Taleb Rifai: “Dünyada Azərbaycanın nüfuzu getdikcə artır”

 

Aprelin 3-də Bakı Sərgi Mərkəzində («Baku Expo Centre») 13-cü Azərbaycan beynəlxalq turizm və səyahətlər («AİTF-2014») və 8-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (HOREX) sərgilərinin açılış mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «İTE Group plc» və onun tərəfdaşı «İteca Caspian» MMC-lərin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, «İTE Qrup» şirkətinin icraçı direktoru Edvard Stroon, Azərbaycan və dünya turizm ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

 

38 ölkədən

360-a yaxın şirkətin iştirak etdiyi sərgi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirdi ki, artıq 13 ildir keçirilən AİTF sərgisi hər il özünəməxsus yeniliklərlə yadda qalır. Onun sözlərinə görə, ənənə halını almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır: «Bu möhtəşəm sərgidə iştirakçı ölkələrin coğrafiyası da hər il genişlənir. Məhz bunun nəticəsidir ki, «AİTF-2014» sərgisində 38 ölkədən 360-a yaxın şirkət iştirak edir. Bu onun göstəricisidir ki, artıq Bakı beynəlxalq turizm sərgisi regionun aparıcı sərgisidir. Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul etdi. Görüşdə Azərbaycan turizminin inkişaf perspektivləri, dünya turizminin tendensiyaları müzakirə olundu. Dövlət başçısı bir daha qeyd etdi ki, Azərbaycan üçün qeyri-neft sektorunun inkişafında turizmin prioritet yerirolu var. Ölkəmizdə bu sahənin inkişafı üçün bütün lazımi şərait yaradılacaq. Azərbaycan yaxın 1 il ərzində çox böyükmiqyaslı beynəlxalq tədbirlərə hazırlaşır. Turizm sənayesi də bu tədbirlərin keçirilməsində qarşısında duran məsələlərin hamısını uğurla reallaşdıracaq”.

“Bakı və bəzi regionlar ənənəvi olaraq turizm üçün cəlbedicidir. Ancaq hazırda Azərbaycan turizmlə bağlı iki yeni istiqamətdə aparır”.

Ə. Qarayev deyib ki, son dövrlərə qədər Azərbaycanda qış turizmi üçün imkan mövcud olmayıb, dağlardakı qarın imkanlarından, xizək idman növündən istifadə edilməyib: “5 il əvvəl Prezident İlham Əliyev Şahdağda Qış Turizm Kompleksinin yaradılmasına qərar verdi. Qış turizmi ilə bağlı digər ölkələrin təcrübəsini öyrənmək istəyirik və buna ümidlə baxırıq. Digər tərəfdən, LitvaAvstriyadan olan mütəxəssislər “Tvininq” Proqramı çərçivəsində Azərbaycanda turizmi qiymətləndirəcək, təkliflər veriləcək və bu, turizmin dövlət tərəfindən idarə edilməsi sahəsində mühüm irəliləyişlərə nail olmağa imkan verəcək. “LitvaAvstriya mütəxəssislərinin tövsiyələri bizim üçün dəyərlidir, bu, Azərbaycan turizminə kənardan baxışdır”. Ə. Qarayev vurğulayıb ki, beynəlxalq dəstək Azərbaycanda turizmin inkişafına, xidmətlərin səviyyəsinin artmasına imkan yaradacaq: “Bu tədbirə Azərbaycanın ev sahibliyi etməsinə imkan yaradıldığı üçün BMT-nin Ümumdünya Turizm Təşkilatına təşəkkür edirəm. Turizm daha çox şəxsi məsələdir. Biz birlikdə dünyanı daha gözəl məkana çevirə bilərik. Sabah BMÜTT Avropa Komissiyasının 57-ci iclası turizm sahəsində keçirilən mötəbər tədbirlərdən birinə çevriləcək”.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirdi ki, ölkə başçısı ilə görüşündə turizmin inkişafı, qarşılıqlı əməkdaşlığın genişlənməsi haqqında fikir mübadiləsi aparıblar: «Cənab Prezidentlə görüşümüzdə iki mühüm məqam xüsusilə vurğulandı. Biz onu Azərbaycanda viza sisteminin sadələşdirilməsi və elektron viza sisteminin onlayn rejimdə tətbiq olunması ilə bağlı son bir il müddətində əldə edilən irəliləyişlərlə bağlı təbrik etdik. Ölkə başçıda öz növbəsində bu sahədə həyata keçirlən cari islahatların gələcəkdə də davam etdirilməsi və beləliklə də Azərbaycana təşrif buyuracaq xarici ölkə vətəndaşlarının ölkəyə daha rahat gəlişinin təmin ediləcəyini bildirdi. Nəticə olaraq bildirmək istəyirəm ki, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin dünyada getdikcə artan nüfuzunun daha da genişlənməsinə səbəb olacaq».

«İTE Qrup» şirkətinin icraçı direktoru Edvard Stroon hər il Azərbaycanda keçirilən AİTF sərgisinin tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, ötən dövr ərzində Azərbaycanda təşkil edilən sərgilərdə iştirak edən xarici şirkətlərin sayı yetərincə olub. Bu da ölkədə yaradılmış münbit şəraitdən xəbər verir.

Sonra Edvard Stroon Taleb Rifaiyə və Əbülfəs Qarayevə «İTE Qrup» şirkətinin xüsusi minnətdarlıq sertifikatını təqdim etdi.

