlar. Filmlər 7,17, 27 seriyadan artıq olmamalıdır. Hər şeydən əvvəl filmlər düşünülmüş ideologiya və azərbaycançılıq məfkurəsinin sənət çərçivəsində təbliğatına çevrilməlidir. Cəmiyyətimizin yaşantılarını, insanlarımızın psixoloji həyat tərzini, yaxın tarixi təzadlı anları və keçmişimizin bədii təzahürünü ekranda görməlidirlər. Kino hər şeydən əvvəl istehsalat, sonra incəsənətdir. Milli televiziya filmlərimizin istehsalat sahəsində yaşanan problemləri göz önündədir.
Azərbaycanda televiziya kinosu sahəsində ilk növbədə böyük struktur problemləri var. Azərbaycan televiziya kino sahəsində ən böyük problemlərdən biri də ədəbi materialın, yəni, ssenarilərin ucuz, bayağı, yüngül mövzuların məngənəsindən çıxa bilməməyidir.
Demək olar ki, bu sahədə peşəkar ssenaristlərin və ssenarilərin bu proseslərdə iştirak etməməyidir. Ümumiyyətlə, bu gün ssenari sözünün məğzini anlamayan, lakin ssenarist statusunda, rejissor sözünün məğzini anlamayan, bu statusda fəaliyyətə cəhd edənlər daha çoxdur. Nə peşəkar ssenaristlərin, nə də peşəkar kinorejissorların adlarını o filmlərdə görmək mümkün olmur. Bu gün bizdə ən ümdə problemlərdən biri də, peşəkarlıq problemidir.
Bir sualı düşünək. Peşəkar insanın peşəkarlığı nədən irəli gəlir? Cavab onun ixtisaslı kadr olması, ardıcıl, sərasər, keyfiyyətli şəkildə öz peşəsi ilə məşğul olmağından irəli gəlir. Bu gün Azərbaycan kinosunda böyük peşəkar nəsil itkisi baş verir. Çəkilən əksər televiziya filmləri peşəkarlara həvalə olunmur. Başa düşülən deyil ki, bu nə üçün belədir. Soruşmağa isə kimsə yoxdur. Əvvəldə qeyd etdiyim kimi dövlətin bu dəstəyi qarşısında televiziya kinosunun inkişafını ləngidən amillərdən ən başlıcası qeyri-peşəkarların bu sahədə at oynatmasıdır. Bütün bunlara baxmayaraq, inkişaf meyilləri görsənməkdədir. Görəsən inkişaf isə yalnız bu sahəyə diqqətin olmasıdır. Çünki ən əsası dövlətimiz bunun marağındadır. İnanıram ki, vaxt ötdükcə çətin də olsa inkişaf baş verəcək.
- Əli Əmirli qəzetimizə müsahibəsində “Ssenarist yetişdirə bilmişəm, amma dramaturq yox” - deyib.
- Vaxtı ilə bir çox yazıçı və şairlərimiz, Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdılar. Ədəbiyyata aid ali təhsil ocağında nəsr, poeziya, dramaturgiya və s. fakültələr var idi. Lakin ssenaristlik bu təhsil ocağında deyildi. Ssenaristlik ixtisası üzrə fakültə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda idi. Çünki ssenari ədəbiyyat növü olmadığından bu, belə idi. Ssenari kinonun bir sahəsi olaraq, kinoda ilkin prosesdir. Ona görə də bu ixtisası kino institutunda tədris edirdilər. Məşhur fransız kinorejissoru Rene Klerin fikrini xatırlasaq yerinə düşər. “Kino 3 dəfə yaranır, doğulur. Ssenari, çəkiliş və montaj dövrü. Ona görə də ssenaristlər, həm də kinematoqrafçı olmalıdırlar. Kinoda sözlə deyil, dramaturji hadisələr hərəkət edən şəkillərlə, danışılmalıdır. Bu, kinematoqrafik düşüncə tərzindən irəli gələn amildir”.
