Atamın əmisi Ukraynada şəhid olub

 

Səfərəli Babayev: “Hədəfim güclü ədalətli

hüquqşünas olduqdan sonra, diplomatiya üzrə ikinci təhsil almaqdır

 

Ukrayna Milli Aviasiya Universitetinin Hüquq fakültəsinin tələbəsi Səfərəli Babayevlə müsahibəni təqdim edirik:

 

- Mümkünsə, bir az özünüzdən bəhs edin.

- Mən, Səfərəli Babayev 30 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində dünyaya göz açmışam. Ukrayna Milli Aviasiya Universitetində Hüquq fakültəsində təhsil alıram. Təhsil aldığım ali təhsil ocağında müəllim yoldaşlarımın dəstəyi ilə bacardığım qədər təhsilimdə fərqlənməyə çalışıram. Təhsil ocağım keyfiyyətli olduğundan, aldığım təhsilin keyfiyyətinə şübhə ola bilməz.

- Nəyə görə Azərbaycanda yox, Ukraynada təhsil almağı üstün tutdunuz?

- Babam Milli Elmlər Akademiyasının üzvü, akademik Səfərəli Babayevin adını daşıdığımdan yüksək səviyyəli təhsili özümə borc bilərəkdən, Azərbaycana dost, qardaş olan Ukrayna Respublikasında ali təhsil almaq məqsədilə paytaxt Kiyevə üz tutdum.

Azərbaycan Vətənimdir. Yaşımdan asılı olmayaraq, orada təhsilimi davam edəcəyəm. Ukraynanı seçməyimin səbəbi, gələcəkdə Vətənimə, millətimə daha yaxşı xidmət etmək üçün güclü təhsillə yanaşı, başqa xalqlarla yaxşı dostluq, birdən çox xarici dil öyrənməkdir. Lakin şəxsi həyatımda Ukraynanın bir özəlliyi daha var. Vaxtilə Ukraynada yüzlərlə Azərbaycan övladı şəhid olub. Onlardan biri atamın əmisi Əmrah Babayevdir! Məhz məni Ukraynaya bağlayan komponentlərdən biri burada şəhid olmuş Əmrah Babayevdir...

- Təhsil aldığınız universitetdə ukraynalı digər xarici ölkə tələbələri ilə münasibətiniz necədir?

- Təhsil aldığım universitetdə , universitetdən kənarda da istər ukraynalı, istərsə digər ölkələrdən olan tələbələrlə əlaqələrim bəziləri ilə dostluq münasibətim var.

- Gənc hüquqşünas kimi Azərbaycanda hüquq sistemində yenilik etmək istərdiniz?

- Azərbaycanda hüquq sistemi çox gözəl fəaliyyət göstərir. Mən Ukrayna Azərbaycan Konstitusiyasını demək olar ki bilirəm. Cinayət Məcəlləsini öyrənirəm. Amma hər zaman yeniliyə ehtiyac var. Mən çalışacağam ki, gələcəkdə əsas məhkəmə sistemində bir hüquqşünas kimi daha da ədalətli düzgün məhkəmə sisteminin olması üçün əlimdən gələni edim.

- Bildiyimizə görə orada ictimai fəaliyyətlə məşğulsunuz. Siz aktiv gənc olaraq, Ukraynada diaspor fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bəli. Mən ilk dəfə Ukraynada azərbaycanlı gənclər birliyinin tərtib etmiş olduğu 20 Yanvar şəhidlərini anım mərasimində ictimai təşkilatla tanış oldum. UAGB sədri Anar Tahirov gənclərimizlə bərabərXocalıya ədalətkampaniyalarına qatıldım. Orada birliyimizi gördüm. Təşkilatda yaxşı dostlar qazandım. Hansı yolu seçsək-seçək, Vətən, millət, dövlətimiz uğrunda birləşməliyik. İctimai fəaliyyətimdə qazandığım təcrübəyə görə A.Tahirova hər bir dostuma dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, Ukraynada yalnız Azərbaycan təşkilatları ilə deyil, Ukraynada digər türksoylu xalqların, eləcə Vətənimizi, millətimizi, dövlətimizi dəstəkləyən digər xalqların diaspor təşkilatları ilə yaxın dostluq əlaqələrimiz var.

