Yeni kompleks ildə 6 milyon sərnişinə xidmət göstərməyi mümkün edəcək

 

Dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycanın hava məkanına daha çox üstünlük verirlər

 

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsi işə başlayıb. Regional müşavirəyə Azərbaycan, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Litva, Estoniya, Belarus, Moldova, Qazaxıstan, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən, eləcə də uçuşların təhlükəsizliyinə cavabdeh təşkilatlardan nümayəndə heyətləri qatılıblar.

Regional müşavirədə çıxış edən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vitse-prezidenti Arif Məmmədov beynəlxalq marşrutlar şəbəkəsinin Azərbaycanın və ümumilikdə regionun iqtisadi potensialını və turizm nöqteyi-nəzərindən cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaratdığını bildirib. Müşavirədə aviasiyada təhlükəsizliyin bir nömrəli məsələ olduğu diqqətə çatdırılıb, son illər dünyada xeyli sayda insan tələfatı ilə müşayiət olunan aviaqəzaların sayının artması təəssüflə qeyd edilib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov İCAO-nun uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsinin iştirakçıları ilə görüşüb. C.Əsgərov beynəlxalq tədbirdə müzakirə edilən uçuşların təhlükəsizliyi, marşrutların optimallaşdırılması məsələlərinin önəmini vurğulayıb. Ölkəmizdə mülki aviasiyanın inkişafından, o cümlədən uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən də danışan C.Əsgərov, belə bir mötəbər tədbirin Bakıda təşkil olunmasını ölkəmizə göstərilən etimadın əyani təzahürü kimi qiymətləndirib. “Azərbaycan Hava Yolları”nın 2008-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) aviasiyanın təhlükəsizlik auditini (İOSA) uğurla keçdiyini xatırladan C.Əsgərov bildirib ki, bununla da aviaşirkətimiz İOSA Operatorları reyestrinə daxil edilib və dünyanın ən təhlükəsiz aviaşirkətlər cəmiyyətinin tamhüquqlu üzvü olub. QSC prezidenti ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə uçuşların təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə” statusunun verilməsini də ötən illər ərzində görülən işlərin nəticəsi kimi qiymətləndirib. Qeyd olunub ki, bu statusdan sonra milli aviaşirkətlərimiz yaxın gələcəkdə ABŞ-a birbaşa uçuşlar həyata keçirməyi nəzərdə tuturlar. “Azərbaycan Hava Yolları”nın təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yenimüasir təyyarələrlə zənginləşdirilib. Hazırda “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri dünyanın onlarla ölkəsinə və şəhərinə uçuşlar həyata keçirir. C.Əsgərov qeyd edib ki, son illərdə ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda Yeni Aerovağzal Kompleksinin inşa olunmasıdır. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni Aerovağzal Kompleksi istifadəyə veriləndən sonra ildə 6 milyon sərnişinə xidmət göstərmək mümkün olacaq. Ən müasir standartlara cavab verən kompleksin sahəsi 65 min kvadratmetrdir. Üçbucaq formasında inşa edilən dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək. Kompleksdə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklərin tətbiqi həyata keçiriləcək. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaq. Ən son avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaq. Aerovağzal binasının ərazisində eyni vaxtda 10-dan çox təyyarəni qəbul edə bilən teleskopik traplar quraşdırılıb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası açılıb ki, bu da hava limanının strateji əhəmiyyətini daha da artırır. “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Azərbaycan Respublikasının qurusu sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur. Diqqətə çatdırılıb ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. Bu baxımdan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün yeni inşa olunan bina mühüm əhəmiyyət kəsb edir. Uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirənin yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını bildirən İCAO-nun AvropaŞimali Atlantika üzrə Regional Bürosunun nümayəndəsi Sven Halle aviasiyada təhlükəsizliyin daim ön sırada olmasının vacibliyini qeyd edib, bu sahədə qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb. İCAO-nun rəsmisi ölkəmizdə aviasiya sahəsində görülən işləri yüksək qiymətləndirərək, uçuşların təhlükəsizliyi ilə bağlı Azərbaycanın qazandığı uğurları təqdir edib.

Cavidan

Palitra.-2014.-9 aprel.-S.10.