Bu gün televiziya filmlərinin istehsal prosesi sanki bir qarışıqlıq içərisində həyata keçirilir. Mövzuların seçimi doğru aparılmır. Maliyyənin çox hissəsi ölkə televiziyaları arasında bölüşdürülür. Televiziyada ixtiyar sahibləri də özlərini ixtiyarlı görərək, filmlərin bölüşdürülməsində şəxsi münasibətləri üstün tuturlar. İndi qorxulu bir tendensiya yaranıb. Maliyyə bölünür və istehsalata buraxılan filmlərin keyfiyyəti yox, kəmiyyəti düşünülür.
Ümumiyyətlə, filmlərin istehsalı prodakşınlara verilməlidir. O prodakşınlar da seçim edərək mövzuları müəyyənləşdirməli və istehsalı, başda rejissor olmaqla, peşəkar komandaya həvalə etməlidirlər. Yenə də qeyd edirəm ki, heç bir ölkədə televiziya filmlərinə bu qədər dövlət qayğısı göstərilmir. Bu, biz yaradıcı insanlar üçün bir şansdır. Gərək bu şansı dəyərləndirməyi bacaraq. Dəyərlər isə filmdən-filmə inkişafın olmasıdır. İnkişaf isə özfəaliyyət səviyyəsi ilə yox, peşəkarlıq səviyyəsi ilə ölçülür. Televiziya filmlərinin çox böyük mənəvi, ictimai, siyasi təsir gücü olur. Biz bunu qonşu ölkələrdə, Rusiya və Türkiyənin timsalında görə bilirik. Türkiyənin istehsalı olan filmlər, Yaxın Şərq ölkələrinin əksər televiziyaları ilə yayımlanır. Bu sahənin bazarında Türkiyə istehsalçılarının 60-70 faizlik paya sahib olmaları hansı iqtisadi qazancların əldə olunmasını göz önünə gətirir. Bu da daxildə istehsalat inkişafının ildən-ilə artmasına səbəb olur. Rusiyanın özü bu sahədə qısa zamanda başgicəlləndirici uğurlara imza ataraq, keçmiş postsovet məkanını və şərqi Avropanın bazarlarında liderliyi əldə saxlamaqla, ideoloji diktələrini düşünülmüş formada həyata keçirərək, sahənin iqtisadi inkişafına nail olublar. Mən düşünürəm ki, bizdə televiziya filmlərinin inkişaf modeli Türkiyədəki kimi yox, məhz Rusiyadakı kimi olsa daha məqsədəuyğun olardı. Çünki Rusiyada televiziya filmləri incəsənət növü kimi özünü daha çox büruzə verə bilir. Bütün bu uğurların başında isə sağlam mühit və bu sahəni bilən peşəkar insanların olması amilidir.
- Sonda öz sənətiniz haqda sözləriniz...
- Nə deyim, bütün bunlara baxmayaraq, mən optimistəm. İnanıram ki, bizdə
də arzuladığımız
kimi olacaq İnşallah. Özüm isə
peşəmə xəyanət
etmədən yaradıcılıq
işlərimi davam etdirirəm. Bir neçə
ssenarilərin yazılışı
üzərində tamamlanma
işləri gedir.
Bir də “Sürgün” adlı bədii-sənədli
janrda filmin çəkilişlərinə hazırlaşıram. Sovetlər dönəmində
Azərbaycanlıların Stalin tərəfindən min əzablarla
Orta Asiyaya sürgün edilməsi tarixinin təzadlı anlarını və keşməkeşli insan talelərini ekrana gətirərək, tariximizin
bəzi qaranlıq qalmış səhifələrinə
işıq tutmağa
çalışacağam. Çəkiliş məkanları Qazaxıstan,
Özbəkistan, Türkmənistan
və Bakıdır.
Artıq
hazırlıq dövrü
başlanıb.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-4 aprel.-S.13.