İdman gənc nəslin fiziki və mənəvi inkişafında mühüm rol oynayır

 

Bu sahədə həyata keçirilən siyasət uzun illər ərzində Azərbaycanda gənc və sağlam nəslin yetişdirilməsi ilə yanaşı, yeni idmançı nəslinin formalaşdırılmasını təmin edəcək

Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının arxasında ölkəmizdə dövlət tərfindən həyata keçirilən nəhəng işlər dayanır. Hansı ki, həmin işlərin nəticəsi olaraq Azərbaycan siyasi-iqtisadi cəhətdən güclü dövlətə çevrilib. «Güclü dövlətin güclü idmanı olar» deyimindən çıxış edərək ölkəmizdə idmanın ən inkişaf etmiş sahələrdən biri olduğunu deyə bilərik. Layihə çərçivəsində təqdim etdiyimiz yazı idmanın gənc nəslin inkişafındakı rolu ilə bağlıdır.

İdmanın kütləviləşməsi və ətrafına daha çox gənci cəlb etməsi üçün maddi-texniki bazanın olması şərtdir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Bu inkişafa paralel olaraq idman sektorunda da qısa müddət ərzində o qədər böyük miqyaslı layihələr reallaşdırılıb ki, onları bir yazıya sıxışdırmaq mümkün deyil. Sadəcə onu vurğulayaq ki, planlı şəkildə həyata keçirilən işlər nəticəsində idman sahəsində müasir idman infrastrukturu yaradılıb ki, bu fakt idmanın inkişafında həlledici rol oynayır. Çünki idmanı inkişaf etdirmək, idmançı hazırlamaq üçün müasir bazanın olması, idmançı üçün lazımi şəraitin olması əsas şərtdir. İdman sağlam nəslin formalaşması, fiziki və mənəvi sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkənin inkişaf göstəricisi kimi də qəbul edilir. Məsələ ondadır ki, idmanın geniş yayılması, kütləviləşməsi, ətrafına daha çox insanı cəlb etməsi üçün maddi-texniki bazanın olması şərtdir. Bu həm də idmançıların hazırlıq keçməsi və beynəlxalq miqyasda ölkəni layiqincə təmsil etməsi üçün əsas şərtdir. Maddi-texniki baza olmadan idmanı inkişaf etdirmək sadəcə olaraq mümkün deyil. Müasir idman qurğularının, müasir infrastrukturun yaradılması üçün dövlətin maliyyə-iqtisadi durumunun yüksək səviyədə olması lazımdır. Bu baxımdan Azərbaycanda idmanın inkişaf göstəricisi ilə dövlətin ümumi inkişaf göstəricisi arasında paralellik var. İqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan dövləti möhkəm iqtisadi təməllərə malikdir. İqtisadi cəhətdən kifayət qədər güclüinkişaf etmiş dövlət olan Azərbaycanda bu inkişafdan bütün sahələrə, o cümlədən idman sektoruna da xüsusi pay düşür. Azərbaycan dövləti idmanın inkişafını xüsusi diqqətdə saxlayaraq bu sahədə böyük dəyişikliklərin əldə edilməsinə nail olub. Azərbaycan Prezidenti İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafını yüksək səviyyədə dəstəkləyərək bu sahədə böyük və möhkəm maddi-texniki bazanın yaradılmasına nail olub. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasətin ana xəttini müasir idman bazasının yaradılması təşkil edib ki, ötən illər ərzində bu sahədə ciddi uğurlar əldə edilib. Respublikamızın demək olar ki, hər bir bölgəsinin idman qurğuları, müasir idman infrastrukturu, o cümlədən Olimpiya İdman Kompleksləri ilə əhalə olunması idmanın inkişafı üçün möhkəm təməl yaradıb. Ötən illər ərzində dövlət başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət və planlı şəkildə həyata keçirilən işlər Azərbaycanı dünyanın inkişaf etmiş idman ölkələrindən birinə çevirib. «İdman ölkəsi» sözlərinin arxasında inkişaf etmiş dövlət, idman ətrafında birləşən böyük potensiala malik olan fiziki və mənəvi cəhətdən sağlam yeniyetmə və gənclər ordusumüasir idman infrastrukturu dayanır. Azərbaycan bu şərtlərin hər birinə cavab verdiyi üçün dünyanın və Avropanın ən nüfuzlu idman ölkələrindən biri sayılır. Azərbaycanda idmanın inkişafı dövlət tərəfindən dəstəklənir və məhz dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində belə müasir baza yaradıla bilib. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən bu siyasət təkcə idman qurğularının inşa edilməsi ilə məhdudlaşmayıb. Belə ki, istər paytaxt Bakıda, istərsə də regionlarda inşa edilən müasir idman bazaları ilə yanaşı digər infrastrukturlar da müasirləşdirilir. Buraya yol-nəqliyyat, hava limanı, hotel infarstrukturu da daxildir. Dövlət başçısının bu sahədəki siyasəti elə hesablanıb ki, regionlarda yaradılan müasir idman bazaları elə müasir səviyyədə inşa edilir ki, onların fəaliyyəti təkcə bölgə gənclərinə xidmətlə məhdulaşmayaraq istənilən beynəlxalq yarışı qəbul etmək gücündə olur. Buna misal olaraq Quba Olimpiya Kompleksində voleybol üzrə nüfuzlu beynəlxalq yarışların keçirilməsini qeyd edə bilərik. İsmayıllı və Zaqataladakı idman bazalarında bir çox dövlətin idmançılarının təlim-məşq toplanışı keçməsi də bu sahədə həyata keçirilən doğru siyasətin məntiqi nəticəsidir. Yəni, bu şərtləri ödəmək üçün təkcə idman qurğusunun olması kifayət deyil, digər infrastruktur da müasir standartlar səviyyəsində olmalıdır.

