Leyla Əliyeva: “Tolerantlıq
xalqımız üçün həyat tərzidir”
Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş “Azərbaycan. Tolerantlıq məkanı” fotosərgisi açılıb. Fotosərgini ölkəmizin Rusiyadakı səfirliyi, habelə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi təşkil ediblər. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış Rusiya siyasətçiləri və mədəniyyət xadimləri iştirak ediblər.
Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda qeyd edib ki, Azərbaycan tarixən bütün millətlərin nümayəndələri üçün qonaqpərvər ev olub. Yəhudi icması Azərbaycanda bütün xalqlarla sülh şəraitində yaşayıb və yaşayır: “Mühüm məsələ budur ki, bu sərgiyə gələn başqa dövlətlərin nümayəndələri öz ölkələrində belə səmimi mühiti necə yaradacaqları barədə düşünsünlər. Rusiyanın bir çox regionlarının nümayəndələri də bu sərgidən çox şey əxz edə bilərlər. “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi pəncərədə işıqdır, bu pəncərədən baxmaq, diqqəti bunun üzərində cəmləmək lazımdır”. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə minnətdarlığını bildirib: “Bu gün biz sizə tanınmış fotoqraf Rza Deqatinin müasir dünyanın ən aktual mövzularından birinə - tolerantlıq mövzusuna dair işlərini təqdim edirik. Bu işlər fotoqrafın Azərbaycanda tolerantlıq ruhuna səmimi və obyektiv baxışıdır. Onun əsərlərinin qəhrəmanları xristianlar, yəhudilər və müsəlmanlardır. Onlar birlikdə çoxmədəniyyətli, müasir, çoxşaxəli Azərbaycan adlı vahid mənzərə yaradırlar. Azərbaycanda – bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşayıblar. Onların hər biri öz töhfəsini verib və tarixdə öz izini qoyub. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyil: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Azərbaycanda yəhudiliyin 2400 il tarixi var, halbuki bu torpaqda ilk kilsə IV əsrdə, ən qədim məscid isə VIII əsrdə yaranıb.
Xristianlar, müsəlmanlar
və yəhudilər bu qədim diyarı
öz Vətəni sayırlar. Bu gün ölkəmizdə
sinaqoqlar, məscidlər, pravoslav
və katolik kilsələri, habelə atəşpərəst
məbədləri görmək olar. Azərbaycanda
21 qeyri-müsəlman icması mövcuddur.
Tolerantlıq, qonaqpərvərlik, dözümlülük
ənənələri xalqımız tərəfindən
qayğı ilə qorunub
saxlanılır, daha doğrusu,
bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq
dialoqu, mədəni dialoqu
dəstəkləyir. Artıq bir neçə
ildir ölkəmizdə dünyanın hər
yerindən qonaqların bir araya
gəldiyi Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, habelə idman yarışları, elmi
diskussiyalar, yaradıcılıq tədbirləri
keçirilir. Heydər Əliyev Fondu bu mövzuya
böyük diqqət yetirir.
Fondun səyləri ilə Azərbaycanda
20-ə yaxın məscid, sinaqoq və
kilsə təmir olunub. Fond
təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də belə
fəaliyyətlə məşğuldur. Heydər Əliyev Fondu Fransada X əsrə aid kilsəni təmir edib. Bundan əlavə, Strasburq,
Versal və Vatikanda abidələrin, kilsələrin bərpasına
kömək edib.
Heydər Əliyev Fondunun
təşəbbüsü ilə bu yaxınlarda
Həştərxanda müqəddəs
knyaz Vladimirə abidə qoyulub.
Bu gün biz Rusiyanın
paytaxtı Moskvada belə bir tədbir
keçiririk. Rusiya çoxmillətli ölkədir. Burada təqribən
yüz xalqın nümayəndələri sülh
və əmin-amanlıq
şəraitində yaşayır
və müxtəlif dinlərə etiqad edirlər. Azərbaycan və Rusiyanı
uzun illər dostluq və mehriban qonşuluq münasibətləri bağlayır.
Ümumi
tariximiz var və biz bir-birimizi yaxşı anlamağı
öyrənmişik. Bu
gün dünyada multikulturalizm anlayışı,
təəssüf ki, şübhə altına alınır. Bir çox
münaqişələr bəzən
bir-birini anlamaqdan və başa düşməkdən imtina
etmək səbəbindən
baş verir. Odur ki, inam, anlayış,
ehtiram və sevgini qoruyub saxlamaq bu gün
çox vacibdir”.
Sonra sərgidə nümayiş
olunan fotoşəkillərin
müəllifi, dünyanın
ən tanınmış
fotoqraflarından biri,
mənşəcə azərbaycanlı
Rza Deqati bu nəcib təşəbbüsü
dəstəklədiyinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda şahidi olduğu dözümlülük mühiti
dünyada ən nadir modellərdən biridir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki,
zəmanəmizdə biz hər
gün faciəli hadisələrin şahidi
oluruq. Zərərçəkənlərin təqsiri isə
yalnız bundan ibarət olur ki, başqa cür düşünür,
yaxud başqa cür dua edir
və geyinirlər.
Onun sözlərinə
görə, belə sərgilər, Rza Deqatinin çəkdiyi fotoşəkillər kimi gözəl şəkillər
bu cür kədərli halların getdikcə daha da azalması üçün lazımdır:
“Azərbaycan dövləti
dini tolerantlığın
qorunmasına kömək
edir. Bu yaxınlarda
dövlət hesabına
xristian mədəniyyət
mərkəzi inşa
edilib. Sinaqoq tikilib və
yəhudi icmasının
istifadəsinə verilib”.
P.Bülbüloğlu onu da bildirib ki, Azərbaycanın
müsəlman, xristian
və yəhudi icmalarının rəhbərləri
və nümayəndələri
məxsusi olaraq sərginin açılış
mərasimində iştirak
etmək üçün
Moskvaya gəliblər.
Sonra qonaqlar sərgi ilə tanış
olublar. Ekspozisiyada dünya şöhrətli
fotoqraf R.Deqatinin Azərbaycana səfərləri
zamanı çəkdiyi
fotoşəkillər nümayiş
etdirilir. Fotoşəkillərdə
Müqəddəs Məryəm
Kilsəsi, Müqəddəs
Mirodaşıyan Qadınlar
Kafedral Kilsəsi, Qax rayonunda Kürmük
məbədi, Şamaxıda
Cümə Məscidi,
Şəhidlər xiyabanı,
Əjdərbəy Məscidi,
Məşədi Dadaş
Məscidi, Çotari
kilsəsi (Müqəddəs
Yelisey Kilsəsi) təsvir olunub. Bundan əlavə, Quba rayonunda yerləşən
Qırmızı Qəsəbədə
və “Xabad Or-Avner” məktəbində və s. çəkilmiş
şəkillər nümayiş
etdirilir. Bu fotoşəkillər təsdiq
edir ki, müxtəlif dinlərdən
və millətlərdən
olan insanlar Azərbaycanda qardaşlıq
şəraitində yaşayırlar.
Rza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi
aprelin 13-dək davam edəcək.
Tural
Palitra.-2014.-5 aprel.-S.5.