Ədəbi yaradıcılıq və film istehsalında gənc nəslin mənəvi
inkişafına diqqətlə yanaşılmalıdır
Layihəmiz
çərçivəsində yeniyetmə və gənclərin
mənəvi inkişafı, dünyaya kulturoloji baxışlarının
formalaşması məsələləri ilə bağlı
növbəti yazımızı təqdim edirik.
Bu gün gənclərin mənəvi inkişafının rolunda mütaliənin, ədəbiyyatın rolunu danmaq olmaz. Həmçinin İKT vasitələrinin inkişafı, onlayn kitabxanaların, ədəbi saytların fəaliyyətə başlaması bu gün mütaliə imkanlarını bir qədər də asanlaşdırır ki, bu da gənclərin mənəvi inkişafı yönündə imkanları daha da genişləndirmiş olur. Amma gəlin görək, bu gün bir sıra gənc yazarlarımız tərəfindən yaradılan yazı nümunələri ədəbi mütaliə üçün yararlıdırmı? Onlar gənclərin mənəvi inkişafına xidmət edirmi?
Qeyd etməyə məcburuq ki, onsuz da ədəbiyyat nümayəndələri olduqlarını iddia edən bir sıra gənclərin “yaradıcılığı” oxucular, ədəbi prosesləri izləyənlər tərəfindən heç də birmənalı qarşılanmır. Son dövrlərdə universistetdə cavan-yaşlı müəllimlərlə, eləcə də tələbələrlə söhbətdə gənc “ədiblər”dən şikayətləri,həmçinin əks qütblərə aid, ədəbiyyatla bağlı iki insanın fikirlərini eşidəndən sonra isə bu mövzuda bəzi nüansları oxucularla bölüşmək istədim.
Məsələn, bir neçə il öncə baş vermiş bir olayı xatırladaq. Belə ki, telekanalda bir qocaman yazıçı dəyərlərdən, tərbiyəvi məsələlərdən danışırdı, məsləhətlər verirdi və sair. Bir gənc yazar-qadın isə ucuz şou-biznes nümayəndəsi kimi geyindiyi və bəyəndiyi geyimlərdən dəm vururdu, ədəbiyyata aid nitqində ancaq bunları qabardırdı. Ədəbiyyatda “qocaların” tərəfində olduğumuzu əsla düşünməyin, eləcə də “atalar və oğullar” məsələsi bununla bağlı ayrıca mövzudur, ədəbiyyatda da bu məsələ tez-tez gündəmə gəlib. Amma bəzi “oğulların” bu sahədə nə qədər “irəli” getdiyi də xeyli düşündürür...
Birincisi, hamıya aydındır ki, “gənc ədiblər” əsərlərində demək olar ki, ancaq intim çalarları qabardırlar. Bununla cızma-qaralarını reklam etmək, maraq yaratmaq istəyirlər. Bu “əsərlər” əslində belələrinin günaşırı izlədiyi erotik filmlərin sanki “ədəbi”ləşdirilmiş plagiat formasını xatırladır. Sanki ədəbiyyat bu cür qara erotizmdən ibarət imiş. Halbuki qeyd etdik ki, yaşlı, yaxud gənc nəsil olsun, fərqi yoxdur, bütün mütaliə həvəskarları bu cür cəfəngiyyatı oxumağa heç bir həvəsləri olmadıqlarını deyirlər. Bəs bu cür “əsərlərin” meydana çıxmasına, “populyarlaşmasına” səbəb nədir?
Əslində bir çoxları, hətta içlərində gənc qızların da azlıq təşkil etmədiyi bu yeni “yazarlar” yeni ideyaları yalnız intim həyatda axtarırlar. Ola bilsin ki, virtual dünyanın yaratdığı imkanlar və gənclərin bu mövzudakı film və saytlara artan marağı “ədəbiyyat”a “yeni idealar”ı sızdırır.
İkincisi, belə halda, yaxşı ədəbiyyat nümunələrini mütaliə etməyə, həyatı müşahidə etməyə, həqiqi yaradıcılıq motivləri üzərində baş sındırmağa yəqin ki, vaxt və həvəsləri qalmır. Bu cür “yazarlar”dan bir neçəsini müəyyən qədər tanıdığımız üçün onların hardan hara gəldikləri artıq mənim üçün sirr deyil. Dünya ədəbiyyatı ilə yaxından tanış olmama, yaxud klassiklərdən bəzilərinin əsərlərindən 25-30 yaşlarında tələm-tələsik “oxuyub” ədəbiyyata tələsə-tələsə gəlməyə çalışma da “öz işini görür”.
Üçüncüsü, sanki bu gənc nəslə “ədəbiyyatın tərbiyəvi funksiya daşımadığını” dönə-dönə diqtə və təlqin edən bir qüvvə mövcuddur. Ona görədir ki, bir çox “gənc ədib”lər arasında ifrat qeyri-əxlaqi ideyalar yayılmaqdadır.
Dördüncüsü, ədəbi tənqidçiliyin inkişaf etməməsi, yaxud hazırda bu gənclərə zəif sirayət etməsi, yeni dövrün “nəbzini tuta bilməməsi” də gənc nəslin oriyentirləri, varisliyi itirməsinə səbəb ola bilər. Müvafiq qurumların məsələ ilə bağlı yarıtmaz fəaliyyətini də qeyd etməyə dəyər...
