“Özümüzü
dünyaya tanıtmaq üçün
planlı fəaliyyətlər lazımdır”
Ufuk Kamal: “Dünya qondarma
erməni soyqırımı məsələsinə xristian gözlüyü ilə baxır”
Müsahibimiz Ufuk Kamal Köln Azərbaycan -Türk Kültür və Dayanışma Cəmiyyətinin sədridir. İqdırda doğulub. Atatürk Universitetinin məzunudur. 1993-cü ildən Almaniyada yaşayır.
- Köln Azərbaycan-Türk Kültür və Dayanışma Cəmiyyəti nə vaxt yaradılıb və əsas fəaliyyət istiqamətləri hansılardır?
- Cəmiyyətimiz 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra mart ayında yaradılıb. 1990-cı ildə Avropanın əksər şəhərlərində Azərbaycan dərnəkləri quruldu. İlk mitinqlər 1990-cı ilin mart ayında Köln və Brüsseldə keçirildi. Bu tarixlərdə Almaniya, Belçika, Hollandiya və Fransadakı milli diaspor cəmiyyətlərimiz həqiqətən çox aktiv olaraq çalışdılar. Amma ozamankı siyasət işin içinə girdi, fəaliyyətlərdə durğunluqlar yaşandı.
Bu cəmiyyətlər Azərbaycanın haqq səsini Avropada yaymaq üçün mitinqlər, seminarlar, toplantılar və yeri gəlincə də konsertlər etdilər.
O zaman Kölndə türk dərnəkləri ilə birgə 20 min insanın qatıldığı Qarabağ mitinqi təşkil olundu. Hörmətli bəstəkar Ramiz Mirişlinin təşkilatçılığı ilə Almaniyaya çox dəyərli musiqiçilər, şairlər və s. gəldilər. O çətin dönəmdə diaspor təşkilatı sədrləri İbrahim Alev və Halis Tezel bəyin yardımları ilə Azərbaycana dərman, qida və geyim yardımları göstərildi.
Bizim dərnəyin indiki fəaliyyət istiqaməti keçmişdə olduğu kimi, türk cəmiyyətləri ilə birgə Azərbaycan həqiqətlərini tanıtmaq və Azərbaycana qarşı olacaq hər hansı neqativ hərəkətlərin qarşısını almaqdır.
- Ermənilər dünyanı qondarma soyqırımının tanınmasına cəlb edir. Türkiyə ermənilərin “soyqırımı” məsələsində yalan olduqlarına dünyanı nə dərəcədə inandıra bilib?
- Ermənilərin bu andakı ən böyük məqsədi 2015-ci ildə qondarma soyqırımın 100 illiyini çox böyük propoqandalarla qeyd etməkdir. Onlar öz işlərini gizli və orqanizə şəkildə edirlər. Bu problem də həm Türkiyənin, həm də Azərbaycanın problemidir. Bu mövzuda dünyanı inandıra bilmək o qədər də asan bir iş deyil. Çünki dünya bu məsələyə gerçək və yalan olaraq deyil, bir xristian gözlüyü ilə baxır. Türkiyə nə qədər sənəd ortaya qoysa da, heç kimsə dönüb bu sənəd doğrudurmu, saxtadırmı deyə baxmır. Dəfələrlə Türkiyə tarixçiləri və bu istiqamətdə çalışanlar “biz hər zaman arxivləri açmağa razıyıq” desə də kimsə dönüb baxmayıb.
- Qondarma erməni soyqırımına qarşı mübarizə aparmaq üçün azəri-türk diasporu birgə hansı addımlar atmalıdır?
- Bu gün dünyada yəhudi və erməni diasporu necə çalışırsa, biz də elə çalışmalıyıq. Planlı, proqramlı şəkildə yeri və zamanına görə gizlilik içərisində çalışmalıyıq. Xüsusən də bizim mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi ön plana çıxarmalıyıq. Türk təşkilatları da planlı olaraq parçalandı, amma yenə də lobbiçilik olaraq türk dərnəkləri çox böyük potensiala sahibdir və biz də bu cəmiyyətlərlə orqanizə bir şəkildə hələ çalışırıq.
- Bu gün özümüzü dünyaya azəri-türk birliyi olaraq tanıda bilmişikmi?
- Özümüzü dünyaya tanıtmaq üçün
planlı fəaliyyətlər lazımdır. Bu da bizdə hələ tam formalaşmayıb. Bizdə görülən işlərin heç biri Azərbaycanı dünyaya tanıtmaq üçün yetərli
deyil. Biz sadəcə Avropada deyil, Türkiyədə belə, Azərbaycan siyasətini, tarixini, Azərbaycan mədəniyyətini
lazımi qədər
tanıtmamışıq. Bizim fəaliyyətlərin hamısı
öz-özümüzədir. Toplantılar
edib problemlərimizi öz-özümüzə anladır,
sonra da evlərimizə gedirik.
- Azərbaycan diaspor qurumları ilə əlaqələriniz hansı
formadadır?
- Azərbaycan diaspor qurumları ilə əlaqələrimiz şəxsi
olaraq yüksək səviyyədədir. Amma ümumi
olaraq çox zəifdir. İldə bir-iki dəfə
toplanmaq bu işlər üçün
bəs etmir. Hələ Avropada bir mərkəzimiz
yoxdur. Amma şəxsi olaraq
bütün diaspor qurumlarındakı dostlar və Avropadakı cəmiyyətlər bir-birini
tanıyır.
Fuad Hüseynzadə
Palitra.-2014.-8 aprel.-S.6.