Əsas hədəf sağlam
nəsil yetişdirməkdir
İdmanı
kütləviləşdirməklə, bu sahəyə daha
çox yeniyetmə və gənci toplamaqla həm dünyada
ölkəmizi təmsil edən idmançılar ərsəyə
gətirmək, həm də mənfi vərdişlərdən
uzaq, sağlam gənc nəsil yetişdirmək
mümkündür
Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazı da bu siyasətin gənc nəslin formalaşmasındakı rolu ilə bağlıdır. Ölkəmizdə idmanın inkişafı idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb.
Bu iki bir-birinə bağlı olan məsələnin arxasında Azərbaycan dövlətinin gördüyü nəhəng iş və əmək dayanır. Azərbaycan dövləti idmanın inkişafında nə qədər maraqlı olduğunu həyata keçirdiyi siyasət və bu sahəni prioritetlərindən biri elan etməsi ilə ortaya qoyub. Bu bir aksiomdur ki, idmanın inkişafının arxasında dayanan ən əsas amil dövlətin inkişafı, iqtisadi cəhətdən güclü olmasıdır. İqtisadi cəhətdən inkişaf etməyən dövlətin idman sahəsini bu səviyyədə inkişaf etdirməsi mümkün deyil.
Prezidentin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirib. Siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə nə qədər böyük beynəlxalq nüfuza malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Güclənən Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatının daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledci rol oynayıb. Paytaxt Bakı və bölgələrdə inşa edilərək idmançılarımızın ixtiyarına verilən müasir Olimpiya İdman kompleksləri, müxtəlif idman arenaları və bazalar ölkədə həyata keçirilən nəhəng infrastruktur bazası yaradılması siyasətinin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir.
“Ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz, gəncləri idmana cəlb etməklə bir neçə məqsəd güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz, gəncləri pis vərdişlərdən də
çəkindirməliyik”
Dünyada çox az rast gəlinən haldır ki, qısa müddət ərzində 40-a yaxın müasir Olimpiya İdman Kompleksi inşa edilərək idmançılarımızın ixtiyarına verilib. Məntiq aydındır - idman bazası olmadan idmançı da yetişdirmək mümkün deyil. Yəni idmanı inkişaf etdirmək, dövləti beynəlxalq arenada təmsil edəcək, himnini səsləndirəcək, bayrağını ucaldacaq idmançını yetişdirmək üçün ona şərait yaradılmalı, məşq etmək üçün müasir baza ilə təmin edilməlidir. MOK və dövlət başçısı kimi İlham Əliyev bu həqiqəti yaxşı bildiyi üçün ümumi infrastruktur layihələrinin tərkib hissəsi kimi müasir idman bazasının yaradılmasına xüsusi diqqət ayırıb.
Dünya standartlarına uyğun müasir infrastruktur
Dövlət başçısının bu sahədəki siyasətinin əsas hədəflərindən biri idmanı inkişaf etdirməklə beynəlxalq arenada ölkəmizi təmsil edən idmançılar yetişdirməkdir. Bu isə ölkə daxilində genişmiqyaslı işlərin həyata keçirilməsi sayəsində mümkün olmaqla yanaşı dövlətin dünyadakı müsbət imicinin formalaşdırılmasını təmin edir. Həmin işin nəticəsidir ki, bu gün Bakı Avropanın idman mərkəzlərindən biri kimi qəbul edilir. 10-15 il əvvələ diqqət etsək, bu sahədə nə qədər böyük işlər görüldüyünün mənzərəsi aydın şəkildə göz önündə canlanar. Adi beynəlxalq yarışın keçirilməsinin sahiblik hüququnu Azərbaycana vermək istəməyən beynəlxalq idman federasiyaları bu gün tamamilə əks mövqe tutaraq yarışlarının məhz Azərbaycanda, Bakıda keçirilməsini istəyirlər. Bakı, dövlətin həyata keçirdiyi siyasətin nəticəsi olaraq nəhəng idman və digər infrastrukturu ilə istənilən yarışı qəbul etmək iqtidarındadır və beynəlxalq federasiyaların seçimi zamanı bir