Beşincisi və üçüncüsü ilə bağlı olanı, dünyada qlobal informasiya savaşının aparıldığı, insanlar arasında dəyərlərin aşılanması, mənəviyyat və əxlaqiliyin pozulması üçün müxtəlif formulalar tətbiq edildiyi bir şəraitdə yəqin ki, yeni bir hədəf bizim gənc nəsil, o cümlədən gənc ədiblər ola bilər...
Nəticədə, “gənc ədiblər” içərisində bəzilərinin potensial manyak olduqları, digərlərinin seksopatoloqlara ehtiyacı olduğunu da demək yanlış olmazdı.... Onların düşündükləri, yazdıqları heç hər hansı “underground” ədəbiyyatı növünə də bənzəmir. Bəzi “yazarlar”ın hətta “əsərlərinə” ad qoyanda belə, sırf gözütamarzı kütləni cəlb etmək üçün çılpaq adlardan yararlanmağa çalışması isə yalnız ikrah doğurur. Doğrudur ki, yeni nəsil arasında da istedadlı olanları var və elə onlar da qeyd etdiymiz “fantastik” təxəyyülə meyillənmişləri qınayırlar. Amma bununla kifayətlənmək olmaz. Bu barədə mütəmadi müzakirələr təşkil etməyə və ədəbiyyatın çılpaq erotikadan ibarət olmadığını bu gənclərə müxtəlif metod və üsullarla başa salmağa ciddi ehtiyac var. Bu baxımdan gənc istedadlar, ədiblər üçün mütəmadi kulturoloji baxımdan məlumatlandırma seminarları, həmçinin müzakirələri təşkil etmək lazımdır. Bu barədə intensiv layihələr və tədbirlər həyata keçirilməlidir ki, gənc nəsil yaradıcılıq sahəsində düzgün oriyentirlərə yönəlsinlər və həqiqi yaradıcılıqla məşğul olmağa yönləndirilsinlər. Gənclərin və yeniyetmələrin mənəvi inkişafı baxımından bu məsələ olduqca vacibdir.
Bu mövzu ilə bağlı daha bir məqam isə ölkədə milli filmlərin ishetsalı ilə bağlıdır. Belə ki, gənclərin mənəvi inkişafında KİV-in, xüsusilə telekanalların güclü rola malik olduğu barədə ötən yazılarımızda da dəfələrlə bildirmişik. Bu dəfə isə layihə çərçivəsində bir daha bildirməyə ehtiyac duyuruq ki, bu mənəvi-kulturoloji inkişafa töhfə vermək üçün keyfiyyətli, baxımlı və ibrətamiz milli filmlərin istehsalına diqqət olduqca artırılmalıdır. Məlumdur ki, dövlət tərəfindən yeni film və serialların çəkilməsinə kütləvi məbləğdə vəsait ayrılır. Prezidentin Azərbaycan xalqının mədəni irsini təbliğ edən, mənəvi-əxlaqi dəyərlərini aşılayan, milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyət kəsb edən milli telefilmlərin, habelə teleserialların istehsalı ilə bağlı sərəncamını qeyd etmək yetər. Xatırlatmaq yerinə düşər ki, ötən saylarımızda da bu məsələ barədə yazmışıq. Məsələn, ayrıca uşaq telekanalının yaradılması ilə bağlı təklif vermişdik. Uşaqlara aid kino və cizgi filmlərinin istehsalı, telekanallarda yad məişət və bir çox hallarda qeyri-əxlaqi davranışları təlqin edən kino, veriliş və serialların nümayişinə qadağa qoyulması, bu boşluğun milli film istehsalı ilə doldurulması ilə bağlı mövqe bildirmişik. Məqamıdır ki, bu məsələyə bir daha qayıdaq.
Beləliklə, ilk olaraq bu sahədə islahata normal, milli ruhu aşılayan, maarifləndirən, tərbiyəvi, maraqlı uşaq filmlərinin istehsalından və yayımından başlamaq lazımdır. İkincisi, hazırda Azərbaycan efir məkanında çatışmazlığı hiss olunan, aktual mövzulu, peşəkar səviyyədə çəkilmiş milli bədii filmlərin istehsalına start vermək lazımdır. Məşhur filmdə deyildiyi kimi, “Siz də elə çəkin ki, adamın ürəyinə yatsın, inandırıcı olsun!”.
Üçüncüsü, nəhayət ki, bayağı, pozğun məişət aşılayan seriallar öz yerini milli seriallara verməlidir. Bu məsələdə də diqqətli olmaq lazımdır. Belə ki, hazırda bəzi kanallarda “milli” adı altında qeyri-peşəkar, hətta “yaxşı erməni” obrazı yaratmağa hesablanmış, çox bəsit seriallar yayımlanır ki, məhz əsl keyfiyyətli seriallar yaradılmaqla bu cür diletant serial yaradıcılığına son qoyulmalıdır. Çünki milli film yaradıcılığı da birinci növbədə yeniyetmə və gənc nəslin yüksək mənəvi inkişafına hesablanmalıdır.
İlkin AĞAYEV
Palitra.-2014.-5 aprel.-S.11.