 

Regionların

geniş ekspozisiyada təqdimatı

Sərgidə Azərbaycanın regionları da geniş ekspozisiya sahəsində təmsil olunur. Burada 15 regionun turizm imkanları, istirahət mərkəzləri və hotelləri haqqında məlumatlar verilir.

AZTA sərgidə 20 kvadratmetrlik yer icarəyə götürüb ki, burada 6 aparıcı turizm şirkəti və brend hotellər öz məhsullarını nümayiş etdirir. AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, AZTA sərgidə təmsil olunan bir çox xarici ölkələrin və vilayətlərin turizm assosiasiyaları ilə müqavilə imzalayacaq: «Bunlardan biriStavropol vilayətinin Turizm Assosiasiyasıdır. Bundan əlavə, Novosibirsk Şəhər Dumasının rəhbərliyi aprelin 15-20-də Bakıya səfər edəcək. Novosibirsk Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərdir. Nümayəndə heyətinin tərkibində Novosibirsk Şəhər Turizm Assosiasiyası da olacaq. Səfər zamanı bu assosiasiya ilə AZTA arasında da əməkdaşlıq memorandumu imzalanacaq. Mayda isə TURSAB-ın 20 nəfərdən ibarət böyük nümayəndə heyəti Bakıya səfərə gələcək. Bu səfər AZTA-nın dəvəti ilə reallaşacaq. Bu müqavilələrin əsas məqsədi Azərbaycana daha çox turist gətirməkdən ibarətdir».

Gürcüstan Turizm Administrasiyası sədrinin müavini Rusudan Mamatsaşvili bildirib ki, bu sərgidə Gürcüstanın çoxlu sayda turizm təmsilçisi iştirak edir: “Onlar müxtəli istiqamətlərin, o cümlədən hotellərin, istirahət mərkəzlərinin və turizm şirkətlərinin nümayəndələridir. Artıq 2-ci dəfədir bu sərgidə belə geniş tərkibdə iştirak edirik. «AİTF» çox böyük sərgidir. Burada dünyanın ən tanınmış turizm mərkəzləri təmsil olunur. Bu bizə həm Azərbaycanın, həm də iştirakçı ölkələrin turizm sektorunun nümayəndələri ilə tanış olmaq, onlarla yaxından əməkdaşlıq əlaqələri qurmaq imkanı verir. Azərbaycanla Gürcüstan arasında turizm əlaqələri getdikcə genişlənir. Ötən il ərzində ölkəmizi 1 milyondan artıq turist ziyarət edib. Onlar əsasən Tiflis, Bakuriani, Batumi kimi turizm mərkəzlərinə gəlirlər. Azərbaycan vətəndaşları bu sırada 2-ci yerdədir».

Sərgidə Rusiyanın Stavropol diyarı buranın qubernatoru vəzifəsini müvəqqəti icra edən Vladimir Vladimirovun rəhbərlik etdiyi böyük nümayəndə heyəti ilə təmsil olunur. Tibbi və SPA turizmi bölümündə olan stenddə bu diyarın hamıya yaxşı tanış olan «Qafqaz Mineral Suları» sağlamlıq kompleksinin tərkində fəaliyyət göstərən «Kislovodsk», «Rodnik», «Rossiya», «Maşuk», «Şaxtyor», «Rus», «Metallurqiya», «Moskva» sanatoriyaları öz xidmətlərini təklif edir.

Qeyd edək ki, bu bölümdə Rusiyadan başqa Azərbaycan, Almaniya, Yunanıstan, Litva, Sloveniya və Türkiyəni təmsil edən tibb mərkəzləri, sağlamlıq və sanatoriya-kurort müəssisələrinin nümayəndələri tibbi və SPA turizmi sahəsində son illər əldə edilmiş nailiyyətləri nümayiş etdirirlər.

 

Turizm şirkətləri

məsuliyyət daşıyacaqlar

BMT Ümumdünya Turizm Təşkilatı (BMÜTT) ilə Azərbaycan Turizm Assosiasiyası arasında Azərbaycanın Qlobal Turizm Etik Davranış Məcəlləsinə qoşulması haqqında sənəd imzalanıb. Sənədi BMÜTT-nin baş katibi Taleb Rifai və Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov imzalayıb. İmzalama mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayeviştirak edib. Nazir qeyd edib ki, Azərbaycan vətəndaşları dünyanın bir çox ölkələrinə səfərlər edirlər: "Eyni zamanda çoxlu sayda insanlar Azərbaycana turist səfərləri edirlər və bu işi quran əsasən turizm şirkətləridir. Turizm şirkətləri dünya miqyasında turizm hərəkəti daxilində mövcud qanunvericilik çərçivəsində müəyyən məsuliyyət daşıyırlar. Azərbaycan da artıq bu məcəlləyə qoşulurbununla da Azərbaycan turizm sənayesi Ümumdünya Turizm Təşkilatı qarşısında Azərbaycan turistlərinin və buraya gələn qonaqların etik qaydalara uyğun olaraq davranışını təmin etmək məsuliyyətini öz üzərinə götürür". Nazir qeyd edib ki, bu, o deməkdir ki, bu gündən etibarən Azərbaycanın xaricə turist göndərən hər bir şirkəti mütləq səfərə gedən turistlərə etik davranış qaydalarına riayət olunması ilə bağlı məlumat və məsləhət verməlidir.

Nigar Abdullayeva

Palitra.-2014.-4 aprel.-S.10.