addım öndədir. Bakıda bir-birini əvəzləyən dünya və Avropa çempionatları, nüfuzlu beynəlxalq yarışlar bir daha təsdiqləyir ki, beynəlxalq qurumlar ev sahibliyini Azərbaycana etibar etdikləri turnirlərin yüksək səviyyədə keçiriləcəyinə əmindirlər. Çünki Azərbaycan siyasi sabitliyi, iqtisadi inkişafı, idman və digər infrastrukturu ilə bu sahədə artıq böyük təcrübə qazanıb. Qeyd edək ki, beynəlxalq idman federasiyaları öz bayraqları altında keçirilən yarışın ev sahibini seçərkən əsasən həmin ölkədəki siyasi sabitliyi, inkişaf səviyyəsini və müasir infrastruktur bazasının olmasını nəzərə alırlar. Müasir Azərbaycan dünya standartlarına uyğun müasir infrastruktur yaradıb və proses davamlı şəkildə davam etdirilir. Bu gün Bakıda müasir standartlara uyğun nəqliyyat infrastrukturu yaradılıb. Dövlət başçısının rəhbərliyi ilə ölkədə, xüsusilə Bakıda müasir şəhər, idman, yol, hotel infrastrukturu yaradılıb ki, bu da Azərbaycana dünyanın ən güclü idman mərkəzlərindən biri kimi böyük nüfuz qazandırıb. İdmançılarımızın müxtəlif turnirlərdə qazandığı medallar, nəhəng idman infrastrukturu, Bakının Avropanın idman mərkəzlərindən birinə çevrilməsi dövlətin həyata keçirdiyi siyasətin nə qədər doğru olduğunu ortaya qoyur.
İdman, gəncləri öz ətrafına cəmləməklə pis vərdişlərə meyillənməyin qarşısın alır
Dövlətin həyata keçirdiyi idman siyasətinin digər məqsədlərindən biri sağlam nəsil yetişdirməkdir. İşin fiziki tərəfi ilə yanaşı mənəvi məsələ də ön planda tutulur. Məlumdur ki, idmanla məşğul olanların böyük əksəriyyəti gənclərdir və bu sahədə böyük gənclik ordusu cəmləşib. Deməli, idman, cəmiyyətin ən aktiv təbəqəsi olan gəncləri öz ətrafına cəmləməklə pis vərdişlərə meyillənməyin qarşısın alır. Müasir dövrümüzün tələbləri elədir ki, mənfi vərdişlərin qarşısını almaq çox çətinləşib. Xüsusilə gənclər arasında müxtəlif mənfi vərdişlərin yayılma arealı və təsir vasitələri çox artıb. İnternetin həyatımıza bu qədər sürətlə daxil olduğu, qloballaşmanın mənfi təsirlərindən qorunmağın bu qədər çətin olduğu bir zamanda idmanın inkişaf etdirilməsi çox aktualdır. Belə ki, idmanı kütləviləşdirməklə, bu sahəyə daha çox yeniyetmə və gənci toplamaqla həm dünyada ölkəmizi təmsil edən idmançılar ərsəyə gətirmək, həm də mənfi vərdişlərdən uzaq, sağlam gənc nəsil yetişdirmək mümkündür. Dövlət başçısı bu məsələni belə dəyərləndirib: «Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilib. Ümumiyyətlə, ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz, gəncləri idmana cəlb etməklə bir neçə məqsəd güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz, gəncləri pis vərdişlərdən də çəkindirməliyik».
Göründüyü kimi, Azərbaycanda həyata keçirilən idman siyasətinin əsas məqsədlərindən biri də sağlam nəsil yetişdirməkdir. Dövlət başçısının paytaxt Bakı ilə yanaşı bölgələrin inkişafını daimi olaraq diqqətdə saxlaması, regionlarımızda böyük infrastruktur, o cümlədən idman bazasının yaradılmasını təmin etməsinin arxasında dayanan əsas məqsədlərdən biri də Azərbaycanın gələcəyi üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir. Azərbaycan gəncləri müasir Olimpiya İdman Komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşırlar. Deməli, dövlət başçısının həyata keçirdiyi siyasət idmanın inkişafını, idman, eyni zamanda digər infrastrukturun formalaşdırılmasını, sağlam nəsil yetişdirilməsini və ümumilikdə Azərbaycanın inkişafını hədəfləyib.
Anar Miriyev
Palitra.-2014.-8 aprel.-S.11.