Biz heç deyilsə, artıq 20 ildən artıqdır ki, Qarabağ həsrəti ilə alovlanan xalqıq. Ölkənin xəritəsində torpağını görüb, lakin işğal altında olduğundan, o torpaqlara ayaq basa bilməməyin olduğunu yaxşı bilirik. Ukrayna xalqının da bu acını yaşamasını istəmirik. Ukrayna, inşallah, yenidən çiçəklənəcək.

- Ukraynada yaşayan azərbaycanlı olaraq, bir gənc kimi Azərbaycan üçün etmisiniz?

- İlk növbədə dərslərimlə çalışmışam. Müəllim və tələbə heyətinin yanında hörmət qazanmışam ki, məni gördükdə, “bu, azərbaycanlıdır” desinlər!

Bundan əvvəl Vətənimi tanıtmaq üçün diaspor təşkilatlarımızla geniş əməkdaşlıq etmişəm. Əlbəttə, Azərbaycanımızın bizə etdiklərinin qarşısında bunlar heç nədir, lakin əlimdən gəldiyi qədər Vətənimi, millətimi müsbət tanıtmağa çalışıram.

- Siz Azərbaycanda yeni fəaliyyətə başlayan Yeni Nəfəs Hərəkatının Ukrayna Nümayəndəliyinin liderlərindən birisiniz. YNH-in Ukraynadakı gələcək fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- İlk növbədə nəzərə çatdırmaq isdərdim ki, YNH-in özünəməxsus məramnaməsi var. Orada qeyd edilib ki, YNH din, dil, irq, siyasi görüş ayrı-seçkiliyi etmir!

YNH Azərbaycana xidmət məqsədilə yaradılıb! Mən də dostum və YNH Nümayəndəliyini Ukraynada yaratmağa çalışan Xəzri Elxanoğlu ilə birlikdə təşkilatımızın burada fəaliyyətə başlaması üçün çalışıram. Bizim vəzifəmiz bir vətəndaş kimi, millətin bir nümayəndəsi kimi, Ukraynada fəaliyyət göstərərək azad, suveren olan millətimizə və dövlətimizə dəstək çıxmaqdır! Təşkilatımızda ukraynalılar, türklər və s. dövlətlərdən olan gənclər var. Hətta Ukraynatürk dövlətləri üzrə departament də yaradılıb. Ona görə də hər bir xarici gənclə əlaqə qururuq.

Sonda təşkilatımız haqqında onu da deyim ki, biz Azərbaycan təşkilatı olaraq Ukraynada fəaliyyət göstərən hər təşkilatla milli məsələlərdə də, digər məsələlərdə də birgə hərəkət edəcəyik.

Biz istənilən Azərbaycan təşkilatı ilə Xəzrinin və digər liderlərimizin hər zaman səsləndirdiyi kimi, məqsədindən asılı olmayaraq ( Azərbaycanın suverenliyinə və müstəqilliyinə təhlükə yaratmayacağı təqdirdə) yüksək səviyyədə əlaqələr qurmağı planlaşdırırıq.

- Gələcəklə bağlı nə planlarınız var?

- Gələcəyimi millətim və dövlətim seçir, müqəddəratımı həll etməyi özümə bağışlayır.

Mənim hədəfim güclü və ədalətli hüquqşünas olduqdan sonra, diplomatiya üzrə ikinci təhsil almaqdır! Məhz bundan sonra xalqıma daha yaxşı xeyrim toxuna bilər, deyə düşünürəm.

Fuad Hüseynzadə

Palitra.-2014.-9 aprel.-S.6.