Gələcəyə yatırılan sərmayə dövlətin planlı şəkildə, bütün xırda detalları hesablayaraq illər ərzində böyük zəhmət və maliyyə sərf edərək həyata keçirdiyi işlərin bəhrəsini əldə edilən qələbə seriyalarında görürük. Bu zəfərləri əldə etmək üçün ölkəmiz böyük məsafə qət edib. Demək olar ki, hər il idman sahəsinin inkişafı üçün dövlət tərəfindən mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev bu sahəni xüsusi şəkildə diqqətdə saxlayaraq bu sahədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirir. Müstəqillik illərində keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışlarının statistikası dövlətin bu sahədə gördüyü işin ən bariz nümunəsidir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasət təkcə buya digər yarışlarda qələbə əldə edilməsinə yönəlməyib. Əksinə bu sahədə reallaşdırılan siyasət Azərbaycanın gələcəyinə yatırılan sərmayədir. Çünki bütün bölgələrin müasir idman bazaları ilə əhatə olunması gələcək üçün hesablanmış siyasətdir. Dövlət başçısının bu siyasəti uzun illər ərzində Azərbaycanda gənc və sağlam nəslin yetişdirilməsi ilə yanaşı, yeni-yeni idmançı nəslinin formalaşdırılmasını da təmin edəcək. Yəni, həmin bazalarda məşq edən yeniyetmələr, gənclər Azərbaycanın gələcək idman uğurlarının qəhrəmanları olacaqlar. Bu siyasətin nə qədər doğru olduğu hər keçən gün daha yaxşı anlaşılır. Azərbaycanda dövlətin həyata keçirdiyi siyasət nəticəsində yeni-yeni idmançı nəsli yetişir. Yəni, bu siyasət elə qurulub ki, daimi olaraq yığma komandalar üçün ehtiyat qüvvə yetişir. Yeniyetmə və gənc nəsil artıq indidən idmanımızın sabahı üçün böyük gələcək vəd edirlər. Prezident İlham Əliyevin olimpiyaçılarımızla keçirdiyi görüşdə qeyd etdiyi kimi bu işlərin arxasında dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır: «Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər, yeniyetmələr. Təsadüfi deyildir ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilmişdir. Bu, dünya miqyasında çox böyük nəticədir. Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər arasında keçiriləcək yarışlarda da iştirak edəcəklər. Olimpiyaçılarımızın da əksəriyyəti gənclərdir. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər ərzində yetişib, püxtələşib və artıq dünyanın bir nömrəli idman yarışının qalibləri olmuşlar. Yəni, bütün bu işlərin təməlində düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət dayanır».

Anar Miriyev

Palitra.-2014.-9 aprel.-S.11.